Məhkəmə qərarları › İş №e-2-2(113)-1765/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1765/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1765/2025 11.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci tarixli 05/07-23 saylı müqavilə üzrə əsas borc məbləği 7233,40 manat, 72,33 manat məbləğində cərimə, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi 375,54 manat, vəkilə ödənilmiş xidmət haqqı 500 manat və ödənilmiş dövlət rüsumu 101,82 manat, ümümilikdə 8283,09 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki mübahisə alqı-satqı müqaviləsi ilə bağlıdır. Belə ki, xx.xx.2023-ci tarixli 05/07-23 saylı müqavilə ilə İddiaçı MMC və Cavabdeh MMC arasında “avtomobil və xüsusi təyinatlı yol tikinti texnikalarının ehtiyat hissələrinin alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqavilə bağlandığı tarixdən etibarən qüvvəyə minmişdir və xx.xx.2025-ci ilə qədər qüvvədə sayılırdı. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtında icra edərək cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozmuş, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Müqavilənin 1.1ci bəndinə əsasən satıcı bu müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin qüvvədə olduğu müddətdə alıcının istismar etdiyi xüsusi təyinatlı texnikalara tələb olunan ehtiyyat hissələri, filterləri ilə təmin etməyi öz üzərinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən alıcı sifariş etdiyi avtomobil və xüsusi təyinatlı yol tikinti texnikalarının ehtiyat hissələrini və filterlərini almaq və müqavilənin şərtlərinə uyğun olaraq ödəmək öhdəliklərini öz üzərinə götürür. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı tərəfindən satıcının bank hesabına köcürmə yolu 100% ödəniş olunduqdan sonra alıcının ödənişlə bağlı öhdəliyi yerinə yetirilmiş hesab olunur. Müqaviləyə əsasən İddiaçı tərəfindən cavabdeh ümümilikdə 17190,24 (ƏDV daxil) manat məbləğində mallarla təchiz edilmişdir. Malların verilməsi təhvil təslim aktları rəsmiləşdirilmişdir. Satılmış mallara dair elektron qaimələr göndərilmişdir. Cavabdeh tərəfindən malların dəyərinin 9956,84 (ƏDV daxil) manat məəbləğini ödəmiş, qalan 7233,40 (ƏDV daxil) manat borcunu isə hazıradək ödəməmişdir. Cavabdeh tərəfindən borc etiraf edilsə, bu barədə üzləşmə aktı tərəflər arasında tsdiqlənsə də indiyə borc qədər ödənilməmişdir. Bununla da, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. İddiaçı tərəfindən cavabdehə borcun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmişdir. Cavabdehə ünvanlanmış pretenziya məktubunda borcun tam ödənilməsi cavabdehin nəzərinə çatdırılmışdır. İddiaçı tərəfdən ünvanlandırılan pretenziya məktubuna baxmayaraq, bugünədək cavabdeh iddiaçıya heç bir ödəmə etməmişdir. Bundan başqa qeyd edilən müqavilənin 5.2-ci bəndinə əsasən alıcı ödənişlə bağlı müqavilədə nəzərdə tutulan müddətdə ödənişi razılaşdırılımış qayda həyata keçirmədikdə 10 gündən artıq olmayaraq hər gecikdirilən gün müqavilənin ümumi məbləğinin 0,1% məbləğində cərimə ödəyir. Müqavilənin bu bəndindən çıxış edərək 7233,40 (ƏDV daxil) manat ödənişin ödənilməməsinə görə cavabdeh tərəfindən həmin məbləğin 1% (0,1%*10 gün=1%) həcmində cərimə ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən qeyd edilən ödəniş məbləği 10 gündən artıq müddətə gecikdirilmişdir (sonuncu dəfə mallar xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Odur ki, hazırda cavabdeh tərəfindən ödənilməli olan cərimənin məbləği 72,33 (7233,40 *1%) manat təşkil edir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə və ya tam yerinə yetrilmədikdə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Cavabdehə mallar sonuncu dəfə xx.xx.2023-ci ildə təqdim edilmişdir. Müqaviləyə əsasən həmin tarixlərdə malların dəyəri ödənilməli idi. Lakin yuxarıda da qeyd edildiyi kimi cavabdeh öz öhdəliklərini icra etməmişdir. Cavabdeh bu hərəktələri nəticəsində öhdəliyin icrasını gecikdirmişdir. Buna görə də cavabdeh tərəfindən gecikdirilmiş pul məbləğindən iddiaçıya faizlər ödəməlidir. Müqavilənin məzmunundan aydın olur ki, təhvil verilmiş malların dəyəri mal satıcı tərəfindən alıcıya təhvil verilməmişdən öncə tam həcmdə alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş borcu 7233,40 (ƏDV daxil) manat təşkil edir və xx.xx.2023-cü il tarixdən yaranmışdır. Buna görə də gecikmiş günlərin sayı xx.xx.2023-cü il tarixdən iddianın verildiyi günə (xx.xx.2025) kimi hesablanmalıdır. Bu qaydada cavabdeh tərəfindən öhdəliyin icrası 379 gün gecikdirilmişdir Gecikdirilmiş günlərə görə cavabdeh iddiaçıya gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin faiz dərəcəsinə uyğun olaraq cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə 375,54 manat (7233,40 *((5%/365)*379)%= 375,54) məbləğində faiz ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü tarixli, 05-07- 23 saylı avtomobil və xüsusi təyinatlı yol tikinti texnikalarının ehtiyat hissələrinin alqısatqısı müqaviləsinə əsasən satıcı bu müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin qüvvədə olduğu müddətdə alıcının istismar etdiyi xüsusi təyinatlı texnikalara tələb olunan ehtiyyat hissələri, filterləri ilə təmin etməyi öz üzərinə götürür.

8. Müqavilənin 1.4-cü bəndinə əsasən alıcı sifariş etdiyi avtomobil və xüsusi təyinatlı yol tikinti texnikalarının ehtiyat hissələrini və filterlərini almaq və müqavilənin şərtlərinə uyğun olaraq ödəmək öhdəliklərini öz üzərinə götürür.

9. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu 100% ödəniş olunduqdan sonra alıcının ödənişlə bağlı öhdəliyi yerinə yetirilmiş hesab olunur.

10. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı ödənişlə bağlı müqavilədə nəzərdə tutulan müddətdə ödənişi razılaşdırılımış qayda həyata keçirmədikdə 10 gündən artıq olmayaraq hər gecikdirilən gün müqavilənin ümumi məbləğinin 0,1% məbləğində cərimə ödəyir.

11. İş materiallarında olan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 17190,24 manat (ƏDV daxil olmaqla) məbləğində mallar təqdim olumuşdur.

12. Cavabdeh tərəfindən iddiaçıya 459 manat, 519,84 manat və 540 manat məbləğində vəsait iddiaçıya məxsus ədv sub-uçot hesaba köçürülmüş, eləcə də əsas borc üzrə 8438 manat olmaqla ümumilikdə 9956,84 manat məbləğində ödəniş edilmişdir.

13. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya olan borcu 7233,40 manat təşkil edir. Akt tərəflərin möhürləri və nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir.

14. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

15. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

18. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 17190,24 manat dəyərində olan malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdliklərini tam şəkildə icra etməmiş, təhvil verilmiş malların müqabilində ümumilikdə 9956,84 manat ödəmiş, qalıq 7233,40 manat əsas borc hazırkı günədək iddiaçıya ödənilməmişdir.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 7233,40 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

23. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 72,33 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.

26. Bundan əlavə, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 375,54 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

30. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

31. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

32. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

33. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

36. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

37. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

38. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.

39. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

40. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

41. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

42. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

43. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

44. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

45. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

46. Hazırkı halda alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

47. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz.

48. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.

49. Odur ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq tutulmasını xahiş etdiyi 375,54 manat məbləğində faizlərin cavabdehdən tutulmalı olan 72,33 manat ilə əhatə edilməmiş hissəsi, yəni 303,21 (375,54 manat – 72,33 manat) manat hissəsinin tutulmasını tələb etməkdə haqlıdır.

50. Bu səbəbdən Məhkəmə qeyd edir ki, iddiaçıdan tutulacaq faiz borcunun məbləği 303,21 manat müəyyən edilməlidir.

51. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 7233,40 manat əsas borc, 72,33 manat dəbbə pulu və 303,21 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

52. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabehdən tutularaq iddiaçıya ödənilməlidir.

53. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Prestij” Vəkil Bürosunun hesabına 500 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 96,09 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 5,73 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7233,40 manat əsas borc, 72,33 manat dəbbə pulu, 303,21 manat faiz borcu, 500 manat hüquqi yardıma görə xərc, 96,09 manat dövlət rüsumu, ümumilikdə 8205,03 (səkkiz min iki yüz beş manat üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 5,73 (beş manat yetmiş üç qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar