Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1761/2021 02.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC -yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1504,98 manat əsas borc, müqaviləyə əsasən hesablanmış dəbbə pulu 610,15 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2144,11 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 21 avqust 2020 -ci il tarixli C146/1-S-İM-20 № li malların alqı-satqısı üzrə müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilə əsasında sifariş verilmiş malları verməyi, “Alıcı” isə həmin malları qəbul edib əvəzində razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsinə götürür. Göstərilən alğı-satqı xidməti ƏDV daxil olmaqla 2191,40 manat təşkil etmişdir. Bununla əlaqədar cavabdehə 3 dəfə 26 noyabr 2020-ci il tarixdə, 30 noyabr 2020-ci il tarixdə və 04 dekabr 2020-ci il tarixdə pretenziya məktubları göndərilmişdir. Cavabdeh bu məktubların nəticəsində 2191,40 borclu olduğu məbləğdən 686,42 manat ödəsədə qalan 1504,98 borcunu hələ də indiyədək ödəməmişdir. Belə ki, 21 avqust 2020-ci il tarixli C-141/1-S-İM- 20 № li müqavilənin 3.4-cü maddəsinə əsasən ödəniş “Alıcı” xidmətin dəyərini ehtiyat hissələrini TXS-dan təhvil götürdüyü zaman “Satıcı” tərəfindən hesab-fakturanın “satıcı”nın səlahiyyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 10 (on) təqvim günü ərzində köçürmə yolu ilə “Satıcı”nın hesablaşma hesabına ödəməli idi. Belə ki, təqdim etdiyimiz ödəniş cədvəlinə əsasən hesab-fakturanın təqdim edildiyi 10 (on) bank günü ərzində cavabdeh tərəfindən iddiaçının hesablaşma hesabına 1504,98 manat pul ödənilməli idi. Lakin həmin müqavilə üzrə 1504,98 manat məbləğində pul cavabdeh tərəfindən hələ də ödənilməmiş qalmaqdadır. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - iddiaçı ilə cavabdeh arasında bağlanan 21 avqust 2020-ci il tarixli C-146/1-S-İM-20 №-li malların alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilə əsasında sifariş verilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən satılan malların miqdarı, çeşidi, qiyməti, komplektliyi və sairə qaimə-faktura ilə müəyyən edilir. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcı xidmətin dəyərini ehtiyat hissəsini TSX-dan təhvil götürdüyü zaman satıcı tərəfindən hesab-fakturanın satıcının səlahiyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 10 təqvim günü ərzində köçürmə yolu ilə satıcının hesablaşma hesabına ödəməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən tərəflər üzərilərinə götürdükləri öhdəlikləri icra etməməyə və ya lazımınca icra etməməyə görə digər tərəfə dəymiş zərərə və əldən çıxmış faydaya görə tam həcmdə məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrin imzaları ilə təsdiq edilmişdir. - EBAR seriyalı, 813322 saylı, 11.01.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 789,28 manat, EBAR seriyalı, 813264 saylı, 11.01.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 626,77 manat, EBAR seriyalı, 569034 saylı, 11.01.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 88,92 manat məbləğində mallar təhvil verilmişdir. - iddiaçı 26.11.2020-ci, 30.11.2020-ci və 04.12.2020-ci il tarixlərdə cavabdehə xəbərdarlıq məktubları ünvanlayaraq müqavilə üzrə yaranmış borcun ödənilməsinin təmin edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 21.08.2020-ci il tarixli alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1504,98 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1504,98 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 5-ci maddəsinə əsasən hesablanmış 610,15 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 50 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1504,98 manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 50 manat, ümumilikdə 1554,98 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1504,98 (bir min beş yüz dörd manat doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 50,00 (əlli) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 1554,98 (bir min beş yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1761/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1761/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver