Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1703/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil 22106,56 manat, əsas borca görə əlavə 10% hesablanmaqla, müqavilənin 6.3-cü bəndinə əsasən ödəniş gecikdirildiyi və özgəsinin pul vəsaiti qanunsuz saxlandığı üçün əlavə 10% hesablanmaqla 2210,65 manat məbləğində pul vəsaiti, 5000 manat əldən çıxmış fayda, ümumilikdə cəmi 29317,21 manat pul məbləği və iddia ərizəsinə görə iddiaçı tərəfindən ödənilmiş 178 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə cavabdeh “X2 Kompani S.A” Şrkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) arasında xx.xx.2024-cü il tarixli, SO/043-24 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən “alıcı” qismində “X2 Kompani S.A” Şrkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Satıcı” qismində İddiaçı MMC çıxış etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SO/043-24 saylı malların alqı-satqı müqaviləsinə əsasən satıcı olaraq İddiaçı MMC tərəfindən həmin müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşma protokolunda göstərilən malları alıcıya sataraq onun mülkiyyətinə vermək, alıcı isə öz növbəsində həmin malları qəbul edərək, müvafiq qaimə-fakturada müəyyənləşdirilmiş dəyərini satıcıya ödəmək öhdəliyi vardır. Şirkətlər arasında imzalanmış alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən alıcı ödəniş sənədləri üzrə qəbul etdiyi malların dəyərini 30 (otuz) təqvim günündən gec olmamaq şərtilə ödəməlidir. Bildirilir ki, qeyd olunan müqaviləyə əsasən İddiaçı MMC tərəfindən“X2 Kompani S.A” Şrkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə xx.xx.2024-cü il tarixli EBEB 357676 saylı, xx.xx.2024-cü il tarixli EBEA 806814 saylı, xx.xx.2024-cü il tarixli EBEB 549781 saylı, xx.xx.2024-cü il EBEB 859643 saylı, xx.xx.2024-cü il tarixli EBEE 075894 saylı e-qaimələr əsasında 22106,56 manat (iyirmi iki min yüz altı manat əlli altı qəpik) məbləğində mallar satılmış, faktiki olaraq 2024cü il aprel ayında alıcıya təhvil verilmiş, lakin ödəniş bugünə qədər təəssüf ki, tam olaraq həyata keçirilməmişdir. Müqavilə üzrə yuxarıda qeyd olunan e-qaimələr əsasında cavabdeh şirkət tərəfindən ümumi olaraq İddiaçı MMC-yə ödənilməli cəmi 22106,56 manat (iyirmi iki min yüz altı manat əlli altı qəpik) məbləğində borc yaranmışdır. Tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin 6.3-cü bəndinə əsasən “alıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda və müddətdə ödənişləri qismən və ya ümumiyyətlə ödənişləri həyata keçirməzsə, satıcı alıcıdan hər gecikdirilən gün üçün bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolundakı ümumi qiymətinin 0,1 %-i həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. Dəbbə pulu məbləği, qiymət razılaşma protokolundakı ümumi qiymətinin 10 %-dən çox ola bilməz. Müqavilə üzrə malların təhvil verilməsinin üzərindən kifayət qədər uzun müddət keçməsinə baxmayaraq borc məbləği bağlanmamışdır, yaxud hər hansı əsaslandırılmış imtina və ya reklamasiya məktubu verilməmişdir. Tərəflər arasında imzalanmış Müqavilənin 8.2-ci bəndinə əsasən “Tərəflər arasında yaranan bütün mübahisələr və anlaşılmazlıqlar, mümkün qədər danışıqlar yolu ilə dinc qaydada həll olunmalıdır. Həmin Müqavilənin 8.3-cü bəndinə əsasən “mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll olunur. Müqavilə üzrə malların təhvil verilməsinin üzərindən kifayət qədər uzun müddət keçməsinə baxmayaraq borc məbləği bağlanmamışdır, yaxud hər hansıəsaslandırılmış imtina və ya reklamasiya məktubu verilməmişdir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı artıq uzun müddətdir şirkətlərin məsul şəxsləri arasında şifahi və yazılı şəkildə müzakirələr aparılmaqdadır. xx.xx.2024-cü il tarixinə qalıq borc 22106,56 manat (iyirmi iki min yüz altı manat əlli altı qəpik) manat təşkil edir. Daha sonra satıcı tərəfindən xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilmiş qalıq borc olan ƏDV daxil 22106,56 manat vəsaitin ödənilməsi xahiş edilmişdir. Alıcı “X2 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən şifahi şəkildə ödənişlərində gecikmələr olduğu bildirilmiş və hissə-hissə ödənişlər həyata keçiriləcəyi bildirilmişdir. Lakin bu günə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd etmək istərdik ki, pretenziya məktubu Dövlət Vergi Xidmətinin elektron sistemi üzərindən göndərilmiş və qarşı tərəfə çatdırılmışdır. İddiaçı MMC dəfələrlə cavabdeh “X2 Kompani S.A” Şrkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məsul şəxsləri ilə görüşüb bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq cavabdeh tərəfindən laqeyd rəftar edilərək, iddiaçının əsaslı tələbləri təmin edilməmişdir. Hesab edilir ki, cavabdeh “X2 Kompani S.A” Şrkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ƏDV daxil 22106,56 manat (iyirmi iki min yüz altı manat əlli altı qəpik) manatı, müqavilənin 6.3-cü bəndinə əsasən əsas borca görə əlavə 10% hesablanmaqla, 2210,65 AZN (iki min iki yüz on manat əlli altı qəpik) məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Operativ xidmət göstərən, daim müasir standartlarla çalışan bir şirkət kimi iddiaçıya məxsus olan pul vəsaitinin vaxtında ödənilməməsi bəzi ödənişlərin (kommunal, icarə haqqı, əmək haqqı və s.) vaxtında edilməsində çox böyük çətinliklər yaratdı, həmçinin bir sıra layihələrdə şirkət olaraq iştirak edilməsini mümkünsüz hala gətirdi. Yaranmış bu çətinlik şirkət daxilində gərginlik yaratdı və işçilər arasında motivasiyanın aşağı düşməsinə səbəb oldu. Bu səbəbdən əldən çıxmış fayda minimum 5000 (beş min) manat olaraq dəyərləndirilir. Cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə öhdəliklərinə əməl etmir və bizə pul vəsaitini ödəmir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilə və sifariş orderlərinin, həmçinin şifahi və yazılı razılaşmaların şərtləri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, pul öhdəliyin icrası üçün hər hansı əməli addımlar atılmır.
3. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflə bağlanmış müqavilənin 6.2-ci bəndindən göründüyü kimi satıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda malı alıcıya qismən təhvil verdikdə alıcı satıcıdan hər gecikdirilən gün üçün bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolundakı ümumi qiymətinin 0,1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. Dəbbə pulu məbləği, qiymət razılaşma protokolundakı ümumi qiymətinin 10 % çox ola bilməz. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi malın təhvil verilməsi və bizim hansı səlahiyyətli nümayəndə tərəfindən qəbul edilməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən etmək mümkün deyil. Artıq iş məhkəmə baxışındadır və qarşı tərəfə iddia tələbinin əsaslanıdırılması üçün kifayət qədər vaxt verilmiş, bununla belə malın təvil verilməsinin tarixini təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. Yuxarıda qeyd edilən müqavilədəki bənddən göründüyü kimi gecikdirilən günə görə cərimə tələb etmə hüququ yalnız alıcı üçün müəyyən edilmişdir. Satıcının cərimə tələb etməsi müqavilə ilə nəzərdə tutulmamışdır. Bundan başqa o da qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi malın təhvil verilməsi və cavabdehin hansı səlahiyyətli nümayəndə tərəfindən qəbul edilməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən etmək mümkün deyil. Artıq iş məhkəmə baxışındadır və qarşı tərəfə iddia tələbinin əsaslanıdırılması üçün kifayət qədər vaxt verilmiş, bununla belə malın təvil verilməsinin tarixini təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, malın bir hissəsinin qaimə fakturası elektron ödəyici sistemi üzərindən düzgün vurulmadığına görə, habelə eyni qaydada məhkəməyə təqdim etdiyi kimi cavabdehə də malın təhvil təslimini imzalatmadan təqdim etdiyinə görə bir hissə ödənişdən imtina edilmişdir. 7240 manat ödənişə dair hesab faktura isə düzgün olaraq təhvil-təslim aktındakı imzalara olmaqla və müqavilə nömrəsi düzgün göstərildiyinə görə müqavilədə nəzərədə tutulan qaydada malın verildiyi vaxtdan 1 ay müddətində, yəni 22 may 2024-cü il tarixdə ödənilmişdir. Yuxarıda qeyd edilən səbəblərə görə iddiaçının ödənilməyən pul məbləğinə cərimə tələb etməsi əsassızdır. Bu ərizəyə pdf formada əlavə edilən qəbzlərdən də göründüyü kimi iddiaçı tərəf elektron hesab fakturadakı yanlışlıqları aradan qaldırıdıqdan sonra 14 fevral 2025-ci il tarixdə müqavilə üzrə qalan ödənişlər tam yerinə yetirilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib yazılı etirazının məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq iclasın iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SO/043-24 saylı müqaviləyə əsasən satıcı alıcının sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən malları alıcıya satır, alıcı isə malın müqabilində qiymət razılaşma protokolunda nəzərdə tutulmuş dəyərini satıcıya ödəyir.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr qiymət razılaşma protokolunda başqa cür nəzərdə tutulmadığı təqdirdə satıcının təqdim etdiyi sənədlər əsasında 30 (otuz) təqvim günündən gec olmamaq şərtilə aparılır.
11. Müqavilənin 6.3-cü bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda və müddətdə ödənişləri qismən və ya ümumiyyətlə ödənişləri həyata keçirməzsə, satıcı alıcıdan hər gecikdirilən gün üçün bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolundakı ümumi qiymətinin 0,1 %-i həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. Dəbbə pulu məbləği, qiymət razılaşma protokolundakı ümumi qiymətinin 10 %-dən çox ola bilməz.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli (208,01 manat), xx.xx.2024cü il tarixli (1810 manat), xx.xx.2024-cü il tarixli (7240 manat), xx.xx.2024-cü il tarixli (18100 manat), xx.xx.2024-cü il tarixli (1672,92 manat) elektron qaimələr təqdim edilmişdir.
13. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 361,76 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarına görə 18100 manat, 1627,92 manat və 208,01 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 7240 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına görə 1810 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına görə 18100 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.
14. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 22106,56 manat məbləğində mal verilmişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
18. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, iddiaçının tələb etdiyi 22106,56 manat əsas borc cavabdeh tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə tam şəkildə ödənilmişdir.
22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi əsas borcun tutulması hissəsində təmin edilməməlidir.
23. Məhkəmə iddia tələbini 2210,65 manat dəbbə pulunun tələb edilməsi hissəsində qismən əsaslı hesab edir.
24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
25. Belə ki, alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr qiymət razılaşma protokolunda başqa cür nəzərdə tutulmadığı təqdirdə satıcının təqdim etdiyi sənədlər əsasında 30 (otuz) təqvim günündən gec olmamaq şərtilə aparılır.
26. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
27. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
28. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir.
29. Bundan başqa iddiaçı iddia ərizəsində 5000 manat məbləğində əldən çıxmış faydanın tutulmasını da tələb etmişdir.
30. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
33. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
34. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
35. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
36. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
37. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
39. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
40. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
41. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
42. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
44. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
45. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
46. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
47. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 500 manat dəbbə tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 148 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 500 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova