Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1745/2022 13.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3 496,50 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh X1 qarşı “öhdəliyin icrasına dair” iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, alqı-satqı üzrə yaranmış 3.496,50 manat qalıq borcun, 475,24 manat əldən çıxmış faydanın və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-4878/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh R.Ə.Əliyeva iddianı qəbul etməyərək bildirmişdir ki, 16 fevral 2016-cı il tarixdən Cavabdeh MMC-də baş mühasib vəzifəsində işləmiş, 17 sentyabr 2017-ci il tarixdə öz xahişi ilə həmin vəzifədən azad edilmişdir. Baş mühasib vəzifəsində işlədiyi vaxt Cavabdeh MMC-nin maliyyə ilə bağlı mövcud olan məsələlər, o cümlədən müvafiq sənədlərin imzalamaq səlahiyyətinə malik olmuşdur. İddiaçının hazırki iddia tələbinin əsasını təşkil edən üzləşmə aktının “müştəri” qrafasının altında əl yazısı ilə “mühasib” qeydi aparılmışdır. Yəni o, baş mühasib kimi vəzifə təlimatına və müəssisə rəhbərinin göstərişlərinin qanuna uyğunluğunu yoxlayıb icra etmişdir. Mühasib qismində həmin aktı imzaladığı halda, sözügedən şifahi müqavilə üzrə ümumiyyətlə tərəf qismində çıxış etmir. Qeyd olunan əsaslara istinad edən Binəqədi Rayon Məhkəməsi (hakim Etibar Mustafayev) iddia tələbinin rədd edilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2725/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməsi, Binəqədi rayon məhkəməsinin 2(001)-4878/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5541/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2725/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq olunur ki, malların alqı-satqısı İddiaçı MMC ilə fiziki şəxs X3 arasında deyil, hüquqi şəxs Cavabdeh MMC arasında həyata keçirilmişdir. Alqı-satqının yekununda qalıq borcun dəqiqləşdirilməsi üçün tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə “təhvil-təslim və üzləşdirmə aktı” imzalanmışdır. xx.xx.2017-ci il tarixli akta əsasən Cavabdeh MMC-də mühasib vəzifəsində çalışan X3 müəssisənin İddiaçı MMC-yə 3.496,50 manat məbləğində qalıq bocunun olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4878/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı (MMC) X1 qarşı borcun qaytarılması tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2725/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. “X6” MMC və “Müştəri” Əliyeva R.Ə olmaqla tərtib edilmiş təhvil-təslim və üzləşdirmə aktına əsasən 25 avqust 2017-ci il tarixinə borc 3.496,5 manat qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatının bank hesabına 60 manat köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddia tələbi birbaşa sübutetmə yükü ilə bağlıdır. İddiaçı iddia tələbini təhvil-təslim və üzləşmə aktı və İddiaçı MMC ilə X3 arasında olmuş məhkəmə mübahisəsi ilə bağlı çıxarılmış qətnamə ilə əsaslandırmışdır. Qeyd olunan sənəd iddia tələbinin əsaslı olması üçün kifayət etmir. Məhkəməyə sübut qismində təqdim edilmiş qətnamələr isə "xxxx" MMC-nin "xxxx" MMC-yə alqı-satqı müqaviləsi üzrə borcunun yarandığını sübuta yetirmir. Əlavə olaraq məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən tərəflər arasında müqavilə razılığının olmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən rədd edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia rədd edildiyindən mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1745/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1745/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver