Məhkəmə qərarları › İş №e-2-2(113)-1764/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1764/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1764/2021 27.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, 1.770 (min yeddi yüz yetmiş) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, həmçinin iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə qərarın çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi əsas götürülməklə pul vəsaitinin ödənildiyi günə qədər faizlərin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25.01.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı mühasibat, vergi və əmək haqqı sahəsində xidmət göstərilməsinə dair öhdəlik götürmüşdür. Həmin müqavilənin əlavəsinə əsasən Cavabdeh MMC xidmətlərin göstərilməsi müqabilində ƏDV xaric aylıq 1.300 (min üç yüz) manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə razılaşdırılmış xidmətləri göstərmiş, lakin Cavabdeh MMC invoysları, o cümlədən elektron qaimə və elektron hesab-fakturaları alsa da, 2019-cu ilin mart-iyul ayları üzrə xidmət haqqını tam həcmdə ödəməmişdir. Belə ki, iddiaçı Cavabdeh MMC-yə göstərilmiş xidmətlərə görə 2019-cu ilin mart-iyul ayları üzrə ƏDV daxil olmaqla cəmi 7.670 manat məbləğində invoys təqdim etmiş, lakin cavabdeh bugünədək həmin məbləğin 1.770 (min yeddi yüz yetmiş) manatını ödəməmişdir. Beləliklə də, Cavabdeh MMC-nin göstərilmiş xidmətlərə görə iddiaçıya 1.770 (min yeddi yüz yetmiş) manat məbləğində borcu yaranmışdır. Qeyd edilənlərlə yanaşı, Cavabdeh MMC iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən iddiaçıya mübahisəni həll edən yekun qərarın çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi əsas götürülməklə faizlər ödəməlidir. Odur ki, göstərilmiş xidmətlər üçün Cavabdeh MMC 1.770 (bir min yeddi yüz yetmiş) manat məbləğində pul vəsaitini İddiaçı MMC-yə ödəməli, habelə cavabdeh iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə qərarın çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi əsas götürülməklə faizlər ödəməlidir. Daha sonra, 27.05.2021-ci il tarixində iddiaçının nümayəndəsi X2 iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc olaraq, 1.770 (bir min yeddi yüz yetmiş) manat tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. -İş materiallarında olan 25 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən, “məsləhətçi” (İddiaçı MMC) mühasibat, vergi və əmək haqqı sahəsində xidmət göstərməyi, “sifarişçi” (Cavabdeh MMC) bütün işçilərinin “məsləhətçinin” personalına yardım göstərməyi, bütün gərəkli məsələlər barədə ətraflı məlumatı və sənədləri qısa zamanda təqdim etməyi öhdəsinə götürmüşdür. -İş materiallarında olan 25 yanvar 2019-cu il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən, “məsləhətçi”nin mühasibat uçotu, əmək haqqı hesabatı ilə bağlı və əlavədə göstərilən digər xidmətləri müqabilində təqdim olunan mükafat əlavədə göstərilən məbləğlərə müvafiq şəkildə ödənilir. -Həmin müqaviləni 5.1-ci bəndinə əsasən, hesabatlar hər ay təqdim olunacaq və hesabın tarixindən 15 təqvim günü ərzində ödənilməlidir. -Yuxarıda qeyd olunan müqaviləyə əlavədən məlum olur ki, müqavilə üzrə xidmətlər ƏDV istisna olmaqla 1.300 (bir min üç yüz) manat məbləğində aylıq qonorar kimi qiymətləndirilir. -İş materiallarında olan 24.09.2020-ci il tarixli pretenziya məktubundan aydın olur ki, tərəflər arasında imzlanmış 25.01.2019 və 31.01.2019-cu il tarixli müqavilələrə əsasən hazırki iş üzrə cavabdehin yaranmış 3.422 manat məbləğində borcunun 7 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. -Məhkəməyə təqdim edilmiş, AZ/TC/2019/3945 saylı 01.04.2019-cu il tarixli, AZ/TC/2019/3964 saylı 01.05.2019-cu il tarixli, AZ/TC/2019/3989 saylı 03.06.2019-cu il tarixli, AZ/TC/2019/4015 saylı 01.07.2019-cu il tarixli, AZ/TC/2019/4042 saylı 01.08.2019cu il tarixli fakturaların surətlərindən və onlara əlavə edilmiş elektron qaimələrdən məlum olur ki, 2019-cu ilin aprel-avqust aylarında hər ay 1534 manat (ƏDV daxil) olmaqla Cavabdeh MMC-yə xidmət haqqı hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 25.01.2019-cu il tarixli, müqavilə bağlanmışdır. İddiaçı MMC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək, öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 1.770 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 25 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməli olan 1.770 (ƏDV daxil olmaqla) manat əsas borc, dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, ümumilikdə 1.800 məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 25 yanvar 2019-cu il tarixli müqaviləyə görə ödənilməli olan 1.770 (ƏDV daxil olmaqla) manat əsas borc, dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, ümumilikdə 1.800 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar