Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1731/2022 23.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 22.10.2021-ci il tarixli, 01/21-ŞA G saylı alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.016,40 manat əsas və 362,95 manat ƏDV-nin, 170,03 manat cərimənin, 4644,02 manat məbləğində zərərin, ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun və ümumilikdə 7.293,40 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 22 oktyabr 2021-ci il tarixli 01/21-ŞAG №-li alqı-satqı müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan 01 saylı 22 oktyabr 2021-ci il tarixli “X6” bağlanmışdır. Müqavilənin 01 saylı əlavəsinə əsasən cavabdeh ümumilikdə 40.000 ədəd 40 mm*40mm*2000 mm ölçüdə olan plastik köşəbənd məhsulunu iddiaçıya təchiz etməyi, iddiaçı isə həmin məhsulların müqabilində 44.745,60 manat (ƏDV daxil) məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. Belə ki, müqavilənin 01 saylı əlavəsinin 6-cı bəndinə əsasən malların çatdırılması şərti “23.10.2021-ci il tarixədək 3000 ədəd, növbəti çatdırılma hər beş gün ərzində 10.000 ədəd.” olmuşdur. Cavabdeh isə müqavilə üzrə malların çatdırılması şərtlərini pozaraq ilk çatdırmadan yalnız 22.10.2021-ci tarixdə cəmi 1980 ədəd, növbəti çatdırmadan 28.10.2021-ci il tarixdə yalnız 2200 ədəd, 30 oktyabr 2021-ci il tarixdə yalnız 720 ədəd və 02.11.2021-ci il tarixdə yalnız 973 ədəd köşəbənd çatdıra bilmişdir. Beləliklə, cavabdeh ümumi 40.000 ədəd məhsuldan yalnız 5873 ədəd məhsul çatdıra bilmişdir. İddiaçı isə xurma məhsullarının saxlama dövrü (noyabr-dekabr) olduğuna görə köşəbəndlərin vaxtında çatdırılmaması səbəbindən həm zərərlə, həm də müştərilərin narazılıqlarından doğuran səbəblərə görə ciddi çətinliklərlə üzləşmişdir. İddiaçı ilk partiya üçün nəzərdə tutulmuş 8000 ədəd köşəbənd məhsulun dəyəri olan 7.584 manat əsas məbləğin və 1.365,12 manat ƏDV məbləğini cavabdehə ödəmişdir. Cavabdeh nəinki müqavilə üzrə çatdırılma şərtlərini pozmuş cavabdeh həmçinin ödənişin müqabilində malları heç tam təhvil belə verə bilməmişdir. Nəticədə ödənilmiş avans məbləğdən 2.016,40 manat əsas və 362,95 manat ƏDV məbləği cavabdehdə qalmışdır və cavabdeh həmin məbləği iddiaçıya geri qaytarmamışdır. Qalıq məbləğin qaytarılması barədə cavabdehə dəfələrlə müraciət olunmuş, lakin həmin ödənilmiş məbləğin İddiaçı MMC-nin hesabına qaytarılması bu günə kimi təmin edilməmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında öhdəliklərin yerinə yetirilməməsi barədə 01.12.2021-ci il tarixli protokol imzalanmışdır. Protokola əsasən cavabdeh müqavilə üzrə öhdəliklərinin icra edilməməsini etiraf etmiş və bu hadisəni vergi ilə yaranan problemlərlə əlaqələndirmişdir. Belə ki, malların çatdırılmasında gecikdirilmiş günlərin sayı 38 gün təşkil etmişdir. Müqavilənin 4.3. bəndinə əsasən malın təhvil verilməsinin və alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.01%-i miqdarında cərimə ödəməlidir”. Belə ki, ümumilikdə gecikdirilmiş günlərə görə hesablanmış cərimənin məbləği 170,03 manat təşkil edir. Bundan başqa, cavabdeh öz öhdəliklərini icra etmədiyinə görə iddiaçı istehsal zərurəti ilə əlaqədar olaraq həmin məhsulları başqa şəxsdən almaq məcburiyyətində qalmışdır və bunun nəticəsində 4.644,02 manat məbləğində zərər etmişdir (vəsait itirmişdir). Belə ki, iddiaçı analoji məhsulları 23.11.2021-ci il tarixli AQRO - 40-11/21 saylı müqaviləyə əsasən məcburən fiziki şəxs X1 baha qiymətinə almaq məcburiyyətində qalmışdır. Bunun nəticəsində iddiaçı 4.644,02 manat məbləğində zərər vurmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində cavabdehin müqavilə üzrə şərtləşdirilmiş məhsulları vaxtında icra etməməyi səbəbi ilə iddiaçının analoji məhsulları 23.11.2021-ci il tarixli, AQRO-40-11/21 saylı müqavilə üzrə baha qiymətə başqa şəxsdən alması və bu səbəbdən zərərə düşməsi tamamilə əsassız və iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş X5 ilə bağlanmış yuxarıda qeyd edilən müqavilə və alış orderindən iddiaçı tərəfindən X3 cəmi 618 manat ödənilmişdir. Digər tərəfdən iddiaçı digər şəxslə müqavilə bağlamasını istehsal zərurəti ilə əlaqələndirmiş, lakin bunun hansı istehsal zərurətindən irəli gəldiyinə dair sübut təqdim etməmişdir. Üçüncü tərəfdən iddiaçı baha qiymətə aldığını iddia etdiyi qiymətlə cavabdehlə bağladığı müqavilədə məhsulun bir ədədi üçün müəyyənləşdirdiyi qiymət arasında 0,17 manat qiymət fərqi vardır, yəni bu qiymətin mövcud bazar şərtlərində baha olması sadəcə iddiaçının şəxsi mülahizəsidir. Hər hansı mötəbər sübutla öz təsdiqni tapmır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: 27.09.2021-ci il tarixli ********* nömrəli alış orderinə əsasən bir vahidin qiyməti 0,95 manat (ƏDV daxil 1,12 manat) olan ümumi məbləği (6.825,60 manat ƏDV daxil) 44.745,60 manat olan 40.000 ədəd köşəbəndlə (plastik, 40 mm x 40 mm x 2000 mm) bağlı təklif qəbul edilmiş və həmin malların sifarişi təsdiq edilmişdir. Alış orderi icraçı - Cavabdeh MMC-nin və sifarişçi/alıcı - İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh MMC (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında 22 oktyabr 2021-ci il tarixli 01/21-ŞAG saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya “Qiymətin razılaşdırılması protokolu” adlanan Əlavəyə uyğun olaraq mal (bundan sonra “Mal”) satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 1.2-ci bəndinə əsasən müqavilənin müddəti 2021 və 2022-ci illər üçün müəyyən edilmişdir. Müqavilə hər iki tərəfin imzaladığı andan qüvvəyə minir və 22.10.2022-ci il tarixinədək qüvvədədir. 1.3-cü bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri müqavilə üzrə aynlmaz tərkib hissəsi olan “Qiymətin razılaşdırılması protokolu” adlanan Əlavə-1 ilə müəyyən olunur. 3.2.1-ci bəndinə əsasən malı Müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək satıcının vəzifəsidir. 3.4.1-ci bəndinə əsasən əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir. 4.2-cü bəndinə əssən satıcı malın təhvil verilməsi ilə birlikdə elektron qaimələri, hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. 4.3-cü bəndinə əsasən malın təhvil verilməsinin və alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0,01%-i miqdarında cərimə ödəməlidir. Müqavilə satıcının və alıcının imzası və möhürü ilə təsdiq edilmişdir. 22 oktyabr 2021-ci il tarixli 01/21-ŞAG saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan 22.10.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən bir vahidin qiyməti 0,95 manat olan 40.000 ədəd köşəbəndin (plastik, 40 mm x 40 mm x 2000 mm) ümumi qiyməti (6.825,60 manat ƏDV daxil) 44.745,60 manat təşkil edir. Həmin əlavənin: 4-cü bəndinə əsasən bu əlavə üzrə müvafiq mallar tam təhvil verildikdən sonra elektron-qaimə faktura təqdim edilir. 6-cı bəndinə əsasən malların çatdırılma müddəti və qaydası: 23.10.2021-ci il tarixədək 3.000 ədəd, növbəti çatdırılma hər beş gün ərzində 10.000 ədəd. 7-ci bəndinə əsasən hazırki protokol müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 22.10.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 22.10.2021-ci il tarixli N 011-012/2021 saylı hesabfakturalara əsasən 7.584 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 22.10.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından Cavabdeh MMC-yə 22.10.2021-ci il tarixli N 011-012/2021 saylı hesab-fakturalara əsasən 1.365,12 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 23.11.2021-ci il tarixli ********* nömrəli alış orderinə əsasən bir vahidin qiyməti 1,11 manat olan ümumi məbləği (ƏDV yoxdur) 16.650 manatlıq 15.000 ədəd plastik künclük (köşəbənd) 2 m və bir vahidin qiyməti 1,17 manat olan ümumi məbləği (ƏDV yoxdur) 11.193,39 manat olan 9.567 ədəd plastik künclük (köşəbənd) 2.2 m (cəmi 27.843,39 manat) ilə bağlı təklif qəbul edilmiş və həmin malların sifarişi təsdiq edilmişdir. Alış orderi sifarişçi/alıcı - İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 23.11.2021-ci il tarixli ********* nömrəli alış orderinə əsasən bir vahidin qiyməti 1,11 manat olan ümumi məbləği (ƏDV yoxdur) 618,27 manat olan 557 ədəd plastik künclük 2 m ilə bağlı təklif qəbul edilmiş və həmin malların sifarişi təsdiq edilmişdir. Alış orderi sifarişçi/alıcı - İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. X5 (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında 23 noyabr 2021-ci il tarixli AQRO-40- 11/21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı satır, alıcı isə bü müqavilənin ayrılmaz tərkib hissəsi olan “X4” göstərilən tərkibdə və həcmdə malları satıcıdan alır və malın müqabilində “X4” göstərilən qiyməti (məbləği) ödəyir. 8.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 31.12.2022-ci il tarixinədək qüvvədə qalır. 23 noyabr 2021-ci il tarixli AQRO-40-11/21 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan 23.11.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən bir vahidin qiyməti 1,11 manat olan 15.557 ədəd plastik künclük (köşəbənd) 2 m ümumi məbləği 17.268,27 manat və bir vahidin qiyməti 1,17 manat olan 9567 ədəd plastik künclük (köşəbənd) 2.2 m ümumi məbləği 11.193,39 manat olmaqla cəmi məbləğ 28.461,66 manat təşkil edir. 30.11.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 23 noyabr 2021-ci il tarixli AQRO- 40-11/21 saylı alqı-satqı müqaviləsi üzrə bir vahidin qiyməti 1,11 manat olan 15.557 ədəd plastik künclük (köşəbənd) 2 m ümumi məbləği 17.268,27 manat və bir vahidin qiyməti 1,17 manat olan 9567 ədəd plastik künclük (köşəbənd) 2.2 m ümumi məbləği 11.193,39 manat olmaqla cəmi məbləğ 28.461,66 manat məbləğində mallar Məhərrəmov Etibar tərəfindən təvhil verilmiş və İddiaçı MMC tərəfindən təhvil alınmışdır - 02.12.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən X2 bank hesabına qaimə-fakturaya əsasən 28.461,66 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 22 oktyabr 2021-ci il tarixli 01/21-ŞAG saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə 01.12.2021-ci il tarixli protokola əsasən öhdəliyin pozulması onunla müəyyən edilir ki, 22.10.2021-ci il tarixində 40.000 ədəd həcmi olaraq ümumi məbləğdə 37.920 manat (+ƏDV) bağlanmış müqavilənin 1 nömrəli Əlavəsi əsasında, 8.000 ədəd köşəbənd üçün avans olaraq 7.584 manat ödəniş həyata keçirilib. Müqavilənin 1 nömrəli Əlavəsinin 3-cü bəndinin şərtinə uyğun olaraq 23.10.2021-ci il tarixində 3.000 ədəd, növbəti hər 5 gün ərzində 10.000 ədəd çatdırılmalıydı, cəmi bu günə kimi 5.893 ədəd köşəbənd təhvil verilib, əlavə olaraq 2.107 ədəd təhvil verilməli idi. Satıcının mövqeyi ondan ibarətdir ki, vergi orqanının 2020-ci ilin əməliyyatlarına görə şirkətlərinə tətbiq etdiyi maliyyə sanksiyasına görə bank hesabları və ƏDV depozit hesabları dondurulmuş, bu səbəbdən xammal alışı, satışı, idxal və s. əməliyyatlar hal-hazırda qeyri-mümkündür. İstehsalları xammal olmadığına görə demək olar ki, fəaliyyət göstərmir, öhdəlik götürdükləri köşəbəndləri bu səbəbdən təmin edə bilməmişlər. Alıcının mövqeyi ondan ibarətdir ki, satıcı ixtisaslaşmış şirkət kimi müqavilə bağlayarkən və öhdəliyin yerinə yetiriləcəyi müddəti göstərərkən qeyd olunan riskləri müqavilədə nəzərə almalı idi, bu risklərin dairəsinə daxil olan halların (öhdəliklərin) icra edilmədiyi bütün hallar üçün həmin öhdəlikləri verən şəxs cavabdehdir. Satıcı öz öhdəliklərini vaxtında icra etmədiyinə görə alıcı İddiaçı MMC həmin malları başqa şəxsdən almaq məcburiyyətində qaldı və zərər çəkmişdir. Protokol İddiaçı MMC və Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, qeyd edilən pulun 3 iş günü ərzində ödənilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 22 oktyabr 2021-ci il tarixli 01/21-ŞAG saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilk partiyada verilməsi nəzərdə tutulmuş mallara - 8000 ədəd köşəbəndə görə 7.584 manat əsas və 1.365,12 manat ƏDV məbləğini cavabdehə ödəmiş, cavabdeh isə müqavilə üzrə çatdırılma şərtlərini pozaraq sifariş edilmiş malların təqdim edilməsi öhdəliyini lazımi şəkildə icra etməyərək qabaqcadan ödənilmiş məbləğin 2.016,40 manat əsas və 362,95 manat ƏDV hissəsinin müqabilində malları iddiaçıya təqdim etməmişdir. Hazırda İddiaçı MMC qabaqcadan ödənilmiş və müqabilində mal təqdim edilməmiş məbləğin qaytarılmasını, eləcə də dəbbə pulunun və müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh MMC-dən tələb edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 645.1-ci maddəsinə görə gər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini satıcıya qarşı irəli sürə bilər. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 447.7-ci maddəsinə görə müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Qabaqcadan ödənilmiş pulun qaytarılmasına dair iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli mallara görə 2.016,40 manat əsas və 362,95 manat ƏDV məbləği İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qabaqcadan ödənilsə də, həmin pulun müqabilində müvafiq malların iddiaçıya təqdim edilmədiyindən iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın qiyməti olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir. Odur ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2.016,40 manat məbləğində əsas məbləğ və 362,95 manat ƏDV tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 170,03 manat məbləğində dəbbə pulunun (cərimənin) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, iddiaçı cavabdeh öz öhdəliklərini icra etmədiyinə görə istehsal zərurəti ilə əlaqədar olaraq həmin məhsulları başqa şəxsdən almaq məcburiyyətində qaldığını və bunun nəticəsində ona ziyan dəydiyini (vəsait itirdiyini) bildirərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 4.644,02 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının (4.644,02 manat məbləğində zərərin ödənilməsi) iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, birincisi, iddiaçı cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsinə görə istehsal zərurəti ilə əlaqədar olaraq (xurma məhsullarının saxlama dövrü (noyabr-dekabr) olduğuna görə köşəbəndlərin vaxtında çatdırılmaması səbəbindən) eyni malları başqa şəxsdən baha almaq (bir vahidin qiyməti 1,11 manat olan 15.557 ədəd plastik künclük (köşəbənd) 2 m və bir vahidin qiyməti 1,17 manat olan 9567 ədəd plastik künclük (köşəbənd) 2.2 m) məcburiyyətində qalmasını və bunun nəticəsində ona 4.644,02 manat məbləğində zərər dəyməsini qeyd etsə də, köşəbəndləri daha aşağı qiymətə əldə etmək imkanından məhrum olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İkincisi, iş materiallarından görünür ki, Cavabdeh MMC ilə bağlanmış 22 oktyabr 2021-ci il tarixli 01/21-ŞAG saylı alqı-satqı müqaviləsində 2000 mm (2 metr) ölçüdə olan köşəbəndin bir vahidinin qiyməti ƏDV xaric 0,95 (ƏDV daxil 1,12) manat məbləğində müəyyən edildiyi halda İddiaçı MMC eyni ölçüdə (2 metr) olan köşəbəndlərin bir vahidini X1 1,11 manata almışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq satıcının (Agropack” MMC) ödəməli olduğu ƏDV-nin də daxil edildiyi qiyməti ödəmək öhdəliyi alıcıya (İddiaçı MMC-ya) aid edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı MMC-yə maddi zərərin dəyib-dəyməməsi faktı araşdırılarkən sonuncunun Cavabdeh MMC–yə ödəməli olduğu ƏDV daxil qiymət ilə X3 ödədiyi qiymət müqayisə edilməlidir. Hazırkı halda iddiaçı cavabdehdən ƏDV daxil 1,12 manat qiymətə alması barədə razılığa gəldiyi malı 1,11 manata, yəni daha aşağı qiymətə digər şəxsdən aldığından iddiaçıya hər hansı məbləğdə maddi zərərin dəyməsi müəyyən edilmir. Üçüncüsü, İddiaçı MMC X5 ilə arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli AQRO- 40-11/21 saylı alqı-satqı müqaviləsinə əsasən bir vahidin qiyməti 1,11 manat və 2 m ölçülərdə olan plastik künclüklərlə (köşəbənd) ilə yanaşı bir vahidin qiyməti 1,17 manat və 2.2 m ölçüdə olan plastik künclüklərin (köşəbənd) alınması barədə razılığa gəlmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, E.Məhərrəmovdan 1,17 manat qiymətinə alınmış 2,2 metr ölçüdə olan köşəbəndlər tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olan köşəbəndlərdən (2 metr) daha böyük ölçüdə olduğundan, yəni həmin mallar eyni çeşidli mal olmadığından həmin köşəbəndlərin qiymətləri arasındakı fərqin mövcud olması iddiaçıya maddi zərər dəyməsinə dəlalət etmir. Dördüncüsü, Cavabdeh MMC və İddiaçı MMC tərəfindən imzalanmış 22 oktyabr 2021-ci il tarixli 01/21-ŞAG saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə 01.12.2021-ci il tarixli protokola münasibətdə məhkəmə qeyd edir ki, həmin protokolda cavabdeh müqavilə öhdəliyinin pozulması nəticəsində iddiaçıya 2.016,40 manat məbləğində əsas və 362,95 manat ƏDV borcunun yaranması faktını təsdiq etmiş, eyni zamanda protokolda müqavilə üzrə öhdəliyin pozulması faktı ilə bağlı hər iki tərəfin fərqli mövqeləri göstərilmiş, lakin cavabdehin öhdəliyin pozulması ilə bağlı iddiaçının mövqeyi ilə razılaşmasını təsdiq edən hər hansı bir qeyd edilməmişdir. Odur ki, həmin protokolun cavabdehin iddiaçıya maddi zərərin dəyməsi faktını qəbul etməsini və həmin zərəri ödəmək öhdəliyini üzərinə götürməsini təsdiq edən sübut kimi qiymətləndirməsi üçün əsas yoxdur. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 110 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 92 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2016,40 manat məbləğində əsas borc, 362,95 manat ƏDV borcu, 100 manat məbləğində dəbbə pulu, cəmi 2479,35 manat məbləğində pul vəsaiti və məhkəmə xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1731/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1731/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver