Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1697/2023 25.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, moped, zaminlik, dəbbə pulu, qanuni faiz, mediasiya xərci, dövlət rüsumu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 28 iyul 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3850 manat əsas borcun, 385 manat cərimənin, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 144 manat pulun və 60 manat mediasiya xərcinin, 4 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 arasında 07/21 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, iddiaçı xüsusi mülkiyyətində olan nəqliyyat vasitələrini ona məxsus texniki sənədləri ilə birlikdə Cavabdeh2 mülkiyyətinə verməyi, sonuncu isə 4700 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin iddiaçı ilə digər Cavabdeh1 arasında 07/21 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh1 iddiaçı qarşısında Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğlər, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə alıcının öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. 2.2. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehlərin nisyə alqısatqı müqaviləsi üzrə əsas borcu 3850 manat təşkil etməkdədir. Adıçəkilən müqaviləyə görə, alıcı ödənişi gecikdirdiyi və ya, ümumiyyətlə, ödəmədiyi təqdirdə iddiaçının ilkin tələbi ilə nəqliyyat vasitəsini geri qaytarır və bununla bağlı iddiaçıya vurulmuş ziyan məbləğini tam şəkildə ödəməlidir. Lakin cavabdehlərə dəfələrlə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şifahi qaydada və xx.xx.2022-ci il tarixdə yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, bu günə qədər cavabdehlər ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Bununla yanaşı, cavabdehlər tərəfindən pretenziya məktubuna hər hansı bir reaksiya verilməməsi səbəbindən, 03 Avqust 2022-ci il tarixində cavabdehlərə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir, lakin 07 Sentyabr 2022-ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada cavabdehlər iştiraklarından imtina etmişlər və ilkin sessiyaya gəlməmişlər. 2.3. Bundan başqa, sözügedən nisyə alqı-satqı müqaviləsinə əsasən, müəyyən edilmiş müddət ərzində nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyi təqdirdə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 % məbləğində cərimə sanksiyası nəzərdə tutulmuşdur. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehlərin ödəməli olduğu cərimə məbləği 10563 manat təşkil etsə də, güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 10 %-i həcmində, cəmi 385 manat dəbbə pulu tələb edilməkdədir. Həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 144 manat pul da hesablanmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 445.7, 462-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mülkiyyət hüququ əsasında əldə edilmiş moped iddiaçı tərəfindən 4700 manata nisyə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış və sonuncunun qeyd edilən alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrası üçün digər cavabdeh zamin durmuşdur.
5. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, Cavabdeh2 tərəfindən ümumilikdə 850 manat ödəniş edilmişdir. Bundan əlavə, cavabdehin ödədiyi 100 manat isə dəbilqənin qiymətinə çıxılmışdır.
6. Cavabdeh2 məhkəmənin iclaslarında iştirak edərək iddia tələbini təşkil edən məbləğlə razı olduğunu bildirdi və qeyd etdi ki, həmin mopedlə bir müddət kuryerlik fəaliyyəti ilə məşğul olmuş və iddiaçıya ödənişlər həyata keçirmişdir. Lakin sonradan qəza törətmiş, moped tamamilə zədələnmişdir. Eyni zamanda maddi vəziyyəti də ödənişləri tam həcmdə etməyə kifayət etmir.
7. Cavabdeh1 yaşayış yerinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, cavabdehin mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında ümumi dəyəri 4700 manat olan “SYM X Pro 125cc” markalı LXMAEA303Lxa34323 ban nömrəli 2020-ci il buraxılışlı nəqliyyat vasitəsinin alqısatqısına dair 28 iyul 2021-ci il tarixli 07/21 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə alıcıya təhvil verilmiş, alıcı tərəfindən 500 manat ilkin ödəniş edilmişdir. İlk ödəniş tarixi xx.xx.2021, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il olmaqla nəqliyyat vasitəsinin qalıq dəyəri olan 4200 manat pulun aylıq 350 manat olmaqla hissə-hissə ödənilməsi razılaşdırılmış, Cavabdeh2 tərəfindən cəmi 1 dəfəxx.xx.2021-ci il tarixdə 350 manat ödəniş edilmiş, 3850 manat isə ödənilməmişdir.
12. Məhkəməyə təqdim edilən 28 iyul 2021-ci il tarixli 07/21 nömrəli zaminlik müqaviləsinin 1-ci hissəsinə əsasən, “Zamin” (Cavabdeh1) “Aİıcı”nın (Cavabdeh2) xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Satıcı” (iddiaçı) qarşısında üzərinə götürdüyü öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün məsuliyyət daşıyır (1.1). “Zamin” “Satıcı” qarşısında “Alıcı”nın nisyə alqı-satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi səbəbindən “Satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minmiş hesab edilir və hazırkı zaminlik müqaviləsi ilə təmin edilən öhdəliklər tamamilə yerinə yetirildiyi ana kimi qüvvədədir.
13. Beləliklə, məhkəmə müəyyən edir ki, Cavabdeh2 iddiaçı qarşısında götürdüyü qeyd edilən öhdəliyin tam həcmdə yerinə yetirilməsi – faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə alıcının öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi səbəbindən iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşımağı Cavabdeh1 iddiaçı qarşısında öz öhdəsinə götümüşdür.
14. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş nəqliyyat vasitəsinin qalıq dəyəri olan 3850 manat pulun ödənilməsini tələb edir.
15. Cavabdeh2 iddia tələbinə etiraz etmir, lakin maddi imkansızlıqlar səbəbindən ödənişi həyata keçirə bilmədiyini qeyd edir.
16. Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, iddiaya etiraz təqdim etmir.
17. Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
21. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
22. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
23. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
25. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
27. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
28. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
29. Belə olan halda, iddiaçının zaminə - Cavabdeh1 qarşı tələb hüququnun əsasını da Mülki Məcəllənin yuxarıda qeyd edilən 472.1-ci maddəsi təşkil edir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan alıcı və alıcının öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyan zamin nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.
35. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 28 iyul 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3850 manat məbləğində əsas borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
36. İddia ərizəsində iddiaçı həmçinin 385 manat məbləğində cərimənin cavabdehlərdən tutulmasını xahiş edir.
37. 28 iyul 2021-ci il tarixli 07/21 nömrəli nisyə alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən, bu müqavilənin və onun əlavələrinin tələbləri ilə müəyyən edilmiş müddət ərzində nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyi təqdirdə “Alıcı” “Satıcı”ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 % məbləğində cərimə sanksiyası ödəyir.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
39. Bundan başqa, həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin şərtlərini (bax §14)nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı caavbdeh Cavabdeh1 qarşı da cərimənin tutulması tələbini irəli sürməkda haqlı olmuşdur.
40. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
41. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
42. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdehlərin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir. Eləcə də cavabdeh müqavilənin qiyməti üzrə qismən ödəniş etmişdir.
43. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 180 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
44. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi qismən təmin edilməli, 180 manat məbləğində cərimə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Alqı-satqı müqaviləsi üzrə faiz məbləğinin tutulması tələbi ilə bağlı
45. İddiaçı əsas borca illik beş faizlə hesablanan 144 manat məbləğində pulun da cavabdehlərdən tutulmasını xahiş edir.
46. 28 noyabr 2022-ci il tarixli HM-26/1 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı hər ay üçün ayrı-ayrılıqda hesablanmaqla xx.xx.2022-ci ilədək illik 5 faizlə 144,70 manat borc hesablamışdır.
47. Zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırkı işdə də həmin əsasların mövcudluğu təsdiq olunur. İddiaçı isə dəymiş zərəri Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə tələb edir.
48. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
49. İddiaçı 385 manat cərimənin tutulması tələbini irəli sürmüşdür. Məhkəmə isə 180 manat cərimənin tutulmasını ağlabatan və ədalətli hesab edir.
50. Mülki Məcəllənin 466.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.
51. Qeyd olunan normanın tələblərini hazırkı işə tətbiq etdikdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının zərər kimi tələb etdiyi 144 manat məbləğ, məhkəmə tərəfindən tutulan 180 manat dəbbə pulu ilə tam əhatə olunduğundan, yəni zərərin dəbbə pulu çatmamış hissəsi olmadığından zərər kimi hesablanan 5% faiz məbləğin tutulması tələbi təmin edilməməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
52. İddiaçı eləcə də 60 manat mediasiya xərcinin və 4 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
53. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/2-01398 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödənmişdir.
54. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
55. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
56. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
57. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
58. Bundan başqa, elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzlə 4 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
59. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
60. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməliidr.
V. Nəticə:
62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 28 iyul 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3850 (üç min səkkiz yüz əlli) manat əsas borc, 180 (yüz səksən) manat cərimə borcu olmaqla, ümumilikdə 4030 (dörd min otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova