Məhkəmə qərarları › İş №e-2-2(113)-1725/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1725/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1725/2024 17.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli 21/02-5 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 8277.32 manat borc məbləğinin, həmçinin 103 manat dövlət rüsumu və hüquq xidməti ilə bağlı çəkilmiş 330 manat xərcin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (satıcı) fərdi sahibkar İddiaçı (VÖEN:**********) ilə Cavabdeh MMC (VÖEN:**********) (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/02-5 №-li alqı-satqı müqaviləsinə müvafiq olaraq satıcı alıcının sifarişləri əsasında alıcını mallar ilə təmin etməyi, alıcı isə malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Alıcı malların dəyərini sifariş verildiyi tarxidən 5 (beş) bank günü ərzində nağd şəkildə və ya hesablaşma hesabına ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə satıcı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərizində: 1. xx.xx.2021-ci il tarixli EBAX 660038 nömrəli e-qaime ile 5919,59 manat; 2. xx.xx.2021-ci il tarixli EBBA 780283 nömrəli e-qaime ilə 5660,96 manat; 3. xx.xx.2021-ci il tarixli EBBF 567662 nömrəli e-qaimə ilə 5425.99 manat;

4. xx.xx.2021-ci il tarixli EBBL 452856 nömrəli e-qaimə ilə 7568,45 manat; 5. xx.xx.2022-ci il tarixli EBBQ 633682 nömrəli e-qaimə ilə 7132,18 manat; 6. xx.xx.2022-ci il tarixli EBBX 990139 nömrəli e-qaimə ilə 8216,38 manat olmaqla ümumilikdə39.923,55 manat məbləğində mallar alıcıya təqdim edilmiş və bununla bağlı alıcıya göndərilmiş elektron qaimə-fakturalar alıcı tərəfindən qəbul edilmişdir. Qeyd olunan e-qaimələr üzrə alıcı tərəfindən: 1. xx.xx.2021-ci il tarixli EBAX 660038 nömrəli e-qaime üzrə malların dəyəri xx.xx.2021-ci il tarixdə tam şəkildə 5919,59 manat, 2. xx.xx.2021-ci il tarixli EBBA 780283 nömrəli e-qaime üzrə malların dəyəri xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə qismən 5600 manat, 3. xx.xx.2021-ci il tarixli EBBF 567662 nömrəli e-qaimə üzrə malların dəyəri xx.xx.2021-ci il tarixdə tam şəkildə ilə 5425.99 manat, 4. xx.xx.2021-ci il tarixli EBBL 452856 nömrəli e-qaimə üzrə malların dəyəri xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə tam şəkildə 7568,45 manat, 5. xx.xx.2022-ci il tarixli EBBQ 633682 nömrəli e-qaimə üzrə malların dəyəri xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə edilən ödənişlərlə tam şəkildə 7132,18 manat olmaqla ümümilikdə 31.3646,22 ödənilmiş, 8277.32) manat hissəsi isə ödənilməmişdir. İddiaçı (VÖEN:**********) tərəfindən borc məbləğinin ödənilməsi tələbi ilə Cavabdeh MMC-yə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq alıcı tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Həmçinin, borc məbləğinin ödənilməsi tələbi ilə bağlı olaraq cavabdehə pretenziya məktubu göndərilmişdir. Əlavə olaraq bildirir ki, tərəfindən 103 manat dövlət rüsumu və hüquq xidməti ilə bağlı 330 manat xidmət haqqı ödənilmişdir.

3. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan fərdi sahibkar İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2021-ci il tarixli 21/02-5 №-li alqı-satqı müqaviləsi satıcı İddiaçı tərəfindən imzalanmış, lakin alıcı Cavabdeh MMC-nin direktoru X1 tərəfindən imzalanmamışdır. Göründüyü kimi, tərəflər arasında bağlanılması nəzərdə tutulmuş xx.xx.2021-ci il tarixli 21/02-5 №-li alqı-satqı müqaviləsi alıcı Cavabdeh MMC tərəfindən imzalanmamışdır. Bildirirəm ki, satıcı tərəfindən Portal vasitəsilə göndərilən Elektron qaimə-fakturanın Cavabdeh MMC-nin elektron kabinetinə göndərilməsi müqavilədə və ya təhvil təslim aktlarında göstərilən malların, işlərin və xidmətlərin təqdim edilməsini təsdiq etmir. “Satıcı” tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla (təhvil-qəbul aktına, üzləşmə aktına və s.) uyğun olmalıdır. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında olan xx.xx.2021-ci il tarixli 21/02-5 №-li alqı-satqı müqaviləsinin 3-cü bəndində “Alıcı”nın öhdəlikləri müəyyən olunmuşdur. Belə ki, müqavilənin 3.1-ci bəndinə əsasən, “Alıcı” bu müqavilənin 2.1-ci bəndində nəzərdə tələblərə uyğun olaraq, əlavə 1-ə (Qiymətlərin razılaşdırma protokolu) əsasən malın dəyərini ödəməyi öhdəsinə götürür. Bundan əlavə, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında olan xx.xx.2021-ci il tarixli 21/02-5 №-li alqı-satqı müqaviləsinin "Satıcı" tərəfindən imzalanmış müqavilənin 5-ci bəndində Malların təhvil verilməsi qaydası nəzərdə tutulmuşdur; Qeyd olunan müqavilənin 5-ci bəndində, malın təhvil-təslim şətləri müəyyən olunmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən, malın “Alıcı” ya çatdırılması tərəflərin razılşamsına əsasən, “Alıcı”nın anbarına təhvil verilməklə (mal müəyyən partiyalarla) təhvil verilə bilər) həyata keçirilə bilər. İşin hallarından və təqdim edilən sənədlərdən göründüy kimi, Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında olan xx.xx.2021-ci il tarixli 21/02-5 №-li alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, qiymətlərin razılaşdırılması protokolu tərtib ediməldir. Hazır ki, işdə iddiaçı tərəfindən qiymətlərin razılaşdırılması protokolu iş materiallarına əlavə etməmişdir. Digər bir hal ondan ibarətdir ki, müqavilənin 5-cü bəndinə görə, malların “Alıcı” ya çatdırılması tərəflərin razılşamsına əsasən, “Alıcı”nın anbarına təhvil verilməklə həyata keçirilə bilər. Göründüyü kimi, Satıcı tərəfindən Alıcı” ya malları təhvil-təslim aktı əsasında təslim etməli idi. Lakin mallaırn “Alıcı”-ya təhvil-təslim aktı üzrə təhvil verilməmişdir. İş materiallarına buna dair heç bir təhvil-təslim aktl iş materiallarına əlavə edilməmişdir. Qaydalara uyğun olaraq, xx.xx.2021-ci il tarixli 21/02-5 №-li alqı-satqı müqaviləsi üzrə “Satıcı” tərəfindən malların faktiki (fiziki) olaraq “Alıcı” ya təhvil verilməsinə dair heç bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd etdiyim kimi, mallar “Satıcı” tərəfindən “Alcı”ya təhvil-təslim aktı əsasında təslim edilir. Göüründüyü kimi, qeyd olunan müqavilə Cavabdeh MMC tərəfindən imzalanmadığından və iddiaçı tərəfindən həmin malların fiziki olaraq Cavabdeh MMC-yə tıhvil verilmədiyindən, “Satıcı” heç bir borcu və öhdəlyi yoxdur. Hesab edirəm ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassızdır.

II. Tərəflərin mövqeləri:

5. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilənin hər iki tərəfdən imzalanmış nüsxəsi ancaq cavabdehin özündədir. Buna baxmayaraq iddiaçı tərəfindən cavabdehə satılmış mallarla bağlı göndərilmiş 6 ədəd elektron qaimənin beşi tam şəkildə ödənilmiş, bir qaimə üzrə qismən ödənilmiş, sonuncu qaimə ödənilməmiş qalmışdır.

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair hər hansı sübut təqdim edilməmişdir.

8. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı tərəfindən cavabdehə EBAX 660038 nömrəli xx.xx.2021-ci il tarixli 5919,59 manat məbləğində, EBBA 780283 nömrəli xx.xx.2021-ci il tarixli 5660,96 manat məbləğində, EBBL 452856 nömrəli xx.xx.2021-ci il tarixli 7568,45 manat məbləğində, EBBF 567662 nömrəli xx.xx.2021-ci il tarixli 5425,99 manat məbləğində, EBBQ 633682 nömrəli xx.xx.2022-ci il tarixli 7132,18 manat məbləğində, EBBX 990139 nömrəli xx.xx.2022-ci il tarixli 8216,38 manat məbləğində elektron qaimələr göndərilmişdir.

11. İddiaçıya məxsus sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının sub-uçot hesabına xx.xx.2021-ci il tarixdə 902.99 manat, xx.xx.2021ci il tarixdə 396,61 manat, xx.xx.2021-ci il tarixdə 457,63 manat, xx.xx.2021-ci il tarixdə 827,69 manat, xx.xx.2022-ci il tarixdə 360 manat, xx.xx.2022-ci il tarixdə 794,51 manat, xx.xx.2022-ci il tarixdə 360 manat, xx.xx.2022-ci il tarixdə 360 manat, xx.xx.2022-ci il tarixdə 367,96 manat köçürülmüşdür.

12. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 3413,94 manat, xx.xx.2022-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə 4598,30 manat, xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə 2044,22 manat, xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2021-ci ildə 5016,60 manat, xx.xx.2021-ci ildə 5016,60 manat, xx.xx.2021-ci ildə 2203,39 manat pul ödənilmişdir.

13. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, cavabdeh tərəflər arasında yazılı alqı-satqı müqaviləsinin olmamasını bildirsə də, məhkəmə bununla bağlı qeyd edir ki, alqı-satqı müqaviləsinin predmeti olmuş daşınar əşyaların (polietilen paketlər) alqı-satqı müqaviləsinin yazılı formada olması barədə qanunvericilikdə hər hansı qeyd-şərt müəyyən edilməmişdir.

15. Məhkəmə cavabdehin tərəflər arasında satılmış malların dəyərinin razılaşdırılmaması, habelə malların təhvil verilməsi barədə hər iki tərəf tərəfindən rəsmiləşdirilmiş təhvil aktlarının olmaması barədə arqumentlərini də əsassız hesab edir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsi tərəflər arasında təşəkkül tapmış işgüzar adətə əsasən elektron qaimənin təqdim edilməsi ilə rəsmiləşdirilmişdir.

17. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli elektron qaimələr cavabdeh tərəfindən tam şəkildə ödənilmiş, ödəniş tapşırıqlarında da ödənişin təyinatı kimi məhz həmin qaimələrə istinad edilmişdir.

18. xx.xx.2021-ci il tarixli elektron qaimə qismən, 5660,96 manat ödəniş edilməli olduğu halda 5600 manat olmaqla ödənilmiş, xx.xx.2022-ci il tarixli elektron qaimə isə cavabdeh tərəfindən ödənilməmiş, həmin qaiməyə cavabdeh tərəfindən etiraz edilməmişdir.

19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqısatqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

26. Bundan başqa iddia ərizəsində 330 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabehə aid edilməlidir.

27. Belə ki, xx.xx.2024-cü il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Union” Vəkil Bürosunun hesabına 330 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

28. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 103 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 8277,32 manat məbləğində əsas borc, 330 manat hüquqi yardımla bağlı xərc, ödənilmiş 103 manat dövlət rüsumu, ümumilikdə 8660,32 (səkkiz min altı yüz altmış manat otuz iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar