Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1762/2025 17.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, vəkil xərci və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.508.80 manat ƏDV daxil borcun (ƏDV 4348 manat) borcun və 163 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 1000 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı yaradılaraq, onun nizamnaməsi həmin tariхdə təsdiq edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Хidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 24 may 2021-ci il tariхdə kommersiya hüquqi şəхsi kimi qeydiyyata alınmışdır. Beləliklə, İddiaçı yaradılmış və kommersiya hüquqi şəхslərinin dövlət qeydiyyatına alınmışdır. Bundan sonra öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”-nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və İddiaçı Nizamnaməsinə uyğun olaraq həyata keçirir. İddiaçı Nizamnaməsinin 3-cü bölməsində cəmiyyətin fəaliyyət növləri göstərilmişdir. Nizamnamənin 3.1-ci bəndinə əsasən, Cəmiyyət Azərbaycan Respublikasının Qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq хüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Şərh olunduğu kimi, İddiaçı MMC Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”-nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və İddiaçı Nizamnaməsinə uyğun olaraq həyata keçirmişdir. Fəaliyyətinin icrası qaydasında qanunla və nizamnaməsi ilə icazə verilən fəaliyyət növləri ilə məşğul olmuşdur. Həmçinin digər hüquq subyеktləri ilə alqı-satqı münasibətlərində mülki hüquq münasibətlərinin müstəqil iştirakçısı kimi çıхış еdir. İddiaçı MMC ilə cavabdеh Cavabdeh MMC arasında 19 dekabr 2023-cü il tariхdə 63/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3-cü maddəsinin 3.3-cü bəndinin tələbinə əsasən bu Müqavilə ilə müəyyən olunan şərtlər çərçivəsində “Satıcı” Qaimə-Fakturada göstərilən mallarla “Alıcı”nı təchiz etməyi öz öhdəsinə götürür, “Alıcı” isə ona təhvil verilmiş malların dəyərini ödəməyi qəbul edir. Müqavilənin 3.5-ci bəndinə əsasən mallar təqdim olunmuş Qaimə-Fakturaya uyğun olaraq “Alıcı”nın ünvanına çatdırıldıqdan sonra “Satıcı” tərəfindən təhvil verilmiş, “Alıcı” tərəfindən qəbul edilmiş hesab olunur. Müqavilənin şərtlərinə əsasən “Alıcı” müqavilə üzrə malların kеyfiyyətini yoхladıqdan sonra onların dəyərini müqavilə və qiymətlərin razılaşma protokolunda göstərilən şərtlər əsasında satıcıya ödəmək CavabdehMMC öhdəliyi kimi nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə alqı-satqı müqaviləsinin prеdmеti olmuş avadanlıqlar 22 fevral 2024-cü il tarixli **********7 saylı, 05 mart 2023-cü il tarixli **********0 saylı, 18 mart 2024-cü il tarixli 025 saylı və 10 sentyabr 2024-cü il tarixli **********6 saylı malların təhvilqəbul aktı əsasında Cavabdeh MMC-nə təhvil vеrilmiş və Cavabdeh MMC tərəfindən müqavilənin şərtlərinə uyğun ilkin olaraq 14.940.00 manat (on dörd min doqquz yüz qırx manat) məbləğ İddiaçı MMC-nə ödənilmişdir. Cavabdеh Cavabdeh MMC-nin bu günə İddiaçı MMC-nə olan borcu ƏDV daxil 28.508.80 manat təşkil edir (ƏDV-siz 24.160.00 manat) və sonuncu tərəfindən ödənilməli olan 28.508.80 manat borc (iyirmi səkkiz min beş yüz səkkiz manat səksən qəpik) İddiaçı MMC-nə bu günədək ödənilməmişdir. Göstərilən səbəbə görə də İddiaçı MMC tərəfindən prеtеnziya məktubu ilə CavabdehMMC-nə müraciət olunmuş, lakin naməlum səbəblərdən ödənişlər həyata keçirilməmişdir. Odur ki, mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtmək zərurəti yaranmışdır. Sadalanan qanunvеricilik aktı normalarına əsasən, İddiaçı MMC ilə cavabdеh Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsi Cavabdeh MMC-nin avadanlıqların onun tərəfindən əldə еdilməsi hüququna malik olduğu kimi, еyni zamanda həmin avdanlıqların dəyərini ödəmək vəzifəsinin daşıyıcısı olmuşdur. Lakin, cavabdеh Cavabdeh MMC avadanlıqları qəbul еtsə də, avadanlıqların dəyərini ödəməməklə müqavilə öhdəlyini pozmuşdur. Buna görə də İddiaçı MMC mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtməkdə haqlıdır.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək 23.635.4 manat ƏDV daxil borcun və 163 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 1000 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi iddia tələbinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 63/23 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq, “Alıcı” malın dəyərini ödəməyi, “Satıcı” isə “Alıcı" ya əlavədə göstərilən malların zəmanətli və tam işlək təhvil verməsini öhdələrinə götürürlər.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilənin dəyəri bu müqavilənin ayrılmaz hissəsi olan X2 ilə tənzimlənir və köçürmə yolu ilə “Alıcı” tərəfindən “Satıcı” ya ödənilir.
11. Müqaviləni 2.2-ci bəndinə əsasən malın qiyməti bu müqaviləyə ediləcək əlavələrdə göstəriləcək qiymət razılaşdırma protokolu ilə müəyyənləşdirlir.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə qiymətlər xarici valyutanın Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən müqavilənin tarixinə müəyyən olunmuş məzənnəsi əsasında hesablanmışdır və ödəniş AZN ilə ediləcəkdir. Rəsmi məzənnə bu müqavilənin tarixi məzənnəsinə nisbətdə 5% (beş faiz)-dən çox artdığı təqdirdə müqavilənin qalıq dəyəri həmin artıma mütənasib olaraq artır.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə malların adı, miqdarı və qiyməti “Satıcı” tərəfindən tərtib və təqdim olunan Qaimə-Faktura və Hesab-Fakturada göstərilir.
14. Müqavilənin 3.3-cü bəndinə əsasən Bu Müqavilə ilə müəyyən olunan şərtlər çərçivəsində “Satıcı” Qaimə-Fakturada göstərilən mallarla “Alıcı"nı təchiz etməyi öz öhdəsinə götürür, “Alıcı” isə ona təhvil verilmiş malların dəyərini ödəməyi qəbul edir.
15. Müqavilənin 3.4-cü bəndinə əsasən “Alıcı” Qaimə-faktura üzrə göndərilmiş malların təxirəsalınmadan (aşkar olunan qüsurların “Satıcı” tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.
16. Müqavilənin 3.5-ci bəndinə əsasən mallar, təqdim olunmuş Qaimə-Fakturaya uyğun olaraq, “Alıcı”nın ünvanına çatdırıldıqdan sonra “Satıcı” tərəfindən təhvil verilmiş, "Alıcı" tərəfindən isə qəbul edilmiş hesab olunur.
17. Müqavilənin 7.1-ci bəndinə əsasən Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2024-cü il müddətinədək öz hüquqi qüvvəsini saxlayır.
18. 05.03.2024-cü il tarixli **********0 saylı malların təhvil-qəbul aktına əsasən iddiaçı tərəfindən cavabdeh MMC-yə 42126 manat dəyərində, xx.xx.2024-cü il tarixli 25 saylı akta əsasən 601,80 manat dəyərində və xx.xx.2024-cü il tarixli **********6 saylı akta əsasən 1203,60 manat dəyərində malların təhvil verilməsi hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
19. İddiaçı tərəfindən müqavilə üzrə cavabdeh MMC-yə 34904,40 manatlıq mal satışına dair xx.xx.2024-cü il tarixli EBEB087289 saylı e-qaimə, 902,70 manatlıq mal satışına dair eyni tarixli EBEB089191 saylı e-qaimə və 1203,6 manatlıq mal satışına dair xx.xx.2024-cü il tarixli, MT**********95 saylı e-qaimə tərtib edilərək göndərilmişdir.
20. 15.01.2025-ci il tarixli ödəniş tapşırığından göründüyü kimi Cavabdeh MMC tərəfindən 2630 manat məbləğində, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1500 manat məbləğində ödəniş edilmişdir.
21. 15.01.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən cavabdeh tərəfindən 473.4 manat məbləğində, xx.xx.2025-ci il tarixli bildirişə əsasən 270 manat məbləğində ƏDV ödənişləri edilmişdir.
22. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
25. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
27. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 63/23 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq, “Alıcı” malın dəyərini ödəməyi, “Satıcı” isə “Alıcı" ya əlavədə göstərilən malların zəmanətli və tam işlək təhvil verməsini öhdələrinə götürürlər. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilsə də, cavabdehin aldığı mallara görə ödənilməmiş borcu qalmışdır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
32. İşdən göründüyü kimi tərəflər arasında beton alqı-satqı müqaviləsi bağlanmışdır, mallar cavabdehə təhvil verilmiş və cavabdehə e-qaimələr göndərilmişdir. Həmin e-qaimələr cavabdeh tərəfindən ləğv edilməmiş, düzəliş üçün iddiaçıya qaytarılmamışdır. Lakin, cavabdeh müqaviləyə əsasən yaranmış borcunu ödəməmişdir.
33. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, təhvil-təslim aktları və qismi ödənişlər ilə təsdiq olunduğu üçün 23635,4 manat borc məbləğinə dair hissədə iddia tələbi təmin edilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilərək alqı-satqı müqaviləsi üzrə ödənilməmiş ədv daxil 23635,4 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
37. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir.
38. İş materiallarından görünür ki, iddiaçı hüquqi xidmətə görə ödənilmiş 1000 manat xidmət haqqının və 163 manat dövlət rüsumu xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
41. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyi üçün iddia üzrə ödənilmiş 163 manat dövlət rüsumu və 500 manat hüquqi xidmət xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 23635,4 manat borc məbləği, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 163 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova