Məhkəmə qərarları › İş №e-2-2(113)-1762/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1762/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1762/2020 29.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə və cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı ödənilmiş pulun geri qaytarılması və ya göndərilən malı müqaviləyə uyğun malla əvəzləşdirilməsi, həmçinin dəymiş ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiası ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin olunması və Cavabdeh MMC-dən xx xxxxxx 2019- cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2019-cu il tarixli 1 saylı, xx xxxxxx 2019-cu il tarixli 2 saylı və xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavələrinə yaranmış və ödənilməmiş əsas borc üzrə 196447 manat, 38416 manat penya, habelə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 235393,40 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC Ukrayna mənşəli Soya Şrotunu (230400001 TNVD kodu) alıcı Cavabdeh MMC-yə xx xxxxxx 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən satmağı ohdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin xx xxxxxx 2019-cu il tarixli 1 saylı, xx xxxxxx 2019-cu il tarixli 2 saylı və xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavələrinə əsasən ümumi dəyəri 402447 manat olan Soya Şrotu Cavabdeh MMCyə satılmış və mallar göndərilmişdir. Müqavilə üzrə qeyd olunan malların satılması və cavabdehə göndərilməsi aşağıdakı sənədllərlə təsdiq olunmaqdadır: – Elektron qaimə, Seriya: EBAG № 694213, xx.xx.2020-33349,80 manat dəyərində – Elektron qaimə, Seriya: EBAG № 414136, xx.xx.2020-33219,60 manat dəyərində – Elektron qaimə, Seriya: EBAG № 356036, xx.xx.2020-32884,80 manat dəyərində – Elektron qaimə, Seriya: EBAF № 897245, xx.xx.2020-100347 manat dəyərində Cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. Tərəflər arasında imzalanmış xx xxxx 2020-ci il tarixli üzləşmə aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 402447 manat olan məhsul satılmış, bu məhsulun 206000 manat dəyəri ödənilmiş, 196447 manat cavabdehin borcu qalmışdır. Müqavilənin yuxarıda qeyd olunmuş 1, 2 və 3 saylı Əlavələrinin 3.1-ci maddəsinə sasən faktiki göndərilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. Müqavilə şərtlərinə əsasən alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmiş və nəticədə xx xxxx 2020-ci il tarixə cavabdehin İddiaçı MMC-yə müqavilə üzrə ümumilikdə 196447 manat borcu yaranmışdır. Borcun tam olaraq ödənilməsi üçün xx xxx 2020-ci il tarixdə cavabdehə Pretenziya məktubu göndərilsədə cavabdeh borc məbləğinin tam ödənilməsini təmin etməmişdir.Müqavilənin 5.1.-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2 % miqdarında Penya ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə müqavilə üzrə Penyanın məbləği xx xxxx 2020-ci il tarixdən (üzləşmə aktı imzalanan tarix) xx xxxx 2020-ci il tarixədək olan dövr üzrə 38416 manat təşkil edilməkdədir. (hesablanması: əsas borc 196447x0.2%=392 manat gündəlik, 392x98 gün (gecikdirilən günlərin sayı)=38416 manat)İddiaçı MMC ilə iş üzrə nümayəndə və vəkil Nümayəndə arasında bağlanmış hüquqi yardım göstərilməsinə dair xx xxxx 2020-cu il tarixli 1205 saylı müqavilə və xx xxxx 2020-ci il tarixli 696272\00496 saylı ödəniş tapşırığına əsasən vəkil Nümayəndə 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ilk iddiasının əsassız hesab edilərək rədd edilməsi, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “ilk iddianın rədd edilməsi, borcun silinməsi və dəymiş zərərin ödənilməsi barədə” qarşılıqlı iddiasının təmin edilməsi və Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilmiş 215413 manatın geri qaytarılması və ya göndərdiyi malı müqaviləyə uyğun malla əvəzləşdirməsi, həmçinin İddiaçı MMC-nin təqsiri nəticəsində Cavabdeh MMC-yə dəymiş 350000 manat ziyan məbləğinin, eyni zamanda ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, ilk iddia ərizəsində göstərildiyi kimi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli №2019/7034- 28 saylı alqı-satqı müqaviləsinə və müqaviləyə edilmiş xx xxxxxx 2019-cu il tarixli 1 saylı, xx xxxxxx 2019-cu il tarixli 2 saylı və xx xxxxxx 2020-ci arixli 3 saylı Əlavələrinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin ünvanına ümumi dəyəri 402447 manat olan “Soya şrotu” (Mal”) göndərilmişdir. Sözügedən “Mal” anbarlarına qəbul olunduqdan sonra müqavilə şərtlərinə uyğun olaraq onun ümumi dəyərinin 215413 manat hissəsi tərəflərindən İddiaçı MMC-nin hesabına ödənilmişdir. Həmin “Mal” istifadə olunmağa başlandıqdan bir qədər sonra onun fəaliyyətinin Azərbaycan Respublikasının baytarlıq və Fitosanitar tələblərinə, o cümlədən adı çəkilən müqavilənin 4.1-ci maddəsində göstərilən tələblərə (Malın keyfiyyəti Azərbaycan Respublikasının tarbq və Fitosanitar tələblərinə uyğundur) uyğun olmadığı aşkar olunmuşdur. Belə ki, toyuqlara həmin soya şrotu verildikdən sonra toyuqlarda az mənimsəmə, zəhərlənmə, bəzi hallarda isə kütləvi tələfat müşahidə edilmişdir. Bundan sonra “Mal”-dan istifadə edilməsi, həmçinin onun dəyərinin qalıq hissəsinin ödənişi dayandırılmışdır. “Mal”ın qalığının bir hissəsi indiyədək anbarlarındadır və ondan istifadə edə bilmirlər. Bu səbəbdən istehsalatda müəyyən yubanmalar baş vermiş, keyfiyyətlə bağlı alıcılarndan çoxsaylı şikayətlər daxil olmuş və ənənəvi alıcılarından əksəriyyəti məhsullarını almaqdan imtina etmişlər. Nəticədə Cavabdeh MMC-yə 350000manat məbləğdə maddi ziyan dəymişdir. xx xxx 2020-ci il tarixində İddiaçı MMC Cavabdeh MMC-yə 36/2020 nömrəli etiraz məktubu ünvanlayaraq xx xxx 2020-ci il tarixinə kimi İddiaçı MMC-yə olan 196447 manat “borclarını” könüllü olaraq ödəməyi təklif etmişdir. Onlar xx xxx 2020-ci il tarixində İddiaçı MMC-yə etiraz məktubu-pretenziya ünvanlayaraq bütün bunları göstərib onların təqsiri nəticəsində Cavabdeh MMC-yə dəymiş ziyan məbləğini xx xxxx 2020-ci il tarixinə kimi ödəmələrini, həmçinin, İddiaçı MMC-yə bu günə qədər etdikləri ödənişləri geri qaytarmalarım və ya göndərdikləri malı müqaviləyə uyğun keyfiyyətli malla əvəzləşdirmələrini xahiş etsələr də, heç bir nəticəsi olmamışdır. Onu da qeyd edirlər ki, İddiaçı MMC göndərdiyi malın Azərbaycan Respublikasının Baytarlıq və Fitosanitar tələblərinə uyğun olması barədə onlara indiyə qədər heç bir sübut təqdim etməmişdir, buna görə də əgər bununla bağlı hər hansı bir sübut varsa, onu da təqdim etmələrini xahiş etmişlər, lakin bu xahişlərinə də məhəl qoyulmamışdır. Belə olan surətdə İddiaçı MMC-yə hər hansı borclarının olmasından söhbət gedə bilməz.Göründüyü kimi, İddiaçı MMC onlara keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn mal verməyə borclu olduğu halda bunu etməmiş, göndərdiyi keyfiyyətsiz malın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması və ya müqaviləyə uyğun keyfiyyətli malla əvəzləşdirməsi, həmçinin onlara dəymiş ziyan məbləğini ödəməsi barədə qanuni xahişlərini yerinə yetirməmişdir. Nəticədə istehsalatda müəyyən yubanmalar baş vermiş, keyfiyyətlə bağlı alıcılarının şikayətləri çoxalmış, bütün bunlar işgüzar nüfuzlarına xələl gətirmiş və ənənəvi alıcılarından əksəriyyəti məhsularını almaqdan imtina etmişlər. Cavabdeh-qarşılıqlı iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə qarşılıqlı iddiaya etiraz verərək, qarşılıqlı iddianın əsassız olduğunu bildirərək qeyd etmişdir ki, tərəflər arasında imzalanmış xx xxxx 2020-ci il tarixli üzləşmə aktına əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 402447 manat olan məhsul satılmış, bu məhsulun 206000 manat dəyəri ödənilmiş, 196447 manat cavabdehin borcu qalmışdır. Bundan başqa, işin materiallarına əlavə edilmiş - Elektron qaimə, Seriya: EBAG № 694213, xx.xx.2020- 49,80 manat dəyərində-Elektron qaimə. Seriya: EBAG Na 414136, xx.xx.2020-33219,60 manat dəyərində lektron qaimə, Seriya: EBAG Na 356036, 13,02.2020-32884,80 manat dəyərində - Elektron qaimə, Seriya: AF № 897245,xx.xx.2020-100347 manat dəyərində olan elektorn qaimələr mübahisələndirilməmiş və cəmiyyət tərəfindən şərtsiz qəbul edilmiş və belə olan təqdirdə sual yaranır ki, keyfiyyətsiz mala görə niyə ümumilikdə 206000 manat ödənilmiş, niyə üzləşmə aktı heç bir qeyd şərt olmadan təsdiq edilmiş, niyə mübahisəli olan əsas iddia üzrə verilmiş elektorn hesab fakturalar mübahisəsiz olaraq qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə ilkin iddia ərizəsi və qarşılıqlı iddaya qarşı verilmiş etiraz ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddia tələbinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı müdafiə etdiyini və qarşılıqlı iddia tələbinin təmin olunması, ilkin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 2019/7034-28 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən və həmin müqaviləyə xx xxxxxx 2019-cu il tarixli 1 saylı, xx xxxxxx 2019cu il tarixli 2 saylı və xx xxxxxx 2020-ci arixli 3 saylı əlavələrindən görünür ki, Satıcı – İddiaçı MMC ümumi dəyəri 402447 manat olan soya şrotu (bundan sonra – malı) müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə alıcı – Cavabdeh MMC-yə satır, alıcı – Cavabdeh MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə, əgər gecikdirilərsə hər gecikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2 faizi həcmində penya (cərimə) ödənilməsi şərti ilə alaraq dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 2019/7034-28 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən keyfiyyətə dair bütün iddialar göndərmə günündən 10 iş günündən gec olmayaraq verilir. Alıcı tərəfindən göstərilən müddətdə əsaslandırılmış yazılı reklamasiya bəyan edilməməsi malların iddiasız qəbul edilməsi kimi başa düşülür. 1, 2 və 3 saylı Əlavələrinin 3.1-ci maddəsinə sasən faktiki göndərilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. xx xxxx 2020-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh MMC ümumilikdə 402447 manatlıq malın alınmasını, həmin məbləğdən 206000 manatını ödəməsini və İddiaçı MMC-yə cəmi 196447 manat məbləğində borcu olduğunu təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli, 12/21 nömrəli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində, İddiaçı MMC-dən alınmış soya şrotunu quşlara verdikdən sonra quşlarda mənimsəmə az olmuş, zəhərlənmə və tələfatlar olmuşdur, nəticədə Cavabdeh MMC-yə maddi ziyan dəymişdir və bu akt Cavabdeh MMCnin əməkdaşları tərəfindən imzalanaraq təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən göndərilmiş xx xxx 2020-ci il tarixli, 36/2020 nömrəli etiraz ərizəsindən görünür ki, 196447 manat təşkil edən borcun xx xxx 2020-ci il tarixinə qədər ödənilməsi Cavabdeh MMC-yə təklif edilmişdir. Cavabdeh MMC tərəfindən göndərilmiş xx xxx 2020-ci il tarixli, 11 nömrəli etiraz məktubundan görünür ki, xx xxx 2020-ci il tarixli, 36/2020 nömrəli etiraz ərizəsinə cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC tərəfindən göndərilən mal xx.xx.2019-cu il tarixli, 2019/7034-28 nömrəli alqı-satqı müqaviləsinin 4.1-ci maddəsində (malın keyfiyyəti Azərbaycan Respublikasının baytarlıq və Fitosanitar tələblərə uyğundur) göstərilən tələblərə uyğun olmamış, sözügedən mal anbarlarına qəbul olunduqdan sonra müəyyən tarixlərdə onun ümumi dəyərinin bir hissəsi İddiaçı MMC-nin hesabına keçirilmiş və həmin mal istifadə olunmağa başlandıqdan bir qədər sonra mal keyfiyyətsiz olduğundan indiyədək anbarlarında saxlanıldığından 196447 manat məbləğində pulu ödəməkdən imtina edərək, İddiaçı MMC-nin təqsiri səbəbindən Cavabdeh MMC-yə dəymiş ziyanın ödəmələrini, həmçinin onlar tərəfindən edilən ödənişlərin geri qaytarılmasını və ya malı müqaviləyə uyğun malla əvəzləşdirməyi İddiaçı MMC-yə təklif edilmişdir xx.xx.2020-ci il tarixli, 696272/00496 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixli ödənişin təyinatı və əsası hüquqi yardım olan 500 manat vəsait İddiaçı MMC tərəfindən 18 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh MMC öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, təhvil verilən ümumi dəyəri 402447 manat olan malların müqabilində, 206000 manat məbləğində ödəniş etməklə, xx.xx.2020-ci il tarixə (üzləşmə aktı) 196447 manat borcu qalmışdır. Cavabdeh MMC-nın təhvil aldıqları malların bir qismi keyfiyyətiz olduğundan istifadəsiz qalması və bu əsasla ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən malın keyfiyyəti ilə bağlı bütün iddialar (reklamasiya) malın göndərilmə günündən 10 iş günündən gec olmayaraq verilməlidir. Belə ki, reklamasiyanın verilməsinin müddətinin əvvəli üzləşmə aktın bağlandığı tarixdən (xx.xx.2020-ci il) hesablansa belə (halbuki sonuncu mal cari ilin yanvar ayında təhvil verilib) Cavabdeh MMC-nın xx.xx.2020-ci il tarixədək malın keyfiyyəti ilə bağlı bütün iddiaları verməli olduğu halda bunu etməmiş, borcun ödənilməməsi barədə etirazını təxminən 2 ay sonra, yəni cari ilin may ayının 21 İddiaçı MMC-nin xx xxx 2020-ci il tarixli müraciətindən sonra bildirmişdir. Odur ki, Cavabdeh MMC malın keyfiyyəti ilə bağlı mübahisələndirmə müddətini (alqı-satqı müqaviləsinin 4.2-ci bəndi) ötürdüyünə görə İddiaçı MMC-yə qarşı olan qarşılıqlı tələbləri təmin edilə bilməz. Eyni zamanda məhkəmə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 196447 manat məbləğində əsas borc tələbi ilə bağlı iddianı əsaslı hesab edir. Bununla yanaşı İddiaçı MMC tərəfindən hesablanmış 38416 manat məbləğində penya ilə bağlı məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan penya azaldılaraq 1553 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığını nəzərdən keçirərək hesab edir ki, hüquqi xidmətlərə görə ödənilmiş 500 manat məbləğində pul tələbi hissəsində də tələb əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh” MMC-dən müqaviləyə əsasən 196447 manat ödənilməmiş borc, gecikdirilmiş günlərə görə 1553 manat penya, həmçinin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 500 manat, ümumilikdə 198500 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ilk iddiasının əsassız hesab edilərək rədd edilməsi, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “ilk iddianın rədd edilməsi, borcun silinməsi və dəymiş zərərin ödənilməsi barədə” qarşılıqlı iddiasının təmin edilməsi və Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilmiş 215413 manatın geri qaytarılması və ya göndərdiyi malı müqaviləyə uyğun malla əvəzləşdirməsi, həmçinin İddiaçı MMC-nin təqsiri nəticəsində Cavabdeh MMC-yə dəymiş 350000 manat ziyan məbləğinin, eyni zamanda ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMCyə ödənilməsi barədə qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbinin 84,33%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 84,33%-i, yəni 25,29 manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı” MMC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 30,40 manatın tələbi hissəsində 30 manat təmin edilməli, 0,40 manat bank xərci olduğuna görə tələb həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli, 2019/7034-28 nömrəli tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi və həmin müqaviləyə xx xxxxxx 2019-cu il tarixli 1 saylı, xx xxxxxx 2019cu il tarixli 2 saylı və xx xxxxxx 2020-ci tarixli 3 saylı əlavələr üzrə ödənilməmiş 196447 manat məbləğində borc, 1553 manat penya, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 500 manat, cəmi 198500 manat məbləğində pul və dövlət rüsumu ödənilmiş 25,29 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddiaçı MMC-yə ödənilmiş 215413 manatın geri qaytarılması və ya göndərdiyi malı müqaviləyə uyğun malla əvəzləşdirməsi, həmçinin 350000 manat məbləğində ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-dən tutulması barədə Cavabdeh MMC-nin qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar