Məhkəmə qərarları › İş №e-2-2(113)-1729/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1729/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1729/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, qanuni faiz, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 25 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2922,66 manat ƏDV daxil olmaqla 19159,66 manat əsas borcun, əsas borca illik 5 faizlə hesablanmaqla 3831,93 manat məbləğində pulun və ödənilmiş 156 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixində 06/2020 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əsasən iddiaçı qranit 2CM, qranit 3CM mallarını satmağı, cavabdeh isə həmin malları qəbul edərək, malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli 06/2020 saylı alqı-satqı müqaviləsinə əsasən dəyəri 19159,66 manat (ƏDV daxil olmaqla) məbləğində olan mallar təhvil verilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli EBAP 144209 saylı elektron qaiməyə əsasən iddiaçı ümumi dəyəri 4185 manat olan 135 kv.m qranit 2CM məhsulunu, ümumi dəyəri 12052 manat olan 262 kv.m qranit 3CM məhsulunu, cəmi 16327 (2922,66 manat ƏDV) manat dəyərində malı təhvil vermişdir. İddiaçının öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyinə, malları vaxtında təhvil verməyinə və cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdehin bu günədək əsas borc 16327 manat, ƏDV 2922,66 manat olmaqla, ümumilikdə 19159,66 manat məbləğində borcu qalmışdır. 2.2. Bununla bağlı xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı və onlayn kargüzarlıq vasitəsilə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbini nəzərə alaraq cavabdeh öz öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya gecikdirilmiş günlər üçün 3831,93 manat məbləğində pul ödəməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/2020 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh həmin alqı-satqı müqaviləsi üzrə iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında həmin malların dəyərinin iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Mallar alınmasına baxmayaraq, cavabdeh dəyərinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Buna görə də iddiaçının həmin müqavilə üzrə yaranmış borcun tutulması barədə tələbi əsaslı hesab olunmalıdır. Borclu olan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla, o cümlədən iddiaçının maliyyə arayışı ilə təsdiq olunur. Elektron qaimə-fakturada qeyd edilmiş malların təhvili həyata keçirilmiş hesab edilməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443.1, 445.7, 598.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, vəkili Vəkil2 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçı həbs edildiyindən müqavilənin onlarda olmadığını bildirdi.

8. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə edilən xx.xx.2020-ci il tarixli EBAP 144209 seriya və nömrəli elektron qaimədən görünür ki, xx.xx.2020-ci il tarixli 06/2020 nömrəli müqaviləyə əsaslanmaqla ümumi dəyəri ƏDV daxil olmaqla 19159,66 manat olan qranit 2CM və qranit 3CM adlı məhsulların cavabdehə verilməsi ilə bağlı elektron-qaimə faktura tərtib edilmişdir.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli EBAP 144209 seriya və nömrəli elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir.

14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı əşyanı alıcının mülkiyyətinə verməyi, cavabdeh isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli EBAP 144209 seriya və nömrəli elektron qaimə əsasında cavabdehə ümumi dəyəri ƏDV daxil olmaqla 19159,66 manat olan qranit 2CM və qranit 3CM adlı mallar təhvil verilmiş, həmin elektron qaimə bilavasitə cavabdeh tərəfindən təsdiq edilmişdir.

15. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan ƏDV daxil olmaqla 19159,66 manat pulun ödənilməsini tələb edir.

16. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

17. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

19. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

20. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

21. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

25. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

26. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

27. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

29. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

35. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 2922,66 manat ƏDV daxil olmaqla 19159,66 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı

36. İddia ərizəsində iddiaçı həmçinin öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün illik 5 faizlə hesablanmaqla 3831,93 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

37. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).

38. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (əvvəlki redaksiya).

39. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (cari redaksiya).

40. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).

41. Məhkəməyə təqdim olunan sübutlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli EBAP 144209 seriya və nömrəli elektron qaimə göndərilmişdir.

42. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

43. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

44. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəliyin icra edilməsi gecikdirildiyindən əsas borca illik 5 faizlə hesablanmaqla 3831,93 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

45. İddiaçı eyni zamanda ödənilmiş 156 manat dövlət rüsumunun tutulmasını tələb edir.

46. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********33 nömrəli mədaxil qəbzi ilə 156 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 156 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242-244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 2922,66 manat ƏDV daxil olmaqla 19159,66 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 3831,93 manat olmaqla ümumilikdə 22991,59 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 156 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar