Məhkəmə qərarları › İş №e-2-2(113)-1732/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1732/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1732/2022 25.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borc qismində 26445 manat, ƏDV borcu qismində 4760 manat, həmin pul vəsaitinin (əsas borcun) gecikdiriməsinə görə 758 manat, həmin pul vəsaitinin (əsas borcun) ödənilməsinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 962 manat məbləğində faiz və məhkəmətə iddia qaldırılması üçün ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 33075 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 05.07.2021-ci il tarixli 85/21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci maddəsinə əsasən, Şirkət Cavabdehə Müqavilə üzrə razılaşdırılmış malları satmağı və təhvil verməyi, Cavabdeh isə həmin malları almağı, qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürüb. Bu əsasla, Şirkət 27.08.2021-ci il tarixli Təhvil-Təslim Aktı üzrə Cavabdehə Mallar satmış və təhvil verilmişdir. Cavabdeh də həmin sənədlər əsasında malları almış və qəbul etmişdir. Lakin Cavabdeh həmin tarixdən qeyd edilən malların qiymətini Şirkətə hələ də ödəməmişdir. Bununla da, Cavabdeh müqavilə üzrə öhdəliyini pozmuş hesab edilir. Cavabdehə Şirkət tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Cavabdeh Müqavilə üzrə öhdəliyinin icrasını yerinə yetirməkdən indiyədək boyun qaçırmış və Müqavilə şərtlərini pozan halları aradan qaldırmaq üçün heç bir addım atmamışdır. Bugünədək irəli sürülən bütün təkliflərə Cavabdeh heç bir müsbət qarşılıq verməmiş, yol verdiyi hüquqpozmanı aradan qaldıracaq heç bir tədbir görməmiş və qanunvericiliyin müvafiq tələblərini pozaraq bugünə kimi Şirkətin Müqavilə üzrə hüquqlarını pozmaqdadır. Odur ki, Cavabdehin Müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi ucbatından Şirkətin maliyyə vəziyyətinə ciddi zərər dəymişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Zamanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Pənahlı iddia tələbini əsas borc tələbi həddində, yəni əsas borc qismində 26445 manat, ƏDV borcu qismində 4760 manat hissəsində qəbul etdiyini, lakin faiz borcu hissəsində qəbul etmədiyini bildirdi. Əlavə olaraq göstərdi ki, öhdəliklərin gecikdirilməsinin səbəbi onların maliyyə vəziyyəti ilə bağlıdır. Belə ki, hazırda həmin borcu ödəməyə maddi imkanları yoxdur. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 05.07.2021-ci il tarixli 85/21 nömrəli alqısatqı müqaviləsinə əsasən bu müqavilənin şərtlərinə əsasən satıcı (iddiaçı) müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən ayrı-ayrı sifariş formalarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə, ünvanda, qiymətdə, keyfiyyətdə və digər xüsusiyyətlərdə yeni və istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı və təhvil verməyi, alıcı isə həmin malları təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.5-ci bəndinə əsasən satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı (və ya qaimə-faktura) əsasında həyata keçirəcək. Müqavilənin 4.1-ci bəndinə əsasən malalrın qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Əlavələrdə başqa cür razılaşdırılmadıqca, mallar təhvil verildikdən sonra 30 təqvim günü ərzində bank köçürməsi ilə ödənilməlidir. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 27.08.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı müqavilə üzrə cavabdehə 31206 manat dəyərində mal satmış və təhvil vermişdir, cavabdeh də həmin malları almış və qəbul etmişdir. EBBH 703470 nömrəli, 07.09.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı cavabdehə 31205,12 manat məbləğində mal təhvil vermişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, cavabdehlə aralarında bağlanmış 05.07.2021-ci il tarixli 85/21 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 31206 manat məbləğində borcun 04.10.2021-ci il tarixədək ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 dekabr 2021-ci il tarixli MŞİH-08421 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 05.07.2021-ci il tarixli 85/21 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 26445 manat əsas, 4760 manat ƏDV borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 26445 manat əsas, 4760 manat ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 758 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ... 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması kreditorun gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi təmin edilməlidir. Bununla yanaşı, iddiaçı cavabdehdən gecikdirilmiş müddət üçün Mərkəzi Bankın bank uçot dərəcəsi (6,25 faiz) nəzərə alınmaqla hesablanmış 962 manat məbləğində faiz borcunun ödənilməsi tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbinin bu hissədə təmin edilməsi üçün hər hansı əsaslar mövcud deyildir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 26445 manat əsas, 4760 manat ƏDV borcu, 758 manat faiz borcu, ümumilikdə 31963 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 26445 (iyirmi altı min dörd yüz qırx beş) manat əsas, 4760 (dörd min yeddi yüz altmış) manat ƏDV borcu, 758 (yeddi yüz əlli səkkiz) manat faiz borcu, ümumilikdə 31963 (otuz bir min doqquz yüz altmış üç) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar