Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1716/2025 19.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli AS- 244-2024 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı alıcının yazılı sifarişi (sonradan “Sifarişçı” adlandırılacaq) əsasında müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 göstərilən mallar (sonralar “Mallar” adlandırılacaq) alıcıya qaimə-faktura əsasında təhvil verməyi öz öhdəsinə götürür. Alıcı isə satıcıya malların dəyərini 30 gün ərzində ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan X3 göstərilən malları alıcıya satır. - 2.3-cü bəndinə əsasən satıcı alıcı dəyəri ödənilmiş malları müqavilənin 2.5-ci bəndində göstərilən müddətdə alıcıya təqdim edir. - 5.1-ci bəndinə əsasən alıcı malların dəyərini X5 uyğun olaraq, təqdim olunmuş hesab-fakturaya əsasən ödəməlidir. - 6.2-ci bəndinə əsasən satıcı müqavilənin 2.5.-ci bəndində göstərilən öhdəliyini müəyyən olunmuş müddətdə icra etmədikdə, alıcıya hər müddəti ötürülmüş gün üçün Razılaşma Protokolunda göstərilən ümumi məbləğin 0,5% (sıfır tam onda beş faiz) həcmində cərimə ödəməlidir. 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 31 may 2025-ci il müddətinədək qüvvəsini saxlayır. Müqavilənin müddətinin bitməsinə 10 (on) təqvim günü qalmış tərəflərdən heç biri yazılı qaydada müqaviləyə xitam verilməsi barədə yazılı xəbərdarlıq etməsə bu Müqavilə eyni şərtlərlə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir.
2. xx.xx.2024-cü il tarixli AS-244-2024 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2024-cü il tarixli **********4 nömrəli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar.
3. 03 sentyabr 2024-cü il tarixli malların təhvil-təslim aktına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif dəyərdə mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
4. "xxxx" MMC tərəfindən ümumilikdə 23499.995 manat dəyərində malların satılmasına dair 03 sentyabr 2024-cü il tarixli elektron qaimələr Cavabdeh MMC-yə göndərilmişdir.
5. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq 5 iş günü ərzində borcun ödənilməsi xahiş edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli, AS-244-2024 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış 23,500,00 manat əsas, 2350,00 manat cərimə, ümumilikdə 25,850,00 manat borcun və 167,55 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə, AS-244-2024 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. 03 Sentyabr 2024-cü il tarixdə "xxxx" MMC ilə Cavabdeh MMC arasında **********4 №-li “Qiymətlərin Razılaşdırılması” Protokolu tərtib olunmuşdur. **********4 №-li “Qiymətlərin Razılaşdırılması” Protokoluna əsasən 03 Sentyabr 2024-ci il tarixli, AS-244-2024 saylı müqaviləyə əsasən mal-materialların qiymətləri 23,500,00 manat müəyyən olunmuşdur. Cavabdeh müqavilənin şərtlərini pozaraq,alqı-satqı müqaviləsi üzrə ödənişləri etməmiş və 23,500,00 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC borcu ödəməkdən boyun qaçırır. Bildirir ki, 03 sentyabr 2024-ci il tarixli, AS-244-2024 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən cərimə məbləği kimi 2350,00 manat "xxxx" MMC-yə ödənilməlidir. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə xəbərdarlıq məktubu göndərilərək müvafiq borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-yə olan borcu 23,500,00 manat əsas, 2350,00 manat cərimə, ümumilikdə 25,850,00 manat təşkil etmişdir. Ona görə də, 25,850,00 manat məbləğində borc Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 464.1, 443, 445, 448, 600.1, 600.4, 600.5-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
14. İddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
17. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli AS-244-2024 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə iddiaçı "xxxx" MMC-yə olan borcu 23.500 manat təşkil edir.
22. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni və malların təhvilqəbul aktlarını məhkəməyə təqdim etmişdir.
23. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 23.500 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
24. Bundan əlavə iddiaçı müqavilə üzrə malların dəyərini vaxtında ödəmədiyinə görə Cavabdeh MMC-yə hesablanmış 2350 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
25. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişlərini vaxtında ödəməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 167,55 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
27. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 167,55 manat təşkil edir.
28. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 167,55 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən alqı-satqı müqaviləsi üzrə 23,500 manat əsas borc, 2350 manat cərimə borcu, ümumilikdə 25,850 manat və dövlət rüsumunun əvəzi olaraq 167,55 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində ümumi qaydada Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Müseyib Bayramov