Məhkəmə qərarları › İş №e-2-2(113)-1776/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1776/2023

10.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1776/2023 10.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 13 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 13 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 9561,42 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix xx.xx.1962-ci il, doğulduğu yer – Lənkəran rayonu, Nərimanabad kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 9561,42 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli, **********914600 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs ərizəyə yazılı etiraz təqdim edərək, 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Alfa Construction" MMC-nin əvvəlki rəhbəri X4 tərəfindən 13 saylı Ərazi Vergilər İdarəsinə rəsmi müraciət olunmuş və Vergi Xidmətinin İnternet Vergi Sisteminin rəsmi saytında yerləşdirilmiş arayışa əsasən, şirkətin iş fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmış və fəaliyətin dayandırıldığı tarixə mövcud olan aktivlərin qalıq dəyəri 4.5-ci bənddə göstərildiyi kimi, hər hansı borcun olmaması qeyd edilmiş, eləcə də, həmin arayışda məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olub-olmaması barədə hər hansı qeyd mövcud deyil. Onu da qeyd edir ki, həmin fəaliyyətin dayandırılması barədə arayışa uyğun olaraq bugünkü gündə də, şirkət hər hansı formada sahibkarlıq fəaliyyət göstərmir və fəaliyyəti aktiv deyil. Eyni zamanda, “Alfa Construction" MMC-nin əvvəlki rəhbəri N.Şirinov xx.xx.2022-ci il tarixdə borcun olub-olmaması barədə ərizə ilə 13 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş, şirkətin şəxsi kabinetində onlayn kərgüzarlıqda yerləşdirilmiş “Yüklülük barədə" arayışda “Alfa Construction" MMC-nin nizamnamə kapitalına və təsisçilərin paylarına münasibətdə kommersiya qurumlarının dövlət reyestrində heç bir girovda olma, həbs qoyulma və digər qaydada yüklüliik qeydə alınmamışdır" göstərilmişdir. Göründüyü kimi Vergi Xidməti bununla şirkətin əvvəllər dövlətə 9.561,42 manat bocun mövcud olduğunu məqsədyönlü şəkildə gizlətmiş, bunu həmin arayışda qəsdən göstərməmiş, bu addımla əvvəlki rəhbərliyə yardım etmiş və məsuliyyətdən azad etmiş olmuşdur. İnternet Vergi İdarəsinin kompüter sistemində yerləşdirilmiş xx.xx.2022-ci il tarixli “Yüklülük barədə" arayışa əsasən, “Alfa Construction" MMC-nin həmin müddətə dövlətə hər hansı borcun olmadığı 13 saylı Ərazi Vergilər İdarəsinin rəisi Qanuni nümayəndə tərəfindən imzalanmış sənədlə təsdiq edildiyi üçün Bakı şəhəri 23 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə “Təsis payının alqı-satqısı barədə” müqavilə bağlanmış, müqavilənin 5-ci bəndində, satıcı müəssisədəki paya (hissəyə) mülkiyyət hüququna malikdir və həmin payı (hissəni) alıcının mülkiyyətinə ipoteka öhdəliyindən, habelə bütün öhdəliklərdən, 3-cü şəxslərin hüquqlarından azad şəkildə verir, pay üzərində həbs qoyulmamışdır ” qeyd edilmiş, müqavilə rəsmiləşdirilmiş və daha sonra şirkətin təsisçisi dəyişmişdir. AR Vergi Məcəlləsinin 160-cı maddəsinə görə, müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi vergi tutulan əməliyyat sayılmır. Bu halda müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənin bu fəsildə göstərilən və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir. Qeyd olunan qanunvericiliyin tələbindən də açıq-aşkar göründüyü kimi, həmin müddətdə "xxxx" MMC-ni satışa təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarmı ödəməkdən azad etmədiyi üçün və əgər belə bir borc mövcud olmuşdursa Vergi Xidməti həmin 9.562 manat borcun ödənilməsini tələb etməli və borc əvvəlki rəhbərlik tərəfindən ödənilməli idi. Bildirir ki, Notariat ofisində şirkətin təsis payının alqı-satqısı həyata keçirildikdən və rəsmiləşdirildikdən sonra "xxxx" MMC-nin Nizamnaməsi 2-ci redaksiyada xx.xx.20220-ci il tarxidə 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq edilmişdir. Hesab edir ki, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinin işəgötürən-müzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər barədə məlumat hissəsində xx.xx.2019-cu il tarixdə yazılmış və xx.xx.2018-ci il tarixə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları üzrə qalıq - 6.791,15 manat, peniya qalıq - 2.770,27 manat, cəmi 9.562 manat qalıq borc mövcud olduğunu nəzərə alsalar borcun ödənilməsini şirkətin yeni rəhbərliyindən tələb edilməsi daha çox qərəzlidir, qeyri-səmimidir, tam qanunsuz və əsassızdır, ərizəçinin səmimiyyəti inandırıcı görünmür. Aydın deyib görəsən sözügedən müəssisədə rəhbərlik dəyişikliyi olmasa idi, ərizəçinin yadına düşərdi ki, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdən etibarən dövlətə 9.562 manat borcu mövcud olmuşdur? Görəsən bu məsələ əvvəlki rəhbərlik vaxtında niyə qabardılmayıb və 2018-ci ildən etibarən məhkəməyə niyə müraciət olunmayıb? Şirkətdə təsisi payını aldıqdan sonrakı müddətdə də, hal-hazırda da hər hansı bir sahibkarlıq fəaliyyətləri yoxdur, gəlir əldə etməmişlər və dövlətə də hər hansı məbləğdə vergi ödəməmişlər, lakin ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş sənəddə nədənsə dövlətə 9.562 manat borclarının olduğu iddia edilir. Bütün yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, 13 saylı Ərazi Vergilər idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş tələbin rədd edilməsi, ərizənin təmin olunmaması və "xxxx" MMC-nin xx.xx.2018-ci ildən məcburi dövlət sosial sığorta haqları üzrə cəmi 9.562 manat qalıq borcun silinməsi öhdəliyinin 13 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir. xx.xx.2023-cü il tarixdə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 13 saylı Ərazi Vergilər İdarəsi maraqlı şəxsin etirazına dair məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, həmin etirazda göstərilən hallarla razılaşmayaraq bildirirlər ki, Maraqlı şəxs "xxxx" MMC-nin (VÖEN **********) iştirakçılarının 12 sentyabr 2022-ci il tarixli, "xxxx" nömrəli qərarına əsasən həmin MMC-nin direktoru (rəhbəri) vəzifəsinə təyin olunmuşdur və hal-hazırda da həmin müəssisənin rəhbəridir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Daha sonra Maraqlı şəxs vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığını qeyd etmişdir. Bildirirlər ki, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması onu yaranmış olan vergi və sosial sığorta haqları üzrə öhdəlikdən, öhdəliyin yerinə yetirilməsindən azad etmir. Maraqlı şəxsin digər mövqeyi ilə bağlı bildirirlər ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə təqdim edilmiş arayışda MMC-nin nizamnamə kapitalına və təsisçilərin paylarına münasibətdə kommersiya qurumlarının dövlət reyestrində heç bir girovda olma, həbs qoyulma faktının olmadığı qeyd edilmişdir. Yəni burada vergi ödəyicisinin verdiyi sorğunun məzmununa uyğun cavab verilmişdir. Yəni burada borcun olub-olmaması məsəsələsinə toxunulmayıb və verilən cavabda da bu barədə məlumat qeyd olunmayıb. Həmçinin girovda olmama və ya həbs qoyulması məsələsinin olmaması, borcun olmaması demək deyil. Həmçinin yuxarıda da qeyd edildiyi kimi, müəssisənin həm əvvəlki, həm də sonuncu rəhbərliyinin dövründə borc bildirişinin və xəbərdarlığın göndərilməsinə, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər bütün tədbirlərin görülməsinə baxmayaraq, borc məbləği yenə də ödənilməmişdir. Həmçinin görülmüş tədbirlərlə bağlı bütün sənədlər ərizə ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə təqdim olunmuşdur. Maraqlı şəxs məhkəmə iclasında etirazında göstərilənlərə uyğun izahat verərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 13 saylı Ərazi Vergilər İdarəsinin ərizəsinin rədd edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan borcu 9561,42 manat təşkil edir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********914600 nömrəli bildirişin surətindən görünür ki, "xxxx" MMC-dən borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxsdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fondu qarşısındakı öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. MPM-in 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Borcun hüquqi şəxsin icra orqanının əvvəlki rəhbərinin fəaliyyəti dövründə yaranması barədə maraqlı şəxsin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, qanunverici hüquqi şəxsin vergiləri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəmək öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədiyi halda vergi orqanının həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnu təsbit etmiş və bu zaman ərizənin təmin edilməsini mübahisəli borcun məhz həmin şəxsin fəaliyyəti dövründə yaranması ilə şərtləndirməmişdir. Belə ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas olan borc məbləğləri hüquqi şəxsin icra orqanının əvvəlki və ya hazırkı rəhbərinə deyil, hüquqi şəxsə hesablanır. Odur ki, həmin borcun icra edilməsi vəzifəsi müvafiq borc əvvəlki rəhbərin işlədiyi dövrdə yaransa belə hüquqi şəxsin əvvəlki rəhbəri olmuş və hazırda hüquqi şəxsə hər hansı bir aidiyyəti olmayan şəxsin üzərinə qoyula bilməz və əksinə hüquqi şəxsin borcların ödənilməsini təmin etməli şəxs - hüquqi şəxsin hazırkı rəhbəri eyni əsasla həmin vəzifədən azad edilə bilməz. Əks yanaşma yuxarıda göstərilən qanunvericilik normalarının məqsədinə də uyğun hesab edilə bilməz. Belə ki, vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borc ilə əlaqədar hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının məqsədi vergi borcunun ödənilməməsi ilə bağlı hüquqi şəxsi və ya onun icra orqanının rəhbərini cəzalandırmaq deyil, müvafiq borcun ödənilməsinin təmin edilməsindən ibarətdir ki, hüquqi şəxs tərəfindən həmin borcun ödənilməsi yalnız hüquqi şəxsin hazırkı rəhbərinin fəaliyyəti nəticəsində təmin edilə bilər. Hüquqi şəxsə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan borcun əsassız olduğundan silinməli olması barədə maraqlı şəxsin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, müvafiq orqan tərəfindən hesablanmış borcun əsaslı olub-olmaması hazırkı məhkəmə araşdırmasının predmeti olmadığından göstərilən dəlillər ərizənin rədd edilməsi üçün əsas vermir. Eynilə xx.xx.2022-ci il tarixdə hüquqi şəxsdə 1% təsis payının X3 tərəfindən X1 barədə maraqlı şəxsin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hüquqi şəxsin iştirakçılarının tərkibinin dəyişməsi hüquqi şəxsi vergiləri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəmək öhdəliyindən azad etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, "xxxx" MMC-nin icra orqanının rəhbəri – xx.xx.1962-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-in 355-7.4-cü maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Sosial Müdafiə Fonduna 9561,42 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün "xxxx" MMC-nin icra orqanının rəhbəri – xx.xx.1962-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar