Məhkəmə qərarları › İş №e-2-2(113)-1721/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1721/2025

30.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1721/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: beh müqaviləsi, əqdin etibarsızlığı) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ildə daşınmaz əmlak alğı-satqısı üzrə agent Cavabdeh İddiaçı müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsini alıcı X2 təklif emişdir. Təklifə əsasən həmin qeyri yaşayış sahəsinin tam formada ******* ABŞ dollarının manat ekvivalentində X1 razılaşdırılmışdır. Lakin alıcı həmin məbləği bütöv formada ödəmək iqtidarında olmadığından göstərilən qeyri-yaşayış sahəsini hissə-hissə olmaqla 3 hissəyə bölərək almaq istəyini ifadə etmişdir. Əmlakın mülkiyyətçisi razılaşmışdır. Beləliklə, ümumi sahəsi 476,8 kv.m olan qeyri yaşayış sahəsinin alqı-satqısı bütövlükdə ******* ABŞ dollarının manat ekvivalentində X1 razılaşdırılmışdır. Alıcı əmlak üçün razılaşdırılmış məbləği bir dəfəyə ödəmək imkanı olmadığından onu 3 ayrı-ayrı hissə şəkilində 2024-cü ilin avqust ayının sonunadək alacağını vəd etmişdir. Alıcının təklifinə əsasən 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin alğı-satqısının rəsmiləşdirilməsi tarixlər üzrə aşağıdakı kimi razılaşdırılıb: 1) Birinci alğı-satqı əməliyyatı – sahəsi 123,3 kv.m olan hissə üzrə 2024-cü ilin mart ayında həyata keçiriləcək, 2) 2-ci alğı-satqı əməliyyatı sahəsi – 137 kv.m olan hissə üzrə 2024-cü ilin may ayında həyata keçiriləcək, 3) 3-cü alğı-satqı əməliyyatı isə sahəsi 216,5 kv.m olan hissə üzrə 2024-cü ilin avqust ayında həyata keçiriləcək. Bu razılaşmaya uyğun olaraq Alıcı tərəfindən obyektin bütövlükdə alınacağına zəmanət kimi sonuncu alınacaq obyekt (216,5 kv.m) üçün 170000 manat beh ödənilmiş və bu barədə notariusda müvafiq beh müqaviləsi bağlanmışdır. Həmin beh məbləğinin 50%-i (85000 manat) dərhal alqı-satqı prosesinə vasitəçilik edən daşınmaz əmlak agenti Cavabdeh vasitəçilik haqqı kimi ödənilmişdir. Qeyd olunan məbləğin Cavabdeh ödənilməsini təsdiq etmək üçün borc müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin gün ümumi razılaşma üzrə qeyd edilən daşınmaz əmlakın 137 kv.m hissəsinin alğı-satqısı üçün Cavabdeh ilə İddiaçı arasında beh müqaviləsi bağlanmışdır. Həmin beh müqaviləsinə görə Cavabdeh İddiaçı Ü.Hacıbəyov küçəsi, 27 ünvanda yerləşən 476,8 kv.m qeyri yaşayış sahəsinin 137 kv.m hissəsinin alğı-satqısı üçün 5000 manat beh ödəmiş və həmin 137 kv.m hissə üçün xx.xx.2024-cü il tarixədək ******* manat ödəyərək alğı-satqı müqaviləsinin bağlanması barədə razılaşmışlar. Tərəflər arasında ümumi razılaşma qeyd edilən formada olsa da, Məmmədov İsmayıl və Cavabdeh əsas və gizli niyyətləri başqa olmuşdur. Belə ki, 08 aprel 2024-cü il tarixdə tərəflər ilkin mərhələ üzrə alğı-satqı həyata keçirmək üçün notariusa gəldikdə cavabdehlər iddiaçının nümayəndəsinə bildirmişlər ki, onlar ilkin olaraq 3-cü mərhələdə alğı-satqısı həyata keçirilməli olan 216,5 kv.m hissəni almaq üçün gəliblər, digər hissələri də yaxın vaxtlarda alacaqlar. Bununla əlaqədar Cavabdeh öz yazısı ilə alğısatqı üçün yeni plan da hazırlamışdır. Lakin İddiaçı nümayəndəsi ilkin razılaşmanın pozulduğunu başa düşərək həmin vaxt əməliyyatın icrasını dayandırmışdır. Bundan sonra Məmmədov İsmayıl hazırkı iddiaçıya bildiriş göndərərək beh müqaviləsinin icra edilməsini xahiş etmiş və İddiaçı tərəfindən həmin bildirişə cavab verilərək alğı-satqının ümumi razılaşdırılmış proses üzrə getmədiyindən prosesin dayandığını bildirmişdir. Məmmədov İsmayıl bu cavabı müqavilədən imtina kimi dəyərləndirib ikiqat beh məbləği tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, cavabdehlər Məmmədov İsmayıl və Cavabdeh yuxarıda qeyd edilən beh müqavilələrini bağlamaqda niyyətləri əslində Məmmədov İsmayıl tərəfindən qeyri-yaşayış sahəsinin 216.5 kv.m olan hissəsini daha ucuz qiymətə əldə edilməsi və bu alınmadıqda isə ikiqat beh məbləğini əldə etmək olmuşdur. Yəni İddiaçıı aldatmaqla əsl niyyətin başqa olduğu müqavilə bağlanmışdır. İlk öncə qeyri-yaşayış sahəsi bütövlükdə satılması razılaşdırılmış və alıcının birdəfəyə almağa imkanı çatmadığı üçün obyekt 3 hissəyə bölünərək satılması razılaşdırılmışdır. Yəni qeyri-yaşayış sahəsinin bütövlükdə Məmmədov İsmayıl tərəfindən Cavabdeh vasitəçiliyi ilə satın alınması razılaşdırılmışdır. Bununla bağlı sübut Cavabdeh öz yazısı ilə hazırladığı yeni planda əks olunur. Həmin planda sahələrin satışındakı ardıcılığı bilərəkdən dəyişdirilmiş, ümumi qiyməti ******* ABŞ dolları qeyd edilmiş və həmin pulun 100000 ABŞ dolları hissəsinin Cavabdeh çatacağı qeyd edilmişdir. Tərəflərin razılığı ilə obyektin ümumi qiyməti ******* ABŞ dolları olacağı (6970000 manat) qəbul edilmişdir. Bu məbləğin 100000 ABŞ dolları (170000 manat) vasitəçi Cavabdeh verilməsi razılaşdırılmışdır. Obyektin ümumi sahəsi 476.8 kv.m olduğu üçün hər kv.m-in qiyməti 8598.99 ABŞ dolları (14618,283 manat) edir. Lakin 3-cü mərhələdə satılmalı olan və 170000 manat beh məbləği verilən 216,5 kv.m obyektin satış qiyməti ******* ABŞ dolları (2.890.000 manat) müəyyən edilimişdir ki, bu da hər kv.m üçün 7852.194 ABŞ dolları (13.348,7298 manat) edir. Lakin ikinci mərhələdə satılması nəzərdə tutulan 137 kv.m üçün isə ******* manat (2.300000 ABŞ dolları) qiymət razılaşdırılıb (Cavabdehla olan beh müqaviləsində). Yəni 137 kv.m sahənin bir kv.m üçün 28540 manat (16788 ABŞ dolları) qiymət müəyyən edilib. Göründüyü kimi obyektin 216.5 kv.m-lik hissəsinə 137 kv.m-lik hissədən daha ucuz qiymət yazdırılmış, lakin yekunda bütün obyekt üçün ümumi ******* ABŞ dolları ödəniləcəyi vədi ilə iddiaçı aldadılmışdır. Həmin 137 kv.m-lik sahənin satışına dair beh məbləği isə 5000 manat müəyyən edilməklə cavabdehlərin əsl niyyətinin nə olduğu müəyyən edilmişdir. Nəticə olaraq qeyri-yaşayış sahəsinin 3-cü mərhələdə alınmalı olan hissəsi üçün ən ucuz qiymət qoyulmuş və sonradan həmin hissəni birinci almağa çalışmaqla cavabdehlərin əsas niyyəti mövcud razılaşmanı pozmaq və əmlakı daha ucuz qiymətə almaq və bu alınmadıqda isə ikiqat beh məbləğini əldə etməyə nail olmaq olmuşdur. İddiaçı tərəfindən Məmmədov İsmayılın nümayəndəsinə xx.xx.2024-cü il tarixdə beh müqaviləsi üzrə alğı-satqının həyata keçirilməsinə dair müraciət ünvanlanmışdır. Həmin müraciətə cavab olaraq Məmmədov İsmayılın nümayəndəsi bildirmişdir ki, əmlakın üzərinə həbs qoyulmuş və tərəflər arasında alğı-satqının təsdiqi üçün məhkəmə çərçivəsində barışıq sazişi olmalıdır. Prosesin davamı olaraq iddiaçı X5 ikiqat beh məbləğini tələb etdiyi iş üzrə (Nəsimi RM 2(006)-2832/2024 nömrəli iş) xx.xx.2024-cü il tarixli məhkəmə prosesində İddiaçı nümayəndəsi tərəfindən beh müqaviləsi üzrə alğsatqının həyata keçirilməsi üçün iddiaçıya müraciət edilmişdir. X11 nümayəndəsi yalnız iddia tələbini (ikiqat behin tələb edilməsi) müdafiə etmiş və beh müqaviləsi üzrə alğısatqının həyata keçirilməsindən imtina etmişdir. Göstərilən hal məhkəmənin videoqeydiyyatlı iclas protokolarında öz əksini tapmışdır. Bu fakt bir daha sübut edir ki, Məmmədov İsmayılın məqsədi həqiqi razılaşmanın icra edilməsi deyil, yalnız beh verməklə ikiqat beh məbləğinin əldə edilməsinə nail olmaq olmuşdur. Göründüyü kimi X8 və Cavabdeh əmlakı ucuz qiymətə əldə etmək və bu alınmadıqda ikiqat beh məbləği əldə etmək məqsədilə İddiaçıı aldatmış və həqiqi iradə ifadəsindən kənar əqd bağlanmasına çalışmışlar. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 339.2, 340.1, 340.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh iddiaçı tərəfi aldadaraq obyektin ümumi qiymətləndirməsini aparmış, lakin beh müqaviləsinin bir hissəsini öz adına rəsmiləşdirmişdir. Belə ki, obyektin tez satıla bilən hissəsini satılmasının təşkili üçün Məmmədov İsmayıl ilə beh müqaviləsi bağlamışdır. Məmmədov İsmayıl ilə bağlanmış beh müqaviləsinin dəyəri 170000 manat müəyyən edilib, lakin Cavabdehlə bağlanan beh müqaviləsinin dəyəri 5000 manatdır. Eyni gündə eyni obyektin 2 hissəsi ilə bağlı beh müqaviləsi bağlanılmışdır. Bu özü-özlüyündə belə bir faktı ortaya çıxardır ki, Cavabdehlə bağlanan müqavilə əslində faktiki olaraq formal bir müqavilədir və sadəcə olaraq görüntü xarakteri yaratmaq üçün bağlanılmışdır. Tərəflər alqı-satqı prosesini həyata keçirtmək üçün notariusa yaxınlaşdıqda iddiaçı tərəf bildirmişdir ki, artıq Cavabdeh tərəfindən başqa bir plan müəyyən edilib. Çünki Cavabdeh həmin zaman planı dəyişərək başqa bir plan irəli sürmüşdür. Onun əl yazısı ilə hazırlanmış yazılı planı iş materiallarına əlavə etmişlər. Həmin yazılı plana əsasən hansı hissələrin ilk və ya sonra satılması orada öz əksini tapmışdır. Lakin onlar tərəf ümumi razılaşma başqa formada olduğu üçün bu halı qarşı tərəfə bildirmiş və razılaşmanın pozulması barədə tərəfə məlumat vermişdir. Bu nöqteyi nəzərdən çıxış etdikdə Cavabdeh və Məmmədov İsmayıl birgə hərəkət edilmiş kimi görünür və iddiaçının mülkiyyətində olan obyekti daha ucuz qiymətə və ikiqat beh məbləğini əldə etmək niyyəti ilə edildiyi açıq-aşkar görünür. Cavabdeh bu məsələdə əsas mövcudluğu bundan ibarət olmuşdur ki, Cavabdeh obyektin bir hissəsini beh müqaviləsinə əsasən öz adına bağlamışdır. Borc müqaviləsindən 85000 manat məbləği öz mülkiyyətinə keçirtmiş, hal-hazırda da bu məbləği ödəmir. X15 Orxanın nümayəndəsidir və bir müqavilə onunla bağlanılmışdır. Tərəflər arasında olan ilkin razılaşmaya uyğun olaraq alıcı tərəfindən obyektin bütövlükdə alınacağına zəmanət kimi sonuncu alınacaq obyekt üçün 170000 manat beh ödənilmiş və bu barədə notariusda müvafiq beh müqaviləsi bağlanmışdır. Həmin beh məbləğinin 50%-i yəni 85000 manat məbləği dərhal Cavabdeh vasitəçilik haqqı kimi ödənilmişdir. Cavabdehlə bağlanılan beh müqaviləsi heç bir hüquqi əhəmiyyəti olmayan bir müqavilə olmuşdur. Düzdür, hazırkı iş üzrə müqavilənin etibarsızlığı ilə bağlı qərar çıxsa, bu qərar özlüyündə onların əleyhinə çıxmış sayılır. Lakin onlar işin bütün tərəflərini həll etmək üçün və digər tərəf Məmmədov İsmayıla qarşı da hüquqi mövqeyi dəqiqləşdirməkdən ötrü bu gün Cavabdehlə bağlanmış beh müqaviləsini mübahisələndirirlər. Digər tərəfdən də Cavabdeh dəfələrlə məhkəmə iclaslarına dəvət olunmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya öz mövqeyini bildirməmişdir. Bu da bir növ cavabdehin iddia tələbinə etirazının olmadığı mənasına gəlir. Həm maddi, həm də hüquqi əsaslar onlara bu tələblə məhkəməyə müraciət etmək hüququ verir. Hazırda obyekt İddiaçı mülkiyyətindədir, heç kəsə satılmamışdır. Müqavilənin etibarsızlığı iddiaçı üçün hüquqi əhəmiyyət kəsb edir. Düzdür, faktiki əhəmiyyəti olmaya bilər, faktiki olaraq 5000 manat itirə bilərik, lakin hüquqi əhəmiyyət kəsb edir. Eyni gündə Məmmədov İsmayıl və Cavabdeh vahid niyyətlə iddiaçı ilə beh müqaviləsi bağlanılmışdır. Obyektin faktiki bölgüsü belə yoxdur. Məmmədov İsmayılla bağlı işdə 2 qat beh tələb etməsi ilə bağlı iş üzrə Nəsimi Rayon Məhkəməsində iddia tələbi rədd olunmuş, həmin qərardan apellyasiya şikayəti verilmiş, apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamış, lakin Ali Məhkəmə qətnaməni ləğv edərək iddianı təmin etmişdir. Müvafiq qərardan İddiaçı əlavə kassasiya şikayəti verəcəkdir. İş Nəsimi Rayon Məhkəməsinin icraatında olarkən iddiaçı tərəf qarşı tərəfə obyekti bu günkü gündə onlardan almaq niyyətləri olub-olmadıqları barədə sual ünvanladıqda qarşı tərəf cavab olaraq iddialarını müdafiə etdiklərini bildirdilər. Yəni cavabdeh tərəf verdikləri iddia tələbi ilə bir növ həmin məhkəmədə öz niyyətlərini bəlli etmiş olublar və bu da Cavabdehlə bağlanan müqavilənin formal müqavilə olduğunu göstərir. Digər əqdi mübahisələndirməkdən ötrü bu əqdin etibarsızlığını sübut kimi qoymaq fikirləri vardır. Odur ki, iddia tələblərini müdafiə edirlər. Sonda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, ərizə yazaraq onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: X13 (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” “Borc alana” 85000 manat məbləğində pul borc verir. Müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” borcu xx.xx.2024-cü il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. İddiaçı (beh alan) ilə Cavabdeh (beh verən) arasında bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsindən görünür ki, Cavabdeh ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 137 kv.m hissəsinə dair beh alan: İddiaçı 5000 (beş min) manat pulu notariusun depozit hesabı vasitəsi ilə beh verir. Müqavilənin 1.3-cü bəndinə əsasən Beh alan: İddiaçı ünvan 2 ünvanda yerləşən 476.8 kv.m olan qeyriyaşayış sahəsinin 137 kv.m hissəsini Cavabdeh xx.xx.2024-cü İİ tarixədək alqı-satqı müqaviləsini bağlamağı öhdəsinə götürür, əks təqdirdə öhdəliyi yerinə yetirməzsə beh müqaviləsi ləğv olunmuş sayılır və həmin məbləğin 2 (iki) misli qaytarılır. Müqavilənin 1.4cü bəndinə əsasən Beh verən: Cavabdeh 31.08,2024-cü il tarixədək əmlakın tam dəyərini yəni, ******* (üç milyon doqquz yüz on min) manatı alqı-satqı müqaviləsi bağlanan zaman ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi alqi-satqı müqaviləsi bağlananana qədər dəyişərsə, alqı-satqı qiyməti 1.7 kursu ilə yenidən hesablanacaqdır. Beh verən: Cavabdeh xx.xx.2024-cü il tarixədək öhdəliyi yerinə yetirməzsə, tam məbləğ ödənilməsə ödənilmiş 5000 (beş min) manatı tələb etməyəcəkdir. X8 (beh verən) ilə İddiaçı (beh alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsindən görünür ki, Beh verən, X8 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsinə dair beh alan: İddiaçı 170000 (yüz yetmiş min) manat pulu notariusun depozit hesabı vasitəsi ilə beh verir. Müqavilənin 1.3-cü bəndinə əsasən Beh alan: İddiaçı ünvan 2 ünvanda yerləşən 476.8 kv.m olan qeyriyaşayış sahəsinin 216.5 kv.m hissəsini X7 31,08.2024-cü il tarixədək alqı-satqı müqaviləsini bağlamağı, öhdəsinə götürür, əks təqdirdə öhdəliyi yerinə yetirməzsə beh müqaviləsi ləğv olunmuş sayılır və həmin məbləğin 2 (iki) misli qaytarılır. Müqavilənin 1.4cü bəndindən görünür ki, Beh verən: X8, xx.xx.2024-cü il tarixədək əmlakın tam dəyərini yəni, ******* (iki milyon səkkiz yüz doxsan min) manatı alqı-satqı müqaviləsi bağlanan zaman ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ-ın Azərbaycan manatına olan məzənnəsi alqı-satqı müqaviləsi bağlanan ana qədər dəyişərsə, alqı-satqı qiyməti 1.7 kursu ilə yenidən hesablanacaq. Beh verən: X8 31,08.2024-cü il tarixədək öhtəliyi yerinə yetirməzsə, tam məbləğ ödənilməsə ödənilmiş 170000 (yüz yetmiş min) manatı tələb etməyəcəkdir. İddiaçı tərəfindən X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bütövlükdə qeyri-yaşayış sahəsinin razılaşdmlmış qiyməti (4,100,000 ABŞ dollan ekvivalentində manat) beh müqaviləsində göstərilmiş müddətdə, yəni 31 avqust 2024-cü ilədək Alıcı tərəfindən ödənilmədiyi halda Alqı-satqı əməliyyatı baş tutmamış hesab olunacaq və beh müqaviləsinin şərtlərinə görə beh məbləği geri qaytanlmayacaqdır. İddiaçı tərəfindən X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, beh müqaviləsinin bağlanması üçün əsas olan razılaşmanın şərtlərinin icrası ilə əlaqədar tərəflər arasında yaranmış anlaşılmazlığın həlli üçün X8 tərəfindən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə iddia ilə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixli beh müqaviləsi çərçivəsində alqı-satqının həyata keçirilməsinə razıdılar. Göstərilən beh müqaviləsinin tərəfi olaraq X8 tərəfindən hazırkı məktuba xx.xx.2024-cü il tarixinədək rəsmi cavab verilməsi tələb edilmiş əks halda bu məktuba cavab verilməməsi X8 tərəfindən beh müqaviləsinin icrasından imtina edilməsi kimi qəbul ediləcəyi qeyd edilmişdir. X6 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubdan görünür ki, beh müqaviləsindən imtina edənin qarşı tərəf olduoğu göstərilir və beh müqaviləsində son müddət kimi xx.xx.2024-cü il göstərilmişdir. Həmin müddətin notarial saziş olmadan qısaldılması yolverilməzdir. Digər tərəfdən əmlak üzərinə Bakı Apellyasiya Məkəməsinin 16(103)-363/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur (özgəninkiləşdirilməsi qadağan olunmuşdur). Bu səbəbdən də qeyd edilən tarix intervalında və hazırki vaxtda alqı-satqı müqaviləsinin bağlanması hər bir halda mümkünsüz olmuşdur. Tərəflər arasında razılıq əldə oluna bilərsə, bu əvvəlcə barışıq sazişi ilə rəsmiləşdirilməli, həmin saziş məhkəmə tərəfindən təsdiq olunmalı, sonra isə həmin sazişin şərtləri icra olunmalıdır. Əks halda onlar iddia tələblərini müdafiə edəcəklər. xx.xx.2025-ci il tarixli **********89 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 491. Beh anlayışı. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə 492. Behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələri. 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı (əvəzinə X14) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsinə əsasən Cavabdeh ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 137 kv.m hissəsinə dair İddiaçı 5000 manat pulu notariusun depozit hesabı vasitəsi ilə beh vermiş, İddiaçı ünvan 2 ünvanda yerləşən 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 137 kv.m hissəsini Cavabdeh ilə xx.xx.2024-cü il tarixədək alqı-satqı müqaviləsi bağlamağı, Cavabdeh isə həmin tarixədək əmlakın tam dəyərini yəni, ******* manatı alqı-satqı müqaviləsi bağlanan zaman ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyi yerinə yetirməzsə beh müqaviləsi ləğv olunmuş sayılır və həmin məbləğin 2 mislini qaytarmalı, cavabdeh xx.xx.2024-cü il tarixədək öhdəliyi yerinə yetirməzsə, tam məbləğ ödənilməsə ödənilmiş 5000 manatı tələb etməməlidir. Bu günə kimi cavabdeh qalan ******* manat pulu ödəməmiş və beh qaytarılmamışdır. X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən D.Rzayev Cavabdeh 85000 manat məbləğində pul borc vermiş, sonuncu borcu xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Çünki iddiaçının mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli beh müqaviləsi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada və formada tərtib edilərək, müqavilə azadlığı prinsipi əsasında, tərəflərin sərbəst iradələri ilə, bütün mühüm şərtlər barəsində razılıq əldə olunmaqla notarial bağlanmışdır. Müqavilə tərəflərin qarşılıqlı və üst-üstə düşən iradə ifadələri olduğundan etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik iradə sərbəstliyi, müqavilə azadlığı prinsiplərindən irəli gəlir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən aldadıldığını bildirsə də, buna dair hər hansı mötəbər sübutlar təqdim etməmiş, əsaslı dəlillər gətirməmişdir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi ona istinad etmişdir ki, Cavabdeh İsmayıl Məmədovla əlbir olaraq onun əmlakını 3 hissəyə ayırmaqla, həmin əmlakı ucuz qiymətə əldə etmək, bu alınmadıqda ikiqat beh məbləği əldə etmək məqsədilə İddiaçıı aldatmış və həqiqi iradə ifadəsindən kənar əqd bağlanmasına çalışmışdır. Bununla bağlı qeyd edilməlidir ki, işin adiyyəti üzrə göndərilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4055/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qərardadından cavabdeh X8 tərəfindən verilmiş şikayət ilə bağlı qərarında Ali Məhkəmə göstərmişdir ki, tərəflər eyni müqavilənin tərəfləri deyil, ayrı-ayrı obyektlər üzrə bağlanmış müqavilələrə dair qarşılıqlı öhdəliklər yaranmış, mübahisə predmetinin birbirinə bağlılığı yoxdur. Hər iki müqavilədə razılaşdırılmış əmlak hissəsi ümumi əmlakın bir hissəsi olsa da, bu yenədə məhkəmə aidiyyətinin dəyişməsinə səbəb olmur. Yəni, İddiaçı Cavabdehla bağladığı beh müqaviləsinin onunla İsmayıl Məmmədov arasında olan razılaşma ilə əlaqəsi yoxdur. İddiaçı cavabdehlə ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 137 kv.m hissəsini 391000 manata, İsmayıl Məmmədovla isə 216.5 kv.m hissəsini ******* manata satmağa razılaşmışdır. İddiaçının ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsini bütünlüklə İsmayıl Məmmədova satmağa razılaşdığı halda, əmlakı hissələrə bölərək, bir hissəsini cavabdehə satmaq məqsədi ilə cavabdehdən 5000 manat beh alması onun gətirdiyi dəlillərin inandırıcı olmadığını göstərir. Əgər iddiaçının həqiqətən bütün əmlakını İsmayıl Məmmədova satmaq niyyəti var idisə, eyni gündə ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsi ilə bağlı İsmayıl Məmmədovla bağladığı beh müqaviləsi kimi, 137 kv.m hissəsi ilə də bağlı beh müqaviləsi bağlaya bilərdi. İddiaçının eyni gündə iki ayrı şəxslə, əmlakın ayrıayrı hissələri ilə bağlı fərqli beh müqavilələri bağlaması onun həmin hissələrlə bağlı qarşı tərəflərlə ayrı-ayrı şərtlərlə razılaşdığını göstərir. Belə olan halda isə iddiaçının İsmayıl Məmmədovla olan münasibətlərini əsas gətirərək cavabdehlə bağladığı beh müqaviləsinin etibarlılığını mübahisələndirməsi vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Çünki cavabdehin notariusun depozit hesabı vasitəsi ilə iddiaçıya ödədiyi 5000 manat beh, alqı-satqı üzrə ******* manat pulu şərtləşdirdikləri xx.xx.2024-cü il tarixinədək ödəmədiyi üçün iddiaçı da qalmış, qaytarılmamışdır. İddiaçının əmlakın 216.5 kv.m hissəsinin 137 kv.m hissəsindən daha ucuz qiymətləndirilməsi ilə bağlı gətirdiyi dəlilə münasibətdə qeyd edilməlidir ki, tərəflər öz sərbəst iradə ifadələrinə uyğun müqavilə azadlığı prinsipinə əsasən əmlakın dəyəri barədə qarşılıqlı razılaşmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin formal olduğunu, görünüş üçün bağlandığını, yəni uydurma əqd olduğunu bildirmişdir. Lakin cavabdeh tərəfindən notariusun depozit hesabı vasitəsi ilə iddiaçıya 5000 manat beh ödənilməsi, həmçinin qanunvericiliyə uyğun bütün mühüm şərtlər barəsində razılıq əldə etmələri həmin müqavilənin görünüş üçün bağlanmadığını göstərir. Bundan başqa iddiaçının cavabdehə 85000 manat borc verməsi ilə bağlı qeyd edilməlidir ki, həmin müqavilə Dadaş Rzayevlə Cavabdeh arasında imzalanmış və müqaviləyə əsasən borcu iddiaçı deyil, Dadaş Rzayev vermişdir. Həmin borcu iddiaçı verdiyi halda, cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsində olduğu kimi Dadaş Rzayev həmin müqaviləni iddiaçının əvəzinə imzalayardı, lakin sonuncu həmin borc müqaviləsini şəxsən öz adından imzalamışdır. Göründüyü kimi iddiaçı iddia tələbinin əsasın təşkil edən halları sübut edə bilməmiş, iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Buna görə də tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsinin etibarsızlığı üçün əsaslar müəyyən olunmamışdır. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsinin aldadılma yolu ilə imzalandığı, formal olduğu, görünüş üçün bağlandığı bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Nəticə Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilsin Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar