Məhkəmə qərarları › İş №e-2-2(113)-173/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-173/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-173/2023 26.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, bildiriş, qaimə, xərc) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 may 2020-ci il tarixli, 01a/2020 saylı alqı-satqı müqaviləsinə əsasən 67 100 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01 may 2020-ci il tarixində 01a/2020 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 90JS030, 90JT355 və 90JT369 dövlət nömrə nişanlı MACK YÜK markalı nəqliyyat vasitələrinin iddiaçıya satılması öhdəliyini götürmüş, lakin həmin maşınlardan yalnız birini - 90JS030 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini iddiaçının adına rəsmiləşdirmişdir. Digər iki nəqliyyat vasitəsi isə bugünədək iddiaçının adına rəsmiləşdirilməmişdir. Belə ki, adıçəkilən iki nəqliyyat vasitəsi bir müddət iddiaçıya verilmiş və iddiaçının anbarında saxlanmışdır. İddiaçı müqavilənin şərtlərinə uyğun olaraq 30 ədəd təkər - 10000 manat, yağ filtirləri - 10000 manat, most və mühərriklər qutusunun yağlarının dəyişdirilməsi – 700 manat, palos – 4000 manat, usta işləri – 700 manat, qaynaq və tokar işləri 700 manat olmaqla, ümumilikdə 17100 manat xərc çəkmişdir. Lakin qeyd olunan xərclər çəkildikdən sonra iki maşın iddiaçıdan geri alınmış, bu günə qədər onun adına rəsmiləşdirilməmişdir. Baxmayaraq ki, müqavilə üzrə hər maşına görə qiymət 25000 manat müəyyən olunmuş və iddiaçı tərəfindən üç nəqliyyat vasitəsinin dəyəri ödənilmişdir, ancaq cavabdeh öhdəliklərini yerinə yetirməmiş, nəticədə təhvil verilməmiş iki maşına görə 50000 və maşınlara çəkilmiş xərclərə görə 17100 manat olmaqla, ümumilikdə iddiaçıya 67100 manat ziyan dəymişdir. Dəymiş ziyanla bağlı pretenziya qaydasında cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh xəbərdarlıqlara biganə qalmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 386.1-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, tələb olunan çəkilmiş xərcin həqiqətən də iddiaçı tərəfindən çəkilməsi xx.xx.2020-ci il tarixli hesab-fakturanın qeyd hissəsində əks olunmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqdim olunan xx.xx.2021-ci il tarixli elektron qaimədə 30 ədəd təkər qeyd olunmamışdır, çünki təkərlər başqa şəxsdən alınmışdır. Müqaviləyə əlavədə, bildirişdə müqavilənin tarixinin 30 aprel göstərilməsi texniki səhvdir, müqavilənin nömrəsi isə düzgün qeyd olunmuşdur.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, ödənişin bir hissəsini köçürmə yolu ilə, qalan hissəsini hissə-hissə olmaqla nağd qaydada ödəmişdir. Belə ki, ümumilikdə ödənilməli olan 76 000 manatdan 16 000 manat və 800 dollar köçürmə yolu ilə bank vasitəsi ilə, 20 000 manat nağd qaydada ödənilmiş və həmin ödəniş ilə bağlı cavabdeh kassa mədaxil orderi təqdim etmişdir. Qalan məbləği birdəfəlik ödəmiş, lakin cavabdehin nümayəndələri mühasibin həmin vaxt ofisdə olmadığını, ona görə qəbz verə bilməyəcəklərini, daha sonra verə biləcəklərini bildirmişlər. Dəfələrlə qəbz verməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan boyun qaçırmışdır. Cavabdeh 3 nəqliyyat vasitəsini ona vermiş, müvafiq etibarnamə təqdim etmişdir. Lakin sənədləşmə işlərini 6 ay uzatmışdır. Hüquq mühafizə orqanlarına müraciətindən sonra cavabdeh xx.xx.2020-ci il tarixli bildirişi təqdim edərək müqavilə üzrə bütün məbləğin onun tərəfindən tam ödənildiyini təsdiq etmiş, 1 nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə, qalan 2 nəqliyyat vasitəsini isə xx.xx.2020-ci il tarixdə onun adına rəsmiləşdiriləcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə 1 nəqliyyat vasitəsi onun adına rəsmiləşdirilsə də, qalan 2 nəqliyyat vasitəsi daha sonra ondan alınmış və rəsmiləşdirilməmişdir. Bildiriş verilən zaman hər üç nəqliyyat vasitəsi onda olduğu üçün bildirişdə “təqdim edilmiş malın dəyərini tam ödəmişdir” qeyd olunmuşdur. İddiaçı hal-hazırda iki maşına görə ödədiyi 50 000 manatı və maşınlara çəkdiyi 17 100 manatı tələb edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, bank 800 dolların ödəniş sənədində pulu alanın adını qeyd etməmiş, bununla bağlı müraciət etdikdə banka gəlməli olduğunu bildirmişlər, lakin qəbzə düzəlişin edilməsi üçün getməmişdir.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.

11. Məhkəməyə təqdim edilən iddiaçının möhürü, imzası və cavabdehin möhürü və direktorunun imzası ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 01a/2020 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqaviləyə Əlavələrdə göstərilən malları müqavilənin və əlavələrin şərtlərinə uyğun olaraq alıcıya təhvil verməyi (1.1, 3.1.1, 4.1), alıcı isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüş (1.2, 3.2.1), malların qiymətinin hər dəfə müqaviləyə Əlavələr ilə müəyyən olunması (2.1), satıcının şəxsi mülahizəsinə əsasən müəyyən hallarda avans tələb edə bilməsi (2.3), mallarının dəyərinin bank hesabına ödənilməsi (2.4), mallar təhvil verilərkən təhvil-təslim aktı təqdim edilməsi (4.2.3), müqavilənnin xx.xx.2020-ci il tarixədək qüvvədə olmasl (6.1) razılaşdırılmışdır.

12. İş materiallarında olan hər iki tərəfin imzası və möhürü ilə təsdiq etdiyi müqaviləyə xx.xx.2020-ci il tarixli 01 nömrəli Əlavəyə əsasən hər birinin qiyməti (ƏDV daxil) 25 000 manat olmaqla 3 ədəd 90JS030, 90JT355 və 90JT369 dövlət nömrə nişanlı MACK YÜK markalı nəqliyyat vasitəsinin satılması, satıcı tərəfindən çəkilmiş 1000 manat xərc daxil olmaqla alıcı tərəfindən ümumilikdə 76 000 manat pulun ödənilməsi razılaşdırılmışdır.

13. İş materiallarında olan xx.xx.2020-ci il tarixli EBAJ 444554 seriya və nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 76001,98 manat dəyərində elektron qaimə təqdim olunmuşdur.

14. İş materiallarında olan xx.xx.2020-ci il tarixli fakturadan (“invoice”) görünür ki, 76001,98 manat dəyərində mala dair Cavabdeh MMC tərəfindən hesab-faktura təqdim olunmuşdur.

15. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 01a/2020 saylı müqavilə üzrə EBAJ 444554 saylı elektron qaimə əsasında Cavabdeh MMC-yə 20 000 manat ödəniş edilmiş və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

16. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bank ödənişi sənədlərindən görünür ki, İddiaçı tərəfindən EBAJ 444554 saylı elektron qaimə əsasında avans ödənişi olaraq 16 000 manat pul Cavabdeh MMC-nin hesabına köçürülmüşdür.

17. İş materiallarında olan Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2020ci il tarixli bildirişdən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə alıcının (iddiaçının) borcu qalmadığı, alıcı tərəfindən satıcıya müqavilənin dəyərinin tam ödənildiyi, 1 nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə, qalan 2 nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixə kimi iddiaçının adına rəsmiləşdiriləcəyi qeyd olunmuşdur.

18. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 90JS030 dövlət qeydiyyat nişanlı MACK YÜK markalı nəqliyyat vasitəsi İddiaçı təhvil verilmişdir.

19. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə və əlavədə "xxxx" MMC-nin təmsilçiliyi barədə müvafiq qeyd olsa da, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə aldıqda, eləcə də müqavilənin şərtlərini təqdim olunmuş bütün sənədlər ilə birlikdə müqayisə etdikdə və qanunvericiliyin tələblərini nəzərə aldıqda görünür ki, alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri Cavabdeh MMC ilə İddiaçı arasında olmuş, müqavilə onlar arasında bağlanmışdır.

21. Bundan başqa, məhkəmə qeyd edir ki, tərəflər müqavilədə ödənişin bank hesabına köçürmə yolu ilə edilməsini razılaşdırsa da, təqdim olunan kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən ödəniş nağd qaydada da qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli bildiriş ilə iddiaçı tərəfindən müqavilə üzrə ödənişin tam şəkildə edildiyinin təsdiq olunduğunu nəzərə alaraq məhkəmə nağd qaydada edilən ödənişin bir hissəsinə dair cavabdeh tərəfindən qəbz təqdim edilməməsinə dair iddiaçının arqumentini əsaslı hesab edir.

22. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdehin arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh 3 ədəd nəqliyyat vasitəsini iddiaçıya satmağı öhdəsinə götürmüş, iddiaçı tərəfindən müqaviləyə 01 nömrəli Əlavə ilə satılması razılaşdırılmış 3 ədəd nəqliyyat vasitələrinin dəyəri tam ödənilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək 2 ədəd nəqliyyat vasitəsini iddiaçıya təhvil verməmiş və onun adına rəsmiləşdirməmişdir.

23. İddiaçı təhvil verilməmiş 2 ədəd nəqliyyat vasitəsinə görə ödədiyi 50 000 manat pulun və 3 nəqliyyat vasitəsinə çəkilmiş xərcin əvəzi olaraq 17 100 manat pulun cavabdehdən tutulmasını xahiş edir.

24. Məhkəmə 50 000 manat pulun tutulması hissəsində iddianı əsaslı hesab edir və qeyd edir ki, iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində qiymətləndirilməlidir.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

28. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun qabaqcadan aldığı ödəniş məbləğini qaytarmaq vəzifəsi, iddiaçının həmin məbləği tələb etmək hüququ yaranmışdır və iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 599.3-cü maddəsi nəzərdən keçirilə bilər.

29. Mülki Məcəllənin 599.3-ci maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

30. Məhkəmə iddiaçının alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilə ilə razılaşdırılmış 3 ədəd nəqliyyat vasitəsinə görə 75 000 manat pulu qabaqcadan cavabdehə ödədiyini, cavabdehin isə müqavilə üzrə öhdəliyini icra etməyərək qabaqcadan dəyəri ödənilmiş 2 ədəd nəqliyyat vasitəsini iddiaçıya təhvil vermədiyini nəzərə alaraq MMnin 599.3-cü maddəsinin dizpozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə hesab edir ki, iddia 2 nəqliyyat vasitəsinə görə qabaqcadan ödənilmiş 50 000 manat pulun cavabdehdən tutulması hissəsində təmin olunmalıdır.

31. Məhkəmə hesab edir ki, 3 nəqliyyat vasitəsinə çəkilmiş xərcin əvəzi olaraq 17 100 manat pulun cavabdehdən tutulması hissəsində iddia əsassızdır.

32. Məhkəmə ilk növbədə qeyd edir ki, 90JS030 nömrə nişanlı MACK YÜK markalı nəqliyyat vasitəsinin iddiaçıya təhvil verildiyi işin müəyyən olunmuş halıdır. Lakin iddiaçı həmin nəqliyyat vasitəsinə çəkilmiş xərcin əvəzinin də cavabdehdən tutulmasını tələb edir ki, nəqliyyat vasitəsi iddiaçıda olduğundan tələb həmin nəqliyyat vasitəsinə aid hissəsdə əsassızdır.

33. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Belə olan halda 2 nəqliyyat vasitəsinin cavabdeh tərəfindən iddiaçıya verilməsi, nəqliyyat vasitələrinin hansı müddətdə iddiaçıda olması, həmin müddətdə iddiaçı tərəfindən nəqliyyat vasitələrinə xərclərin çəkilməsi sübutetmə predmetinə daxil olan iddiaçının sübut etməli olduğu hallardır.

35. İddiaçı bu hissədə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi məhkəməyə xx.xx.2020-ci il tarixli hesab-fakturanı (“invoice”) və xx.xx.2021-ci il tarixli elektron qaiməni təqdim edilmişdir.

36. Məhkəmə qeyd edir ki, iddiaçı hər üç nəqliyyat vasitəsinin ona verildiyini, daha sonra ikisinin ondan alındığını qeyd etsə də, bunu təsdiq edəcək mötəbər sübut təqdim edə bilməmiş, bu hissədə xx.xx.2020-ci il tarixli bildirişə istinad etsə də, bildirişdə bununla bağlı dəqiq ifadə yer almamışdır.

37. Bundan başqa, qeyd olunan xərclərin iddiaçı tərəfindən çəkilməli olması ilə bağlı xx.xx.2020-ci il tarixli fakturanın (“invoice”) qeyd hissəsinə istinad etsə də, qeyddə 30 ədəd təkər və 3 ədəd batareyaların alıcı tərəfindən təmin olunması qeyd olunmuşdur ki, həmin tarixdə nəqliyyat vasitələrinin təqdim olunmadığı işin müəyyən olunmuş halıdır. Eyni zamanda, tərəflər arasında olan münasibətlər 2020-ci ili əhatə etsə də, elektron qaimə 2021-ci ilin oktyabr ayında təqdim olunmuş, həmin qaimədə isə təkər və batareyanın alındığı əks olunmamışdır.

38. Beləliklə, məhkəmə hesab edir ki, 17 100 manat pulun tutulması hissəsində tələbin əsası kimi istinad olunan halları təsdiq edəcək mötəbər sübutlar təqdim olunmadığından, təqdim olunmuş sübutlar isə sübutetmə predmetinə daxil olan halları təsdiq edə bilmədiyindən iddia bu hissədə təmin oluna bilməz.

39. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, 50 000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

b) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

40. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

41. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/5-01650 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında “111Gropu” iştirak etməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 404 manat məbləğində mediasiya xərcini ödəmişdir.

42. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

43. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

44. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

45. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 50 000 (əlli min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar