Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1752/2023 19.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2, cavabdehin nümayəndəsi X7, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, B-3 saylı müqaviləyə əsasən pulun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 01 mart 2022-ci il tarixli, B-3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı Müqaviləsinə 2 saylı əlavəyə əsasən cavabdehə ödənilmiş cəmi 15.340 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 01 mart 2022-ci il tarixli, B-3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən satıcı – yəni "xxxx" MMC proqramdan istifadə hüququ üçün Lisenziyanı slıcıya domen vasitəsi ilə şəxsi səhifəsinin, xüsusi ad və şifrənin yaradılmasını öz üzərinə götürmüşdür. Bildirirlər ki, 01 mart 2022-ci il tarixli B-3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı – satqı müqaviləsi üzrə alıcı, yəni İddiaçı MMC Müqaviləyə əlavə N-2 də göstərilən məbləği tam ödəməsinə baxmayaraq bu günədək satıcı – Cavabdeh MMC müqavilənin 4.1.1-ci bəndi ilə üzərinə düşən öhdəliyi icra etmir. Bildirirlər ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 01 mart 2022-ci il tarixli B-3 nömrəli "xxxx" BSM proqram təminatı üçün lisenziyanın alqı – satqı müqaviləsi bağlanılmışdır və bu müqavilənin 2, 4 və 7-ci bəndlərində əsasən öhdəlik və məsuliyyət daşıyır. Həmçinin B-3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən Cavabdeh MMC-yə proqramın təhvil verilməsi ilə yanaşı texniki tapşırıq da verilmişdir ki, həmin texniki tapşırığa əsasən Cavabdeh MMC öz üzərinə proqramın təhvil verilməsi ilə yanaşı həmin texniki tapşırıqda göstərilən bütün məsələlərin həmin proqramda əks olunmasına da təminat vermişdirlər, lakin bu günədək proqram onlara təhvil verilmədiyindən cavabdeh tərəfindən həmin 2 saylı əlavənin də şərtlərinə əməl edilməmiş, nəticədə müqavilədə göstərilən hüquqları tamamilə pozulmuşdur. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 01 mart 2022-ci il tarixli, B-3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsinə 2 saylı əlavəyə əsasən Cavabdeh MMC-yə 2 dəfəyə ödənilməklə 13.000 manat vəsait, 2.340 manat ƏDV (18%) ödənilmişdir. Bunlardan “Kapitalbank” vasitəsi ilə xx.xx.2022-ci il tarixli №OD1 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC-yə 6.500 manat məbləğində vəsait, köçürmənin aparılması barədə **********771014 saylı, xx.xx.2022-ci il tarixli bildirişə əsasən isə 1.170 manat məbləğində ƏDV ödənilmişdir. Həmçinin “Paşabank” vasitəsi ilə xx.xx.2022-ci il tarixli, #010İNT********** saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC-yə 6.500 manat məbləğində vəsait, Köçürmənin aparılması barədə **********299260 saylı, xx.xx.2022-ci il tarixli bildirişə əsasən isə 1.170 manat məbləğində ƏDV rüsumu ödənilmişdir. Həmçinin Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 01 mart 2022-ci il tarixli, B-3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı Müqaviləsinə 2 saylı əlavəyə əsasən tərəflərindən müqavilə üzrə ödənilməli olan 15.340 manat məbləğində vəsait ödənildikdən sonra, cavabdeh tərəfindən 30-45 gün ərzində “Cubics BMS” proqram təminatı təhvil verilməli idi. Lakin bu günədək onlar tərəfindən müqavilədə nəzərdə tutulan pul vəsaitinin cavabdehə ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən 30-45 gün ərzində onlara təhvil verilməli olan proqram hələ də təhvil verilməmiş, həmin müqavilədə və həmin əlavədə göstərilmiş şərtlərin heç biri yerinə yetirilməmiş, nəticədə İddiaçı MMCyə həm proqram təminatının təhvil verilməməsi səbəbindən, həm də Cavabdeh MMC-nin bank hesabına köçürülmüş pul məbləğinin geri qaytarılmaması səbəbindən maddi ziyan dəymişdir. Göründüyü kimi Cavabdeh MMC 01 mart 2022-ci il tarixli B-3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsi üzrə öhdəliklərini ümumiyyətlə icra etmədiyindən İddiaçı MMC zərərə uğramışdır. Belə ki, İddiaçı MMC sözügedən müqavilə üzrə öhdəliyini tam icra etmiş və Cavabdeh MMC-yə həmin müqavilə əsasında ödənişi həyata keçirmişdir. Lakin Cavabdeh MMC müqavilənin 2, 4 və 7-ci bəndlərinə riayət etmədiyindən həmin vəsaitin ödənilməsi və proqram təminatının əldə edilməməsi İddiaçı MMC-nin gündəlik iş ahənginin pozulmasına və bunun nəticəsində digər şirkətlərə müraciət etməsi və əlavə pul itkisi ilə üzləşməsinə səbəb olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim edərək, İddiaçı MMC-nin iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında 01 mart 2022-ci il tarixli, “B-3” saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən təqdim edilmiş texniki tapşırıq əsas götürülərək Cavabdeh MMC tərəfindən “Cubics BMS” proqram təminatı tam olaraq hazırlanmış və iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş fikirlər həqiqətə uyğun olmayan və təhrif edilmiş qeydlərdən ibarətdir. Belə ki, Cavabdeh MMC tərəfindən sifariş verilmiş proqram təminatının icrasına 01 mart 2022-ci il tarixində imzalanmış müqavilə tarixinə əsasən deyil, müqavilə şərtlərinə uyğun olaraq avans ödənişinin icrasından sonra, yəni, xx.xx.2022-ci il tarixindən etibarən başlanmışdır. “Cubics BMS” proqram təminatının icrasına 4 proqramçı heyəti ayrılmış, qəbul edilmiş öhdəlik üzrə İddiaçı MMC tərəfindən verilmiş tapşırığa əsasən yüksək keyfiyyətdə individual sistem hazırlanaraq İddiaçı şirkətinə təhvil verilmişdir. “Cubics BMS” proqram təminatı təhvil verildikdən sonra Cavabdeh MMC tərəfindən üzərinə götürdüyü öhdəlik üzrə İddiaçı MMC-ə, həmçinin şəxsən MMC-nin rəhbəri Rashad Chavgalova ayrıayrılıqda 5 dəfə (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022) müxtəlif vasitələrlə təlimlər keçirilmişdir. Təlimlər və görüşlər nəticəsində “Novator HRC" MMC tərəfindən proqram təminatı üçün yeni istəklər-tapşırıqlar verilmiş və bunun müqabilində bütün tapşırıqlar tərəflərindən icra olunmuşdur (surəti təqdim ediləcəkdir), 2022-ci ilin dekabr ayından etibarən isə, İddiaçı MMC tərəfindən faktiki istifadə etdikləri proqramın (bütün texniki tapşırıqlar və istəklərin imza edərək verdiklərinə baxmayaraq) onları qane etmədiyi bildirilmiş və ödənişi geri tələb etməyə başlamışlar. Bütün bunlara baxmayaraq tərələrindən İddiaçı MMC-ə göndərilən məktublarda və Mediasiya sessiyası zamanı proqram təminatının hansı sahədə onları qane etmədiyi dəfələrlə soruşulmuş, Cavabdeh MMC olaraq əlavə təlimlərin keçirilməsi təklif edilmişdir. Bütün təkliflərə "Novator HRC” MMC imtina ilə qarşılıq vermişdir. İddiaçı tərəfindən yazılmış iddia ərizəsində “Cubics Technology'’ MMC-nin öz öhdəliyini pozması və proqram təminatını təhvil vermədiyi qeyd edilmişdir. Halbuki tərəflərin təsdiq etdiyi “Cubics BMS” Proqram Təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsi № B-3 Əlavə-2" də yekun ödənişin (7670 manat) sistemin təhvili zamanı həyata keçiriləcəyi qeyd olunmuş (bu qeyd də iddia ərizəsində təhrif olunaraq göstərilmişdir) və bu qeyd rəhbər tutularaq proqram təminatı təhvil verildikdən sonra yekun ödəniş həyata keçirilmişdir. İddiaçı tərəfindən yazılmış iddia ərizəsində müqaviləyə edilmiş 2 saylı əlavənin şərti təhrif edilmiş, yekun ödəniş edildikdən 30-45 iş günü ərzində proqram təminatının təhvil veriləcəyi yazılmışdır. Halbuki, 2 saylı əlavədən də göründüyü kimi 30-45 iş günü müddətinin yekun ödənişlə heç bir əlaqəsi yoxdur və bu müddət proqram təminatının ümumi hazırlanaraq təhvil verilmə müddətini tənzimləyir. Cavabdeh MMC tərəfindən bu müddət də pozulmamış, xx.xx.2022-ci il tarixədək proqram təminatı təhvil verilmişdir. Proqram təminatı təhvil verildikdən sonra, müqaviləyə edilmiş 2 saylı əlavənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən yekun məbləğ ödənilmişdir. İddiaçı tərəfindən yazılmış iddia ərizəsində Cavabdeh MMC-nin bu günə qədər proqram təminatını təhvil vermədiyi, dolayısı ilə müqavilə öhdəliyini icra etmədiyi bildirilmişdir. Lakin mediasiya sessiyası zamanı iddiaçının nümayəndəsinə və telefon vasitəsi ilə birbaşa şirkətin rəhbərinə “proqram təminatı təhvil verilməmişdirsə, tərəfinizdən yekun məbləğ niyə ödənilmişdir?” sualı ünvanlansa da tutarlı cavab verə bilməmişlər. Eyni zamanda, keçirilən təlimlərdə (videoyazı mövcuddur) iddiaçı tərəfindən əlavə tapşırıqlar verildiyi, proqramı istifadə etdikləri açıq şəkildə bildirilmişdir (şahidlərlə bağlı tərəflərindən vəsatət veriləcəkdir). İddiaçı tərəf, həmçinin ilkin mediasiya sessiyası üçün ödədikləri 200 manat həcmində mediasiya xərcini də cavabdehdən tələb etmişdir. Məlumat üçün bildirir ki, ilkin mediasiya zamanı tam mediasiyadan və barışıq sazişi ilə bağlı müzakirədən məhz iddiaçı tərəf imtina etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" MMC cavabdehin nümayəndəsi və vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş iddiaya qarşı etiraza dair yazılı mülahizə (ərizə) verərək qeyd etmişdir ki, təqdim edilmiş etiraz tamamilə əsassızdır və özünümüdafiə xarakteri daşıyır. Belə ki, cavabdehin vəkilinin təqdim etdiyi etirazda xüsusilə vurğuladığı iki məsələ, guya mediasiya zamanı İddiaçı MMC-nin proqramın qane etməməsini göstərməsi və cavabdehin əlavə təlimlərin keçirilməsi ilə bağlı təkliflərinə imtina etmələri, digər məsələ isə sözügedən müqavilənin 2 saylı əlavəsində göstərilən məbləğin proqram təminatının həyata keçirilməsi səbəbindən iddiaçı tərəfindən ödənilməsi tamamilə uydurmadır və əsassızdır. Birincisi, mediasiya zamanı İddiaçı MMC-nin hansı proqramın qane etməməsi və cavabdehin əlavə təlimlərin keçirilməsi ilə bağlı təklif verməsi onsuz da sözügedən proqram təminatının icra edilməməsi səbəbindən maddi və işgüzar nüfuzu ilə bağlı ziyanla üz-üzə qalmış şirkətlərinin ğtələbinə cavab vermir. İkincisi, İddiaçı MMC qeyd olunan müqavilə üzrə birtərəfli qaydada öhdəliklərini tam icra etdiyi halda, Cavabdeh MMC müqaviləyə əsasən satdığı proqram təminatını və müqavilənin 2, 4 və 7-ci bəndləri ilə üzərinə düşən öhdəliklərini bilərəkdən icra etmədiyini guya ki, İddiaçı MMC-nin ödənişi etməsini öz işlərinin icrası kimi qələmə verməklə bir başa etdikləri məsuliyyətsizlikləri pərdələməyə çalışmışdır. Lakin bir daha xatırladırlar ki, İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsində və həmin iddia ərizəsinə əlavə olunmuş sənədlərlə tam sübut olunur ki, Cavabdeh MMC yuxarıda qeyd olunmuş müqavilənin 4.1.1 bəndi ilə üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, müqavilənin 4.1.1-ci bəndinə əsasən alıcıya proqramdan istifadə üçün lisenziyanı bu müqavilənin şərtlərinə əsasən ödəniş olunduğu təqdirdə təqdim etmək öhdəliyi birmənalı olaraq Cavabdeh MMC-nin üzərinə düşür. Göründüyü kimi Cavabdeh MMC müqavilənin sözügedən şərtini kobud şəkildə pozmuşdur və hətta proqramın rəsmi təhvil-təslim olunmasının da həyata keçirilməsi üçün hər hansı addım atmamışdır. Həmçinin, təkrarən bildirirlər ki, "xxxx" MMC proqram təminatı ilə bağlı İddiaçı MMC tərəfindən ilkin pul vəsaitinin ödənilməsindən sonra 30-45 gün ərzində B-3 nömrəli “Cubics BMS” proqram təminatını iddiaçıya (onlara) təhvil verilməli idi. Digər tərəfdən bildirirlər ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən proqram təminatının təmin edilməməsi nəticəsində İddiaçı MMC artıq mövcud fəaliyyətini normal ofis rejimində davam etdirə bilməyəcəyi təhlükəsi ilə üz-üzə qalmış və bu səbəbdən də oxşar proqram təminatının əldə edilməsi zərurətini nəzərə alaraq 22 noyabr 2022-ci il tarixdə başqa bir şirkətlə müqavilə imzalamaq məcburiyyətində qalmışdır. Bunun nəticəsində İddiaçı MMC ciddi maliyyə çətinliyi ilə qarşılaşmışdır. Yuxarıda qeyd olunan halların məhkəməyə təqdim edilmiş etirazda bilərəkdən vəkil tərəfindən təhrif olunması və başqa cür pərdələnməsi yolverilməzdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 150-ci, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, eləcə də 01 mart 2022-ci il tarixli, B-3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsinin 2, 4 və 7-ci bəndlərinin tələblərinə əsaslanaraq məhkəmədən e-2-2(113)-1752/2023 saylı iş üzrə İddiaçı MMC-nin iddia tələbinin təmin olunması ilə bağlı qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə və verilmiş iddiaya qarşı etiraza dair yazılı mülahizə ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə1 izahatında həmçinin bildirmişdir ki, elektron yazışmalardan bəlli olur ki, təlim POS-dan – satış sistemindən istifadə ilə bağlı olmuşdur. Yazışmalardan görünür ki, proqramın təhvil verilməsi nəzərdə tutulduğu tarixdən sonra tərəflərindən istifadə ilə bağlı suallar qoyulub. Həmin suallar texniki tapşırığın 22-ci bəndində qeyd edilən məsələlər ilə bağlı idi. Yazışmalarda və ya hər hansı bir sübutda proqramın tam təhvil verilməsi faktı yer almır. Qarşı tərəf mövcud olduğunu qeyd etdiyi proqramın tam hazır versiyasını təqdim etməli idi. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən onlara texniki tapşırığa cavab verən proqram təhvil verilməyib. Ona verilən məlumata görə sistem tam hazırlanmayıb, tələb edilən keyfiyyətdə olmayıb. Hazırda istifadə etdikləri sistemi başqa şirkət hazırlayıb. Başqa şirkət ilə bağladıqları müqaviləni kommersiya sirri olması səbəbilə təqdim etmir. Sonuncu dəfə xidmət haqqı onlara sistemin hazırlanmasının davam etməsi və cavabdehin proqramın üzərində işləməyə davam etmələri ilə bağlı ödənilib. Şirkətləri təmizlik avadanlıqlarının satışı ilə məşğul olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə və verilmiş iddiaya qarşı etiraza dair yazılı mülahizə ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə2 izahatında həmçinin bildirmişdir ki, cavabdeh onlara tam hazır proqram təhvil verməyib. Belə olan halda təhvil-təslim aktı tərtib edilərdi. Qarşı tərəf qeyd edir ki, şirkətin rəhbəri proqrama daxil olub və bununla bağlı sənəd təqdim edib. Nəzərə çatdırır ki, şirkətlərində 15-20 nəfər çalışır. Həmin şəxslərin sistemə daxil olması ilə bağlı sübutlar yoxdur. Rəhbər proqrama onun texniki tapşırığa cavab verib-verməməsini yoxlamaq üçün daxil olmuşdur. Əgər proqramdan istifadə etmişlərsə, cavabdeh real satışları əks etdirən sənədləri təqdim etsinlər. Proqramdakı problem onunla bağlı idi ki, proqram texniki tapşırığın 22-ci bəndinə cavab vermirdi. Cavabdehin yaratdığı proqramdakı çatışmamazlığa görə, endirimdə olmayan məhsullar endirimdə olan mallar kimi göstərilirdi, bu da qısa müddət ərzində onları maddi ziyana salacaqdı. Onlar müştərilərə nümunə məhsul göndərirlər və bunun qeydiyyatını aparmalı idi. Sistemdə hansı satıcının hansı müştəriyə mal satdığı və bunun nəticəsi göstərilməli idi. Eyni zamanda mal qalığı səhv göstərilirdi. 03 iyunda proqram təhvil verilməli idi. Lakin onlar humanistlik göstərib cavabdehə vaxt vermişlər. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, proqramların hazırlanması üzrə bağlanılan müqavilələrə texniki tapşırıq əlavə edilir. Tapşırığın bir bəndinə belə riayət edilməsə şirkətə xeyli ziyan dəyə bilər. Qüsurlar barədə qarşı tərəf məlumatlı idi. Hər təlimin sonunda cavabdeh qüsurlar barədə siyahı tərtib edirdi. Yəni sifahi olaraq bildirilmişdi. Ödənişin edilmə səbəbi isə ondan ibarətdir ki, müqavilənin şərtinə görə ödəniş edildikdən sonra proqram göndərilir. Danışıqların ardıcıllığına baxsalar görərlər ki, proqramda qüsurlar olduğunu cavabdeh tərəf özləri qeyd edirlər. Cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyib, iddiaya qarşı verilmiş etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Vəkil izahatında həmçinin bildirmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 01 mart 2022-ci il tarixli, "B- 3" saylı müqavilə imzalanmışdır. İddiaçının tələbinə əsasən individual sistem yaradılmışdır. Yaradılmış sistem ilə bağlı 5 dəfə təlim keçirirlib. 2022-ci ilin dekabr ayından isə iddiaçı şirkət yaradılmış sistemin onları qane etmədiyini bildirirdi. Mediasiya sessiyasında və ondan əvvəl dəfələrlə sistemin dəyişdirilməsini tələb etdikləri hissələri ilə bağlı sual ünvanlamışlar, lakin iddiaçı cavab verməyib. Təlimlərin keçirilməsi ilə bağlı görüntülü səs yazıları var. Eyni zamanda bu məsələ ilə bağlı onların şirkətin mütəxəssisləri şahid kimi və ya nümayəndə kimi dindirilə bilərlər. İddiaçı proqramdan razı deyildirsə iyun ayında ödəniş etmədən əvvəl bildirərdi. İddiaçı MMC tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş vatsap səs yazısında bəhs edilən və tamamlanması soruşulan “task”lar və əlavə qeydlərin proqrama daxil edilməsi funksiyası texniki tapşırıqda olmayan, iddiaçının özü tərəfindən icra edilməli olan əməliyyatlardır. Lakin, şirkətlər arasında olan dostluq münasibətləri və cavabdeh tərəfindən köməklik və dəstək kimi xoş niyyətlərin sərgilənməsi məqsədi ilə bu kimi əməliyyatları da "xxxx" MMC-nin əməkdaşları icra etmişdir. Müəssisələr arasında olmuş yaxşı münasibətlərə arxayın olan cavabdeh müəssisənin əməkdaşları inam və etibara güvənərək hansısa bir təhvil-təslim aktını imzalatmağa ehtiyac görməmiş, bəlkə də yeganə səhvləri bu xoş niyyətləri olmuşdur. İddiaçı heç vaxt proqram ilə bağlı olan problemlər barədə məlumat verməyib. Eyni zamanda, tərəflərindən iddiaçıya dəfələrlə müstəqil ekspertin dəvət edilməsini, müqavilədə qeyd edilmiş texniki tapşırıqlara əsasən proqram təminatının hazır olmasını və işləməsini müzakirə etmək, hətta əlavə istəkləri varsa onun da əlavə edilməsini və yeni təlimlərin keçirilməsi təklif edilsə də, qarşı tərəf bundan imtina etmişdir. Təqdim etdikləri sənədlərin iddiaçının qanuni təmsilçinin sənədlərdə qeyd edilən əməliyyatları icra etdiyini sübuta yetirir. Cavabdehin nümayəndəsi X12 iddia tələbini qəbul etməyib, iddia tələbinə etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. C.Əliyev izahatında həmçinin bildirmişdir ki, onlar proqramı iddiaçıya iyun və ya iyul ayında təhvil vermişlər. Daha sonra dekabr ayında iddiaçı bildirdi ki, ödədikləri pul vəsaitini geri istəyirlər və proqram onların tələblərinə uyğun deyil. Onlar da iddiaçıya işçilərinə təlim keçirilməsi ilə bağlı nümayəndələrinin göndərəcəklərini bildirdilər, razılıq əldə edildi, lakin sonradan öyrəndilər ki, iddiaçı artıq başqa şirkət ilə müqavilə bağlayıb. Onlar iddiaçı şirkətin qanuni təmsilçisinin proqramdan istifadə etməsi, proqrama daxil olması barədə sübutları var. C.Əliyev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, proqram təminatı bulud formatıdır. Yəni proqram bulud adlı formata yerləşdirilir. Bir növ proqram elə bir yerə yerləşdirilir ki, istifadəçi ona konkret kompyuterdə deyil, istənilən yerdə daxil ola bilər. İşgüzar adətlərə uyğun olaraq proqram hazır olduqdan sonra müştəriyə məlumat verirlər və təlim keçirilir. Təlimdə bütün texniki tapşırıqda olan məsələlər yer alıb. Həmin təlimdə bütün məsələlər izah edilib. Proqram indi də buluddadır. İstənilən vaxt proqrama daxil olub baxış keçirmək olar. Təlim proqram təminatının istifadəsi ilə bağlı idi. Onlar proqramı iyun və iyul ayında təhvil vermişlər. Proqramı təhvil vermələrini onunla sübuta yetirirlər ki, proqramı təhvil verməsinə iddiaçı yekun ödəniş etməzdi. Eyni zamanda qanuni təmsilçinin proqramdan istifadə etməsi ilə bağlı sübutları var. Texniki tapşırığın 22-ci bəndinə əsasən proqramda göstərilməli olan məhsul nümunəsi hissəsi proqramda mövcuddur. İstənilən vaxt göstərə bilərlər. POS sistemi satış sistemi deməkdir. Nümunə anbar uçotudur. Nomenklaturanı təlim videosunda da göstərə bilərlər. Cubic POS proqram təminatının adıdır. Texniki tapşırıqda olan hər bir tapşırığın təlimi olub. İyun ayından sonra onlara olan müraciətlər proqramın təhvil verildikdən sonra yaranan suallardır. Əlavə qeydlər olduğu zaman onlar müştərilərə etiraz etmirlər. Belə olan halda, tapşırıq siyahısı tərtib edirlər və qarşı tərəfə göndərirlər. Təlim sadəcə bir hissə ilə bağlı olmayıb. Hər bir funksiyanın izahı təlim formasında izah edilib. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında 01 mart 2022-ci il tarixdə “Cubics BMS” Proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə görə: Proqram-Cubics BMS əsas və yardımçı modullardan ibarət link formasında çalışan proqram təminatıdır. Proqram təminatı tətbiq vəziyyətində xidmət kimi təqdim edilir. Lisenziya –proqram istifadəçisinə proqramı aktiv etməyə və istifadə etmək hüququ verən simvol dəsti (istifadəçi adı və şifrə). 2-ci bəndinə əsasən satıcı proqramdan istifadə hüququ üçün lisenziyanı alıcıya domen vasitəsi ilə şəxsi səhifəsinin, xüsusi ad və şifrənin yaradılmasını öz öhdəsinə götürür, alıcı isə proqramdan istifadəsi üçün lisenziyanın dəyərinin və xidmət haqqının ödənişinin müqavilənin şərtlərinə uyğun həyata keçirməyi öhdəsinə götürür. 4.1.1-ci bəndinə əsasən alıcıya proqramdan istifadə üçün lisenziyanı bu müqavilənin şərtlərinə əsasən ödəniş olunduğu təqdirdə təqdim etmək satıcının öhdəliyidir. 4.4.2-ci bəndinə əsasən müqaviləyə əsasən edilmiş ödənişlər müqabilində satıcıdan müqavilə üzrə xidmətlərin göstərilməsini tələb etmək alıcının və proqram istifadəçisinin hüququdur. 5-ci bəndinə əsasən hazırkı müqavilə üzrə təqdim edilən xidmətlərinin qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Tariflər'” (Əlavə 2) ilə müəyyən edilir və bu müqavilə müddəti ərzində etibarlı sayılır. “Tariflər” (Əlavə 2) öz əksini tapmış şərt və müddəalara əsasən müəyyən edilmiş Lisenziyanın dəyəri təqdim edilmiş hesab-fakturaya əsasən 5 (beş) iş günü ərzində satıcının bank hesabına ödənilir. 6.1-ci bəndinə əsasən müqavilə iki tərəfdən imzalandığı və alıcı tərəfindən avans ödənişi həyata keçdiyi andan qüvvəyə minir. 7-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış “Cubics BMS” Proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsinə B-3 nömrəli 1 saylı əlavəsindən görünür ki, əlavəyə əsasən Cavabdeh MMC və İddiaçı MMC “Cubics BMS” Proqram təminatı ilə bağlı texniki tapşırıqlar barədə razılığa gəlmişlər. Texniki tapşırığın 22-ci bəndinə əsasən proqramda “məhsul nümunəsi” adlanan bölüm olmalı və həmin bölümdə tarix, müştəri adı, satış meneceri, miqdarı, statusu kimi məlumatların qeydə alınması imkanı olmadır. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış “Cubics BMS” Proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsinə B-3 nömrəli 2 saylı əlavəsindən (tariflərdən) görünür ki, əlavəyə əsasən Cavabdeh MMC-nin alıcı İddiaçı MMC-yə təhvil veriləcək “Cubics BMS” proqram təminatının dəyəri 15.340 manat (13.000 manat+2.340 manat ƏDV), “Cubics BMS” proqram təminatının texniki dəstəyinin (illik) dəyəri 1.534 manat (1.300 manat+234 manat ƏDV) təşkil edir. 1-ci ödəniş 7.670 manat, yekun ödəniş 7.670 manat (sistemin satıcı tərəfindən təhvili zamanı) olacaq. Qeyd: “Cubics BMS” proqram təminatı 30-45 iş günü ərzində təhvil veriləcək. Əlavə 2 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilən xx.xx.2022-ci il tarixli, 14/2022 nömrəli hesab-fakturadan (invoice) görünür ki, həmin hesab-faktura əsasında BMS proqram təminatının avans ödənişinin ümumi dəyəri 7.670 manat (6.500 manat+1.170 manat ƏDV) təşkil edir. Cavabdeh MMC tərəfindən Cubics BMS proqram təminatına dair (1.170 manat ƏDV daxil) cəmi 7.670 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 869071 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 6.500 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli B-3 nömrəli müqavilə və 14/2022 hesab nömrəsi üzrə EBBS seriyalı, 869071 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli B-3 nömrəli müqavilə və 14/2022 hesab nömrəsi üzrə EBBS seriyalı, 869071 nömrəli elektron qaiməyə əsasən 1.170 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilən xx.xx.2022-ci il tarixli, 35/2022 nömrəli hesab-fakturadan (invoice) görünür ki, həmin hesab-faktura əsasında BMS proqram təminatının avans ödənişinin ümumi dəyəri 7.670 manat (6.500 manat+1.170 manat ƏDV) təşkil edir. Cavabdeh MMC tərəfindən Cubics BMS proqram təminatına dair (1.170 manat ƏDV daxil) cəmi 7.670 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 262932 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli #010İNT********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 6.500 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli B-3 nömrəli müqavilə və 35/2022 hesab nömrəsi üzrə EBBZ seriyalı, 262932 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən Cavabdeh MMC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli B-3 nömrəli müqavilə və 35/2022 hesab nömrəsi üzrə EBBZ seriyalı, 262932 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1.170 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Novator şirkəti tərəfindən verilmiş (o cümlədən xx.xx.2022-ci il tarixli) qeydlərdən görünür ki, Cubics tərəfindən siyahı üzrə müxtəlif tapşırıqlar hazır vəziyyətə gətirilmişdir. X11 (project owner) və Mircəlal Mövsümov (project owner) tərəfindən imzalanmışdır. "xxxx" MMC şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01-05/23 nömrəli arayışdan görünür ki, həqiqətən də xx.xx.2022-ci il tarixdə İddiaçı MMC biznesin idarə edilməsi üçün "xxxx" MMC şirkətinin təklif etdiyi Prospect platformasını sifariş etmiş və xx.xx.2022-ci ildən etibarən İddiaçı MMC təhvil alaraq istifadə etməyə başlamışdır. Münasibətlər xx.xx.2022-ci il tarixində bağlanmış 141/22 nömrəli müqavilə ilə tənzimlənir. Məhkəmə iclasında proqram təminatına keçirilən baxış zamanı proqram təminatı vasitəsilə endirimli satış qaiməsinin hazırlanması prosesi göstərilmiş, “məhsul nümunəsi” bölməsi nümayiş olunmuş, eləcə də məhsul nümunəsi şablonunun iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsinə göndərilməsini təsdiq edən məktub və əlavəsi göstərilmişdir. Məhkəmə iclasında iş materiallarında olan "xxxx" yazışmaları və "xxxx" səsli danışıqların qeyd edildiyi flash-diskə və DVD RW diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə Cavabdeh MMC ilə (Jalil Aliyev) İddiaçı MMC arasında (Elektron ünvan ) aparılmış “e-mail” yazışmaları əsasında mailto:rashad@novatorhrc.comElektron ünvan email ünvanına təlim videoları və səs yazıları göndərilmiş, “Rashad Novator” adlı "xxxx" istifadəçisi (iddiaçı MMC-nin direktoru Çavqalov Rəşad) ilə “Jalil B.Cubics” adlı "xxxx" istifadəçisi (cavabdehin nümayəndəsi Əliyev Cəlil), “Mircelal Cubics” adlı "xxxx" istifadəçisi (cavabdeh MMC-nin əməkdaşı Mircəlal Mövsümov) arasında aparılan "xxxx" yazışmalarında xx.xx.2022-ci il tarixdə X8 Çavqalova tapşırıq siyahısı üzrə əlavə qeydlər (X13 adlı fayl) göndərmiş, xx.xx.2022-ci il tarixdə X8 Çavqalova sistem üçün lazım olan məlumatların (işçilərin siyahısı, müştəri bazası və məhsul bazasını) excel faylda göndərilməsini xahiş etmiş və Rəşad Çavqalov “əməkdaşlar.xlsx” və “nomenklatura.xlsx” adlı faylları Mircəlal Mövsümova göndərmiş, xx.xx.2022-ci il tarixdə X9 Mövsümova müraciət edərək, nə vaxt başlayacaqlarını soruşmuşdur. "xxxx" vasitəsilə ilə aparılan danışıqlarında isə xx.xx.2022-ci il tarixində X8 Çavqalova taskların bitirildiyini, 1-2 məsələ qaldığını, sabah səhər əlaqə saxlayıb danışacaqlarını bildirmiş, xx.xx.2022-ci il tarixində isə X8 Çavqalova sistemin hazır olduğunu, sistemin onlar tərəfindən hazırlandığını, Rəşad Çavqalov tərəfindən göndərilən excel faylları üzrə işçilərin, partnyorların və məhsulların siyahısnın sistemə idxal olunduğunu, yalnız son tarixə əsasən partnyor borcları və məhsulun son tarixə stock sayı sistemə əlavə olunmalı olmasını, həmin məsələlərin (son tarixə əsasən partnyor borcları və məhsulun son tarixə stock sayı) sistemə əlavə olunması ilə bağlı həftənin axırına Fazil bəylə danışmasını və bir daha sistemin tam hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında iş materiallarında olan DVD-R diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə Rəşad Çavqalova və İddiaçı MMC-nin digər əməkdaşına “Cubics BMS” Proqram təminatı sistemi barədə meet.google.com portalı üzərindən online-video təlim keçirilmişdir. İddiaçı MMC xx.xx.2022-ci il tarixdə pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, borcun ödənilməsini tələb etmişdir. X1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o Cavabdeh MMC-də texniki dəstək şöbəsində çalışır. O iddiaçı şirkət üçün proqram təminatının hazırlanması prosesində iştirak etmişdir. Proqramın icrası normal qaydada gedirdi. İyul ayında təlim keçirilmişdi. Proqramın kodu direktora təhvil verilmişdi. Daha sonra iddiaçının əlavə sualları ilə bağlı qeydləri olurdu. Bir neçə dəfə təlim keçirilib. Birinci təlim iyun ayında olub. X1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, təlimlərin sayının çox olmasının səbəbi müştərinin tələbi idi. Suallarının izahı ilə bağlı təlim keçirilirdi. Texniki tapşırıqdan kənar olan qeydlər əsasında düzəlişlər edirdilər. Texniki tapşırıqda olan bütün qeydlər yerinə yetirilib. Məhsul nümunəsi məhsullar hissəsində yuxarı tabda var. Bu bölmə məhsulların satışı ilə bağlıdır. Orada məhsulun çəkisi, statusu göstərilir. Məhsul nümunəsinin excell faylı sentyabr ayının 5-i onun elektron poçt ünvanına göndərilib. Fayl məhsulunun strukturunun izahı ilə bağlı idi. Onlara fayl daxil olduqdan sonra 1-2 gün ərzində idxal edirlər. İdxal etdikdən sonra hər hansı problem olmamalı idi. Çünki müştəri ilə razılaşmışdılar, onların müştəri bazasında əvvəldən yaranmış borclar var idi, onların sistemlərində borc yaranması üçün satış etmək lazım idi. İddiaçı xahiş etdi ki, həmin borclar əvvəldən yaranmış borc kimi sistemdə görünsün. Onlar da direktora təklif etdilər ki, proqrama əlavə funksionalıq əlavə etsinlər və əvvəlki borclular ilkin borclu kimi qeydə alınsın. Bu funksionalıq bir həftə ərzində sistemə əlavə edildi. Daha sonra uzun müddət əlaqə olmadı. Sonradan hər hansı problem olmadı. Qeydlər olanda elektron qaydada cavablandırırdılar. 14 iyunda direktora proqramın kodu təqdim edildi. Lakin təlimlərin çox olması səbəbi müştərinin suallarının olması idi. Şahid X6 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-də layihə rəhbəri vəzifəsində çalışır. İddiaçı şirkət üçün proqram təminatının hazırlanması prosesində və təlimlərdə iştirak etmişdir. Şahid X6 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Proqram təminatı yay aylarının ortalarında hazır edilmişdi. Lakin sonradan qeydlər olduğu üçün proqrama əlavələr edirdilər. “Məhsul nümunəsi”nə dəyişiklik edilmişdir, yeni funksionallıq əlavə edilmişdi və s. Proqram hazırlanması sahəsində iş qaydası budur. Müştərinin sonradan istəkləri yaranır və onlar buna uyğun dəyişiklik edirlər. Bu qeydlər texniki tapşırıqdan kənar olur. Bu mübahisədə iddiaçının narazılığı yox idi. Əlavə tələbləri var idi. Məhsul nümunəsi sentyabr ayında təhvil verilmişdi. Hazırda da sistemdə göstərə bilər. Onlara problem olması ilə bağlı müraciət edilməyib. Ümumiyyətlə, iddiaçının sistemdən aktiv istifadə etməsini görmədilər. Lisenziya, şifrə iddiaçıya təqdim edilib. İşə başlamaq üçün proqram hazır idi. Məhsul nümunəsi və qaimə ilə bağlı nasazlıq aradan qaldırılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında 01 mart 2022-ci il tarixdə “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı proqramdan istifadə hüququ üçün lisenziyanı alıcıya domen vasitəsi ilə şəxsi səhifəsinin, xüsusi ad və şifrənin yaradılmasını öz öhdəsinə götürmüş, alıcı isə proqramdan istifadəsi üçün lisenziyanın dəyərinin və xidmət haqqının ödənişinin müqavilənin şərtlərinə uyğun həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ƏDV daxil 7670 manat məbləğində ilkin ödəniş və xx.xx.2022-ci il tarixdə 7670 manat yekun ödəniş edilmişdir. Hazırda iddiaçı sözügedən müqaviləyə əsasən cavabdeh tərəfindən hazırlanmalı və təqdim edilməli olan proqram təminatının və lisenziyanın onlara təhvil verilmədiyini əsas göstərərək müqavilə üzrə ödədiyi ƏDV daxil 15.340 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb edir. Cavabdeh isə proqram təminatı və lisenziyanın iddiaçıya təhvil verildiyini, bundan sonra tərəflərindən bir neçə dəfə proqram təminatından istifadə ilə bağlı təlim keçirildiyini, lakin 2022-ci ilin dekabrında iddiaçının proqram təminatının onları qane etmədiyini bildirdiyini və təlim keçirilməsindən imtina etdiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilməli olan mübahisəli hal cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq proqram təminatının hazırlanıbhazırlanması və lisenziyanın iddiaçının təqdim edilib-edilməməsindən ibarətdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə və həmin müqaviləyə “Tariflər” adlı 2 saylı əlavədə ödəniş şərtləri müəyyən edilmiş və həmin şərtlərdə proqram təminatının və lisenziyanın dəyəri olan 15.340 manat məbləğində pul vəsaitinin birinci yarısının ilkin ödəniş kimi proqram təminatı təqdim edilənədək, yekun ödənişin isə proqram təminatı təhvil verilən zaman ödənilməsi və yekun ödənişdən sonra iddiaçıya proqramdan istifadə etmək üçün lisenziya (yəni müqaviləyə əsasən istifadəçi adı və şifrənin) təqdim edilməli olması nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçının xx.xx.2022-ci ildə ilkin ödənişi etdikdən sonra xx.xx.2022-ci il tarixdə yekun ödənişi də həyata keçirməsi proqram təminatının iddiaçıya təqdim edilməsinə dəlalət edən hallardandır. İkincisi, yuxarıda qeyd edildiyi kimi müqavilə şərtlərində proqram təminatı təhvil verildikdən və ödəniş edildikdən sonra lisenziyanın (yəni istifadəçi adı və şifrənin) təqdim edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş proqramdan skrinşotlardan görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq proqramda Rəşad Cavqalov (iddiaçının qanuni təmsilçisi) adlı istifadəçi yaradılmış və sonuncu həmin proqramda müəyyən əməliyyatları həyata keçirmişdir. Beləliklə, sözügedən skrinşotlar da xx.xx.2022-ci il tarixdə iddiaçıya istifadəçi adı və şifrənin (lisenziyanın) verilməsini və belə olan halda proqram təminatının həmin tarixdən əvvəl təqdim edilməsini təsdiq edir. Proqram təminatının təqdim edilməsinin ehtimal edildiyi tarixdən - xx.xx.2022-ci il tarixdən sonra cavabdeh tərəfindən proqramla bağlı dəfələrlə iddiaçının işçilərinə təlimlərin keçirilməsi, göstərilən halın proqramın təqdim edilməməsinə dəlalət etməsi barədə iddiaçının istinad etdiyi dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, proqramdan istifadə ilə bağlı təlim keçirilməsi proqramın hazır olması və təhvil verilməsi faktını istisna etmir. Əksinə mövcud olmayan proqramın işlədilməsi qaydası barədə təlimlərin aparılması inandırıcı görünmür. xx.xx.2022-ci il tarixdən sonra proqram təminatında mövcud çatışmazlıqların üzərində işlənilməsi barədə tərəflər arasında yazışmaların mövcudluğu, eləcə də təlim videolarından da proqramda qüsurların mövcud olmasının görünməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, göstərilən sənəd və videolar proqram təminatının təqdim edilməməsini deyil, təqdim edilmiş proqram təminatında qüsurların mövcud olmasını və yaxud da iddiaçının proqramla bağlı əlavə qeydlərin (tapşırıqların) olmasını təsdiq edən sübutlar qismində qəbul edilə bilər. Cavabdeh tərəfindən təqdim edilmiş proqram təminatının test versiyası (beta versiya) olması, yekun versiyanın isə təqdim edilməməsi barədə iddiaçının dəlillərinə gəldikdə isə iddiaçı həmin dəlillərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, bundan əlavə müqavilədən və təqdim edilmiş yazışmalardan iddiaçıya əvvəl proqramın test versiyasının, sonra isə yekun versiyasının təqdim edilməli olması, eləcə də iddiaçının istifadə etdiyi proqramın test versiyası olması müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində ilkin olaraq mübahisəli proqramın ümumiyyətlə təqdim edilməməsinə istinad etsə də, sonradan proqramın lazımi keyfiyyətdə olmamasına, texniki tapşırığa cavab verməməsinə, qüsurların mövcud olmasına, qüsurların gec aradan qaldırılmasına da istinad etmişdir. O cümlədən, iddiaçının nümayəndələri məhkəmə iclasında mübahisəli proqramın texniki tapşırığa uyğun olubolmaması ilə bağlı məhkəmə ekspertizasının keçirilməsinə zərurətin olmadığını bildirmiş, və mövqeyini onunla əsaslandırmışdır ki, proqram hazırda texniki tapşırığa uyğun olsa belə, müqavilədə müəyyən edilmiş müddətdə texniki tapşırığa uyğun şəkildə hazır olmamış və təhvil verilməmişdir. Göstərilən dəlillərlə bağlı ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi adlandırılsa da, müqavilənin predmetini hazır malın (proqram təminatının və lisenziyasının) təqdim edilməsi deyil, texniki tapşırığa uyğun proqram təminatının hazırlanması, həmin proqramın lisenziyasının təhvil verilməsi (istifadəçi adı və şifrəmnin yaradılması) və sonradan proqram təminatının texniki dəstəyinin göstərilməsi təşkil etdiyindən həmin müqavilə xidmət (proqramın texniki şərtlərə uyğun hazırlanması və texniki xidmət göstərilməsi) və alqı-satqı (lisenziyanın təqdim edilməsi) müqavilələrinin ünsürlərini birləşdirən qarışıq müqavilədir. Mülki Məcəllənin 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Odur ki, müqavilənin texniki tapşırığa uyğun proqram təminatının (şəxsi səhifənin) hazırlanması və eləcə də hazırlanmış proqram təminatında mövcud qüsurların aradan qaldırılması hissəsinə analogiya üzrə xidmət müqaviləsinə yaxın olan podrat müqaviləsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin: 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə görə əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 766-cı maddəsinə görə sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Göründüyü kimi qanunverici görülmüş işlərdə qüsur aşkar edildikdə sifarişçi tərəfindən həmin qüsurların icrası barədə əlavə müddət verilməli olmasını və yalnız həmin müddət ərzində qüsurlar aradan qaldırılmadıqda sifarişçinin qüsuru özü aradan qaldırmaq, və ya muzdu azaltmaq və yaxud da müqavilədən imtina etmək hüququna malik olmasını müəyyən etmişdir. Hazırkı halda, birincisi, mübahisəli proqram təminatı təqdim edildikdən sonra üzərində işlənilən tapşırıqların proqramda qüsurla, yəni proqramın texniki tapşırığa və ya müqavilədə göstərilən keyfiyyətə cavab verməməsi bağlı olması müəyyən edilmir. Əksinə iş materiallarına əlavə edilmiş proqramla bağlı cavabdeh tərəfindən müxtəlif tarixlərdə verilmiş qeydlərın siyahılarına nəzər saldıqda aydın olur ki, həmin qeydlər texniki tapşırıqda əks olunmamış əlavə tapşırıqlardır. İkincisi, tərəflər arasında yazışmalarda da proqram təminatında məhz qüsurların olması və həmin qüsurlarla bağlı cavabdehə irad bildirilməsi və qüsurların aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə əsasən əlavə vaxt verilməsi və s. müəyyən edilmir. Bununla yanaşı əlavə tapşırıqların məhz proqram təminatında qüsurların mövcud olması ilə bağlı olmasını ehtimal etsək belə iddiaçının həmin əsasla müqavilədən imtina edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilməsi, yəni qüsurlar barədə cavabdehə xəbər verməklə onların aradan qaldırılması üçün konkret vaxt verməsi, sonradan həmin vaxt ərzində qüsurlar aradan qaldırılmadığı təqdirdə müqavilədən imtina etdiyini bildirməsi iş materialları ilə öz təsdiqini tapmır. Əksinə iş materiallarında olan tərəflər arasında sonuncu yazışma xx.xx.2022-ci il tarixdə təlim keçirilməsi ilə bağlı olmuş və həmin yazışmada iddiaçı tərəfindən cavabdeh tərəfə proqramda qüsurların mövcud olması, həmin qüsurların aradan qaldırılmalı olması və yaxud qüsurların vaxtında aradan qaldırılmaması səbəbindən müqavilədən imtina edilməsi və ümumiyyətlə müqavilə üzrə görülmüş işin iddiaçını qane etməməsini bildirilməmişdir. İddiaçı yalnız xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək müqavilə üzrə öhdəliklərini ümumiyyətlə icra edilməməsi əsası ilə ödənişin geri qaytarılmasını tələb etmişdir. Bununla bağlı məhkəmə xüsusilə onu qeyd edir ki, görülmüş işdə qüsurlarla bağlı podrat müqavilələrindən imtina etməkdən əvvəl həmin qüsurların aradan qaldırılması üçün podratçıya imkan yaradılmasının zəruriliyi həmin müqavilənin xarakterik xüsusiyyətləri ilə bağlıdır. Belə ki, alqı-satqı müqaviləsindən fərqli olaraq podrat (xidmət) müqaviləsində işlər (xidmətlər) sifarişçinin sifarişinə əsasən xüsusi olaraq sifarişçi üçün görülür (göstərilir) və göstərilən hal əksər hallarda həmin işdən (xidmətdən) sifarişçinin imtina etdiyi halda işin (xidmətin) sonradan başqa şəxsə təqdim edilməsi imkanını istisna edir. Bu baxımdan sifarişçinin işdə qüsurların nədən ibarət olmasını aydın şəkildə bildirməməsi (sifarişçinin sadəcə məmulatın onu qane etməməsi bildirməsi yetərli deyil), qüsurların aradan qaldırılması üçün əlavə müddəti qabaqcadan müəyyən etməməsi və sonradan qüsurlarla bağlı müqavilədən imtina etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. 2022-ci ilin iyul ayında, yəni proqram təminatının cavabdehə təqdim edilməsi ehtimal edildiyi tarixdə texniki şərtldə 22-ci bölmədə qeyd olunan “Məhsul nümunəsi” bölməsinin işləməməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, proqrama baxış keçirilərkən müəyyən edildiyi kimi məhsul nümunəsi excel faylı xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsinə göndərilmiş, yəni həmin tarixdən əvvəl sözügedən şablonun sistemə daxil edilməməsi cavabdehin təqsirindən baş verməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında proqrama baxış zamanı “Məhsul nümunəsi” bölməsinin mövcud olması və işləməsi müşahidə olunmuşdur. Mülki Məcəllənin 445.8-ci maddəsinə görə isə nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. xx.xx.2022-ci il tarixdə cavabdehə təqdim edilmiş işçilər, məhsul bazası barədə məlumatlarla bağlı isə məhkəmə cavabdehin dəlilləri ilə razılaşır ki, göstərilən baza məlumatların iddiaçının əməkdaşları tərəfindən deyil, məhz cavabdeh tərəfindən sistemə daxil edilməli olması nə müqavilədə, nə də texniki tapşırıqda nəzərdə tutulmamışdır. Beləliklə, işin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan proqram təminatı və lisenziyanın cavabdehə təqdim edilməsi müəyyən edildiyindən, eləcə də təqdim edilmiş proqramda qüsurların mövcud olması ehtimal edilsə belə, həmin qüsurların aradan qaldırılması üçün iddiaçı tərəfindən əlavə müddət verilməsi və cavabdeh tərəfindən iddiaçı tərəfindən müəyyən edilmiş əlavə müddət ərzində aradan qaldırılmaması iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçı müqavilədən imtina edərək müqavilə üzrə ödənilmiş pul vəsaitini geri tələb etməkdə haqlı olmamışdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, B-3 saylı müqaviləyə əsasən pulun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1752/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1752/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver