Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1774/2020 22.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı direktoru Berkan Uludağlının, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxxxx 2017- ci il tarxli, 03 nömrəli alqı-satqı müqaviləsinə əsasən 20424.80 manat məbləğində əsas borcun və 15.000 manat dəymiş zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 35.454.80 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxxxx 2017ci il tarxli, 03 nömrəli alqı-satqı müqaviləsinə əsasən 20424.80 manat məbləğində əsas borcun və 15.000 manat dəymiş zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 35.454.80 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarxli, 03 nömrəli Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, həmin müqavilənin 1 saylı, xx.xx.2017-ci il tarixli əlavəsində qeyd olunan malların iddiaçı tərəfindən cavabdehə 20424.80 manata satılması ilə bağlı tərəflər arasında razılıq əldə olunmuş və sözügedən müqavilənin 4.1.3-cü bəndində göstərilən müddət ərzində, həmin müqavilənin 1 saylı əlavəsində qeyd olunan mallar alıcıya təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə mallarıtəhvil verilmiş, lakin cavabdeh bu müqavilə üzrə heç bir ödəniş həyata keçirməmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarxli, 03 nömrəli Alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 20424.80 manat razılaşdırılmışdır.Həmən Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə məbləği bu müqavilə imzalandıqdan sonra 50 %, qalan 50% isə təhvil təslim aktı əsasında 2 iş günündə satıcının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. Lakin işgüzar adətlərdən irəli gələrək alıcıya etibar olunduğundan müqavilə məbləğinin müqavilə imzalandıqdan dərhal sonra ödənilməsini güzəşt edilmişdir. Buna baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri kobud surətdə pozmuş və müqavilə üzrə bu günə qədər heç bir ödəniş həyata keçirməmişdir. Bu Müqavilədən əvvəl və daha sonra iddiaçı ilə bağlanmış eyni formalı və məzmunlu müqavilələr üzrə işgüzar adətlərə uyğun olaraq cavabdeh malları özü tərəfindən sifariş etdiyi özəl yük daşıma şirkəti (*166) vasitəsilə təhvil almışdır. Həmən işgüzar adətlərə uyğun olaraq cavabdeh və iddiaçı arasında olan qarşılıqlı etimada əsasənsözügedən müqavilənin 4.3.1-ci bəndində göstərilmiş alıcının üzərinə götürdüyü təhvil-qəbul sənədinin tərtib olunması öhdəliyini yerinə yetirməməsi satıcı tərəfindən alıcının müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməməsi kimi qiymətləndirilməmişdir. Əvvəlki və sonrakı (01, 02, 04, 05 Saylı) müqavilələr üzrə ödənişlər cavabdeh tərəfindən bank köçürməsi yolu ilə ödənilmişdir. Bank hesabından çıxarışdan görünür ki, cavabdeh heç bir etiraz etmədən digər müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, xx xxxxxxx 2017-ci il tarxli, 03 nömrəli müqavilə üzrə öhdəliyini heç bir əsas göstərmədən bugünə qədər icra etməmişdir. Göstərildiyi kimi sözügedən müqavilənin 4.3.1-ci bəndinə əsasən təhvil-qəbul adlı bir sənədin hazırlanması alıcının üzərinə öhdəlik kimi qoyulsa da alıcı və satıcı arasında olan işgüzar adətlərə və etimada əsasən bu sənəd alıcı tərəfindən hazırlanmamışdır və bu satıcı tərəfindən alıcının müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməməsi kimi qiymətləndirilməmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə elektron qaimə göndərilməsinə baxmayaraq, hər dəfəsində cavabdeh elektron qaimələrin qəbul edilməsindən imtina edərək geri qaytarmışdır. xx xxxx 2020-ci il tarixdə rəsmi surətdə müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilərək 1 həftə ərzində borcun ödənilməsi tələb edilsə də, cavabdeh bu xəbərdarlığa heç bir cavab verməmiş və borcu ödəməmişdir. Göründüyü kimi iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş, cavabdeh isə, öz öhdəliklərini yerinə yetirməmişdir. İddiaçının direktoru Berkan Uludağlı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, tərəflər arasında bağlanılmış xx xxxxxxx 2017-ci il tarixli 03 saylı Alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin mövzusumüqaviləyə əlavə ediləcək razılaşmalardaəks etriləcək malların“Satıcı” tərəfindən “Alıcıya" təhvil verilməsi, “Alıcı" tərəfindən isə həmin malların qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsini təşkil edir.Həmin müqavilənin 3.3-cü bəndinə əsasən məbləğ (yəni 20424,80 manat) müqaviləni imzaladıqdan sonra %50, qalan %50 təhvil-təslim aktı əsasında 2 iş günündə satıcının bank hesabına köçürmə yolu ilə ödəniləcək. Həmin müqavilənin 4.1.2-ci bəndinə əsasən “Alıcı” tərəfindən ödəniş edilməsi üçün, ödəniş sənədlərini ona təqdim edir. Həmin müqavilənin 4.1.3-cü bəndinə əsasən “Satıcı” müvafiq razılaşmada göstərilən keyfiyyətdə malları x xxxxxxxx 2017-ci il tarixdə təvil verir. Hazırki müqavilə üzrə iddiaçı yuxarıda qeyd edilən müqavilə öhdəliklərini yerinə yetirməmişdir, yəni alqı-satqı müqaviləsinin predmetini təşkil edən malları təhvil verməmiş, müqavilə dəyərinin ödənilməsinə dair ödəniş sənədi təqdim etməmişdir, eləcə də, xx xxxxxxx 2017-ci il tarixdə imzalanmış müqavilə üzrə malların təhvil verilməsini öhdəlik kimi x xxxxxxxx 2017-ci il icra etməsini öhdəsinə götürmüşdür. Bundan başqa, iddia ərizəsində tərəflər arasında işgüzar münasibətlərə istinad edilmişdir. Hər hansı bir münasibətlərə işgüzar adətin tətbiq edilməsi üçün bu münasibətlə nə qanunvericiklə və nə də ki, tərəflər arasında olan razılaşmada öz əksini tapmamalıdır və qanunvericiiyə və müqavilə şərtlərinə zidd olmamalıdır. Münasibətlərin tənzimində işgüzar adətlər ancaq o zaman tətbiq edilir ki, mövcud qanunvericilikdə müvafiq qayda olmasın. Hazırki halda isə tərəflər arasında olan bütün münasibətlər incəliklərinə kimi müqavilədə tənzimlənmişdir. Bundan başqa, iddiaçı ona vurulmuş 15000 manat həcmində olan ziyanın nədən ibarət olmasını iddia ərizəsində əsaslandırmamış və ona dair heç bir subut təqdim etməmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, nasos ustasıdır. 2018-ci ildə nasoslar alınmış və quraşdırılmışdır. Sonra Berkan ona nasoslarda nasazlıq çıxdığını demiş və avadanlıqların olduğu yerə gedərək nasazlığını yerində həll edib geri dönmüşdür. Məhkəmə iclasında şahid Hacıyev Rövşən Ramiq oğlu ifadəsində bildirdi ki, 2016- 2018-ci illərdə satış departamentinin direktoru olmuşdur. Avadanlığı quraşdırılan yerdə görmüşdür. Məhsulun düzəlməsi, orada olması, quraşdırılması zamanı əvvəldən axıra qədər iştirak etmiş və görmüşdür. Zavodda meyvə yuyulması üçün avadanlıq cavabdehdə olmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 03 nömrəli müqavilədən görünür ki, iddiaçı müqaviləyə əlavə ediləcək razılaşmalarda əks etdiriləcək malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini, cavabdeh tərəfindən isə həmin malların qəbul edilərək haqqının ödənilməsini öhdələrinə götürmüşlər. xx xxxxxxx 2017-ci il tarixli 1 saylı Əlavə Qiymət razılaşma Protokolundan görünür ki, tərəflər 1 ədəd industrial type vacuum cleaner markalı avadanlığın qiymətini 696,30 manat, 1 ədəd stainless steel wash machine 2500x1500 markalı avadanlığın qiymətini 19728,5 manat olmaqla cəmi 20424,8 manat qiymətə razılaşdırmışlar. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının direktorunun, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli 03 nömrəli nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı müqaviləyə əlavə ediləcək razılaşmalarda əks etdiriləcək malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini, cavabdeh tərəfindən isə həmin malların qəbul edilərək haqqının ödənilməsini öhdələrinə götürmüşlər. Tərəflər 1 ədəd industrial type vacuum cleaner markalı avadanlığın qiymətini 696,30 manat, 1 ədəd stainless steel wash machine 2500x1500 markalı avadanlığın qiymətini 19728,5 manat olmaqla cəmi 20424,8 manat qiymətə razılaşdırmışlar. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia ərizəsində və məhkəmə iclasında iddiaçının direktoru izahatında müqavilənin 1 saylı əlavəsində qeyd olunan malların cavabdehə təhvil verilməsini göstərsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər də malların cavabdehə təhvil verilməsini təsdiq edə bilməmişlər. Eyni zamanda iddiaçı cavabdehdən 15000 manat ziyan tələb etsə də, bu ziyanın nəyə əsasən yaranmasını, eləcə də ziyanla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli və iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarxli, 03 nömrəli alqı-satqı müqaviləsinə əsasən 20424.80 manat məbləğində əsas borcun və 15.000 manat dəymiş zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 35.454.80 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1774/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1774/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver