Məhkəmə qərarları › İş №e-2-2(113)-1724/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1724/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1724/2020 04.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi İddiaçı1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı2 MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən bu günədək ƏDV daxil 558,95 manat məbləğində əsas borc, və gecikdirilmiş dəbbə faizinə görə 460,12 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, toplam olaraq 1049,07 manat məbləğdə pul vəsaitinin İddiaçı2 MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən, cavabdehin istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitələrinin texniki servis xidmətinin göstərilməsini İddiaçı2 MMC öz öhdəliyinə götürüb. Cavabdeh şirkət isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bunu nəzərə alaraq cavabdeh istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitələrini müxtəlif vaxtlarda iddiaçıya məxsus servisdə təmir etdirmiş, lakin təmirə görə yaranan ƏDV daxil xx.xx.2018-ci il tarixli, SİP15288 saylı hesaba görə 193.22 manat, xx.xx.2018-ci il tarixli, SiP13445 saylı hesaba görə 199.25 manat və xx.xx.2018-ci il tarixli, SiP0814277 saylı hesaba görə 166,38 manat olaraq və toplam 558.95 (beş yüz əlli səkkiz manat, doxsan beş qəpik) manat borc ödənilməmişdir. Bununla bağlı qarşı tərəflə dəfələrlə borcun ödənilməsi ilə bağlı telefon danışıqları aparılsa da, heç bir nəticəsi olmamışdır. Eyni zamanda qeyd olunan öhdəliyin yerinə yetirilməsi üçün cavabdehin elektron ünvanına xx.xx.2019-cu il tarixli və hüquqi ünvanına xx.xx.2019-cu il tarixli pretenziya məktubu göndərilsə də, məsələ öz həllini tapmamışdır. Bağlanmış müqavilənin 2.2.1-ci bəndinə əsasən icraçının yerinə yetirdiyi xidmətin dəyərini sifarişçiyə təqdim edilən ödəniş sənədinə əsasən nağd və ya köçürmə ilə sifarişçi vaxtında ödəməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən göstərilmiş xidmətlərə uyğun olaraq nağd ödəniş xidmətlər tam yerinə yetirildiyi gün icraçıya ödənilir. 3.4-cü bəndinin tələblərinə əsasən nağdsız ödəniş məqsədilə göstərilmiş xidmətlərə uyğun olaraq sifarişçiyə hesab təqdim edilir. Hesabın icrası (ödənişi) xidmətlər yerinə yetirildiyi gündən etibarən 5 iş günü ərzində həyata keçirilməlidir. Müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr, bir qayda olaraq danışıqlar vasitəsilə həll edilir, tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsilə həll edilməzsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq şəkildə məhkəmə qaydasında baxılır. Cavabdehdən xidmətlərin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ƏDV daxil 558.95 manat məbləğində borc iddiaçının xeyrinə məhkəmə qaydasında tutulmalıdır. Cavabdehlə bağlanan müqavilənin 3.5-ci bəndinə əsasən ödənişdə gecikmə hallar olarsa, gecikdirilən hər həftəyə görə 1% dəbbə pulu hesablanır və gecikmiş ödəniş həyata keçirilməyənədək avtonəqliyyat vasitəsinə servis texniki xidmət göstərilməsinə qadağa qoyulur. Bununla da təqdim olunan 3 elektron qaimə üzrə xx.xx.2018-ci il tarixli, SiP13445 saylı hesab üzrə 199.25 manat məbləğində borcun 85 həftə gecikdirilməsinə görə 169,37 manat, xx.xx.2018-ci il tarixli, SiP0814277 saylı hesab üzrə 166,38 manat məbləğində borcun 83 həftə gecikdirilməsinə görə 138,10 manat və xx.xx.2018-ci il tarixli, SİP15288 saylı hesab üzrə 193.22 manat məbləğində borcun 79 həftə gecikdirilməsinə görə 152,65 manat məbləğində dəbbə pulu hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, cavabdeh tərəfindən dəbbə pulunun ödənilmədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi əsas borc məbləğinin ödənildiyindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - “X3” MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış “Texniki servis xidmətlərinin göstərilməsinə dair” xx xxxxxx 2018-ci il tarixli, TO-007/2018 saylı müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçinin tapşırığına dair icraçı isə öz riski ilə bu müqavilənin şərtləri əsasında və müddəti ərzində aşağıdakı xidmətlərin göstərilməsini öz öhdəsinə götürür: 1.1.1. İcraçının Bakı-Sumqayıt şossesi 6-cı km ünvanında yerləşən servisinə müraciət edən müştərinin qarşılanması; 1.1.2. Sifarişçinin tapşırığına əsasən avtomaşının ümumi texniki sazlığının yoxlanılması; 1.1.3. Sifarişçinin tapşırığına əsasən avtomaşının ehtiyat hissələrinin və aksesuarlarının dəyişdirilməsi; 1.1.4. Sifarişçinin tapşırığına əsasən avtomaşının təmiri; 1.1.5. Sifarişçinin tapşırığına əsasən avtomaşının yuyulması və kimyəvi təmizlik işlərinin görülməsi; 1.1.6. Sifarişçinin tapşırığına əsasən digər avtotəchizat və kompleks servis xidmətinin göstərilməsi. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən icraçı Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan xidmətləri peşəkar səviyyədə və keyfiyyətli yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci bəndinə görə sifarişçi icraçının yerinə yetirdiyi xidmətin qiymətini sifarişçiyə təqdim edilən ödəniş sənədinə əsasən nağd və ya köçürmə yolu ilə vaxtında ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.5-ci bəndinə görə ödənişdə gecikmə halları olarsa, gecikdirilən hər həftəyə görə 1 % dəbbə pulu hesablanır və gecikmiş ödəniş həyata keçirilməyənədək avtonəqliyyat vasitəsinə servisdə texniki xidmət göstərilməsinə qadağa qoyulur. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında xx.xx.2018-ci il tarixli akt, eyni tarixli qaimə-faktura, xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 968691 saylı elektron qaimə və xx.xx.2018-ci il tarixli, HU seriyalı, 573011 saylı elektron vergi hesab-fakturasına əsasən İddiaçı2 MMC tərəfindən görülmüş, Cavabdeh MMC-yə məxsus “Toyota Corolla” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri ƏDV daxil olmaqla 199,25 manat; Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında xx.xx.2018-ci il tarixli akt, eyni tarixli qaimə-faktura, xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 779325 saylı elektron qaimə və xx.xx.2018-ci il tarixli, HV seriyalı, 126994 saylı elektron vergi hesab-fakturasına əsasən İddiaçı2 MMC tərəfindən görülmüş, Cavabdeh MMC-yə məxsus “Toyota Corolla” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri ƏDV daxil olmaqla 166,38 manat; Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında xx.xx.2018-ci il tarixli akt, eyni tarixli qaimə-faktura, xx.xx.2018-ci il tarixli,EAAN seriyalı, 663480 saylı elektron qaimə və xx.xx.2018-ci il tarixli, HV seriyalı, 801858 saylı elektron vergi hesab-fakturasına əsasən İddiaçı2 MMC tərəfindən görülmüş, Cavabdeh MMC-yə məxsus “Toyota Corolla” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri ƏDV daxil olmaqla 193,22 manat təşkil etmişdir. İddiaçı2 MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixli, xx/xx-2019 saylı pretenziya məktubu ünvanlayaraq cavabdehdən 5 gün ərzində borcun ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx xxxx 2020-ci il tarixli, 3570 saylı ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən “X3” MMC-nin Bank Respublikadakı hesabına 473,62 manat ödəniş həyata keçirilmişdir. xx xxxx 2020-ci il tarixli, 3571 saylı ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən “X3” MMC-nin Dövlət Xəzinədarlığı Agnetliyindəki hesabına 29,48 manat ödəniş həyata keçirilmişdir. xx xxxx 2020-ci iltarixli, 3572 saylı ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən “X3” MMC-nin Dövlət Xəzinədarlığı Agnetliyindəki hesabına 30,39 manat ödəniş həyata keçirilmişdir. xx xxxx 2020-ci il tarixli, 3573 saylı ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən “X3” MMC-nin Dövlət Xəzinədarlığı Agnetliyindəki hesabına 25,38 manat ödəniş həyata keçirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “X3” MMC ilə Cavabdeh MMC arasında bağlanmış “Texniki servis xidmətlərinin göstərilməsinə dair” xx xxxxxx 2018-ci il tarixli, TO-007/2018 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etsə də, cavabdeh həmin müqavilə üzrə yaranmış 558,97 manat məbləğində xidmət haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. . Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarına əsasən müəyyən olnur ki, işə məhkəmədə baxılarkən cavabdeh əsas borc məbləğini ödəmişdir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsində ödənilməsi tələb edilən əsas borc cavabdeh tərəfindən ödənildiyindən, belə olan halda isə mübahisəli öhdəliyə Mülki Məcəllənin 528-ci maddəsinə əsasən kreditorun xeyrinə icra nəticəsində xitam verildiyindən həmin hissədə iddia rədd edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 558,95 manat məbləğində borcun ödənilməsinin gecikdirilməsinə görə 460,12 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdeh tərəfindən əsas borcun yalnız işə məhkəmədə baxıldığı dövrdə ödənildiyini, yəni iddiaçının ilkin olaraq qaldırdığı iddianın əsaslı olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 50 manat məbləğində dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı2 MMC-yə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 50 manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar