Məhkəmə qərarları › İş №e-2-2(113)-1769/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1769/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1769/2025 16.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli 15/09-20 saylı “Avtomobil və xüsusi təyinatlı yol tikinti texnikalarının ehtiyat hissələrinin alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin: -1.1.-ci bəndinə əsasən, Satıcı bu müqavilənin şərtlərinə uyğun olaraq Müqavilənin qüvvədə olduğu müddətdə Alıcının istismar etdiyi xüsusi təyinatlı texnikalara tələb olunan ehtiyyat hissələri, filterləri (bunadan sonra “Mallar”) ilə təmin etməyi öz üzərinə götürür. 1.4-cü bəndinə əsasən Alıcı sifariş etdiyi avtomobil və xüsusi təyinatlı yol tikinti texnikalarının ehtiyyat hissələrini və filterlərini almaq və müqavilənin şərtlərinə uyğun olaraq ödəmək öhdəliklərini öz üzərinə götürür. 3.3-cü bəndinə əsasən Alıcı tərəfindən Satıcının bank hesabına köcürmə yolu 100 % ödəniş olunduqdan sonra Alıcının ödənişlə bağlıl öhdəliyi yerinə yetirilmiş hesab olunur. 5.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə və ya tam yerinə yetrilmədikdə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 5.2-ci bəndinə əsasən, Alıcı ödənişlə bağlı müqavilədə nəzərdə tutulan müddətdə ödənişi razılaşdırılımış qaydada həyata keçirmədikdə 10 gündən artıq olmayaraq hər gecikdirilən gün müqavilənin ümumi məbləğinin 0.1% məbləğində cərimə ödəyir. -8.1-ci bəndinə əsaəsən, bu müddət müqavilənin qüvvədə olduğu istənilən vaxtda artırıla və ya azadıla bilər.

2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 iyun 2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC ilə Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixinə olan borcun məbləği 26928,09 manat təşkil edir. Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci tarixli 15/09-20 saylı müqavilə üzrə əsas borc məbləği 21.612,21 (iyirmi bir min altı yüz on iki manat iyirmi bir qəpik) manat, 216,12 (iki yüz on altı manat on iki qəpik) manat məbləğində cərimə, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi 1078,78 (min yetmiş səkkiz manat yetmiş səkkiz qəpik), vəkilə ödənilmiş xidmət haqqı 500 manat və ödənilmiş dövlət rüsumu 160,22 manat, ümümilikdə 23567,33 (iyirmi üç min beş yüz altmış yeddi manat otuz üç qəpik) manatın cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki mübahisə alqı-satqı müqaviləsi ilə bağlıdır. Belə ki, xx.xx.2020-ci tarixli 15/09-20 saylı müqavilə (bundan sonra Müqvilə) ilə "Oniks Construction” MMC (bundan sonraİddiaçı) və "xxxx" MMC (bundan sonra Cavabdeh) arasında “Avtomobil və xüsusi təyinatlı yol tikinti texnikalarının ehtiyat hissələrinin alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqavilə bağlandığı tarixdən etibarən qüvvəyə minmişdir və xx.xx.2021-ci ilə qədər qüvvədə sayılırdı. Müqavilənin 8.1-ci bəndinə əsaəsn bu müddət müqavilənin qüvvədə olduğu istənilən vaxtda artırıla və ya azadıla bilər. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtında icra edərək Cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozmuş, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı bu müqavilənin şərtlərinə uyğun olaraq Müqavilənin qüvvədə olduğu müddətdə Alıcının istismar etdiyi xüsusi təyinatlı texnikalara tələb olunan ehtiyyat hissələri, filterləri (bunadan sonra “Mallar”) ilə təmin etməyi öz üzərinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən Alıcı sifariş etdiyi avtomobil və xüsusi təyinatlı yol tikinti texnikalarının ehtiyyat hissələrini və filterlərini almaq və müqavilənin şərtlərinə uyğun olaraq ödəmək öhdəliklərini öz üzərinə götürür. Müqavilənin 3.3-cü bəndinə əsasən, Alıcı tərəfindən Satıcının bank hesabına köcürmə yolu 100 % ödəniş olunduqdan sonra Alıcının ödənişlə bağlıl öhdəliyi yerinə yetirilmiş hesab olunur. Müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh ümümilikdə 300 804,42 (ƏDV daxil) manat məbləğində Mallarla təchiz edilmişdir. Satılmış Mallara dair elektron qaimələr göndərilmişdir. Cavabdeh tərəfindən malların dəyərinin 279.192,21 (ƏDV daxil) manat məbləğini ödəmiş, qalan 21 612,21 (ƏDV daxil) manat borcunu isə hazıradək ödəməmişdir. Cavabdeh tərəfindən qismən borc etiraf edilsə, bu barədə üzləşmə aktları tərəflər arasında təsdiqlənsə də indiyə qədər borc ödənilməmişdir. Bununla da, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. İddiaçı tərəfindən cavabdehə borcun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmişdir. Cavabdehə ünvanlanmış pretenziya məktubunda borcun tam ödənilməsi cavabdehin nəzərinə çatdırılmışdır. İddiaçı tərəfdən ünvanlandırılan pretenziya məktubuna baxmayaraq, bugünədək cavabdeh iddiaçıya heç bir ödəmə etməmişdir. Bundan başqa qeyd edilən müqavilənin 5.2-cü bəndinə əsasən Alıcı ödənişlə bağlı müqavilədə nəzərdə tutulan müddətdə ödənişi razılaşdırılımış qaydada həyata keçirmədikdə 10 gündən artıq olmayaraq hər gecikdirilən gün müqavilənin ümumi məbləğinin 0.1% məbləğində cərimə ödəyir. Müqavilənin bu bəndindən çıxış edərək 21. 612,21 (ƏDV daxil) manat ödənişin ödənilməməsinə görə Cavabdeh tərəfindən həmin məbləğin 1% (0.1%*10 gün=1%) həcmində cərimə ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən qeyd edilən ödəniş məbləği 10 gündən artıq müddətə gecikdirilmişdir. Odur ki, hazırda Cavabdeh tərəfindən ödənilməli olan cərimənin məbləği 216,12 (21 612,21*1%) manat təşkil edir. Müqavilənin 5.1-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə və ya tam yerinə yetrilmədikdə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Cavabdehə malların əksəriyyəti 2020-2023-cü illərdə, sonuncu dəfə isə xx.xx.2023-cü ildə təqdim edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə 442,50 (ƏDV daxil) manat mallar təqdim edilmişdir. Müqaviləyə əsasən həmin tarixlərdə malların dəyəri ödənilməli idi. Lakin yuxarıda da qeyd edildiyi kimi Cavabdeh öz öhdəliklərini icra etməmişdir. Cavabdehin bu hərəktələri nəticəsində öhdəliyin icrasını gecikdirmişdir. Buna görə də Cavabdeh tərəfindən gecikdirilmiş pul məbləğindən iddiaçıya faizlər ödəməlidir. Müqavilənin məzmunundan aydın olur ki, təhvil verilmiş malların dəyəri mal “Satıcı” tərəfindən “Alıcıya” təhvil verilməmişdən öncə tam həcmdə “Alıcı“ tərəfindən “Satıcı”ya ödəniləcəkdir. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş borcu 21.612,21 (ƏDV daxil) manat təşkil edir. Bu məbləğin 21.169,71 (ƏDV daxil) manat məbləğində borcu xx.xx.2023-ci il tarixdən yaranmışdır. Buna görə də gecikmiş günlərin sayı xx.xx.2023-cü il tarixdən iddianın verildiyi günə (xx.xx.2024) kimi hesablanmalıdır. Bu qaydada Cavabdeh tərəfindən öhdəliyin icrası 372 gün gecikdirlmişdir. Gecikdirilmiş günlərə görə Cavabdeh İddiaçıya gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin faiz dərəcəsinə uyğun olaraq Cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə 1078,78 manat (21.169,71*((5%/365)*372)%=1078,78) məbləğində faiz ödənilməldir. Digər tərəfdən, pozulmuş hüquqlarının bərpa etmək üçün iddiaçı tərəfindən çəkilmiş xərclərin əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, hüquqlarını bərpa etmək üçün iddiaçı tərəfindən çəkilmiş xərclər olaraq məhəkəməyə ödənilmiş dövlət rüsumu 160,22 manat və vəkilə ödənilmiş xidmət haqqı 500 manat təşkil edir.

6. Məhkəmə icraatının gedişində iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, xx.xx.2020-ci tarixli 15/09-20 saylı müqavilə üzrə əsas borc məbləği 15.144,62 (on beş min yüz qırx dörd manat altmış iki qəpik) manat, 216,12 (iki yüz on altı manat on iki qəpik) manat məbləğində cərimə, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi 1.078,78 (min yetmiş səkkiz manat yetmiş səkkiz qəpik), vəkilə ödənilmiş xidmət haqqı 500 manat və ödənilmiş dövlət rüsumu 160,22 manat, ümümilikdə 17099,74 (on yeddi min doxsan doqquz manat yetmiş dörd qəpik) manatın tutulmasını xahiş edir.

b) İddiaya qarşı etirazın dəlilləri

İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

12. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. AR MPM-in: -106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

V. MƏHKƏMƏNİN MÖVQEYİ

14. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2020-ci tarixli 15/09-20 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmiş, cavabdeh isə həmin malların dəyərini tam şəkildə ödəməmiş və tərəflər arasında tərtib edilmiş 01 iyun 2024-cü il tarixli üzləşmə aktına əsasən, 26.928 (ƏDV daxil) yaranmışdlr. Məhkəməyə iş verilən zaman xx.xx.2020-ci tarixli 15/09-20 saylı müqavilə üzrə əsas borc məbləği 21.612,21 manat olmuş, məhkəmə icraatının gedişində iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdeh tərəfindən borc məbləği üzrə bir qisim ödənişlərin həyata keçirildiyini və hazırda cavabdehin qalıq borcunun 15.144,62 manat təşkil etdiyini göstərmişdir.

16. Bundan əlavə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli 15/09-20 saylı “Avtomobil və xüsusi təyinatlı yol tikinti texnikalarının ehtiyat hissələrinin alqı-satqısı” müqaviləsinin 5.1-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə və ya tam yerinə yetrilmədikdə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə öhdəliklərin icrasının gecikdirilməsi üçün faiz məbləğinin ödənilməsi nəzərdə tutulduğundan iddiaçı 1078,78 manat faiz məbləğinin ödənilməsi tələbində haqlı olmuşdur.

17. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan müddətdə ödənişi razılaşdırılımış qaydada həyata keçirmədikdə 10 gündən artıq olmayaraq hər gecikdirilən gün müqavilənin ümumi məbləğinin 0.1% məbləğində cərimə ödənilməsi nəzərdə tutulduğundan, iddiaçının gecikdirilmiş günlərin sayı üzrə 216,12 manat cərimə məbləğinin cavabdeh tərəfindən ödənilməsi tələbi əsaslıdır.

18. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbinə (ilkin iddia tələbi 21.612,21 manat olmuş) münasibətdə edilmiş ödənişlər nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 15.144,62 manat məbləğində əsas, 1078,78 manat faiz, 216,12 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, vəkil xidmətlərinə görə 500 manat xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir.

20. Həmçinin, dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 160,22 manat təşkil edir və dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

21. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160,22 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 15144,62 manat (on beş min yüz qırx dörd manat altmış iki qəpik) məbləğində əsas borc, 216,12 (iki yüz on altı manat on iki qəpik) manat məbləğində cərimə, 1078,78 (min yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu, 500 (beş yüz) manat məbləğində vəkil üçün xidmət haqqı və ödənilmiş 160,22 (yüz altmış manat iyirmi iki qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 17099,74 (on yeddi min doxsan doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar