Məhkəmə qərarları › İş №e-2-2(113)-1770/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1770/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1770/2021 03.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, tərcüməçi X3, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı direktrou X4, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi, vəkili X5 və ilkin iddia üzrə Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Xie Xiaofengin iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı borcun ödənilməs tələbi barədə ilkin iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçınə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən əsas borc olaraq 12152,07 manat pul vəsaitinin, gecikdirilmiş vaxt üçün 607,60 manat məbləğində pul vəsaitinin, 30 (otuz) manat dövlət rüsumunun və hazırki iş üzrə hüquqi yardım göstərilməsi üçün tərəflərindən vəkilə ödənilmiş 1000 manat pul məbləğinin cəmi 13789,67 manat İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi belə əsaslandırılmışdır ki, “İddiaçı" MMC (müqavilə üzrə "Ekspeditor") (VÖEN **********), (direktor Zeynalov Məzahir) ilə “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (müqavilə üzrə "Müştəri") (VÖEN **********) (direktor Vu Sheng) arasında gömrük rəsmiləşdirilməsi xidmətinin təşkili, yüklərin daşınması (hava, dəniz, dəmir yolu və yerüstü), müvəqqəti anbar saxlama xidməti, yükləmə-boşaltma işləri və tərəflər arasında digər razılaşdırılmış xidmətləri nəzərdə tutan 01 aprel 2019-cu il tarixli, GS001/2019 nömrəli "Ekspeditor Xidmətləri Haqqında" müqavilə bağlanmışdır. Müqavilənin 1.3-cü bəndində xidmətlərin dəyərinin göstərilən hər xidmətə görə ayrılıqda hesablanacağı qeyd olunmuşdur. Qeyd olunan müqavilə üzrə “İddiaçı" MMC tərəfindən “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xeyrinə dəfələrlə müqavilə bağlandığı tarixdən indiyədək gömrük rəsmiləşdirilməsi xidmətinin təşkili, yüklərin daşınması (hava, dəniz, dəmir yolu və yerüstü), müvəqqəti anbar saxlama xidməti, yükləmə-boşaltma işləri və tərəflər arasında digər razılaşdırılmış xidmətlər göstərilmişdir və həmin xidmətlərin həyata keçirilməsi zamanı “İddiaçı" MMC tərəfindən müxtəlif məbləğlərdə vəsaitlər xərclənmiş, cavabdehin əvəzinə tərəflərindən qeyd olunan xidmətlərin göstərilməsi zamanı ödənilməli olan vergilər və rüsumlar ödənilmiş və müqavilənin şərtlərinə tərəflərindən tam riayət edilmişdir. Göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin, dövlət rüsumlarının və xidmət haqlarının bir qismi müxtəlif tarixlərdə cavabdeh tərəfindən ödənilsə də, lakin Seriya: EBAM 716959; 03.08.2020-ci il tarixli (3212,31 manat), Seriya: EBAN 135004; 03.08.2020-ci il tarixli (640 manat),Seriya: EBAN 135389; 03.08.2020-ci il tarixli (785 manat),Seriya: EBAİ 579701; 09.04.2020-ci il tarixli (2277,58 manat) və Seriya:EBAİ 330888; 31.05.2020-ci il tarixli (5237,18 manat) elektron qaimələr elektron qaydada onlara göndərilməsinə baxmayaraq, sözügedən məbləğlər tərəflərindən indiyədək ödənilməmiş və cavabdeh tərəfindən müqavilənin şərtləri birtərəfli qaydada pozulmuşdur. Halbuki, aralarında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən müştəri ekspeditorun xidmətlərinin haqq hesab-fakturaları aldığı tarixdən 10 bank günü ərzində nağd və ya bank köçürmə yolu ilə tam şəkildə ekspeditora (“İddiaçı" MMC-yə) ödəməlidir. Lakin xidmətlərin göstərilməsindən və xidmətlərinin haqq hesab fakturalarının cavabdehə rəsmi qaydada göndərilməsindən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən sözügedən xidmətlərin dəyəri ödənilməmişdir. 04.08.2020-ci il və 02.03.2021-ci il tarixdə cavabdehə tərəflərindən poçt vasitəsilə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubunda müqavilənin 6-cı maddəsinin tələblərini rəhbər tutaraq mübahisənin məhkəmədən kənar qaydada həlli cavabdehə təklif olunmuş və “İddiaçı" MMC tərəfindən “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xeyrinə göstərilmiş xidmətlərə görə ödənilməmiş 12152,07 manat pulun 30 (otuz) gün müddətində könüllü şəkildə “İddiaçı" MMC-yə ödənilməsi xahiş edilmiş, “İddiaçı" MMC tərəfindən “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xeyrinə müqaviləyə uyğun olaraq göstərilmiş xidmətlərə görə yaranmış 12152,07 manat borcun 30 (otuz) gün müddətində tərəflərindən “İddiaçı" MMC-yə ödənilməsini müqavilənin 6.3 və 6.4-cü bəndlərinə uyğun olaraq 12152,07 manat borcun cavabdehdən məcburi qaydada məhkəmə qaydasında tələb ediləcəyi yazılı şəkildə bildirilmişdir. Lakin həmin xəbərdarlıq məktubunun rəsmi qaydada cavabdehə göndərilməsindən 1 (bir) ay keçməsinə baxmayaraq cavabdeh tərəfindən sözügedən borc ödənilməmiş və cavabdeh sözügedən borcu ödəməkdən qəsdən yayınmışdır. Qeyd olunan borcun cavabdehdən alınması ilə bağlı hüquqi yardım üçün vəkillə müqavilə bağlanmış və tərəflərindən hüquqi yardım müqaviləsi üzrə vəkil bürosuna 1000 manat pul ödənilmişdir. Sözügedən xərc cavabdehin müqavilə şərtlərini pozması səbəbindən yarandığından həmin xərc də cavabdehdən tutularaq onlara ödənilməlidir. Müqavilə üzrə tərəflərindən görülmüş işlərə və göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən ödənilməli olan borcun məhkəmədən kənar qaydada alınması mümkün olmamışdır. Bu səbəbdən də, borcun məhkəmə qaydasında məcburi qaydada alınması barədə qətnamə qəbul edilməlidir. Belə ki, cavabdehlə məsələnin məhkəmədən kənar qaydada həllinə şifahi və yazılı şəkildə dəfələrlə cəhd etsəm də, lakin cavabdeh tərəfindən buna müsbət yanaşılmamışdır. Cavabdeh “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində vurulmuş 240000 manat ziyana görə kompensasiyanın ödənilməsini İddiaçı üzərinə qoyulmasına və iddia tələbinin rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Galaxy Servises LTD MMC ilə “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış 09.05.2019-cu il tarixli GS001/2019 saylı Ekspeditor Xidmətləri Haqqında müqavilənin 1.2 bəndinin tələbinə əsasən şirkətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmə səbəbindən şirkətlərinə 300000 manatdan artıq ziyan dəymişdir. Galaxy Servises LTD MMC-in müqavilə şərtlərinə əsasən yerinə yetirməli olduğu “Gömrük rəsmləşdirmə xidmətinin təşkili”ni həyata keçirməmişdir. Şirkət tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “X9 Kompani” Azərbaycan filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri“nə dair UB197/2019 nömrəli müqavilə şərtlərinə görə Cavabdeh şirkətinin Azərbaycan Nümayəndəliyi Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərin aparılması ücün 17.10.2019-cu il tarixli Ümid 40\02 saylı sertifikata əsasən yeni malların gətirilməsi zərurəti yarandığından əlavə olaraq XİFƏN kodların əlavə olunaraq sertifikat verilməsi ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən Xəzər Rayon Məhkəməsinin 3(003)-114/2020 saylı, 07.02.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 47017,94 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-116/2020, saylı, 06.02.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 38324,72 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)- 115/2020 saylı, 20.02.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 10743,68 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-117/2020 saylı, 21.02.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 43568,16 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-243/2020 saylı, 18.03.2020-ci il tarixli icra sənədinə əsasən «X12Kompani» Şirkətinin Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 47734,64 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-242/2020 saylı, 31.05.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 30101,71 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Ümumilikdə 240000 manatdan artıq cərimə tətbiq edilərək, şirkətin hesabından tutulmuşdur. İlkin iddia üzrə İddiaçı məhkəməyə “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin qarşılıqlı iddia ərizəsinə dair etiraz təqdim edərək, qeyd etmişdir ki, qarşılıqlı iddia tam əsassızdır və “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilkin iddia tələbi üzrə ondan müqavilə üzrə tələb olunan borcu ödəməmək üçün qarşılıqlı iddianı formal olaraq irəli sürmüşdür. Belə ki, qarşılıqlı iddia tələbində iddia olunan məbləğ İddiaçı MMC-nin 01 aprel 2019-cu il tarixli, GS001/2019 nömrəli "Ekspeditor Xidmətləri Haqqında" Müqavilə üzrə vəzifələrini yerinə yetirməməsinə görə deyil, cavabdeh “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin qanunvericiliyin tələblərinə riayət etməməsinə görə məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında edilmiş cərimələrdir və həmin qanun pozuntularına görə məhkəmə tərəfindən cərimə ediləcəkləri barədə cavabdehin əvvəlcədən məlumatı olmuşdur. Lakin cavabdeh tərəf qanun pozuntularını aradan qaldırmadığına görə Dövlət Gömrük Komitəsinin məhkəməyə təqdim etdiyi protokol əsasında məhkəmə tərəfindən cərimə barədə qərar qəbul edilmişdir və həmin məhkəmə qərarları barədə də cavabdehin məlumatı olmuşdur. Göründüyü kimi, cavabdeh “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məhkəmə qərarı ilə cərimə edilməsi İddiaçı MMC-nin direktorunun müqavilə öhdəliklərini yerinə yetirməməsi və ya qanunsuz hərəkəti nəticəsində deyil, birbaşa cavabdeh Şirkətin özünün qanunvericiliyin tələblərini kobud şəkildə pozması nəticəsində baş vermişdir. Halbuki, direktor dəfələrlə cavabdehə qanunvericiliyin tələblərinə riayət etməli olduğunu, sənədləri qaydasına salmağı, əks təqdirdə qanunun tələbinə əsasən məhkəmə tərəfindən cərimə edilə biləcəkləri barədə qabaqcadan dəfələrlə məlumat vermişdi. Lakin cavabdeh Şirkət tərəfindən hər hansı tədbir görülməmişdir. Bundan başqa, cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmağa çalışmışdır ki, guya İddiaçı MMC tərəfindən 01 aprel 2019-cu il tarixli, GS001/2019 nömrəli "Ekspeditor Xidmətləri Haqqında" Müqavilənin 1.2-ci maddəsində qeyd olunan öhdəliyi yerinə yetirməməsi səbəbindən 240000 manat ziyan vurulmuşdur. Bununla əlaqədar olaraq bildirirlər ki, cavabdehin qarşılıqlı iddia tələbi tamamilə əsassızdır. Belə ki, sözügedən Müqavilənin 1.2-ci maddəsinə əsasən İddiaçı MMC üzərinə aşağıdakı öhdəlikləri götürmüşdür: - Gömrük rəsmiləşdirilməsi xidmətinin təşkili; - Yüklərin daşınması (hava, dəniz, dəmir yolu və yerüstü); - Müvəqqəti anbar saxlama xidməti; - Yükləmə-boşaltma işləri; - Tərəflər arasında digər razılaşdırılmış xidmətlər. Müqavilənin 1.2-ci bəndinə qeyd olunan öhdəliklərin vaxtında yerinə yetirilməsi cavabdehin (müqavilədə - Müştəri) öhdəsinə götürdüyü və Müqavilənin 2.8-ci bəndində qeyd olunan öhdəliklərin vaxtında icrasında asılı olmuşdur. Belə ki, Müqavilənin 2.8-ci maddəsinə əsasən cavabdeh “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi hazırki müqavilə əsasında xidmətləri göstərilməsi üçün tələb olunan sənədləri (mənşə və uyğunluq sertifikatları, kommersiya invoysu, qablaşdırma siyahısı və s.) İddiaçı MMC-yə təqdim etməli idi. Lakin cavabdeh tərəfindən həmin sənədlərin hamısı vaxtında təqdim edilməmiş və Müqavilənin 2.8-ci maddəsinin tələbini pozmuşdur. Bu səbəbdən də, cavabdeh qanunvericiliyin tələblərini yerinə yetirmədiyinə görə məhkəmə tərəfindən cərimə olunmuşdur. Halbuki, direktor İddiaçı MMC-nin adından əlindən gələn qədər və qanun çərçivəsində “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cərimə edilməməsinə çalışmış və həmin Şirkət rəhbərliyini müvəqqəti saxlanc prosedurunun müddəti 4 ay ərzində DGK-dən gömrük rüsumlarından azad olunma sertifikatını şirkət tərəfindən alınmadığı təqdirdə qanunun tələbinə əsasən cərimə ediləcəyi barədə dəfələrlə zəng vuraraq xəbərdar etmiş və rüsumlardan azad olunma sertifikatı alınmadan gömrük rəsmiləşdirilməsinin tam həyata keçirilməsinin mümkün olmayacağını bildirmişdir. Belə ki, gömrük rüsumlarından azad olunma sertifikatını almaq üçün “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən həmin şirkətin “Asan imza”sı vasitəsilə müraciət edilərək alınmalı olduğundan (gömrük rüsumlarından azad olunma sertifikatın alınması ilə bağlı müraciətlər həmişə cavabdeh tərəfindən edilmişdir) həmin sənədin İddiaçı MMC-nin direktoru tərəfindən alınmalı olması həm faktiki, həm də hüquqi baxımdan mümkün deyil və bu barədə “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ona hər hansı səlahiyyət də verilməmişdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Bundan əlavə, cavabdehin qarşılıqlı iddia tələbini əsaslandırmaq üçün əlavə etdiyi Dövlət Gömrük Komitəsinin 31.03.2021 il tarixli 1000-210/210-24/004983 saylı məktubuna münasibət olaraq bildirirlər ki, sözügedən məktubda İddiaçı MMC-nin direktoru hər hansı qanunun tələbini və ya Müqaviləni pozmağıyla bağlı hər hansı fakt qeyd edilməmişdir. Məktubda qeyd edilənlərlə əlaqədar olaraq bildirirlər ki, İddiaçı MMCnin direktoru “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ona verilmiş etibarnamə əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyinin xahişi və icazəsi ilə onların adından izahat vermişdi və izahatda yalnız onların dediyi sözləri demişdir. Həmin vaxt şöbənin təhqiqatçı inspektorları saxlancda olan mallara baxış keçirmək üçün Şirkətə onun vasitəsi ilə müraciət etmişdilər. Həmin müraciəti İddiaçı MMC-nin direktoru şirkətin əməkdaşına (Xie Xiaofeng) çatdırmışdı. Lakin şirkətin əməkdaşı müxtəlif bəhanələrlə mala baxış keçirmək üçün inspektorun anbara nəql edilməsini mümkün olmadığını onun vasitəsi ilə təhqiqatçı inspektorlara bildirmiş və inspektorun təkidindən sonra sonda onlar məcburiyyət qarşısında qalaraq malların dənizdə qazma platformasında olduğunu və istifadə olunduğunu onların adından inspektora deməyini bildirmişdir. Həmin vaxt o izahatda deyilənlər barədə onlara zəng vuraraq ətraflı məlumat vermişdi və onların bununla bağlı hər hansı etirazları olmamışdır. Bundan sonra dəfələrlə vəziyyəti tam araşdırmaq üçün həmin şəxsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə dəvət etmişdilər, çox danışıqlardan sonra yalnız bir dəfə direktorla birlikdə həmin İdarəyə getmişdir. Təhqiqat şöbəsində onun verdiyi izahatların məzmunu həmin Şirkətin səlahiyyətli şəxsinin sözlərinə əsaslanır. Sözlərimin doğruluğunu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisi və inspektorları da təsdiq edə bilər və ya bu barədə DGK-ya məhkəmə tərəfindən sorğu göndərilərək qeyd olunan faktlar dəqiqləşdirilə bilər. Baxmayaraq ki, bütün sadalanan işlər təhqiqat şöbəsində araşdırılırdırdı, İddiaçı MMC-nin direktoru həmin yüklərin “son istifadə” gömrük prosedurunda bəyannamələrini tərtib edib gömrük idarəsinə təqdim etmişdi (Həmin bəyannamələr qoşma kimi əlavə olunur). Şirkətin xahişi və verdiyi etibarnamə əsasında verdiyi səlahiyyət əsasında iştirak etdiyi məhkəmə iclaslarında da bildirmişdi ki, müvəqqəti saxlanc prosedurunun müddəti 4 ay ərzində DGKdən rüsumlardan azad olunma sertifikatının Şirkət tərəfindən vaxtında alınmaması səbəbindən gömrük rəsmiləşdirilməsini başa çatdırmaq mümkün olmamışdır. Məlumat üçün bildirirlər ki, gömrük rəsmiləşdirilməsi yekunlaşmış bütün yüklərlə bağlı müvəqqəti saxlanc prosedurunun müddəti 4 ay ərzində DGK-dən rüsumlardan azad olunma sertifikatı həmişə cavabdeh Şirkətin özü tərəfindən alınmış və İddiaçı MMC-nin direktoruna təqdim edildikdən sonra gömrük rəsmiləşdirilməsi tərəflərindən həyata keçirilmişdir. Burdan belə bir sual yaranır ki, əgər rüsumlardan azad olunma sertifikatı İddiaçı MMC-nin direktoru tərəfindən alınmalı idisə, bəs onda niyə həmişə rüsumlardan azad olunma sertifikatı cavabdeh Şirkət tərəfindən alınmışdır? Əlavə olaraq bildirirlər ki, Dövlət Gömrük Komitəsinin 31.03.2021 il tarixli 1000- 210/210-24/004983 saylı məktubda adıçəkilən “X10 Kompany” Azərbaycan Filialı ilə İddiaçı MMC arasında hər hansı müqavilə və ya əməkdaşlıq olmamışdır. Məhkəmənin diqqətinə əlavə olaraq onu da çatdırmaq istərdilər ki, “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ölkədə uzun müddətdir ki, işləyir və qanunları yaxşı bilir. Müvəqqəti saxlanc prosedurunda olan malların istifadə etməsi qadağasını və onun məsuliyyətini şirkət bilir. O İddiaçı MMC-nin direktoru kimi özü onlara xidmət göstərmədən əvvəl dəfələrlə həmin məsuliyyəti, qanunvericiliyin tələblərini izah etmişdi. Əlavə olaraq bildirirlər ki, İddiaçı MMC-nin direktoru “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maraqlarını həmişə qorumuş, heç bir zaman Şirkətin icazəsi olmadan Şirkətin maraqlarına zidd olan hər hansı hərəkətləri olmamış və əksinə o maraqlı olmuşdur ki, şirkətin işləri tam qaydasında olsun ki, o da göstərdiyi xidmətlərə görə xidmət haqqını alsın. İstər təhqiqatda, istərsə də məhkəmədə verdiyi bütün izahatlar “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin razılığı ilə olmuşdur və həmin Şirkətin qabaqcadan məlumatı və icazəsi olmadan heç bir izahat verilməmişdir. Lakin aralarında bağlanmış Müqavilənin şərtləri onun tərəfindən deyil, bütün hallarda cavabdeh Şirkət tərəfindən pozulmuşdur. Qeyd edilənlərə əsasən hesab edirlər ki, İddiaçı MMC-yə qarşı qaldırılan qarşılıqlı iddia tələbi əsassızdır və məntiqsizdir. Belə ki, Müqavilə İddiaçı MMC tərəfindən pozulmuş olsaydı, indiyə kimi cavabdeh çoxdan məhkəməyə müraciət etmiş olardı. Cavabdehin qarşılıqlı iddia ərizəsi ilə məhz indiki vaxtda məhkəməyə müraciət etmələri bir daha onu sübut edir ki, cavabdeh “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi İddiaçı MMC-yə olan müqavilə üzrə yaranmış borcu ödəməkdən qəsdən boyun qaçırmaq üçün əsassız və əsaslandırılmamış qarşılıqli iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin qarşılıqlı iddiaya hər hansı mötəbər sübut əlavə edilməmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edilməmişdən əvvəl İddiaçı MMC-yə yazılı şəkildə pretenziya məktubu göndərilməmiş və mülki-prosessual qanunvericiliyin aşağıda qeyd olunan tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbinin rədd edilmasi va ya baxılmamış saxlanilması, İddiaçı MMC-nin isə ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı direktrou X4 və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi, vəkili X5 ilkin iddianı müdafiə etdiklərini, qarşılıqlı iddianı isə qəbul etmədiklərini bildirərək, ilkin iddia ərizəsində, məhkəməyə təqdim etdikləri “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin qarşılıqlı iddia ərizəsinə dair etirazda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Xie Xiaofeng qarşılıqlı iddianı müdafiə etdiyini, ilkin iddia tələbini qəbul etmədiyini bildirərək, qarşılıqlı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələblərinin isə təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 aprel 2019-cu il tarixli, GS001/2019 nömrəli ekspeditor xidmətləri haqqında müqavilədən görünür ki, ekspeditor – İddiaçı hava, dəniz və yerüstü yüklərin daşınması, saxlanılması və gömrük rəsmiləşdirilməsi üçün öz xidmətlərini təklif edir, müştəri – “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi isə öz yüklərinin daşınması, saxlanılması və gömrük rəsmiləşdirilməsi üçün ekspeditorun təklif etdiyi xidmətlərdən istifadə etməklə qarşılıqlı öhdəliklər barədə razılığa gəlmişlər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ekspeditor müştərinin sifarişinə əsasən aşağıda qeyd olunan xidmətləri təqdim etməyi, müştəri isə tərəflər arasında razılaşdırılmış ekspeditorun xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. - Gömrük rəsmiləşdirilməsi xidmətinin təşkili - Yüklərin daşınması (hava, dəniz, dəmir yolu və yerüstü) - Müvəqqəti anbar saxlama xidməti - Yükləmə-boşaltma işləri - Tərəflər arasında digər razılaşdırılmış xidmətlər Həmin müqavilənin 2.8-ci bəndinə əsasən müştəri hazırki müqavilə əsasında xidmətləri göstərilməsi üçün tələb olunan sənədləri (mənşə və uyğunluq sertifikatları, kommersiya invoysu, qablaşdırma siyahısı və s.) ekspeditora təqdim etməlidir. EBAİ seriyalı, 579701 nömrəli, 09.04.2020-ci il tarixli, EBAK seriyalı, 330888 nömrəli, 31.05.2020-ci il tarixli, EBAN seriyalı, 135389 nömrəli, 03.08.2020-ci il tarixli, EBAN seriyalı, 135004 nömrəli, 03.08.2020-ci il tarixli və EBAM seriyalı, 716959 nömrəli, 03.08.2020-ci il tarixli elektron qaimələrdən və elektron qaimələrdəki məbləğləri əks etdirən invoyslardan görünür ki, İddiaçı tərəfindən “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göstərilmiş xidmətlərin (yüklərin daşınmasıboşaltması işləri, gömrük rəsmiləşdirilməsi xidməti və s.) ümumi dəyəri 12152,07 manat (ƏDV tətbiq edilmir) məbləğində təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-20/2020 nömrəli, 08.01.2020-ci il tarixli qərarından görünür ki, “X11 Kompani” Şirkətinin X2 Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 9821,28 manat dəyərində malların 30 faizi, 2946,38 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-115/2020 nömrəli, 06.02.2020-ci il tarixli qərarından görünür ki, “X11 Kompani” Şirkətinin X2 Məcəlləsinin 491.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 35812,25 manat dəyərində malların 30 faizi, yəni 10743,68 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-114/2020 nömrəli, 07.02.2020-ci il tarixli qərarından görünür ki, “X11 Kompani” Şirkətinin X2 Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 156726,49 manat dəyərində malların 30 faizi, 47017,94 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-117/2020 nömrəli, 21.02.2020-ci il tarixli qərarından görünür ki, “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı X2 Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 43568,16 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-243/2020 nömrəli, 18.03.2020-ci il tarixli qərarının surətindən görünür ki, “X11 Kompani” Şirkətinin X2 Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 159115,47 manat dəyərində malların 30 faizi, 47734,64 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-242/2020 nömrəli, 19.03.2020-ci il tarixli qərarından görünür ki, “X11 Kompani” Şirkətinin X2 Məcəlləsinin 491.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 100339,04 manat dəyərində malların 30 faizi, yəni 30101,71 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. 23.09.2020-ci il tarixli, 842 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən və 24.09.2020-ci il tarixli 138 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən hüquqi yardımın göstərilməsi üçün Xırdalan şəhər Vəkil Bürosunun hesabına 1000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranın gecikdirməsi sayılır, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2.2 və 445.7-ci maddələri). İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış və müqavilə şərtləri daxilində “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ayrı-ayrı vaxtlarda gömrük rəsmiləşdirilməsi xidmətinin təşkili, yüklərin daşınması (hava, dəniz, dəmir yolu və yerüstü), müvəqqəti anbar saxlama xidməti, yükləmə-boşaltma işləri və tərəflər arasında digər razılaşdırılmış xidmətləri göstərmişdir. Göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin, dövlət rüsumlarının və xidmət haqlarının bir qismi müxtəlif tarixlərdə cavabdeh tərəfindən ödənilsə də, lakin Seriya: EBAM 716959; 03.08.2020-ci il tarixli (3212,31 manat), Seriya: EBAN 135004; 03.08.2020-ci il tarixli (640 manat),Seriya: EBAN 135389; 03.08.2020-ci il tarixli (785 manat),Seriya: EBAİ 579701; 09.04.2020-ci il tarixli (2277,58 manat) və Seriya:EBAİ 330888; 31.05.2020-ci il tarixli (5237,18 manat) elektron qaimələr elektron qaydada “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilməsinə baxmayaraq, sözügedən məbləğlər tərəflərindən ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı 12152,07 manat pul vəsaitinin tələbi hissəsində iddiası əsaslı olduğundan təmin edilməlidir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün 607,60 manat məbləğində pul tələbi hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı MM-nin 445.7-ci maddəsinə əsasən illik 5%-lə pul tələb etsə də, məhkəməyə müraciət (09.03.2021-ci) etdiyi tarixə elektron qaimələrə əsasən gecikmə vaxtı tam bir il tamam olmamışdır. Məhkəmə hesab edir ki, hər bir qaimə üzrə gecikdirilmiş vaxt 09.03.2021-ci il tarixədək müstəqil hesablanmalıdır, belə ki, Seriya: EBAM 716959; 03.08.2020-ci il tarixli qaimə üzrə gecikdirilmiş məbləğ – 93,69 (3212,31x5%:12x7), Seriya: EBAN 135004; 03.08.2020-ci il tarixli qaimə üzrə gecikdirilmiş məbləğ – 18,66 (640x5%:12x7), Seriya: EBAN 135389; 03.08.2020-ci il tarixli qaimə üzrə gecikdirilmiş məbləğ – 22,89 (785x5%:12x7), Seriya: EBAİ 579701; 09.04.2020-ci il tarixli qaimə üzrə gecikdirilmiş məbləğ – 104,38 (2277,58x5%:12x11) və Seriya:EBAİ 330888; 31.05.2020-ci il tarixli qaimə üzrə gecikdirilmiş məbləğ – 196,39 (5237,18x5%:12x9) manat cəmi beş elektron qaimə üzrə 436,01 manat təşkil edir və gecikdirilmiş vaxt üçün iddia edilən tələb 436,01 manat həcmində təmin edilməlidir. Məhkəmə “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində vurulmuş 240000 manat ziyana görə kompensasiyanın ödənilməsini İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə qoyulması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi qeyd edilən məbləğin yaranmasının əsası kimi müqavilənin şərtlərinin İddiaçı tərəfindən pozulması və “X9 Kompani” Azərbaycan filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri“nə dair UB197/2019 nömrəli müqavilə şərtlərinə görə Cavabdeh şirkətinin Azərbaycan Nümayəndəliyi Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərin aparılması ücün 17.10.2019-cu il tarixli Ümid 40\02 saylı sertifikata əsasən yeni malların gətirilməsi zərurəti yarandığından əlavə olaraq XİFƏN kodların əlavə olunaraq sertifikat verilməsi ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən Xəzər Rayon Məhkəməsinin məlum qərarları ilə inzibati qaydada cərimə olunmalarına istinad etsələr də, məhkəmə “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin qarşılıqlı iddia tələbləri ilə razılaşmır. Əvvəla ona görə ki, 01 aprel 2019-cu il tarixli, GS001/2019 nömrəli ekspeditor xidmətləri haqqında tərəflər arasında bağlanmış müqavilənin 2.8-ci bəndinə əsasən hazırki müqavilə əsasında xidmətləri göstərilməsi üçün tələb olunan sənədləri (mənşə və uyğunluq sertifikatları, kommersiya invoysu, qablaşdırma siyahısı və s.) ekspeditora təqdim etmə öhdəliyini müştəri, yəni “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi özü daşıyır. İkincisi, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı X1 Məcəlləsinin 491.1 və 496.1-ci maddələri (gömrük qaydaları əleyhinə olan inzibati xətalar) ilə təqsirli bilərək cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərarları 2020-ci ilin yanvar-mart aylarını əhatə edir ki, İddiaçı isə 2020-ci ilin aprel-avqust ayları üzrə göstərilmiş yuxarıda adı çəkilən xidmətlərin göstərilməsinə görə ödənişləri tələb edir. Məhkəmə həmçinin qeyd edir ki, “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi müqavilə öhdəliklərinin pozulması nəticəsində onlara dəymiş 240000 manat məbləğində ziyanın məhz İddiaçı tərəfindən törədilməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində vurulmuş 240000 manat ziyana görə kompensasiyanın ödənilməsini İddiaçı üzərinə qoyulması tələbi barədə qarşılıqlı iddiası əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş 23.09.2020-ci il tarixli, 842 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqaviləni və 24.09.2020-ci il tarixli 138 nömrəli ödəniş tapşırığını nəzərdən keçirərən məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə tələb olunan 1000 manat iddia tələbinin həcminə (12588,08 manat) münasibətdə ağlabatan məbləğ olmadığından ilkin iddia üzrə İddiaçı tələbi həmin hissədə qismən, yəni 500 manat məbləğində təmin edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 01 aprel 2019-cu il tarixli, GS001/2019 nömrəli ekspeditor xidmətləri haqqında müqavilə üzrə əsas borc olaraq 12152,07 manat, gecikdirilmiş vaxt üçün 436,01 manat məbləğində pul vəsaiti, həmçinin hüquqi xidmətlərə görə 500 manatı, ümumilikdə 13088,08 manat pul tutularaq İddiaçınə ödənilməlidir, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbinin 95,11%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 95,11%-i, yəni 28,53 manatı “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 01 aprel 2019-cu il tarixli, GS001/2019 nömrəli ekspeditor xidmətləri haqqında müqavilə üzrə əsas borc olaraq 12152,07 manat, gecikdirilmiş vaxt üçün 436,01 manat məbləğində pul vəsaiti, həmçinin hüquqi xidmətlərə görə 500 manat, ümumilikdə 13088,08 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 28,53 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. “X11 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin də İddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində vurulmuş 240000 manat ziyana görə kompensasiyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar