Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1728/2023 16.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28791,77 manat (iyirmi səkkiz min yeddi yüz doxsan bir manat yetmiş yeddi qəpik) borc məbləği və 2879,17 manat (iki min səkkiz yüz yetmiş doqquz manat on yeddi qəpik) penya olmaqla, cəmi 31670.94 manat (otuz bir min altı yüz yetmiş manat doxsan dörd qəpik) pulun və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X1 Azerbaijan" MMC (satıcı) ilə “Prokon" MMC (alıcı) arasında xx.xx.2017-ci il tarixli, 90/**********127 npmrəli alqı-satqı müqaviləsi və həmin müqaviləyə xx.xx.2020-ci il tarixli, 1 nömrəli əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda bu müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarını müqavilə müddəti dövründə satıcı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən satıcı sabit limit olaraq 70000 (yetmiş min) manat məbləğində malı alıcıya verir, alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 45 (qırx beş) gün müddətində satıcıya nağd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0,1 %-i penya ödəməyi qəbul və təsdiq edir. Yuxarıda qeyd olunan müqavilə əsasında satıcı tərəfindən inşaat kimyəvi məhsullar müqavilə ilə nəzərdə tutulmuş qaydada, tam və standarta uyğun şəkildə alıcıya təhvil verilmiş, lakin alıcı həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, iddia ərzəsi məhkəməyə təqdim edilənədək “Prokon" MMC-nin xx.xx.2017-ci il tarixli, 90/**********127 nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləyə xx.xx.2020-ci il tarixli, 1 nömrəli əlavə razılaşma üzrə 28791,77 (iyirmi səkkiz min yeddi yüz doxsan bir manat yetmiş yeddi qəpik) manat ödənilməmiş borcu qalmışdır. Beləliklə, borc məbləği 2879,17 (iki min səkkiz yüz yetmiş doqquz manat on yeddi qəpik) manat penya da olmaqla, cəmi 31670,94 (otuz bir min altı yüz yetmiş manat doxsan dörd qəpik) manat təşkil edir. İddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunmuş, İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 200 (yüz) manat mediasiya xərci ödənilmiş və mediator tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-00255 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış təqdim edilmişdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, cavabdeh “Prokon" MMC-dən 2879,17 manat (iki min səkkiz yüz yetmiş doqquz manat on yeddi qəpik) penya borcu və 200 manat mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 422.1, 425.1, 442, 445.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddaçı tərəfindən məhkəməyə iddiasının əsası və onu təsdiq edən sübutlar qismində təqdim edilmiş sənədləri nəzərdən keçirdikdən sonra məhkəmənin nəzərinə çatdırılır ki, təqdim edilmiş sənədlər iddianın əsaslarının təsdiq və sübut edilmiş hesab olunması üçün yetərli deyildir. İddiaçı tərəfindən təqdim edilmiş sübutların yetərsizliyi aşağıdakılarla əlaqədardır: 1) İlkin Mediasiya sessiyasında iştirak üçün təklifin cavabdehə çatdırılmaması. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər arasında ilkin mediasiya sessiyasında iştiraka dəvət və həmin dəvətin çatdırılması barədə sənədə rast gəlinmir. İlkin mediasiya sessiyasinda (İMS) iştirak edilməməsi barədə arayışda cavabdehə ilkin mediasiya sessiyası barədə telefon vasitəsilə məlumat verildiri barədə qeyd vardır. Lakin “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunu mediasiya sessiyasının keçirilməsi barədə məlumatın telefonla verilməsi imkanını nəzərdə tutmur, qanunun 21.8-ci maddəsində nəzərdə tutulur ki, mediator (mediasiya təşkilatı) tərəflərə mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildiriş təqdim etməlidir və həmin bildiriş tərəflərə (o cümlədən, cavabdehə) mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Bildirişin verilməsi zərurəti, həmçinin qanunun 29.2-ci maddəsi ilə də nəzərdə tutulmuşdur. Cavabdehə isə heç bir bildiriş təqdim edilməmişdir və bu hal məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş arayış ilə də təsdiq edilir. Mediator tərəfindən iddiaçıya təqdim edilmiş arayışda göndərilən telefonlar vasitəsilə həqiqətən də mediasiya sessiyası barədə məlumat verildiyini müəyyən etmək mümkün olmamışdır, lakin bu hal hətta müəyyən edilsəydi belə, aydındır ki, cavabdehə mediasya sessiyası barədə bildiriş göndərilməsini təmin etməməklə, mediator tərəflərin qanunla nəzərdə tutulmuş məlumatlandırılması öhədliyini pozmuş, bununla da qanunla müəyyən edilmiş mediasiya proseduru pozulmuşdur. Buna görə də, mediatorun iddiaçıya təqdim etdiyi və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayış etibarsız və qüvvəsiz hesab edilməlidir. Bu da iddia ərizəsinin rədd edilməsi üçün əsasdır. Əlavə olaraq, cavabdehə qanunda nəzərdə tutulduğu kimi, mediasiya barədə bildiriş verilsəydi, cavabdeh mediasiya sessiyasında iştirak edər və iddiaçı ilə razılaşaraq, yaranmış borcunu ödəmək üçün imkan tapardı və bu da onu izafi xərclərdən azad edərdi. Yuxarıdakı hal nəzərə alınaraq, cavabdeh mediasiya sessiyası ilə əlaqədar, həmçinin məhkəmə xərclərinin ödənilməsi üçün məsuliyyət daşıya bilməz, belə ki, mediasiya keçirilməsi barədə məlumatsız olmuşdur. 2) İddia tələbinin sübut edilməməsi. İddia tələbi iddiaçı tərəfindən təqdim edimiş sənədlərlə sübut olunmur. Belə ki, iddia ərizəsində qeyd edilir ki, iddia tələbi xx.xx.2017-ci il tarixli, 90/**********127 saylı alqı-satqı müqaviləsi və həmin müqaviləyə xx.xx.2020-ci il tarixli, 1 nömrəli əlavə razılaşma üzrə borc məbləği 28791,77 (iyirmi səkkiz min yeddi yüz doxsan bir manat yetmiş yeddi qəpik) manat və 2879,17 (iki min səkkiz yüz yetmiş doqquz manat on yeddi qəpik) manat penya olmaqla, cəmi 31670.94 (otuz bir min altı yüz yetmiş manat doxsan dörd qəpik) manat təşkil edir. Lakin iddiaçının tətbiq etdiyi xx.xx.2017-ci il tarixli, 90/**********127 saylı alqı-satqı müqaviləsi ilə yalnız 10600 manat məbləğində mal təchizatı nəzərdə tutulur. Digər malların təchizatı barədə hər hansı razılaşmaya varıldığını təsdiq edə bilən hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı tərəfindən hətta təchizatının razılaşdırıldığı təsdiq edilmiş malların, yəni 10600 manat dəyərində təchizatın həqiqətən də həyata keçirildiyini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir, yəni iddia tələbinə barabər olan dəyərə malik malların təchiz edildiyini təsdiq edən təhvil-təslim aktları məhkəməyə təqdim edilmiş sənədlər arasında yoxdur. Bu halda, müəyyənliklə demək olar ki, iddiaçının iddia tələbi onun təqdim etdiyi sənədlərlə təsdiq edilmir. İddiaçının təqdim etmiş olduğu üzləşmə aktı yalnız iddiaçı tərəfindən imzalanmış və cavabdeh tərəfindən imzalanmamışdır, buna görə də hər hansı bir sübut əhəmiyyətinə malik deyildir. İddiaçı tərəfindən elektron qaimə təqdim edilmişdir ki, həmin sənəddə də təchizatın 90000 manat dəyərində olduğu göstərilir, lakin qaimə ilə iddia tələbi arasında hər hansı bir əlaqə müəyyən edilmir və iddia ərizəsində də belə bir əlaqə açıqlanmır. Qaimədə qeyd edilir ki, qaimə ********** saylı mal material sifarişinə əsasən verilmişdir. Lakin iddiaçı nə iddia ərizəsində həmin sifarişə iqtibas edir, nə də həmin sifarişi təqdim etmişdir. Belə anlamaq olar ki, qaimə ilə nəzərdə tutulmuş 90000 manat hazırkı iddiaya əsas olan müqavilədən kənar təchizata aid olaraq artıq ödənilmişdir və qaimə iddia tələbinin təsdiqi qismində sübut əhəmiyyətinə malik deyildir. Bu hal həm də onunla təsdiq edilir ki, qaimə xx.xx.2022-ci il tarixdə verilmişdir, iddiaçının istinad etdiyi müqavilə və əlavə razılaşma isə müvafiq olaraq 2017-ci və 2020-ci illərdə imzalanmışdır. Elektron qaimənin verildiyi vaxt ilə müqavilə imzalanması arasında 5 ildən yuxarı vaxt keçmişdir və ona görə də həmin qaimənin göstərilən müqaviləyə əsasən təqdim edilmiş mallara aid olması iddiaçı tərəfindən sübut edilməyincə, həmin qaimə, yuxarıda göstərildiyi kimi, sübut əhəmiyyətli sənəd qismində qəbul edilə bilməz.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli, 90 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı müəyyən olunmuş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı tərəfindən alıcıya göndəriləcək malların adı, siyahısı, təsviri, çatdırılma müddəti və həmin malın satış qiyməti alıcı tərəfindən verilən və satıcı tərəfindən təsdiq edilən, bu müqaviləyə əlavə olunacaq Sifariş Orderində təsbit edilir. Sifariş Orderi bu müqaviləyə 1 saylı Əlavədə göstərilən qaydada tərtib olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş satıcının təqdim etdiyi hesabfaktura əsasında aparılır. Bu müqavilə üzrə ödəniş şərtləri müvafiq Sifariş Orderində müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən mallar təhvil verilərkən, satıcı alıcıya qaimə-faklura təqdim edir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən mallar alıcıya təhvil verildikdən sonra tərəflərin qaimə-fakturanın imzaladığı tarix malların təchiz tarixi hesab olunur. Mallarla əlaqədar olan bütün risklər və mülkiyyət hüququ satıcıdan alıcıya malların təchizi tarixində keçir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən bu müqavilə üzrə hər hansı vergi ödənişi Sifariş Orderində göstərilən məbləğlərə daxil edilir. Həmin müqavilənin 7.6-cı bəndinə əsasən alıcı bu müqavilənin 3.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini (avans ödənişi istisna olmaqla) bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, satıcı icranın gecikdirildiyi hər təqvim günü üçün bu Sifariş Orderində göstərilən malların qiymətinin 0,1 %-i həddində cəriməni alıcıdan tələb edə bilər.
9. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 90/**********127 nömrəli alqısatqı müqaviləsinə 1 nömrəli Əlavə Razılaşma bağlanmış və sözügedən razılaşmada qeyd edilmişdir ki, 1) "xxxx" MMC-nin adı xx.xx.2020-ci il tarixində dəyişdirildiyi üçün, bundan sonra "xxxx" MMC ifadəsi müqavilənin mətnində dəyişdirilərək İddiaçı MMC kimi oxunsun; 2) X3 tərəflərin təsdiqindən sonra onun özündə göstərilən tarixdən qüvvəyə minir və müqavilənin ayrılmaz hissəsi hesab olunur; 3) müqavilə və bu Əlavə Razılaşma bir bütöv müqavilə hesab edilir və bir bütöv müqavilə kimi şərh edilir; 4) X2 zidd olmayan müqavilənin digər bəndləri, maddələri, əlavələri və qoşmaları dəyişilməz olaraq qalır; 5) bu Əlavə Razılaşma 2 (iki) nüsxədə, hər tərəf üçün 1 (bir) nüsxə olmaqla imzalanmışdır. Hər iki nüsxə eyni hüquqi qüvvəyə malikdir.Əlavə Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 024223 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 106200 (ƏDV daxil) manat təşkil edir.
11. “X4 Azərbaycan” QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 24400 manat məbləğində ödəniş həyata keçirilmişdir.
12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2022-ci il tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
13. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Eyni zamanda etiraz ərizəsində göstərilən hallar öz təsdiqini tapmamışdır. Məhkəmə icraatının gedişində cavabdeh tərəfindən əsas borc məbləği ödənilmiş, iddiaçı tərəf iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
16. İddia tələbini cavabdehdən 2879,17 manat dəbbə pulunun tutulması təşkil edir.
17. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqısatqı müqaviləsinin 7.6-cı bəndinə əsasən alıcı bu müqavilənin 3.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini (avans ödənişi istisna olmaqla) bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, satıcı icranın gecikdirildiyi hər təqvim günü üçün bu Sifariş Orderində göstərilən malların qiymətinin 0,1 %-i həddində cəriməni alıcıdan tələb edə bilər.
18. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
19. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 500 (beş yüz) manat məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
20. Eləcə də, iddiaçı ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.
21. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehndən 500 (beş yüz) manat cərimə və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 700 (yeddi yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova