Məhkəmə qərarları › İş №e-2-2(113)-1698/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1698/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1698/2023 29.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 yanvar 2022-ci il tarixli, S-55/22 saylı alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi və buna uyğun olaraq formalaşmış 632.58 manat məbləğində əsas borcun, 736.2 manat məbləğində dəbbə pulunun, habelə ödənilmiş 40 manat məbləğində mediasiya haqqının cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bu günə kimi atdığı hər bir addımda qanunvericiliyin tələblərini izləmiş və onlara riayət etməyə çalışmışdır. Tərəflər arasında 21 yanvar 2022-ci il tarixdə , S-55/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı İddiaçı MMC sifariş edilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə aldığı malları lazımı qaydada qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndi ilə isə müəyyən edilmişdir ki, alıcı malların dəyərini təhvil-təslim aktı imzalandıqdan sonra 30 iş günü ərzində satıcıya köçürmə yolu ilə ödəməlidir. Həmin müqavilə üzrə sifariş olunan mallar alıcıya onun ünvanlarında təhvil verilmiş, lakin alıcı aldığı mallara dair ödənişi tam məbləğdə etmədiyinə görə bu günə satıcıya ümumilikdə 632.58 manat məbləğində əsas borcu yaranmışdır. Tərəflərindən sifariş üzrə qaimə faktura göndərilsə də, həmin ödəniş icra olunmamışdır. Tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixində pretenziya məktubu ünvanlanmışdır. Lakin pretenziya məktubu qarşı tərəfdən qəbul edildikdən sonra da borclu tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Telefon danışıqları zamanı isə həm pretenziya məktubu göndərilməmişdən əvvəl, həm də göndərildikdən sonra cavabdehin əməkdaşları ödəniş etmək niyyətlərinin olduğunu bildirmiş və bununla bağlı hər dəfə müəyyən konkret tarixlərdə vaxt istəmişlər.Bununla belə tərəflərindən dəfələrlə əlavə vaxt verilməsinə baxmayaraq qarşı tərəfdən heç bir ödəniş daxil olmamışdır. Məsələnin məhkəmə müstəvisində həll olunacağına tərəflərindən qərar verildikdən sonra isə bu məsələ ilə bağlı qarşı tərəfə ilkin olaraq xx.xx.2022-ci il tarixində mediasiya prosesində iştirak ilə bağlı təklif göndərilmişdir. Bundan sonra iddiaçı tərəfindən işlə bağlı mediatorun təyin edilməsi və mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq 16 saylı mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində mediasiya prosesi keçirilsə də, mediasiyanın yeri və vaxtı ilə bağlı müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh mediasiya prosesində iştirak etməmiş və iştirak etməməsi ilə bağlı da heç bir tərəfə hər hansı məlumat verməmişdir. Mediasiya təşkilatı tərəfindən iddiaçıya arayış təqdim edilmişdir. Mediasiya prosesi ilə əlaqədar olaraq 40 manat məbləğində mediasiya haqqı ödənilmişdir. Bağlanmış müqavilənin 4.4-cü bəndinə əsasən alıcı malların dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə, ödənişin gecikdirildiyi hər gün üçün ödəniş məbləğinin 0,5 % məbləğində dəbbə pulu ödəməlidir. Bu baxımdan xx.xx.2023-cü il tarixinə qədər formalaşan dəbbə pulunun məbləği 736.2 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş bundan sonra ”satıcı” adlandırılacaq İddiaçı MMC ilə bundan sonra “alıcı” adlandırılacaq Cavabdeh MMC arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli, 55/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı e-qaimələr və ya qiymət cədvəlləri ilə razılaşdırılmış malları alıcıya təslim etməyi, alıcı isə bu malları lazımı qaydada qəbul etməyi və malların haqqını ödəməyi öz öhdəsinə götürür. Malların qiyməti Satıcı ilə Alıcı arasında e-qaimələr və ya qiymət cədvəlləri əsasında müəyyən edilir. 2.1.Satıcı sifariş verilən andan malları 10 təqvim günündən gec olmayaraq alıcıya çatdırmalıdır. 2.3. Satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 014572 nömrəli qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 35 manat dəyərində, xx.xx.2022-ci il tarixli , 015335 nömrəli qaiməyə əsasən 98.50 manat dəyərində, xx.xx.2022-ci il tarixli, 015363 nömrəli qaiməyə əsasən 52.50 manat dəyərində, xx.xx.2022-ci il tarixli, 015492 nömrəli qaiməyə əsasən 52.50 manat dəyərində, xx.xx.2022-ci il tarixli, 015656 nömrəli qaiməyə əsasən 105 manat dəyərində, xx.xx.2022-ci il tarixli, 015839 nömrəli qaiməyə əsasən 23 manat dəyərində xx.xx.2022-ci il tarixli, 016218 nömrəli xx.xx.2022-ci il tarixli, 016536 nömrəli qaiməyə əsasən 76.75 manat dəyərində, xx.xx.2022-ci il tarixli, 016761 nömrəli qaiməyə əsasən 23 manat dəyərində, xx.xx.2022-ci il tarixli, 017390 nömrəli qaiməyə əsasən 46 manat dəyərində, xx.xx.2022-ci il tarixli, 017918 nömrəli qaiməyə əsasən 46 manat dəyərində mallar təhvil verilmişdir. Malların təhvil verilməsi və qəbulu qaimələrin hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanması yolu ilə təsdiq edilmişdir. İşdə olan EBBT seriyalı 608218 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 35 manat, xx.xx.2022-ci il tarixli, 937558 nömrəli elektron qaiməyə əsasən 38.50 manat, xx.xx.2022-ci il tarixli, 233563 nömrəli elektron qaiməyə əsasən 52.50 manat, xx.xx.2022-ci il tarixli, 339181 nömrəli elektron qaiməyə əsasən 52.50 manat, xx.xx.2022-ci il tarixli, 780799 nömrəli elektron qaiməyə əsasən 104.99 manat, xx.xx.2022-ci il tarixli, 406568 nömrəli elektron qaiməyə əsasən 23 manat, xx.xx.2022-ci il tarixli, 798384 nömrəli elektron qaiməyə əsasən 76.75 manat, xx.xx.2022-ci il tarixli, 043719 nömrəli elektron qaiməyə əsasən 23 manat, xx.xx.2022-ci il tarixli, 307359 nömrəli elektron qaiməyə əsasən 46 manat, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 46 manat, xx.xx.2022-ci il tarixli, 608218 nömrəli elektron qaiməyə əsasən isə 35 manat məbləğində mallar satılmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 632.58 manat təşkil edən borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satılmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S- 55/22 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin hallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, S- 55/22 nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək, müqavilənin predmetini təşkil edən malları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən malların dəyərinin ödənişi həyata keçirilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş qaimə fakturalar həqiqətən də malların cavabdeh tərəfindən təhvil alınmasını faktını təsdiqləyir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 632.58 manat borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda iddia tələbində cavabdehdən 736.2 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 30 (otuz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 40 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 632.58 (altı yüz otuz iki manat əlli səkkiz qəpik) manat əsas borc, 30 (otuz) manat dəbbə pulu və 40 (qırx) manat mediasiya xərci, ümumilikdə 702.58 (yeddi yüz iki manat əlli səkkiz qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar