Məhkəmə qərarları › İş №e-2-2(113)-171/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-171/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-171/2021 22.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı cavabdehdən xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən 43226,40 manat və xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 44188,10 manat, 21000 manat penya, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 108952,10 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2019-cu il tarixli 1 saylı, xx xxxxxx 2020-ci il tarixli 2 saylı və xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavələrinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 87421.70 manat, 21000 manat penya, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 108952,10 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən 43226,40 manat və xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 44188,10 manat, 21000 manat penya, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 108952,10 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə 2019\7055-27 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı, Ukrayna mənşəli Soya Şrotunu cavabdehə xx xxxxxx 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən satmağı ohdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin xx xxxxxx 2019-cu il tarixli 1 saylı, xx xxxxxx 2020-ci il tarixli 2 saylı və xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavələrinə əsasən ümumi dəyəri 176521,70 manat olan Soya Şrotu cavabdehə satılmış və mallar göndərilmişdir. Elektron qaimə, Seriya: EBAG № 349788, xx.xx.2020-34146.20 manat dəyərində – Elektron qaimə, Seriya: EBAG № 414341, xx.xx.2020-10041.90 manat dəyərində – Elektron qaimə, Seriya: EBAH № 766005, xx.xx.2020-43226.40 manat dəyərində Cavabdehə göndərilmiş elektron qaimələrə dair heç bir mübahisə yaranmamışdır. Cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə ümumilikdə 176521,70 manat dəyərində olan Soya Şrotu cavabdehə satılmış və bu muqavilə və onun əlavələrinə əsasən sonuncu tərəfindən iddiaçıya 89100 manat vəsait ödənilmişdir. Tərəflər arasında imzalanmış xx xxxxxx 2019cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya 87421.70 manat borcu qalmışdır. Müqavilənin qeyd olunmuş 1, 2 və 3 saylı Əlavələrinin 3.1-ci maddəsinə sasən faktiki göndrilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. Müqavilə şərtlərinə əsasən alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmiş və nəticədə xx xxxx 2020-ci il tarixə cavabdehin iddiaçıya müqavilə üzrə ümumilikdə 87421.70 manat borcu yaranmışdır. Borcun tam olaraq ödənilməsi üçün bir necə dəfə Pretenziya məktubu göndərilsə də cavabdeh borc məbləğinin tam ödənilməsini təmin etməmişdir. Beləliklə alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam həyata keçirilmədiyindən tərəflər arasında imzalanmış müqavilənin şərtləri cavabdeh tətəfindən pozulmuşdur. Müqavilənin 5.1.-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0.2 % miqdarında Penya ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə müqavilə üzrə Penyanın məbləği xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan dövr üzrə 21000 manat təşkil edilməkdədir. İddiaçı ilə iş üzrə nümayəndə və vəkil Nümayəndə arasında bağlanmış hüquqi yardım göstərilməsinə dair xx xxxx 2020cu il tarixli 1397 saylı müqavilə və xx xxxx 2020-ci il tarixli 696272/00527 saylı ödəniş tapşırığına əsasən vəkil Nümayəndə 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddianın əsası kimi ona istinad edilmişdir ki, cavabdehlə aralarında mövcud xx.xx.2019-cu il tarixdə bağlanmış 2019/7055-27 saylı “Alqı-satqı” müqaviləsinə və ona tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 1 saylı, xx xxxxxx 2020-ci il tarixli 2 saylı və xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavələrinə əsasən cavabdehə ümumi dəyəri 176.521,70 manat olan “Soya Şrotu” növlü yem məhsulu satılmış və mallar göndərilmişdir. Cavabdeh bundan 89.100 manat ödəmiş, 87.421,70 manat borcu qalmışdır. Cavabdeh yerdə qalan borcu ödəmir. İddia ərizəsində malın cavabdehə verilməsinin əsası kimi ümumilkidə 87.414,50 manat məbləğində 3 (üç) elektron qaimənin olduğu göstərilmişdir. Həmçinin iddia ərizəsində həmin qaimələrlə bağlı mübahisə edilmədiyi bildirilmişdir. Daha sonra da məhkəmə araşdırması zamanı elektron qaimənin malı qəbulu haqqında sənəd olmadığı baxımından, cavabdehə malın təhvil verildiyinin sübutu kimi iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında 4 ədəd “malın təhvil-qəbul aktı” təqdim etmişdir. Həmçinin malları cavabdeh özünə məxsus nəqliyyat vasitəsi ilə daşıdığını bildirmişdir. Cavabdeh tərəf iddia ərizəsində 3 saylı əlavə, elektron qaimə və borcla bağlı yazdıqlarına, eləcədə məhkəmədə təqdim etdiyi 4 ədəd “malın təhvil-qəbul aktı”na etiraz edərək, tam əsassız və yanlış olduğunu bildirir. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 2019/7055-27 saylı “Alqı-satqı” müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə tərəflər arasında müqaviləyə 1 saylı Əlavə tərtib edilmişdir. Əlavənin 1.1-ci bəndinə əsasən Alıcıya tonu 910 manatdan, 100 ton “Soya Şortu”nun satılması razılaşdırılmışdır. Qeyd olunan müqavilə və ona tərtib edilmiş 1 saylı əlavənin şərtləri çərçivəsində Alıcının verdiyi sifarişlərinə uyğun və vaxtda partiyalarla ümumilikdə 75,5 min manat məbləğində mal alınmış və dəyəri ƏDV ilə birgə olaraq ümumilikdə 89,1 min manat məbləğ, iddiaçı tərəfdən təqdim edilmiş bank hesabına köçürülmüşdür. Qeyd olunan mal bir neçə partiyalarla, hər partiya üçün Alıcının göndərdiyi Sifarişi əsasında Satıcı tərəfindən yüklənmiş, qaimə ilə göndərilmiş, tərəzi çeki ilə Alıcıya ötürülməklə təhvil verilmişdir. Daha sonra tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə 2 saylı Əlavə imzalanmışdır. Həmin Əlavəyə əsasən Alıcıya tonu 930 manatdan, 50 ton ‘’Soya Şortu”nun satılması şərtləşdirilmişdir. Hər tonunda qiymətin 20 manat artırılması və əlavə dəyər vergisinin malın qiymətinə daxil edildiyi, eləcədə ödənilmiş ƏDV-nin məbləğinin əvəzləşdirilməməsi səbəbindən, qiymət yüksəldiyindən sərf etmədiyi üçün Alıcı tərəf Satıcıdan mal almamış və mal üçün sifariş etməmişdir. Lakin 3 aydan sonra məlum olmuşdur ki, mal alınmadığı təqdirdə Satıcı tərəfindən Alıcının adına müxtəlif məbləğdə ayrı-ayrı tarixlərlə elektron qaiməsi vergi hesab sistemində yerləşdirilmişdir. Məsələ ilə bağlı tərəflərin görüşü zamanı iddiaçı ümumilikə 46,48 ton çəkidə 4 qaimənin surətini təqdim edərək, 2 saylı Əlavə ilə malı cavabdehə göndərdiyini bildirilmişdir. Lakin həmin qaimələrin yanlış olduğu, mal almadığı təqdirdə, elektron fakturaların səhvən verildiyi aşkar olunmuş və cavabdehin tələbi ilə iddiaçının özü tərəfindən ləğv edilmişdir. Çünki elektron qaimələrin verildiyindən 5 gün keçdiyindən, Alıcı tərəfindən sistem vasitəsi ilə ondan imtina etmək və ya ləğvi mümkün deyildir. Bununla da adı çəkilən 2 saylı əlavə ilə malın verilmədiyi qəbullanmışdır. Lakin yerdə qalan 87.414,50 manat məbləğində 3 elektron qaimənin ləğvindən imtina edilmişdir. Səbəbi tərəflər arasında 3-cü Əlavənin razılaşdırıldığı və həmin əlavəyə görə malın göndərildiyi bildirilmişdir. Eyni zamanda birtərəfli qaydada Satıcı tərəfindən imzalanmış, xx.xx.2020-ci il tarixdə tərtib edildiyi qeyd edilmiş 2 nüsxədən ibarət 3 saylı Əlavə, xx.xx.2020-ci il tarixə tərtib edilmiş üzləşmə Aktı və eyni qayda ilə tərtib edilmiş malın göndərdiyi barədə 4 ədəd mal təhvili qaiməsi Alıcıya təqdim edilmişdir. Alıcı ona təqdim edilmiş sənədləri geri verməmiş, özündə saxlamışdır. Buna görə də qeyd edilmiş xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə göndərilmiş, müvafiq olaraq EBAG seriyalı 349788, 414341 və EBAH seriyalı 766005 saylı elektron qaimə-fakturaların ləğv edilməsini Satıcıdan tələb edilmiş və bununla bağlı ona xx.xx.2020-ci il tarixdə rəsmi prenteziya verilmişdir. Bu baxımdan da iddia ərizəsində adı çəkilən 3 ədəd “elektron qaimənin” qəbul edildiyi və mübahisəli olmadığına dair qeyd edilənlər həqiqəti əks etdirmir. Cavabdeh həmçinin iddianın əsası kimi məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavənin həqiqəti əks etdirmədiyi və həmin Əlavədəki Alıcı qrafasında icra edilmiş imzanın ona məxsus olmadığında israrlıdır. Alıcı hesab edir ki, ona təqdim edilmiş Əlavəyə imza etmədiyindən, Satıcı tərəf əlavənin 3-cü nüsxəsini çap edib, özü imza etmişdir. İki tərəf olmaqla, iddiaçı tərəfindən imzalanıb, möhürlənmiş adı çəkilən xx.xx.2020-ci il tarixli 3 saylı Əlavənin hər iki nüsxəsi cavabdeh tərəfdən və onun tərəfindən imzalanmamış olması, cavabdehin haqlı olduğunu göstərir. Bundan başqa malların cavabdehə məxsus nəqliyyatla daşındığını qeyd edən iddiaçı tərəf, iddia ərizəsində tələb olunan məbləğdə malın cavabdeh tərəfə təhvil verildiyinin sübutu kimi təqdim etdiyi 4 ədəd “malın təhvil-qəbul aktı”nda qeyd olunan ** UR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi cavabdehə məxsus deyildir. Həmin aktlarda mal alan tərəf kimi cavabdeh qeyd edilsə də, təhvil alan qrafasında o, deyil, 2 X7, 2-sində isə Muslumov Seymur qeyd edilmişdir, həmin aktlarda eyni şəxsin adları qarşısında icra edilmiş imzalar köklü şəkildə fərqlidir. Digər tərəfdən də cavabdehin qeyd edilən şəxslər adında işçiləri yoxdur və belə adda şəxslərə mal qəbulu səlahiyyəti barədə etibarnamə verilməmişdir. Tərəflər arasında mövcud xx.xx.2019-cu il tarixli müqavilənin 1-ci maddəsinin tələbinə əsasən müqavilənin məbləği bu müqavilənin əlavələri ilə müəyyən edilən qiymətlərdən ibarətdir. Malın qiyməti, dəqiq miqdarı, keyfiyyəti, göndərilmə müddəti müqaviləyə edilən əlavələrdə razılaşdırılır. Müqaviləyə edilmiş cavabdeh tərəfindən imzalanmış 1 saylı və 2 saylı, həmçinin iddiaçı tərəfindən sonradan təqdim edilmiş 3 saylı Əlavənin alqı-satqısı razılaşdırılmış qiymət, miqdar və göndərilmə müddətindən başqa digər bütün şərtləri 1 saylı əlavədə olduğu kimidir. Adı çəkilən Əlavələrin 1.1-ci bəndində Alıcıya satılacaq malın miqdarı, 1 tonun qiyməti və məbləği razılaşdırılmışdır. Razılaşdırılmış malın çatdırılması müddəti və təhvil vermə qaydası Əlavənin 2-ci maddəsinin 2.2-ci və 2.3-cü bəndində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə malın göndərilməsi Alıcının Satıcıya verdiyi sifariş ərizəsinə uyğun miqdarda partiyalarla həyata keçirilir. Çatdırılma tarixi isə malın alıcıya tərəzi çeki ilə ötürüldüyü vaxt hesab olunur. Lakin iddiaçı tərəfindən iddia edilən malın alıcının sifariş etdiyi və ötürülməsini təsdiqləyən “cavabdeh tərəfindən imzalanmış tərəzi çeki” təqdim edilmədiyindən, həmin 4 ədəd “malın təhvil-qəbul aktı”nın ümumiyyətlə cavabdehə aid olmadığını göstərir. Bu da iddia tələbinin təsdiqi üçün qeyd olunan 4 ədəd malın təhvil-qəbul aktının iddiaçı tərəfindən məqsədli şəkildə sonradan tərtib edildiyini göstərir. Bundan başqa qeyd oluna 4 ədəd “malın təhvil-qəbul aktı”ndan ikisi xx.xx.2020-ci il tarixə tərtib edildiyi və onlarla 24,28 ton mal göndərildiyi, ikisinin xx.xx.2020-ci il tarixdə tərtib edildiyi və onlarla 22,98 ton mal göndərildiyi qeyd edilməklə, qaimələrdə cəmi 47,26 ton yem göndərildiyi göstərilmişdir. Lakin 2020-ci ilin fevral ayın 13 və 14, mart ayının 16-sı tarixlərində sistemə yerləşdirilmiş elektron qaimələrlə 87.414, 50 manat məbləğində yəni 93,49 ton mal göndərildiyi qeyd edilmişdir. Halbu ki, göndərilmiş malların dövriyyəsinə vergi nəzarətini təmin edilməsi üçün sistemə yerləşdirilən elektron qaimələrdə qeyd olunan malların həcmi, onları Alıcıya təhvil verildiyi təsdiq edən nəqliyyat yol qaimələri, aktlar və s. sənədlərdə əks edilən malların həcmi ilə eyni olması bəlli və mübahisəsiz haldır. Bu da iddiaçının iddia ərizəsində qeyd etdiklərinin həqiqətə uyğun olmadığını və mal verilmədiyi təqdirdə, cavabdehin hesabına əsasız varlanmaq niyətində olduğunu bir daha təsdiqləyir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdən iddiaçının anbarında anbardar işləyir və malları tərəzi ilə qəbul edir, yığır, çəkir və s. işlərlə məşğul olur. Cavabdeh 100 tona yaxın mal göndərmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, iddiaçıda direktor vəzifəsində işləmiş, cavabdeh 2020-ci ilə kimi iddiaçı ilə işləyib, mal götürmüşdür. 2019-cu ildə götürdüyü mal üzrə 10027 manat borcu qalmış, buna görə təzə borc xəttinin açılmasını istəmişdir. 2020-ci ildə cavabdehə xətt açıb mal göndərmişlər. cavabdeh gəlib onun yanında xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavəni imzalamış, sonra mal ona göndərilmişdir. Sonra iddiaçı ilə arasında narazılıq yaranmış, işdən ayrılmışdır. İşdən ayrılandan sonra müştərilərlə ajiotaj yaranmış, müştərilərin hərəsi bir səbəb, bəhanələr gətirməklə borclarını ödəməməyə çalışmışlar. 3 saylı Əlavəyə cavabdehi özü aparıb ofisdə imza çəkdirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 2019/7055-27 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə Soya Şrotu satmağı, cavabdeh isə malı almağı öhdələrinə götürmüşlər. xx xxxxxx 2019-cu il tarixli 1 saylı Əlavənin surətindən görünür ki, iddiaçı 100 ton həcmində 91000 manat dəyərində Soya Şrotu cavabdehə satmağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli 2 saylı Əlavənin surətindən görünür ki, iddiaçı 50 ton həcmində 46500 manat dəyərində Soya Şrotu cavabdehə satmağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavənin surətindən görünür ki, iddiaçı 100 ton həcmində 93500 manat dəyərində Soya Şrotu cavabdehə satmağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli EBAG seriyalı 349788 saylı, xx xxxxxx 2020-ci il tarixli EBAG seriyalı 414341 saylı və xx xxxx 2020-ci il tarixli EBAH seriyalı 766005 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 34146,20 manat, 10041,90 manat və 43226,40 manat dəyərində Soya Şrotu cavabdehə satılmışdır. xx xxxxxx 2020-ci il tarixli ĞRĞ/1 seriyalı 346818 saylı Malların təhvil-qəbul aktının surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehin adına göndərilmiş 12240 kq mal Süleymanov Raqib adlı şəxs tərəfindən təhvil alınmışdır. xx xxxxxx 2020-ci il tarixli ĞRĞ/1 seriyalı 346806 saylı Malların təhvil-qəbul aktının surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehin adına göndərilmiş 11820 kq mal Müslümov Seymur adlı şəxs tərəfindən təhvil alınmışdır. xx xxxxxx 2020-ci il tarixli ĞRĞ/1 seriyalı 346820 saylı Malların təhvil-qəbul aktının surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehin adına göndərilmiş 10740 kq mal Müslümov Seymur adlı şəxs tərəfindən təhvil alınmışdır. xx xxxxxx 2020-ci il tarixli ĞRĞ/1 seriyalı 346805 saylı Malların təhvil-qəbul aktının surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehin adına göndərilmiş 12460 kq mal Süleymanov Raqib adlı şəxs tərəfindən təhvil alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)-1982/2020 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında xx.xx.2019-cu il tarixli 2019/7055-27 saylı müqaviləyə xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavədəki imza X6 tərəfindən, yoxsa başqa şəxs tərəfindən, xx.xx.2019-cu il tarixli 2019/7055-27 saylı müqaviləyə xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavədəki imza, qəsdən dəyişdirilmiş xətlə, xx.xx.2019-cu il tarixli 2019/7055-27 saylı müqaviləyə xx xxxxxx 2020ci il tarixli 3 saylı Əlavədəki imza, X2 imzasına oxşadılmaqla icra olunub-olunmaması barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4/1104 saylı rəyindən görünür ki, mülki işin 82-ci vərəqində olan xx.xx.2019-cu il tarixli 2019/7055-27 nömrəli “Müqavilə”yə 3 nömrəli əlavənin aşağı hissəsində “Cavabdeh” yazılarının qarşısında olan imzanın - Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub – olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır.. Ekspertiza tədqiqatlarının dəyəri 124 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli 2019/7055-27 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə Soya Şrotu satmağı, cavabdeh isə malı almağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə müxtəlif çəkilərdə müxtəlif vaxtlarda Soya Şrotu satılmış, cavabdeh tərəfindən alınmış malın dəyəri tam ödənilməmiş və hazırda cavabdehin ümumi borc qalığı xx xxxxxx 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən 43226,40 manat və xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən 44188,10 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 2019/7055-27 saylı alqı-satqı müqaviləsinə xx xxxxxx 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən 43226,40 manat və xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən 44188,10 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında xx xxxxxx 2020ci il tarixli 3 saylı Əlavənin cavabdeh tərəfindən imzalanmamasını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4/1104 saylı rəyi ilə bu hal müəyyən edilməmiş, eyni zamanda məhkəmə iclasında şahid X5 ifadəsində xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavənin cavabdeh tərəfindən ofisdə yanında imzalandığını bildirmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında malların cavabdehə göndərilməməsini bildirsə də, iş materialları və şahid ifadələri ilə bu dəlil təkzib olunmuşdur. İş materiallarında olan elektron qaimələrin surətlərindən göründüyü kimi iddiaçı tərəfindən ümumilikdə 87414,5 manat dəyərində olan malın cavabdehə satılması barədə elektron qaimə təqdim edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə əsasən həmin elektron qaimələrdəki göstərilən mallar iddiaçı tərəfindən cavabdehə verilmiş hesab olunur. Cavabdeh tərəfindən isə bunun əksini, yəni elektron qaimələrə etiraz bildirmələrini, malların qaytarılmasını, habelə həmin elektron qaimələrin cavabdeh tərəfindən qəbul edilməməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.1.-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədikləri halda birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0.2 % miqdarında penya ödəməlidir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 21000 manat dəbbə pulu məbləği yaranmış 87414,5 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 2000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Ödəniş tapşırığının surətindən göründüyü kimi iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə 18 saylı vəkil bürosunun hesabına 500 manat ödənilmişdir. Məhkəmə iddianın təmin edilmiş hissəsini nəzərə alaraq, hüquqi xidmətə görə ödənilmiş 500 manat məbləğin 412,35 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən xx xxxxxx 2019-cu il tarixli alqısatqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən 43226,40 manat və xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 44188,10 manat, 2000 manat penya və vəkilin göstərdiyi yardıma görə 412,35 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 82,47 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 24,74 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 5,26 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 124 manat məbləğində ekspertiza xərclərinin 102,26 manat məbləği cavabdehdən, qalan 21,74 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən 43226,40 manat və xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 44188,10 manat, 2000 manat penya və vəkilin göstərdiyi yardıma görə 412,35 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 24,74 manat məbləği X1 tutularaq İddiaçınə ödənilsin, qalan 5,26 manat məbləği isə İddiaçınə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 124 manat məbləğində ekspertiza xərclərinin 102,26 manat məbləği cavabdeh X1, qalan 21,74 manat məbləği isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-1982/2020 saylı qərardadı, qətnamənin icrasına qədər öz qüvvəsini saxlayır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar