Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1759/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhdən iddiaçının хеyrinə 3642,85 manat cari əsas borc, 1893,68 manat cari faiz borcu, 1280,46 manat dəbbə pulu və lizinq obyektinin satışından yaranmış 1170,37 manat fərq məbləği olmaqla, cəmi 7987,36 manat məbləğində borc və işə məhkəmədə baхılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış 06 oktyabr 2022-ci il tarixli, BAKU1-52493-21579 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən sonuncunun istifadəsinə sedan tipli, ban WDB2110071B218601, M.İ.H. 2148 sm3, mis parıltısız dam qara rəngli, buraxılış ili 2007-ci il, Mercedes Benz E200 Minik markalı nəqliyyat vasitəsi verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 17725,06 manat, ondan 11600 manat lizinq məbləği, 2900 manat avans məbləği və 6125,06 manat lizinq verənin mükafatı təşkil etmişdir və tərəflər arasında imzalanmış 06 oktyabr 2022-ci il tarixli ödəniş qrafikinə əsasən 36 (otuz altı) ay ərzində lizinq alan tərəfindən aylıq 493 manat ödənilməsi müəyyən olunmuşdur. Lizinq alan tərəfindən qeyd olunan ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə 08 iyul 2024-cü il tarixinədək ödənilməsi nəzərdə tutulan 3642,85 manat cari əsas borc, 1893,68 manat cari faiz borcu və 6280,46 manat dəbbə pulu olmaqla, cəmi 6816,99 manat borc ödənilməmişdir. Daxili maliyyə lizinqi müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada xx.xx.2024-cü il tarixdə ləğv edilmiş və lizinq obyekti qaytarılmışdır. Lizinq verən lizinq obyektini geri aldıqda ödənilməmiş borcu 6589,53 manat təşkil etdiyi üçün həmin dəyərlə iddiaçı balansına qəbul etmişdir. Daha sonra lizinq obyektini ƏDV daxil 6400 manata, yəni 1152 manat ƏDV ödəməklə əslində 5248 manata satmışdır. Bu zaman 1170,37 manat fərq yaranmışdır. Daxili maliyyə lizinqi müqaviləsinin 16.1-ci maddəsinə görə lizinq alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1% (bir faiz) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. DML müqaviləsinin 20.7-ci bəndinin tələbinə görə lizinq obyektinin satışından əldə edilən məbləğ lizinq müqaviləsinin ləğvi məbləğindən azdırsa, lizinq alan bu fərqin ödənilməsini təmin etməlidir. “Lizinq müqaviləsinin ləğvi məbləği”nin izahı DML müqaviləsinin 7-ci bəndində verilmişdir. Həmin bənddə göstərilir ki, lizinq müqaviləsinin ləğvi məbləğləri – lizinq alanın öhdəliklərinin məbləğidir. Həmin məbləğə lizinq оbyеktinin cari dəyəri, lizinq ödənişləri qrafikinə əsasən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv еdilməsi gününə lizinq alan tərəfindən ödənilməli оlan cərimə və/və ya pеnya, lizinq оbyеktinin gеri alınması və satışı, müqavilənin icrası nəticəsində lizinq vеrənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərin ödənilməsi ilə bağlı Lizinq vеrənin zərər və itkilərinin ödənilməsi üçün lazım оlan məbləğ daxildir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2, 448.1, 748-1.12.3, 748-13.4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinin tələblərini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, BAKU1-52493- 21579 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş nəqliyyat vasitəsini/xüsusi texnikanı/avadanlığı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinqin şərtləri: lizinq müqaviləsinin predmeti – “Mercedes Benz E200 minik” markalı, “Sedan” tip nəqliyyat vasitəsi; lizinqin müddəti – 36 ay; lizinqin ümumi dəyəri – 20625,06 manat; lizinq müqaviləsi üzrə ödəniş qaydası – 493 manat; müqavilə üzrə komissiya – 348 manat; cərimə məbləği – gündəlik hesablanmaqla gecikməyə çıxmış məbləğin 1%-i. Həmin müqavilənin 2-ci bəndinə əsasən lizinq verənin mükafatı 6125,06 manat, avans məbləği 2900 manat təşkil edir; 16.1-ci bəndinə əsasən lizinq alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1%-i məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər; 20.7-ci bəndinə əsasən lizinq verən geri alınmış lizinq obyektini lizinq alanın razılığı olmadan sata və yaxud yenidən lizinqə vermək hüququna malikdir. Lizinq verən yeni lizinq alanı və ya lizinq obyektinin alıcısını müəyyən etdikdən sonra, yazılı olaraq Lizinq alanı xəbərdar edir və ona 5 (beş) təqvim günü ərzində lizinq obyektini daha üstün qiymətə ala biləcək alıcını və ya yeni lizinq alanı göstərmək üçün üstünlük hüququnu verir; 20.10-cu bəndinə əsasən lizinq obyekti yenidən lizinqə verildiyi halda lizinq obyektinin yenidən qiymətləndirilməsi zamanı müəyyən edilən dəyəri əvvəlki lizinq müqaviləsinin ləğvi məbləği ilə müqayisə edilir. Lizinq obyektinin dəyəri lizinq müqaviləsinin ləğvi məbləğindən az olduqda lizinq alan yaranmış fərqi lizinq verənə ödəməyə borcludur. Müqavilə tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
7. "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BAKU1-52493- 21579 saylı lizinq obyektinin alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini alıcı-lizinq verənə satır, alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinqə vermək üçün əldə edir və razılaşdırılmış haqqını satıcıya ödəyir. Nəqliyyat vasitəsinin təsviri: “Mercedes Benz” markalı, “E200 minik” model, “Sedan” tip, oxra qızılı parıltısız ban qara rəngli, buraxılış ili 2007 olan, **-FE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan Cavabdeh müqavilənin 1.1-ci bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür; 1.4-cü bəndinə əsasən tərəflər nəqliyyat vasitəsinin qiymətini 14500 manat məbləğində müəyyən edirlər. Müqavilə tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
8. "xxxx" MMC tərəfindən tərtib edilmiş ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə qədər 17725,06 manat məbləğində ödəniş ediləcəyi ilə bağlı razılıq əldə edilmişdir. Ödəniş qrafiki tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
9. Alıcı-lizinq verən qismində "xxxx" MMC, satıcı X3 və lizinq alan qismində Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli, BAKU1-52493-21579 nömrəli təhviltəslim aktına əsasən satıcı “Mercedes Benz” markalı, “E200 minik” model, “Sedan” tip, oxra qızılı parıltısız ban qara rəngli, buraxılış ili 2007 olan, **-FE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini alıcı-lizinq verənin iştirakı ilə lizinq alana təhvil vermişdir. Akt tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2022-ci il tarixli, EAA seriyalı, 686214 nömrəli elektron alış aktına əsasən X3 tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş aktda adıçəkilən nəqliyyat vasitəsinin ümumi dəyəri 14500 manat təşkil edir.
11. "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli lizinq obyektinin qaytarılma aktından müəyyən olunur ki, “Mercedes Benz” markalı, “E200 minik” model, “Sedan” tip, oxra qızılı parıltısız ban qara rəngli, buraxılış ili 2007 olan, **-FE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinq alan lizinq verənə aktda göstərilən qüsurlarla birlikdə təhvil verir, lizinq verən də həmin qüsurlarla qəbul edir. Tərəflər xx.xx.2022-ci il tarixli, BAKU1-52493-21579 saylı daxili maliyyə lizinqi müqaviləsinin 20.8.2-ci bəndinə əsasən lizinq obyektinin qiymətini 14500 manat müəyyən edirlər. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
12. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh tərəfindən "xxxx" MMC-yə müqavilə üzrə ödənilməli olan məbləğ 3642,85 manat əsas, 1893,68 manat faiz borcu, 6280,46 manat cərimə borcu olmaqla, ümumilikdə 11816,99 manat təşkil edir.
13. İş materiallarına iddiaçı tərəfindən hesabdan çıxarış, ödənişlərin tarixi adlı sənəd, lizinq obyektinin təkrar lizinqə verilməsini təsdiq edən alqı-satqı müqaviləsi əlavə edilmişdir.
14. "xxxx" MMC ilə digər şəxs arasında bağlanmış xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilənin məbləği ƏDV daxil 6 400 manatdır. 5423,73 (beş min dörd yiiz iyirmi üç) manat avtomobilin alqı-satqı qiyməti, 976,27 (doqquz yüz yetmiş altı) manat isə ƏDV məbləğini təşkil edir.
15. "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin xx.xx.2024-cü il tarixinə qədər ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2201 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X2 tərəfindən BOKT-a ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, BAKU1-52493-21579 saylı daxili maliyyə lizinqi müqaviləsi şərtləri əsas götürülməklə X1 lizinqverənə olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 3573,28 manat, mükafat borcu üzrə 1746,94 manat, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 3573,28 manat, mükafat borcu üzrə 2288,89 manat təşkil edir. Həmçinin qeyd edilir ki, iş materiallarında lizinq obyektinin satılması ilə bağlı hər hansı mühasibat sənədi mövcud deyildir. Bu səbəbdən də lizinq obyektinin satışından yaranmış fərqin məbləğini müəyyən etmək mümkün olmadı. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.3-cü maddəsinə əsasən lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-13.4-cü maddəsinə əsasən lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
19. İşin müəyyən olunmuş hallarından göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında daxili maliyyə lizinqi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana aylıq 493 manat ödənilmək şərtilə müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə “Mercedes Benz” markalı, “E200 minik” model, “Sedan” tip, oxra qızılı parıltısız ban qara rəngli, buraxılış ili 2007 olan nəqliyyat vasitəsi Cavabdeh istifadəsinə verilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş, ödənişlərin gecikdirilməsi nəticəsində iddiaçı tərəfindən lizinq müqaviləsi birtərəfli qaydada ləğv edilmiş, xx.xx.2024-cü il tarixdə lizinq obyekti lizinq verənə geri qaytarılmışdır. Həmin tarixə cavabdehin müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.
20. İddia tələbinin bir hissəsini cavabdеh Cavabdeh iddiaçı "xxxx" MMC хеyrinə 3642,85 manat cari əsas borc, 1893,68 manat cari faiz borcunun tutulması təşkil edir.
21. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən (ekspert rəyinə uyğun olaraq) təmin edilməli, Cavabdeh 3573,28 manat (üç min beş yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) əsas borc, 1746,94 manat (min yeddi yüz qırx altı manat doxsan dörd qəpik) faiz borcu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, ekspert rəyindən görünür ki, X1 xx.xx.2024cü il tarixə (lizinq obyektinin qaytarıldığı vaxta) olan əsas borcu 3573,28 manat, mükafat borcu üzrə 1746,94 manat təşkil etmişdir.
22. İddia tələbinin digər hissəsini cavabdehdən BAKU1-52493-21579 saylı müqavilə üzrə 1280,46 manat cərimə borcunun tutulması təşkil edir.
23. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında imzalanmış daxili maliyyə lizinqi müqaviləsinin 16.1-ci bəndinə əsasən lizinq alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1%-i məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər.
24. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 180 (yüz səksən) manat məbləğində müəyyən edilməli, cərimə məbləğinin tutulması ilə bağlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. İddia tələbinin digər hissəsini lizinq obyektinin satışından yaranmış 1170,37 manat fərq məbləğinin tutulması təşkil edir.
26. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına ləğv edilmiş lizinq müqaviləsinin predmetini təşkil edən nəqliyyat vasitəsinin təkrar satılmasını təsdiqedici sübut qismində alqı-satqı müqaviləsi əlavə edilsə də, həmin nəqliyyat vasitəsinin satılması ilə əldə edilmiş vəsait, müvafiq mühasibatlıq sənədləri, nəqliyyat vasitəsinin təhvil verilməsini təsdiq edən təhvil-təslim aktları təqdim edilməmişdir. Belə olan halda, nəqliyyat vasitəsinin həqiqətən satılması və iddiaçı tərəfindən iddia edilən məbləğdə satış fərqinin yaranması sübuta yetirilmir.
27. Eləcə də, iddiaçı 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
28. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 (altmış doqquz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 68,86 manat (altmış səkkiz manat səksən altı qəpik) hissəsi Cavabdeh, 31,14 manat (otuz bir manat on dörd qəpik) hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 3573,28 manat (üç min beş yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) əsas borc, 1746,94 manat (min yeddi yüz qırx altı manat doxsan dörd qəpik) faiz borcu, 180 (yüz səksən) manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 69 (altmış doqquz) manat olmaqla, ümumilikdə 5569,22 manat (beş min beş yüz altmış doqquz manat iyirmi iki qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin хеyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 68,86 manat (altmış səkkiz manat səksən altı qəpik) hissəsi Cavabdeh, 31,14 manat (otuz bir manat on dörd qəpik) hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova