Məhkəmə qərarları › İş №e-2-2(113)-1715/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1715/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1715/2024 22.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının qanuni təmsilçisi Alim Şentürkün iştirakları ilə, iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında xx.xx.2023-cü il tarixli, A.V.Ö.Y/08/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən, satıcı müqavilənin ayrılmaz hissəsi hesab olunan X2 ilə müəyyənləşdirilmiş əşyaları (mal-materialları) Alıcıya təhvil verməyi, Alıcı isə həmin əşyaları (mal-materialları) qəbul edərək, bu Müqavilənin 4.3-cü bəndində müəyyənləşdirilmiş müddətdə həmin əşyaların (mal-materialların) dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. - 3.1.1-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad, X3 uyğun miqdarda və çeşiddə əşyalar (mal-materiallar) təhvil verir; - 3.1.2-ci bəndinə əsasən satıcı əşyaları (mal-materialları) Alıcıya Tərəflərin səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq olunan təhvil-təslim aktı əsasında təhvil verir; - 3.1.3-cü bəndinə əsasən satıcı alıcının üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini Alıcıdan tələb edir. - 3.2.2-ci bəndinə əsasən alıcı əşyaların (mal-materialların) dəyərini hazırki müqaviləyə əlavədə (X2) müəyyən edilmiş qiymətlər üzrə, Müqavilənin 4.3-cü bəndində göstərilən müddətdə köçürmə yolu ilə ödəməlidir; - 3.2.3-cü bəndinə əsasən alıcı əşyaları (mal-materialları) Tərəflərin səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq olunan təhvil-təslim aktı əsasında qəbul edir. - 4.1.1-ci bəndinə əsasən bu Müqavilə üzrə alqı-satqının dəyəri müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X2 əsasında müəyyən edilir. - 4.1.2-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən satıcının bank hesabına köçürülmə yolu ilə həyata keçirilir. - 4.1.3-cü bəndinə əsasən ödəniş alıcı tərəfindən həm avans şəklində, həm də malmateriallar qəbul edildikdən sonra həyata keçirilə bilər. Hazırkı Müqaviləyə əsasən ödəniş tarixi, ödəniş məbləği Satıcının hesablaşma hesabına köçürüldüyü tarix hesab olunur. - 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandıqdan sonra 1 (bir) il müddətində qüvvədədir. - 9.2-ci bəndinə əsasən müqavilənin müddəti bitdikdə, tərəflər müqavilənin ləğv olunmasına dair heç bir etiraz bildirməzsə və qarşılıqlı əməkdaşlıq müqavilənin bitdiyi tarixdən ən az 1 (bir) ay davam edərsə, müqavilə eyni müddətə uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. Cavabdeh MMC tərəfindən ümumilikdə 619.240,27 manat məbləğində olan yola salınmış mallara dair, o cümlədən 35.805,61 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDF seriyalı 879980 nömrəli, 37.985,91 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDF seriyalı 878114 nömrəli, 40.528,50 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDF seriyalı 882401 nömrəli, 38.400,16 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDF seriyalı 856829 nömrəli, 38.824,56 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDF seriyalı 880985 nömrəli, 40.266,27 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDF seriyalı 886736 nömrəli, 44.733,8 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 968592 nömrəli, 45.464,22 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 968688 nömrəli, 55.983,14 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 968852 nömrəli, 48.925,16 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 968859 nömrəli, 90.240,5 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 968509 nömrəli, 28.591,57 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 968956 nömrəli, 24.298,56 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 968513 nömrəli, 49.192,31 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 968931 nömrəli elektron qaimə-fakturalar (malların təqdim edilməsi barədə) tərtib edilərək elektron sistem vasitəsilə “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir.

3. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə 619.240,27 manat məbləğində malların qaytarılması barədə o cümlədən 35.805,61 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 338780 nömrəli, 37.985,91 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 338675 nömrəli, 40.528,50 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 338955 nömrəli, 38.400,16 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 338480 nömrəli, 38.824,56 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 338852 nömrəli, 40.266,27 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 339030 nömrəli, 44.733,8 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 198764 nömrəli, 45.464,22 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 197260 nömrəli, 55.983,14 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 199431 nömrəli, 48.925,16 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 200310 nömrəli, 90.240,5 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 200453 nömrəli, 28.591,57 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 197199 nömrəli, 24.298,56 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 197407 nömrəli, 49.192,31 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 199958 nömrəli elektron qaimə-fakturalar tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. 24.298,56 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 197407 nömrəli qaimə istisna olmaqla elektron qaimə-fakturalar təsdiqlənmişdir.

4. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən (03 aprel 2023-cü il tarixli AVOY-08-23 saylı müqaviləyə əsasən) Cavabdeh MMC-nin hesabına 201850 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

5. Sub-uçot hesabından digər sub-uçot hesaba xx.xx.2023-cü il tarixli köçürülmə əməliyyatı ilə təsdiq edilir ki, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının ƏDV sub-uçot hesabından 36333 manat məbləğində (ƏDV) pul vəsaiti (Cavabdeh MMC-nin hesabına) köçürülmüşdür.

6. Sub-uçot hesabından digər sub-uçot hesaba xx.xx.2023-cü il tarixli köçürülmə əməliyyatı ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 36333 manat məbləğində (ƏDV) pul vəsaiti “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının hesabına (səhvən ödənilən ƏDV) geri qaytarılmışdır.

7. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 3 iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 201.850 manat əsas məbləğin, 6000 manat faiz borcunun, cəmi 207850 manat və 500 manat dövlətə ödənilmiş rüsumun Cavabdeh MMC-dən tutulub “Özgün Yapı Sanayi ve Ticaret Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı razılığa əsasən şirkətlərinin texnikası üçün lazım olan ehtiyat hissələri almaq məqsədilə xx.xx.2023-cü il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətlə A.V.O.Y/08/23 nömrəli alqı-satqı müqaviləsi bağladılar. Müqavilə şərtinə əsasən xx.xx.2023-cü il tarixdə satıcı Cavabdeh MMC-in hesabına 201850 manat və 36333 manat ƏDV məbləği ödəmişlər. Ödənilmiş avansa əsasən təqdim edilmiş mallar sifarişlərinə uyğun olmadığı üçün geri qaytarılmış və malların tam geri qaytarılması qaimələri tərəflərindən təsdiqlənmişdir. xx.xx.2023–cü il tarixində malların tam geri qaytarılmasına əsasən 36333 manat ƏDV məbləği şirkətlərinin depozit hesabına ödənilmişdir. Lakin həmin müddətdən üç aydan artıq vaxt keçməsinə baxmayaraq əsas məbləğ, yəni 201850 manat geri ödənilməmişdir. Dəfələrlə şifahi və xx.xx.2023-cü il tarixli ÖZY/06/23-112 nömrəli pretenziyalarına baxmayaraq 201850 manat bu günə kimi şirkətlərinə ödənilməmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. R.Axundov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, bir elektron qaimənin geri qaytarılması barədə qaimə təsdiqlənməyib. Həmin qaimə üzrə onlara mallar verilməmişdir. Mühasibin dediyinə görə həmin qaimə üzrə təqdim edilməsi nəzərdə tutulan malların geri qaytarılması barədə qaimənin vurulmasına cəhd olunub, lakin sistem tərəfindən təsdiqlənməyib. Onlara ümumiyyətlə cavabdeh tərəfindən heç bir mal verilməyib. Cavabdeh şirkətlə təqdim edilən e-qaimələrdən başqa alqı-satqı əməliyyatları olmamışdır. 2023-cü ilin aprelindən sentybarınadək tərəflər arasında danışıqlar olmuşdur və cavabdeh malları təqdim edəcəklərinə söz vermişdidir. Lakin sonradan şirkətlərinin yeni rəhbərliti malların təqdim edilmədiyini görüb bütün e-qaimələri geri qaytarmışdır.

12. İddiaçının qanuni təmsilçisi Alim Şentürk məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

17. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 599.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. - 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. - 427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

18. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 19.Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, A.V.Ö.Y/08/23 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, avans olaraq 201.850 manat məbləğdə pul vəsaitini və həmin məbləğin 36.333 manat məbləğində ƏDV-sini Cavabdeh MMC-nin müvafiq hesablarına köçürmüş, lakin Cavabdeh MMC hal-hazıradək aldığı avansın müqabilində malları iddiaçıya təqdim etməmişdir.

22. Avansın müqablində cavabdeh tərəfindən iddiaçıya malların təqdim edilməməsi o cümlədən onunla təsdiqlənir ki, Cavabdeh MMC tərəfindən ümumilikdə 619.240,27 manat məbləğində malların təqdim edilməsi barədə elektron qaimə-fakturalar tərtib edilərək elektron sistem vasitəsilə “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına göndərilsə də, sonradan “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı həmin məbləğdə (ümumilikdə 619.240,27 manat) malların qaytarılması barədə elektron qaimə-fakturalar tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Bundan əlavə iddiaçı tərəfindən avans olaraq ödənilmiş 201.850 manat məbləğdə pul vəsaitinin ƏDV-si (36.333 manat) Cavabdeh MMC tərəfindən iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının ƏDV subhesabına qaytarılmışdır.

23. Belə olan halda məhkəmə alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli malların bir hissəsinin dəyəri olan 201.850 manat məbləğində pul vəsaiti avans olaraq iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə qabaqcadan ödənilsə də, həmin pulun müqabilində müvafiq malların iddiaçıya təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir.

24. Odur ki, iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının iddiası sözügedən alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 201.850 manat məbləğində əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

25. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 201.850 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 6000 manat məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür.

26. Bununla bağlı məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə cavabdehin ilkin öhdəliyi malların təqdim edilməsindən ibarət olsa da, cavabdeh qabaqcadan ödənilmiş malları təqdim etmədiyindən iddiaçının Mülki Məcəllənin 599.3-cü maddəsinin tələblərinə əsasən ödənilmiş əşyanın verilməsini və ya qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüquqları yaranmışdır. İddiaçı 2023-cü ilin sentyabr ayının sonunda iddiaçıya malların qaytarılması barədə elektron qaimə-fakturalar göndərməklə faktiki olaraq müqavilədən imtina etdiyi və ödənilmiş pulun geri qaytarılmasını tələb etdiyi andan cavabdehin qabaqcadan ödənilmiş pulu qaytarmaq öhdəliyi (yəni pul öhdəliyi) yaranmışdır. İddiaçının avans olaraq ödənilmiş pulun geri qaytarılmasını tələb etməsi, cavabdehin həmin tələb barədə məlumatlı olması, eləcə də həmin tələbi qəbul etməsi həmçinin onunla da təsdiq edilir ki, xx.xx.2023-cü ildə cavabdeh avans olaraq ödədiyi ƏDV məbləğini iddiaçıya geri qaytarmışdır.

27. İş materiallarına əsasən iddiaçının avansın qaytarılmasını ilk dəfə tələb etdiyi tarixi dəqiq müəyyən etmək mümkün olmasa da, cavabdehin avansın ƏDV-sini xx.xx.2023-cü ildə qaytarmasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı avansın qaytarılması tələbini ən geci həmin tarixdə irəli sürmüşdür. Odur ki, cavabdehin icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəlik olan qabaqcadan ödənilmiş pulu qaytarmaq öhdəliyini icra etməli olduğu müddət Mülki Məcəllənin 427.4-cü maddəsinin tələblərinə əsasən ən geci oktyabr ayının 18-də tamam olmuş və cavabdeh həmin öhdəliyi qətnamə qəbul edildiyi tarixədək icra etməməklə mübahisəli öhdəliyin icra edilməsini 6 ay müddətinə gecikdirmişdir.

28. Odur ki, Cavabdeh MMC alqı-satqı müqaviləsi üzrə 201.850 manat məbləğində avans məbləğinin qaytarılmasını 6 aya yaxın müddətə gecikdirdiyindən iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 6 aylıq müddət üçün illik 5 faiz hesabı ilə 5.046,25 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır.

29. Belə olan halda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən həmin əsasla 5.046,25 manat məbləğində pul vəsaiti tutulmalıdır.

30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 500 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

31. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 497,85 manat təşkil edir.

32. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumununa görə 490 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 201.850 manat məbləğində borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 5.046,25 manat məbləğində faizlər, cəmi 206.896,25 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 490 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar