Məhkəmə qərarları › İş №e-2-2(113)-1745/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1745/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1745/2020 23.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC tərəfindən tərtib edilmiş 007224 saylı aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış cərimə məbləğinin silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixində kooperativin adına qeydiyyata alınmış 70109029 saylı sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Məlum olmuşdur ki, sayğac sxemdən keçən yükü qeyd etmir. Belə ki, sayğacın tablosu sönüb. Aktiv led lampası impuls vurmur. Qeyd edilən sayğac transformatorun içərisində yerləşir və transformatorun qapısı daimi bağlı olmaqla açarı cavabdehin əməkdaşlarında olur. Yalnız ayda bir dəfə cavabdehin əməkdaşları həmin qapını açaraq sayğacın göstəricilərini götürür və sayğaca baxış keçirirlər. Bundan sonra isə cavabdehin göndərdiyi faktura əsasında ödəniş edilir. İddiaçı heç bir halda həmin sayğacı görmür və onunla heç bir təması olmur. Cavabdeh isə qeyd edilən halların heç birinə əhəmiyyyət vermədən və heç bir əsas olmadan iddiaçıya 7000 manat məbləğində cərimə hesablamışdır. Hesab edir ki, cavabdehin hesabladığı cərimə məbləği qeyriqanunidir. Cavabdehin heç bir əsas olmadan qeyri-qanuni şəkildə artıq hesabladığı cərimə silinməli və akt etibarsız hesab olunmalıdır. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə məhkəməyə ərizə təqdim edərək, “xxxxxxxx” ASC tərəfindən MTK-ya verilən elektrik enerjisi təchizatının dayandırılmasının “xxxxxxxx” ASC-yə, onun müvafiq qurumlarına və üçüncü şəxslərə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1745/2020 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, abonent kodu 04/53-104 olan, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında yerləşən İddiaçı MMM (MTK) barəsində xx.xx.2020-ci il tarixli, NDQ 007224 saylı akt əsasında tələb edilən 7043,85 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - xx.xx.2020-ci il tarixli NQD 007224 saylı aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında yerləşən İddiaçı MMM-yə (MTK) məxsus sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, sayğac sxemdən keçən gücü qeyd etmir. Belə ki, sayğacın tablosu sönüb, aktiv led lampası implus vurmur. Ölçmə zamanı xətdən axan yüklər: 1a=60A, 1b=55A, 1c=52A, Pjan=36.5 kvt, Pray=0, obyektdəki elektrik işlədicilərini qidalandıran kabel xəttinin en kəsiyi sahəsi S=3x185 mm2 , S=1x120 mm2-dir. Sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılan sayğacın politilen torbaya qoyularaq möhürlənməsi və laboratoriya şəraitində sayğacın bütün parametrlərinə rəy verilməsi, habelə sayğacın yaddaşının oxunması tələb edilmişdir. -Sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə xx xxxx 2020-ci il tarixli, 177790 saylı protokoldan görünür ki, sayğacın daxili sxemi qısaqapanma nəticəsində yanıb, sayğac işləmir, sayğac istismara yararsızdır. -“Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” barədə 199531 saylı aktdan görünür ki, NQD 007224 saylı akt əsasında İddiaçı MTK-ya quraşdırılmış sayğacın ekranı oxunmadığından dəyişdirimiş və yeni sayğacla əvəz olunmuşdur. -“Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar mənsubiyyəti haqqında” 009425 saylı aktdan görünür ki, daşlıq y/st-da 10 kv-luq QPQ-də hər iki k/x-nin sonluğundakı kabel xətti daxil olmaqla İddiaçı MMM-in balansındadır. - “xxxxxxxx” ASC-nin aktlar üzrə komissiyanın üzvləri Qasımov Pərviz, İsgəndərov Vaqif, Əsgərova İlhamə, Binnətov Vasif və Məmmədov Rza tərəfindən tərtib edilmiş (04/53-104 saylı abonent İddiaçı MMM (MTK) ilə bağlı) xx xxxx 2020-ci il tarixli icra vərəqi – texniki sahə üzrə tələbdən görünür ki, sayğacın yoxlaması zamanı sayğac sxemdən keçən yükü qeyd etməməsi müəyyən edilmişdir. Belə ki, sayğacın tablosu sönüb, aktiv led lampası implus vurmur. Sayğac yenisi ilə əvəz edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, abonentə xx xxxx 2020-ci il tarixdə “Elektrik enerjisindən İstifadə Qaydaları”nın pozulmasına görə NDQ 007224 saylı akta əsasən 7.043,85 manat məbləğində borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında yerləşən İddiaçı MTK-ya məxsus sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın elektron tablosunun söndüyü, sayğacın sxemdən keçən gücü qeyd etmədiyi müəyyən edilmişdir və həmin akt əsasında xx xxxx 2020-ci il tarixli icra vərəqinə əsasən gündəlik sərfiyyat 36,5 kvt, iş saatı 10 saat, günlərin sayı 341 qəbul edilməklə hesabat aparılmış və abonentə 78.265 kvts elektrik enerjisinə görə 7.043,85 manat məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MTK-nin silinməsini tələb etdiyi borc məbləği mübahisə predmeti olan borc məbləği cavabdeh “xxxxxxxx” ASC tərəfindən sayğacın işləməməsi ilə əlaqədar enerji təchizatı müəssisəsinə dəymiş ziyan olaraq hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Digər tərəfdən Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. İş materiallarından isə görünür ki, cavabdeh “xxxxxxxx” ASC hesablaşma uçot cihazının zədələnməsi ilə bağlı məsuliyyəti abonentin üzərinə qoyaraq dəymiş ziyana görə on bir aylıq müddət üçün 7.043,85 manat məbləğində borc hesablasa da, sayğacın yararsız vəziyyətə düşməsinin məhz abonentin təqsiri üzündən baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə iş materiallarına əlavə edilmiş laboratoriya rəyi ilə təsdiq edilir ki, mübahisəli sayğacın daxili sxemi qısaqapanma nəticəsində yanmışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, elektrik enerji sayğacının işləməməsinin iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi öz təsdiqini tapmadığından sayğacın yararsız olduğu müddət üçün elektrik enerjisi təchizatı müəssisəsinə zərərə görə məsuliyyət ilkin iddia üzrə iddiaçının üzərinə qoyula bilməz. Digər tərəfdən cavabdeh “xxxxxxxx” ASC tərəfindən hesablanmış borcun əsassızlığı həmçinin onunla təsdiq edilir ki, mübahisəli borc sayğacın işləməməsi ilə əlaqədar 341 günlük müddət üçün hesablanmışdır. Halbuki abunə barədə məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixdə elektrik enerjisi sayğacının göstəriciləri “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən yoxlanılaraq qeydiyyata alınmış və həmin göstəricilərə əsasən abonentə 2020-ci ilin fevral ayı üçün borc məbləği hesablanmışdır. Yəni yoxlanılma aparılmamışdan cəmi 5 gün əvvəl mübahisəli sayğac işlək vəziyyətdə olmuşdur. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçınə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, NDQ N007224 saylı akta və xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən hesablanmış 7043,85 manat məbləğində borc silinməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçınə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, NDQ N007224 saylı akta və xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən hesablanmış 7043,85 manat (yeddi min qırx üç manat səksən beş qəpik) məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar