Məhkəmə qərarları › İş №e-2-2(113)-1730/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1730/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1730/2020 15.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2019-cu il tarixli 19SS007 nömrəli müqaviləyə əsasən 2168,84 manat əsas borc, 108,44 manat dəbbə pulu, 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 2307,3 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub cəmiyyətə ödənilməsi barədə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxx 2019-cu il tarixində “X1” MMC şirkətinin rəhbəri Ənvər Həsənov tərəfindən elektron ünvanından İddiaçı MMC şirkətinin əməkdaşına rəsmi elektron məktub vasitəsi ilə seminar keçirilməsi barədə rəsmi məktub göndərilmişdir. xx.xx.2019-cu il tarixində Ənvər Həsənov İddiaçı MMC şirkətinin Satış Departamentinin rəhbəri Babaxan Yusifiyə zəng edərək, “HP notebook” almaq niyyəti olduğunu bildirmiş və qiymətlər barədə təklifi göndərməyi xahiş etmişdir. xx xxx 2019-cu il tarixində İddiaçı MMC tərəfindən qiymətlər barədə təklif göndərilmiş və Ənvər Həsənov 2 ədəd HP Notebook Jarm alınmasında maraqlı olduğunu bildirmişdir. Bu səbəbdən alqısatqı müqaviləsinin bağlanması üçün “X1” MMC rekvizitlərin göndərmişdir. xx xxx 2019-cu il tarixində İddiaçı MMC və “X1” MMC arasında 19SS007 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx xxx 2019-cu il tarixli 000394 anbar qaiməsinə əsasən HP Notebook - 15da0293ur (Məhsul nömrəsi: 4UD37EA, Seriya nömrəsi: CND9128RV3) kompüteri və bununla bağlı Qiymətlərin razılaşdırma Protokolu və xx xxx 2019-cu il tarixli 814 nömrəli hesab faktura “X1” MMC-nin əməkdaşı Nəcməddin Soltanova təqdim olunmuşdur. xx xxx 2019-cu il tarixli 000398 anbar qaiməsinə əsasən isə digər HP Notebook - 15-da0293ur (Məhsul nömrəsi: 4UD37EA, Seriya nömrəsi: CND9128RTY) kompyuteri və bununla bağlı Qiymətlərin razılaşdırma Protokolu və xx xxx 2019-cu il tarixli 816 nömrəli hesab faktura “X1” MMC-nin əməkdaşı Nəcməddin Soltanova təqdim olunmuşdur. Qeyd olunan kompyuterlərin ƏDV daxil qiyməti 2168 manat 84 qəpikdir. Ödənişlə bağlı dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq, bir çox hallarda zənglərə cavab verilməmişdir. Ənvər Həsənov telefon zənglərini cavab verdiyi zaman təlimdə olduğunu, danışa bilmədiyini, 15-30 dəqiqə sonra geri zəng edəcəyini söyləsə də, sonradan zəng etməmişdir. İddiaçı MMC-nin əməkdaşları Ənvər Həsənova ödənişin gecikdirilməsi ilə bağlı rəsmi elektron məktub ilə xatırlatma etmiş, lakin nəticə olmamışdır. xx xxxx 2019-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin sistemi vasitəsi ilə ödənişin gecikdirilməsi ilə bağlı məktub sistemə daxil edilmişdir, lakin bu məktub cavablandırılmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh “X1” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, 19SS007 saylı “İT avadanlıqlarının alqı-satqı” müqaviləsinə əsasən Qiymətlərin Razılaşdırma protokolunda göstərilən informasiya texnologiyaları və komputer avadanlıqlarının İddiaçı MMC tərəfindən “X1” MMC-yə göndərilməsi və cəmiyyət tərəfindən malın dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. - X1 MMC ilə İddiaçı MMC arasında bağlanmış 19SS007 saylı xx xxx 2019-cu il tarixli müqaviləyə 1 saylı əlavə edlmiş qiymətlərin razılaşma protokoluna əsasən 4UD37EA HP Notebook 15-da0293ur adlı qiyməti 1084,42 manat olan avadanlığın qiymətin X1 5 bank günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. - X1 MMC ilə İddiaçı MMC arasında bağlanmış 19SS007 saylı xx xxx 2019-cu il tarixli müqaviləyə 2 saylı əlavə edlmiş qiymətlərin razılaşma protokoluna əsasən 4UD37EA HP Notebook 15-da0293ur adlı qiyməti 1084,42 manat olan avadanlığın qiymətin X1 5 bank günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli 000394 və 000398 saylı qaimə fakturalara əsasən iki ədəd Notebook cəmi 2168,84 manat dəyərində avadanlıq X2 şirkətinə verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində qeyd olunmuşdur ki, “Bu müqaviləyə əsasən alqı – satqı obyekti olan malın adı, miqdarı və dəyəri elektron qaimə – fakturaya əsasən müəyyən olunur”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 2168,84 manat dəyərində mal Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada elektron qaimə-faktura, qaiməəsasında İddiaçı MMC tərəfindən “X1” MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Tərəflər arasında malların nisyə satışına dair hər hansı bir razılaşma olmasa da, müqavilənin 4.4-cü bəndində öhdəliyin son icra müddəti dəqiq olaraq - müəyyən olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik icra olunmamış, malların dəyəri ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın 2168,84 manat borc məbləğinin ödənilməsi hissəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə 5.2-ci bəndinə əsasən cavabdeh tərəfindən hər gecikdirilən gün üçün ödənilməyən borc məbləğinin 0,3% faizi məbləğində cəriməni iddiaçının tələb etmək hüququ nəzərdə tutulmuşdur. Lakin məhkəmə 2168,84 manat əsas borca 108,44 manat cərimə hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 108,44 manat dəbbə pulunun məbləği azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 2168,84 manat əsas borc, 50 manat dəbbə pulu olmaqla ümumilikdə 2218,84 məbləğində pul vəsaiti “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 29 manat məbləğində pul vəsaiti “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar