Məhkəmə qərarları › İş №e-2-2(113)-1769/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1769/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1769/2024 27.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Mənzil X2 Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: satınalma müqaviləsi üzrə cərimə tələbi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Mənzil X2 Cavabdeh MMC-yə qarşı satınalma müqaviləsi üzrə dəbbə pulu tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Mənzil X4 (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında 11 oktyabr 2021-ci il tarixli 08/21 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, Sifarişçi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymət cədvəlində” qeyd olunan malların (bundan sonra ismin müvafiq hallarında “Mallar” adlandırılacaq) satın alınması üçün İcraçının 77.156,54 manat məbləğində tender təklifini qəbul etmişdir. - 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan proqram təminatın lisenziyalarının təqdim edilməsi və quraşdırma işlərininyerinə yetirilməsini öhdəsinə götürür. Təqdim edilmiş və quraşdırılmış lisenziyalı proqram təminatı İcraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində gösterilmiş qaydada aradan qaldırılmasına təminat verir. - 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında proqram təminatın lisenziyalarının və quraşdırma işlərinin İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 2.4-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır. - 5.1-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib müqavilənin predmetini Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. - 5.3-cü bəndinə əsasən icraçı müqavilənin icrası ilə bağlı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş icazələrin, lisenziyaların və müvafiq razılaşmaların alınmasını təmin edir. - 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) müqavilənin xüsusi şərtlərində nəzərdə tutulduğu kimi Sifarişçi tərəfindən müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində aparılır. - 14.1-ci bəndinə əsasən icraçı qısa müddət ərzində satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. İcraçının tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalanması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir. İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda Sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir. Müqavilənin yerinə yetirilməsinin təminatının qüwədəolma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır. - 14.2-ci bəndinə əsasən müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. Tenderin əsas şərtlər toplusunda müqavilənin Sifarişçinin yuxarı idarəetmə orqanı tərəfindən təsdiq olunması nəzərdə tutulmuşdursa, müqavilə həmin orqanın təsdiqinədək qüvvəyə minmir. Yuxarı idarəetmə orqanı təqdim olunmuş satınalma müqaviləsini 5 bank günündən gec olmayaraq təsdiq edir. - 14.3-cü bəndinə əsasən müqavilənin icrası 30 iş günü müddətində yerinə yetirilir. - 20.1-ci bəndinə əsasən icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə), Sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sansiyaları qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər 24.1. Müqavilə şərtlərinin pozulmasına görə müqavilənin ləğv edilməsi. 24.1.1. Müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, Sifarişçi və ya İcraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni ləğv edə bilər. 24.1.2. Aşağıdakı pozuntular əsaslı sayılır: - İcraçının müqavilədə nəzərdə tutulmadığı hallarda və ya Sifarişçi ilə razılaşmadan 30 gündən artıq müddətdə işləri dayandırması; - Sifarişçinin verdiyi təlimat əsasında işlər 30 gündən artıq müddətə dayandırıldıqda, İcraçı ilə işlərin dayandırılması ilə əlaqədar gecikdirmələrin xərclərin ödənilməsi üçün razılığın əldə edilməməsi; - Sifarişçi və ya İcraçının iflasa uğraması və ya ləğv olunması (müəssisə və təşkilatların yenidənqurulması halları istisna edilməklə); -İcraçı tərəfindən təqdim edilmiş və quraşdırılmış lisenziyalı proqram təminatı tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, texniki nəzarət və sınaq nəticəsində aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmaması; - Sifarişçinin müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq, İcraçının təqdim edilmiş sənəd əsasında 30 (otuz) gün müddətində tədbir görməməsi; - müqavilənin xüsusi şərtlərində göstərilən qaydada vurulmuş ziyanların maksimum həddi aşması; - tərəflərin tətbiq etdikləri cərimə məbləğinin yuxarı həddi aşması; - tərəflərin müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərinin yerinə yetirməməsi. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. 11 oktyabr 2021-ci il tarixli 08/21 saylı müqaviləyə əlavə olan qiymət cədvəlinə əsasən tərəflər sözügedən müqavilə üzrə malların, iş və xidmətlərin (adı, ölçüsü, miqdarı, qiyməti daxil) dəyərinin ƏDV daxil 77.156,54 manat olması (o cümlədən qiymət cədvəlinin 4-cü bəndində qeyd edilmiş Qrafik proqram təminatı AutoCAD - including specialized toolsets AD Commercial New Multi-user ELD Subscription Renewal (1 illik uzadılma lisenziya) 3 ədəd x 1.989 = 5.967 manat və 6-cı bəndə qeyd edilmiş Qrafik proqram təminatı 3ds Max 2021 Commercial New Multi-user ELD Subscription Renewal (1 illik uzadılma lisenziya) 2 ədəd x 1.863,92 manat = 3.727,84 manat) barədə razılaşmışlar. Qiymət cədvəli hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. Azərbaycan Respublikası Mənzil X4 (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli 08/21 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin xüsusi şərtlərinə (MXŞ) görə:

11. Müqavilə üzrə ödəmələr (17-ci maddə) Avans ödənişinin məbləği: müqavilə qiymətinin 30%-i məbləğində ola bilər. Gətirilən mallar üçün ödəmələr manatla, mallar təhvil verildikdən sonra aparılacaqdır. Mallardan yalnız Qrafik proqram təminatı ChaosGroup ARCHİCAD 24 Russian Commercial NET License, 5+ with SSA (daimi lisenziya, 1 illik xidmət) proqram təminatının dəyəri təhvil alındıqdan sonra ən qısa müddət ərzində, həmin proqram təminatına İcraçı tərəfindən göstəriləcək xidmət üzrə ödəmə isə xidmət gösdərildikdən dərhal sonra ödəniləcəkdir.

14. Cərimələr (20-ci maddə) Tətbiq olunan gündəlik cərimə məbləği: müqavilə qiymətinin 0,1 faizi. Tətbiq olunan cərimələrin yuxarı həddi: müqavilə qiymətinin 5 faizi. Müqavilənin Xüsusi şərtləri (MXŞ) hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Cavabdeh MMC xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Mənzil X3 (MİDA) müraciət edərək bildirmişdir ki, satışdan çıxarılmış “Multi User” Autodesk yeni lisenziyalarının əldə olunmasının istehsalçı tərəfindən irəli sürülən eksklüziv şərtləri təqdim olunur. Yeni lisenziyalar istehsalçı tərəfindən yalnız o şərtlə təqdim olunur ki, onlar (MİDA) 50.000 ABŞ dolları məbləğində əlavə Autodesk lisenziyalarının alışlarının planını imza möhürlə təsdiq edərlər. Əks təqdirdə, proqnoz təsdiqlənməmiş hesab olunacaq və “Multi User” yeni lisenziyalarının istehsalçı tərəfindən təqdim olunmasına razılıq verilməyə bilər. Bu halda yalnız portalda verdikləri və tərəflərindən (MİDA) aksept etdikləri təkliflərində qeyd edilən “Single User” lisenziyalarının təqdim olunması mümkün olacaq. Məktuba qoşma kimi Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Mənzil X3 08/21 saylı müqaviləyə 2 saylı əlavə göndərilmişdir.

5. 08/21 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli 2 saylı əlavəyə əsasən, tərəflər cədvəldə göstərilən müddətlərdə və məbləğlərdə qeyd edilən proqram təminatları növbəti 1 il ərzində "xxxx" MMC tərəfindən əldə olunacğı barədə razılaşırlar. Əlavə olaraq, təsdiq edirlər ki, "Multi User" Autodesk proqram təminatının istifadəsi yalnız əlavə göstərilən 50.000 ABŞ dollarının məbləğində proqramlar əldə olunacağı təqdirdə mümkün olacaq. Mart 2022-ci il dövrünədək cədvəldə göstərilən alışlar baş tutmadığı təqdirdə, istehsalçı tərəfindən proqram təminatı və onun texniki dəstəyi dayandırılacaq. 2 saylı Əlavə "xxxx" MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. Azərbaycan Respublikası Mənzil X4 Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli məktubuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla Cavabdeh MMC-yə müraciət edərək bildirmişdir ki, satınalmaların vahid internet portalında tərəflərindən doldurulmuş “satınalma predmeti üzrə cədvəl”də təşkilatlarının tender təklifi öz əksini tapmışdır. Tərəflərindən doldurulmuş həmin cədvəldə hər bir lisenziyanın qarşısında ada uyğun lisenziya təklif olunmuş və həmin lisenziyanın qiyməti qeyd edilmişdir. Tender təklifinin qiyməti tərəflərindən doldurulmuş həmin cədvələ uyğun portal tərəfindən avtomatik qiymətləndirilmiş və bu cədvəl də portal tərəfindən avtomatik olaraq formalaşdırılan protokola əlavə edilmişdir. Buna görə də Agentlik ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə “Qiymət cədvəli” satınalmaların vahid internet portalında onlar tərəfindən doldurulmuş “satınalma predmeti üzrə cədvəl”ə uyğun hazırlanmışdır. xx.xx.2021-ci il tarixli məktubları ilə təqdim olunmuş müqaviləyə 2 saylı əlavədə qeyd edilən malların adları tenderin əsas şərtlər toplusunda olan satınalma predmetləri ilə uyğunsuzluq təşkil etdiyindən həmin əlavənin Agentlik tərəfindən imzalanması mümkün deyildir. Həmçinin qeyd edilmişdir ki, təqdim edilmiş müqaviləyə əlavəyə əsasən heç bir satınalma proseduru keçirilmədən Agentlik tərəfindən 50.000 ABŞ dolları məbləğində lisenziyaların alınmasına dair öhdəliyin götürülməsi nəzərdə tutulur. Qeyd olunanlarla yanaşı, təqdim etdikləri əlavədə həmin lisenziyalar alınmayacağı təqdirdə cari müqavilə üzrə təqdim olunacaq proqram təminatının və ona texniki dəstəyin dayandırılacağı da öz əksini tapmışdır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heç bir satınalma proseduru keçirilmədən bu əlavənin imzalanması qüvvədə olan qanunvericiliyə ziddir. Bununla yanaşı tenderin digər iştirakçıları tərəfindən onların təqdim edilməsinin mümkün olmadığını bildirdikləri satınalma predmetləri üzrə “Multi User” lisenziyalar təklif edilmiş və tenderdə ikinci yer tutan iddiaçıya təkrar sorğu göndərilərək təsdiqləyici məktub da alınmışdır. Nəticədə xx.xx.2021-ci il tarixli 08/21 nömrəli “Mallar (işlər, xidmətlər) üzrə satınalma müqaviləsi”nə əsasən təşkilatlarının üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi Agentliyin fəaliyyətinin təmin olunmasında problemlər yaratmışdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və xx.xx.2021-ci il tarixli 08/21 nömrəli “Mallar (işlər, xidmətlər) üzrə satınalma müqaviləsi”nin 24-cü bəndinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün sözügedən müqavilənin 30 gündən sonra ləğv olunacağı bildirilmişdir.

7. Azərbaycan Respublikası Mənzil X4 tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu göndərilərək MMC-dən müqavilə üzrə yaranmış 3.857,82 manat cərimə sanksiyasının 10 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı Azərbaycan Respublikası Mənzil X4 Cavabdeh MMC-yə qarşı kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 08/21 nömrəli satınalma müqaviləsi və xüsusi şərtləri üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə tətbiq edilmiş 3.857,82 manat cərimə sanksiyasının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mənzil X4 tərəfindən proqram təminatlarının satın alınması üzrə 02 sentyabr 2021-ci il tarixində elektron satınalma vasitəsilə açıq tender keçirilmiş və tenderin nəticələri haqqında yekun protokol Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 24 sentyabr 2021-ci il tarixində 5P/6843 nömrəsi ilə qeydə alınmışdır. Tenderdə ən aşağı qiymət (77.156,54 manat) təklif edən Cavabdeh MMC-nin tender təklifinin qiyməti tender predmetinin ehtimal olunan qiymətindən 32% aşağı olduğuna görə 27 dekabr 2001-ci il tarixli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə əsasən müvafiq sorğular göndərilmiş, satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünməyən cavab alındığı üçün 1-ci yer verilmiş və onunla icra müddəti 30 iş günü müəyyən edilmiş 11 oktyabr 2021-ci il tarixli 08/21 nömrəli satınalma müqaviləsi imzalanmışdır. Lakin bu günə qədər həmin müqavilənin icrası təmin olunmamışdır. Belə ki, Cavabdeh MMC müqavilənin qiymət cədvəlinin 4-cü və 6-cı bəndlərində nəzərdə tutulan “Multi-user” lisenziyalarının qiymətini orta bazar qiymətlərindən aşağı göstərərək, həmin məhsulların əvəzinə “Single-user” lisenziyalar təklif etmişdir. Bu da həm tenderin şərtlər toplusuna, həm də onun əsasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmamaqla yanaşı mövcud tələbatı da təmin etməmişdir. Bundan əlavə Cavabdeh MMC xx.xx.2021-ci il tarixli məktubla müraciət edərək, “Multiuser” lisenziyalarının əldə edilməsi üçün 50.000 ABŞ dolları məbləğində əlavə “Autodesk” lizenziyalarının alınması barədə istehsalçının şərtlərini bildirmişdir. Satınalan təşkilata əlavə öhdəliyin təklif edilməsi həm qanunvericiliyin tələblərinə, həm də müqavilənin şərtlərinə uyğun olmadığından müsabiqə nəticəsinin ləğv edilərək tərəflə bağlanmış satınalma müqaviləsinə xitam verilməsi üçün müvafiq icra hakimiyyəti olaraq müəyyən edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilmiş və müsbət cavab alınmışdır. Bu səbəbdən, Agentliyin Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 04-04/11/218 nömrəli məktubu ilə Müqavilənin 30 (otuz) gündən sonra ləğv olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsinə” uyğun olaraq hazırlanmış bu müqavilənin 20-ci bəndinə əsasən, icraçı olaraq Cavabdeh MMC Müqaviləni (və ya onun hər hansı hissəsini) müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə), sifarişçi (Agentlik) tərəfindən digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyalarının tətbiq ediləcəyi nəzərdə tutulmuşdur. Həmin bənddə həmçinin, cərimələrin məbləğinin yuxarı həddinin müqavilənin xüsusi şərtlərində göstərildiyi və bu məbləğin müqavilənin qiymətinin 10 faizindən çox olmaması qeyd olunmuşdur. Bu Müqavilənin xüsusi şərtlərinin 13-cü bəndinə əsasən isə, tətbiq olunan gündəlik cərimə məbləği: Müqavilə qiymətinin 0,1 faizi, tətbiq olunan cərimələrin yuxarı həddi: Müqavilənin qiymətinin 5 faizi olaraq müəyyən edilmişdir. Bildirirlər ki, yuxarıda qeyd olunanları, həmçinin Müqavilənin icra müddətinin xx.xx.2021-ci il tarixində bitməsini, bundan sonra onun xx.xx.2021-ci il tarixdə Agentlik tərəfindən ləğv edildiyini və müqavilənin qiymətinin 77.156,54 manat olduğunu nəzərə alaraq, Müqavilənin 20-ci və onun xüsusi şərtlərinin 13-cü bəndlərinə əsasən Agentlik tərəfindən Cavabdeh MMC-yə 3.857,82 manat cərimə sanksiyası tətbiq edilmişdir. Hazırkı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə pretenziya göndərilmiş, lakin bunun müsbət nəticəsi olmamışdır. Qanunvericiliyə uyğun olaraq mediasiya prosesinə müraciət edilmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00018 nömrəli arayış verilmişdir. Mediasiya xərci olaraq iddiaçı tərəf 70 manat ödəmişdir. 10.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442 və 462.1-ci maddələrinə istinad etmişdir b) İddiaya qarşı etirazın dəlilləri

11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları 12.. iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

13. Cavabdeh MMC məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verilməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ 14.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). İV. TƏTBİQ EDİLƏN HÜQUQ 16.AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. - 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

17. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Mənzil X4 (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında 11 oktyabr 2021-ci il tarixli 08/21 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Cavabdeh MMC həmin müqavilə üzrə öhdəliklərini icra etməyərək müqavilədə göstərilən müddətdə (bağlandığı tarixdən 30 iş günü) satınalmanın predmeti olan proqram təminatlarını iddiaçıya təqdim etməmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası Mənzil X4 Cavabdeh MMC-yə əvvəlcədən xəbərdarlıq etməklə xx.xx.2021-ci il tarixdən cavabdeh tərəfindən öhdəliklərin pozulması ilə əlaqədar müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Mənzil X4 müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş dəbbə pulunun Cavabdeh MMC-dən tutulmasını tələb edir.

21. Məhkəmə cavabdehin mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasının gecikdirilməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsinin nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 462-ci maddəsinin tələbləri baxımından həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

22. Cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə cavabdeh tərəfindən öhdəliklərin 30 iş günü ərzində icra edilməli olması şərtləndirilmişdir. Müqavilənin xx.xx.2021-ci ildə bağlandığını nəzərə alsaq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər xx.xx.2021-ci il tarixədək icra edilməli idi.

23. Digər tərəfdən iş materiallarından görünür ki, mübahisəli müqavilə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə birtərəfli qaydada ləğv edilməklə, Mülki Məcəllənin 424.3-cü maddəsinin tələblərinə əsasən tərəflərin müqavilə üzrə öhdəliklərinə həmin tarixdən xitam verilmişdir.

24. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyi tarixdən cavabdehin proqram təminatını təqdim etmək öhdəliyinə xitam verilməklə həmin öhdəliyi icra etmək imkanı da itirilmişdir. Bu baxımdan müqavilə ləğv edildikdən sonrakı müddət üçün öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən dəbbə pulunun tutulması üçün əsaslar mövcud deyildir.

25. Odur ki, iddiaçı öhdəliyin icrası müddəti başa çatdığı tarixindən - xx.xx.2021-ci il tarixdən müqavilənin ləğv edildiyi tarixədək - xx.xx.2021-ci il tarixədək olan 38 günlük müddət üçün öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququna malikdir. Həmin müddət üçün icrası gecikdirilmiş öhdəliyə müqavilənin şərtlərinə əsasən hər gün üçün 0,1 % olmaqla hesablanan dəbbə pulu isə 2932 manat (77.156,54 manat x0.1%*38 gün)təşkil edir.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 11 oktyabr 2021-ci il tarixli 08/21 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 2932 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikası Mənzil X1 ödənilməlidir.

27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 70 (60+10 manat poçt xərci) manat məbləğində mediasiya xərcləri ödənilmişdir.

28. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 58,57 manat təşkil edir.

29. Mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

30. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 11 oktyabr 2021-ci il tarixli 08/21 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 2932 manat məbləğində dəbbə pulu (cərimə) və mediasiya xərclərinin əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Mənzil X3 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar