Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-171/2020 11.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh X3 qarşı əsas borc qismində 63311 (altmış üç min üç yüz on bir) manat, həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 330258.72 (üç yüz otuz min iki yüz əlli səkkiz manat yetmiş iki qəpik) manat məbləğində faizin, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 205160,72 (iki yüz beş min bir yüz altmış manat yetmiş iki qəpik) manat məbləğində faizin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilən 1500 (bir min beş yüz) manat məbləğində hüquqi xidmət haqqının cavabdehdən tutulub Şirkətin hesabına ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “ATL”) ilə X4 arasında (bundan sonra “Cavabdeh”) xx.xx.2019-cu il tarixli 02/19 saylı Alqı-Satqı Müqaviləsi bağlanıb. Həmin Müqavilənin 1.1-ci və 2.2-ci maddələrinə əsasən, Cavabdeh həmin maddələrdə qeyd edilən avadanlıqları qəbul etməyi və bunun qarşılığında onların dəyərini ATL-ə ödəməyi öhdəsinə götürüb. Qeyd edilən Müqavilənin 3.3-cü maddəsinə əsasən, avadanlıqların dəyəri tam ödənilənədək avadanlıqlar ATL-in mülkiyyəti hesab olunur. Beləliklə, Cavabdeh ATL-dən Müqavilədə nəzərdə tutulan avadanlıqları alıb, lakin bunun müqabilində öhdəliyinə düşən 63311 manat məbləğində borcu indiyədək ödəməyib. xx.xx.2019-cu il tarixində Cavabdehlə yenidən görüş keçirildi və cavabdeh ATL-ə indiyədək, ümumilikdə 63311 (altmış üç min üç yüz on bir) manat borcunun olduğunu etiraf və təsdiq etdi. Həmin görüşün yekunu olaraq xx.xx.2019-cu il tarixli 19 saylı Üzləşmə Aktı tərtib edildi və təsdiqləndi. Hazırda, Cavabdeh geriyə qalan 63311 (altmış üç min üç yüz on bir) manat məbləğində borcunu indiyədək hələ də ödəməyib. Cavabdeh əsas borcun bir hissəsini - 1277 AZN (min iki yüz yetmiş yeddi manat) məbləğini qaytarmışdır. Lakin, Cavabdehin Xətai rayonu Sarayeva küçəsində yerləşən “TECHNOM” mağazasında 515 AZN (beş yüz on beş manat) dəyərində İddiaçıya məxsus qabyuyan Cavabdehdə saxlanılır. Bu halda Cavabdehin əsas borcu (63311-1277)+515= 62549 AZN (altmış iki min beş yüz qırx doqquz manat) təşkil edir. Cavabdehlə dəfələrlə görüşlər keçirərək və telefonla edilən xəbərdarlıqlara baxmayaraq, Cavabdeh qeyd edilən borcun icrasını yerinə yetirməkdən boyun qaçırır və öhdəliyinin icrasını pozan halları aradan qaldırmaq üçün indiyə qədər heç bir addım atmır. Odur ki, Cavabdehin Müqavilə üzrə öz öhdəliyini yerinə yetirməməsi ucbatından ATL-in maliyyə vəziyyətinə və gələcək planlarına ciddi zərər dəyməkdədir. Əgər Cavabdehə xx.xx.2019-cu il tarixli Təhvil-Təslim Aktında təsdiqlənən 58157 (əlli səkkiz min bir yüz əlli yeddi) manat məbləğində avadanlıqlar verilməsəydi, ATL indiyədək başqa müqavilə və ya razılaşmalardan daha yüksək məbləğdə gəlir əldə edə bilərdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445 və 449-cu maddələrinə əsaslanaraq cavabdehdən iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmasına görə Mərkəzi Bank tərəfindən xx.xx.2019-ci il tarixi üçün müəyyənləşdirilmiş illik bank uçot faiz dərəcəsi 8% olmaqla hesablanan 330258.72 (üç yüz otuz min iki yüz əlli səkkiz manat yetmiş iki qəpik) manat (62549 X 0.66% (aylıq faiz) X 8 ay=330258.72 manat) və pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq nəzərdə tutulan illik 5%-ə əsasən 205160,72 (iki yüz beş min bir yüz altmış manat yetmiş iki qəpik) manat, (62549 X 0.41 % (aylıq faiz) X 8 ay=205160,72 manat) məbləğində faiz və 62549 (altmış iki min beş yüz qırx doqquz) manat məbləğində əsas borc cavabdehdən tutulmalıdır. İddia ərizəsinə əlavə edilən sübutlarla müəyyən edilir ki, cavabdehin iddiaçı qarşısında maddi zərərə görə məsuliyyətini yaradan hal mövcuddur və iddiaçıya 63311 (altmış üç min üç yüz on bir) manat məbləğində zərər vurulmuşdur. Buna görə də həmin məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə müraciət edərək əsas borc qismində 62549 (altmış iki min beş yüz qırx doqquz) manat, həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 5003,92 manat məbləğində faizin, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 3127,45 manat məbləğində faizin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulub Şirkətin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış 02/19 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu "Müqavilə" ilə müəyyənləşdirilmiş qaydada "Satıcı" bu "Müqavilə"yə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan "Qiymət razılaşması"nda göstərilmiş çeşiddə elektrik avadanlıqları və məişət texnikası (bundan sonra "Alqı-satqı predmeti") Dövlət Standartları ilə müəyyən edilmiş normalara uyğun olmaqla, "Alıcı"ya təhvil verir, "Alıcı" isə "Alqı-satqı predmeti"ni qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC və X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 02/19 saylı “Alqı-satqı Müqaviləsi”-nin xx.xx.2019-cu il tarixli Təhvil-Təslim Aktından görünür ki, Satıcı İddiaçı MMC bu Təhvil-Təslim aktındakı cədvəldə göstərilən malları Alıcı X3 təhvil verdi, Alıcı da həmin malları qəbul etdi və bunun müqabilində Satıcıya 58157 AZN məbləğində ödəniş etməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin direktoru və X4 arasında tərtib edilmiş 19 nömrəli Üzləşmə aktına əsasən alıcı X1 63311 AZN məbləğində borcu olduğunu etiraf edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən X3 ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC X3 müqavilə üzrə borc məbləği olan 62438 manatı bu pretenziyanı aldığı andan etibarən 3 iş günü ərzində nağd və ya bank köçürməsi yolu ilə MMC-yə ödəməyi təklif etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixdə bağlanmış əlavə razılaşmaya əsasən, “xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı MMC müqavilədə nəzərdə tutulan borclu X2 ATLin alacağının məhkəmə qaydasında alınması üçün 1500 AZN hüquqi xidmət haqqına dair tərəflər aralarında razılığa gəlmişlər və bunu öz imza və möhürləri ilə təsdiq etmişlər. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya hər hansı borcun olmaması və ya hazırki iş üzrə iddia tələbindən daha az miqdarda olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığına görə, məhkəmə cavabdeh tərəfindən borcun olmasının təsdiqi kimi tərəflər arasında bağlanmış üzləşmə aktına işin mübahisəsiz halı kimi qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinə pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 5003,92 manat məbləğində faizin, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 3127,45 manat məbləğində faizin cavabdehdən tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ xx xxxx 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisəli borc məbləğini qaytarmaqdan boyun qaçırması, onun iddiaçı ilə tərtib etdiyi üzləşmə aktı əsasında borcu etiraf etməsi faktı ilə təkzib olunur. Bununla belə, iddiaçı tərəfindən cavabdehin mübahisəli pul məbləğini gecikdirməyə görə hər hansı faydalandığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, X2 62549 (altmış iki min beş yüz qırx doqquz) manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 30 manat, cəmi 62579 (altmış iki min beş yüz yetmiş doqquz) məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. X2 62549 (altmış iki min beş yüz qırx doqquz ) manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 30 manat, cəmi 62579 (altmış iki min beş yüz yetmiş doqquz ) məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hisssədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-171/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-171/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver