Məhkəmə qərarları › İş №e-2-2(113)-1728/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1728/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1728/2025 12.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, hüquqi xidmət xərci və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 6235,24 manat məbləğində əsas borc, 1122,36 manat məbləğində ƏDV borcu, cəmisi 7357,60 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 500 manat xidmət haqqının, 99 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 018/21 nömrəli aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, Satıcı yanacağın Alıcıya satışını, Alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürür. Yanacağın satışı əvvəlcədən ödəniş qaydası ilə aparılır. Müqavilənin qüvvədə olduğu müddət ərzində məbləğə uyğun yanacağı almaq hüququ əldə edir. Alıcının ödəniş etmək istədiyi məbləğ Satıcının hesablaşma hesabına və ya xəzinəsinə daxil olduqdan sonra yüklənmiş yanacağa mülkiyyət hüququ yanacaq Satıcının yanacaqdoldurma məntəqələrində faktiki götürülən andan Alıcıya keçir. Satıcı yanacağı Alıcıya mövcud Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satır. Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən yanacaq qiymətləri artırıldıqda və ya azaldıldıqda Alıcıdan razılıq almadan birtərəfli qaydada yanacağın qiymətlərini müvafiq şəkildə dəyişdirir. Alıcı yanacağın dəyərini Satıcı tərəfindən verilən hesab-faktura əsasında əvvəlcədən ödəyir. Müqavilənin 5.1-ci maddəsinə əsasən, Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və ya lazımi şəkildə əməl edilməməsinə görə tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən, bütün mübahisə və ixtilaflar tərəflər arasında aparılan danışıqlar yolu ilə həll edilir. Razılaşmanın əldə olunması mümkün olmadığı halda mübahisələr Azərbaycan Respunlikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmədə həll olunur. Həmin müqavilənin 6.3-cü maddəsinə görə, bu müqavilə xx.xx.2021-ci il tarixində qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək 3 il müddətinə qüvvədədir. Müqavilənin bitdiyi tarixə ən az 7 təqvim günü qalmış tərəflərdən biri digərinə müqavilənin ləğv edilməsi barədə yazılı müraciət etməzsə, bu müqavilənin müddəti növbəti ilə (illərə) avtomatik olaraq uzadılmış hesab olunur. Müqavilənin 6.4-cü maddəsinə əsasən Tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən, Müqaviləyə xitam verilərkən tərəflər arasında müvafiq hesablaşmalar aparılır və bir tərəf digər tərəfə bu müqavilə üzrə artıq ödədiyi vəsaitin geri qaytarılmasını və ya əldə etmədiyi vəsaitin ödənilməsini tələb edə bilər. Sözügedən alqı-satqı müqaviləsi və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Qeyd edirik ki, Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış yanacaq cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. “Alıcıya” təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən xx.xx.2024- cü il tarixinədək cəmi ƏDV ilə birlikdə mala görə cəmi 7357,60 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı MMC tərəfindən cavabdehə aşağıdakı elektron qaimələr vurulmuşdur: 1. Seriya: EBCM№: 299804 saylı xx.xx.2022-ci il tarixli; 2. Seriya: EBCM№ 428518 saylı xx.xx.2023-cü il tarixli; Göründüyü kimi 6235,24 manat məbləğində əsas borc, 1122,36 manat məbləğində ƏDV borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı MMCilə fiziki şəxs kimi fəaliyyət göstərən Cavabdeharasında bağlanmış 01 Aprel 2021-ci il tarixli 018/2021 yanacağın Alqı-satqı müqaviləsi əsasında satılmış malın dəyəri 54092,80 AZN (Əlli dörd min doxsan iki manat səksən qəpik) ƏDV ilə birlikdə olmuşdur. 2021-2022-ci illər ərzində bu məbləğin 46735,20 AZN ƏDV daxil hissəsini ödəmişdir, lakin 7357,60 AZN ƏDV daxil məbləği isə hələ də ödəməmişdir. ( 6235,24 manat əsas , 1122,36 AZN ƏDV borcu) İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, İddiaçı MMC tərəfindən fiziki şəxs kimi fəaliyyət göstərən Cavabdeh satılmış malın dəyəri üzrə, müqaviləyə uyğun olaraq elektron qaiməfakturalar təqdim edilmişdir. Lakin Cavabdeh tərəfindən satılmış malların pulu hələ də tam ödənilməmiş qalır.

3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş 018/21 nömrəli xx.xx.2021-ci il tarixli müqavilədəki imza hüquqlarını təmsil etdiyi şəxs Cavabdeh tərəfindən icra edilməmişdir. Cavabdehin verdiyi etibarnamədəki imzasına baxdıqda, vizual olaraq bunu müşahidə etmək mümkündür. Bundan başqa, müqavilə bağlanmış olsaydı belə, iddiaçı iddia ərizəsində tələb etdiyi məbləğdə yanacağı cavabdehə təhvil verməli idi. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut (təhvil-təslim aktı) təqdim edə bilməmişdir. Odur ki, idida tələbi əsassızdır.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, baxmayaraq ki, müqavilədə yanacağın dəyərinin əvvəlcədən ödənilməsi göstərilib, lakin tərəflər arasında işğüzar münasibətlər elə formalaşmışdır ki, yanacaq öncədən verilirdi, sonra pul ödənilirdi. Qabaqcadan yanacağın qiyməti və neçə litr tutması müəyyən edilə bilməz. Yanacaq maşınlara doldurulduqdan sonra müəyyən edilirdi həcmi, qiyməti və sonra ödəniş edilirdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri bildirdilər ki, tərəflər arasında həm xidmət, həm alqı-satqı müqaviləsi bağlanmışdır. Yanacaq üçün dekabr ayında ödəniş edib cavabdeh. Yanvar ayında iddiaçı tərəf cavabdehlə xidmət müqaviləsi üzrə işləməlidir ki, yanacaq istifadə olunsun. Lakin, iddiaçı cavabdehlə xidmət müqaviləsi üzrə işləmədi. Və müqaviləyə əsasən cavabdeh ödənişi qabaqcadan ödəməli, sonra yanacaq verilməlidir. Yanacağın verilməsinə dair təhvil-təslim aktı olmalıdır, yoxdur. İddia ərizəsi əsassız olduğu üçün rədd edilməsini xahiş etdilər.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh (Alıcı) arasında bağlanmış 018/21 nömrəli 01 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı yanacağın Alıcıya satışını, Alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən yanacağın satışı əvvəlcədən ödəniş qaydası ilə aparılır, Müqavilənin qüvvədə olduğu müddət ərzində məbləğə uyğun yanacağı almaq hüququ əldə edir.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcının ödəniş etmək istədiyi məbləğ Satıcının hesablaşma hesabına və ya xəzinəsinə daxil olduqdan sonra.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən yüklənmiş yanacağa mülkiyyət hüququ yanacaq Satıcının yanacaqdoldurma məntəqələrində faktiki götürülən andan Alıcıya keçir.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı:

13. Müqavilənin 3.1.1-ci bəndinə əsasən yanacağı Alıcıya mövcud Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satır. Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən yanacaq qiymətləri artırıldıqda və ya azaldıldıqda Alıcıdan razılıq almadan birtərəfli qaydada yanacağın qiymətlərini müvafiq şəkildə dəyişdirir.

14. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı:

15. Müqavilənin 3.2.1-ci bəndinə əsasən yanacağın dəyərini Satıcı tərəfindən verilən hesab-faktura əsasında əvvəlcədən ödəyir.

16. Müqavilənin 5.1-ci maddəsinə əsasən, Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və ya lazımi şəkildə əməl edilməməsinə görə tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar.

17. Müqavilənin 5.3-cü maddəsinə əsasən, bütün mübahisə və ixtilaflar tərəflər arasında aparılan danışıqlar yolu ilə həll edilir. Razılaşmanın əldə olunması mümkün olmadığı halda mübahisələr Azərbaycan Respunlikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmədə həll olunur.

18. Müqavilənin 6.3-cü maddəsinə görə, bu müqavilə xx.xx.2021-ci il tarixində qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək 3 il müddətinə qüvvədədir. Müqavilənin bitdiyi tarixə ən az 7 təqvim günü qalmış tərəflərdən biri digərinə müqavilənin ləğv edilməsi barədə yazılı müraciət etməzsə, bu müqavilənin müddəti növbəti ilə (illərə) avtomatik olaraq uzadılmış hesab olunur.

19. Müqavilənin 6.4-cü maddəsinə əsasən tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər.

20. Müqavilənin 6.5-ci maddəsinə əsasən, Müqaviləyə xitam verilərkən tərəflər arasında müvafiq hesablaşmalar aparılır və bir tərəf digər tərəfə bu müqavilə üzrə artıq ödədiyi vəsaitin geri qaytarılmasını və ya əldə etmədiyi vəsaitin ödənilməsini tələb edə bilər.

21. İddiaçıya məxsus (PaşaBank ASC-də olan) hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən cəmi 46.735,20 manat dəyərində ödəniş edilmişdir (sonuncu ödəniş xx.xx.2022-ci il tarixində 10.000 manat təşkil etmişdir).

22. İddiaçı MMC tərəfindən cavabdehə Seriya: EBCM№: 299804 saylı xx.xx.2022ci il tarixli (16052 manatlıq) və Seriya: EBCM№ 428518 saylı xx.xx.2023-cü il tarixli (1305,60 manatlıq) elektron qaimələr vurulmuşdur.

23. 15.04.2024-cü il tarixli arayışa əsasən Cavabdeh müqavilə üzrə EBCM299804 saylı 16052 manatlıq qaimədən 6052 manat və EBCM428518 saylı qaimədən 1305,60 manat ödənilməmiş borcu qaldığı və cəmi ƏDV daxil 7357,60 manat borcu olduğu qeyd olunmuşdur.

24. 27.01.2025-ci il tarixli arayışa əsasən Cavabdeh (VÖEN:**********) Trans Service Group MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018/21 saylı müqaviləyə əsasən ümumi dəyəri 54.092,80 AZN (Ədv daxil) dəyərində yanacaq almışdır. Həmin məbləğin 2021-2022-ci illər ərzində 46.735,20 AZN (ədv daxil) hissəsini ödəmişdir. Lakin 7357,60 AZN (Ədv daxil) hissəsini isə hələ də ödəməmişdir. xx.xx.2022-ci il tarixli EBCM 299804 saylı 16.052 AZN-lik qaimədən 6052 AZN, xx.xx.2023-cü il tarixli EBCM 428518 saylı qaiməyə əsasən 1305,60 AZN Borcu qalmışdır. Belə ki, ilkin olaraq Cavabdeh xx.xx.2021-ci il tarixdə Paşa Bank vasitəsilə Trans Service Group MMC-nin hesabına 5000 manat pul köçürmüşdür. Cavabdeh aldığı yanacağın müqabilində Trans Service Group tərəfindən xx.xx.2021-ci il tarixli,EBBB 286532 nömrəli 3750,40 manat məbləğində elektron qaimə vurulmuş, xx.xx.2021-ci il tarixli EBBC 711792nömrəli 2467,20 manat məbləğində elekton qaimə vurulmuş Cavabdeh xx.xx.2021-ci il tarixdə Paşa Bank vasitəsilə 2467,20 AZN məbləğində pulu Trans Service Group MMC-nin hesabına köçürmüşdür. Bundan sonra xx.xx.2021-ci il tarixli EBBE 282100 nömrəli 2960,80 manat məbləğində elektron qaimə vurulmuş, xx.xx.2021-ci il tarixdə 1711 manat ödəniş olmuşdur. xx.xx.2021-ci il tarixli EBBF 801706 nömrəli 2026,40 manat məbləğində qaimə vurulmuş, xx.xx.2021-ci il tarixli EBBH 568990 nömrəli 1468,80 manat məbləğində qaimə vurulmuş, xx.xx.2021-ci il tarixdə 3495,40 manat ödəniş olmuşdur. xx.xx.2021-ci il tarixli EBBK 279371 nömrəli 2778,40 manat məbləğində elektron qaimə vurulmuş, xx.xx.2021-ci il tarixdə 2778,40 manat ödəniş olmuşdur, xx.xx.2021-ci il tarixli EBBL 895042 nömrəli 1180,80 manat məbləğində elektron qaimə vurulmuş, xx.xx.2021-ci il tarixdə 1180,80 manat ödəniş olmuşdur. xx.xx.2021-ci il tarixli EBBN 513994 nömrəli 3744,80 manat məbləğində qaimə vurulmuş, xx.xx.2021- ci il tarixdə 5607,20 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBP 198745 nömrəli 2785,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBQ 375648 nömrəli 1472,80 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022-ci il tarixdə 2396 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBQ 510030 nömrəli 373,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBQ 699308 nömrəli 284 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBS 070794 nömrəli 2330,39 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBS 303765 nömrəli 400 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022- ci il tarixdə 3388 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBT 634042 nömrəli 1909,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBT 805393 nömrəli 284 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022-ci il tarixdə 2193,60 manat məbləğində ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBV 460093 nömrəli 3489,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBV 685148 nömrəli 221,60 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022-ci il tarixdə 3751,20 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBZ 169833 nömrəli 2766,40 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022- ci il tarixdə 2766,40 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBCM 299804 nömrəli 16.052 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022- ci il tarixdə 10.000 manat ödəniş olmuşdur. xx.xx.2023-cü il tarixli EBCM 428518 nömrəli 1305,60 manat məbləğində elektron qaimə vurulmuşdur. Cavabdeh Trans Service Group MMC-yə EBCM 299804 nömrəli elektron qaiməyə əsasən 6051,99 manat, EBCM 428518 nömrəli elektron qaiməyə əsasən 1305,60 manat, cəmisi 6235,24 manat əsas, 1122,35 manat Ədv olmaqla 7357,59 manat borcu vardır.

25. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

28. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

30. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

33. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında 018/21 nömrəli 01 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə yanacaq satılmışdır, cavabdeh tərəfindən alınmış yanacağa dair müəyyən qədər ödəniş edilsə də, ƏDV daxil 7357,60 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı həmin pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yanacağın ödənişi qabaqcadan edilməlidir, sonra yanacaq verilməlidir. Cavabdeh tərəf iddiaçıya son olaraq xx.xx.2022-ci il tarixində 10.000 manat ödəniş etmişdir, lakin həmin pulun müqabilində iddiaçı tərəf cavabdehə yanacaq verməmişdir, belə ki, iddiaçı tərəf yanacağın təhvil-təsliminə dair heç bir sənəd məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi isə cavabdehin bu arğumentinə etiraz edərək bildirmişdir ki, baxmayaraq ki, müqavilədə yanacağın dəyərinin əvvəlcədən ödənilməsi göstərilib, lakin tərəflər arasında işğüzar münasibətlər elə formalaşmışdır ki, yanacaq öncədən verilirdi, sonra pul ödənilirdi. Qabaqcadan yanacağın qiyməti və neçə litr tutması müəyyən edilə bilməz. Yanacaq maşınlara doldurulduqdan sonra müəyyən edilirdi həcmi, qiyməti və sonra ödəniş edilirdi.

34. Məhkəmə hesab edir ki, cavabdehin etirazının arqumentləri tamamilə əsassızdır və sadəcə borcun ödənişindən yayınmasına xidmət edir. Belə ki, birincisi, cavabdeh tərəf bildirir ki, tərəflər arasında yanacağın satışına dair təhvil-təslim aktı olmalıdır, təhvil-təslim aktı mövcüd olmadığı üçün yanacaq verilməyib və dəyəri də iddiaçı tərəfindən tələb edilə bilməz. Lakin, cavabdeh tərəf məhkəmənin əvvəllər satılmış və cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş yanacağa dair təhvil-təslim aktları mövcüd olub mu sualına və mövcüd olubsa, məhkəməyə təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəf öz arğumentini təstiq edəcək hər-hansı sübutu (tərəflər arasında işğüzar münasibətin məhz təhvil-təslim aktları əsasında formalaşmasını) məhkəməyə təqdim edə bilməmişdir. İkincisi, cavabdeh bildirir ki, iddiaçıya son olaraq xx.xx.2022-ci il tarixində 10.000 manat ödəniş edilmişdir, lakin həmin ödənişin müqabilində yanacaq təhvil verilməmişdir. Buna dair məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, son ödənişdən sonra iddiaçı tərəfindən cavabdehə iki (xx.xx.2022 və xx.xx.2023-cü il tarixli) e-qaimə göndərilmişdir, həmin qaimələrə etiraz edilməmiş, qaimələr təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, əgər həqiqətən də cavabdehin bildirdiyi kimi -qabaqcadan ödəniş olunurdu, sonra yanacaq verilirdi və son ödənişə dair iddiaçı tərəfindən 10.000 manatlıq yanacaq verilməmişdirsə, cavabdehin iki ildən artıq müddət ərzində iddiaçıya bununla bağlı hər-hansı pretenziyanın (yanacağın verilməsi və ya pulun geri qaytarılması) göndərilməməsi və yalnız iddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixində iddia ilə müraciət edildiyi tarixindən dörd ay sonra pulun qaytarılması ilə bağlı iddianın qaldırılması bir daha da cavabdehin bu cür arqumentinin tamamilə əsasız olduğunu göstərir. Bundan əlavə, iş materiallarından göründüyü kimi cavabdeh tərəf məhkəmə gedişatı zamanı müqavilədə imzanı mübahisələndirib, xətşunaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də, sonradan həmin vəsatəti müdafiə etmədiyi bildirmiş, iş məhkəmə baxışına təyin edildikdən sonra məhkəmə aidiyyətini mübahisələndirmişdir.

35. Beləliklə, cavabdeh tərəf öz arqumentlərinin əsaslı olmasına dair hər-hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazın arqumentlərinin əsaslı olmasına dair məhkəmədə daxili inamı yarada bilməmişdir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, qismən ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 7357,60 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

39. Bundan başqa iddiaçı tərəfindən 99 manat dəyərində dövlət rüsumu və 500 manat dəyərində hüquqi xidmət xərcinin də cavabdehdən tutulması tələb olunmuşdur.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

42. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iş üzrə ödənilmiş 96 manat dövlət rüsumu və 200 manat hüquqi xidmət xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh alqı-satqı müqaviləsi üzrə ödənilməmiş ƏDV daxil 7357,60 manat borc məbləği, hüquqi xidmət xərcinin əvəzi olaraq 200 manat və dövlət rüsumunun əvəzi olaraq 96 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar