Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1776/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci tarixli ON-05/008 saylı müqavilə üzrə əsas borc məbləği 10907,48 manat, 109,07 manat məbləğində cərimə, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi 1582,77 manat, vəkilə ödənilmiş xidmət haqqı 500 manat və ödənilmiş dövlət rüsumu 129,3 manat, ümümilikdə 13228,62 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci tarixli ON-05/008 saylı müqavilə ilə İddiaçı MMC (bundan sonra İddiaçı) və Cavabdeh MMC (bundan sonra Cavabdeh) arasında avtomobil və xüsusi təyinatlı yol tikinti texnikalarının ehtiyyat hissələrinin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlandığı tarixdən etibarən qüvvəyə minmişdir və xx.xx.2022-ci ilə qədər qüvvədə sayılırdı. Müqavilənin 8.1-ci bəndinə əsaəsn bu müddət müqavilənin qüvvədə olduğu istənilən vaxtda artırıla və ya azadıla bilər. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtında icra edərək cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozmuş, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. xx.xx.2020-ci tarixli ON-05/008 saylı müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin qüvvədə olduğu müddətdə alıcının istismar etdiyi xüsusi təyinatlı texnikalara tələb olunan ehtiyyat hissələri, filterləri (bunadan sonra “Mallar”) ilə təmin etməyi öz üzərinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən alıcı sifariş etdiyi malları almaq və müqavilənin şərtlərinə uyğun olaraq ödəmək öhdəliklərini öz üzərinə götürür. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı tərəfindən satıcının bank hesabına köcürmə yolu 100% ödəniş olunduqdan sonra alıcının ödənişlə bağlı öhdəliyi yerinə yetirilmiş hesab edilir. xx.xx.2020ci tarixli ON-05/008 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdeh ümümilikdə 86 680,42 (ƏDV daxil) manat məbləğində Mallarla təchiz edilmişdir. Satılmış mallara dair elektron qaimələr göndərilmişdir. Cavabdeh tərəfindən malların dəyərinin 75772,93 (ƏDV daxil) manat məbləğini ödəmiş, qalan 10907,48 (ƏDV daxil) manat borcunu isə hazıradək ödəməmişdir. Cavabdeh tərəfindən qismən borc etiraf edilsə, bu barədə üzləşmə aktları tərəflər arasında tsdiqlənsə də indiyə borc qədər ödənilməmişdir. Bununla da, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. İddiaçı tərəfindən cavabdehə borcun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmişdir. Cavabdehə ünvanlanmış saylı pretenziya məktubunda borcun tam ödənilməsi cavabdehin nəzərinə çatdırılmışdır. İddiaçı tərəfdən ünvanlandırılan pretenziya məktubuna baxmayaraq, bugünədək cavabdeh iddiaçıya heç bir ödəmə etməmişdir. Bundan başqa qeyd edilən müqavilənin 5.2-ci bəndinə əsasən alıcı ödənişlə bağlı müqavilədə nəzərdə tutulan müddətdə ödənişi razılaşdırılımış qayda həyata keçirmədikdə 10 gündən artıq olmayaraq hər gecikdirilən gün müqavilənin ümumi məbləğinin 0.1% məbləğində cərimə ödəyir. Müqavilənin bu bəndindən çıxış edərək 10907,48 (ƏDV daxil) manat ödənişin ödənilməməsinə görə cavabdeh tərəfindən həmin məbləğin 1% (0.1%*10 gün= 1%) həcmində cərimə ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən qeyd edilən ödəniş məbləği 10 gündən artıq müddətə gecikdirilmişdir. Odur ki, hazırda cavabdeh tərəfindən ödənilməli olan cərimənin məbləği 109,07 (10 907,48*1%) manat təşkil edir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə və ya tam yerinə yetrilmədikdə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Cavabdehə malların əksəriyyəti 2020ci il tarixdə, həmin ildə sonuncu dəfə isə xx.xx.2020-ci ildə təqdim edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə 778,80 (ƏDV daxil) manat, xx.xx.2024-cü il tarixdə 1770,00 (ƏDV daxil) manat, xx.xx.2024-cü il tarixdə 401,20 (ƏDV daxil) manat məbləğində mallar təqdim edilmişdir. Müqaviləyə əsasən həmin tarixlərdə malların dəyəri ödənilməli idi. Lakin yuxarıda da qeyd edildiyi kimi cavabdeh öz öhdəliklərini icra etməmişdir. Cavabdeh bu hərəktələri nəticəsində öhdəliyin icrasını gecikdirmişdir. Buna görə də cavabdeh tərəfindən gecikdirilmiş pul məbləğindən iddiaçıya faizlər ödəməlidir. xx.xx.2020-ci tarixli ON-05/008 saylı müqavilənin məzmunundan aydın olur ki, təhvil verilmiş malların dəyəri mal satıcı tərəfindən alıcıya təhvil verilməmişdən öncə tam həcmdə alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş borcu 10907,48 (ƏDV daxil) manat təşkil edir. Bu məbləğin 7957,48 (ƏDV daxil) manat məbləğində borcu xx.xx.2020-ci il tarixdən yaranmışdır. Buna görə də gecikmiş günlərin sayı xx.xx.2020-ci il tarixdən iddianın verildiyi günə (xx.xx.2024) kimi hesablanmalıdır. Bu qaydada cavabdeh tərəfindən öhdəliyin icrası 1452 gün gecikdirilmişdir. Gecikdirilmiş günlərə görə cavabdeh iddiaçıya gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin faiz dərəcəsinə uyğun olaraq cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə 1582,77 manat (7957,48*((5%/365)*1452)%=1582,77) məbləğində faiz ödənilməldir. Digər tərəfdən, pozulmuş hüquqlarının bərpa etmək üçün iddiaçı tərəfindən çəkilmiş xərclərin əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, hüquqlarını bərpa etmək üçün iddiaçı tərəfindən çəkilmiş xərclər olaraq məhkəməyə ödənilmiş dövlət rüsumu 129,3 manat və vəkilə ödənilmiş xidmət haqqı 500 manat təşkil edir.
3. İddiaçı xx.xx.2025-ci ildə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək xx.xx.2020-ci tarixli ON-05/008 saylı müqavilə üzrə əsas borc məbləği 2187,28 manat, 109,07 manat məbləğində cərimə, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi 1582,77 manat, vəkilə ödənilmiş xidmət haqqı 500 manat və ödənilmiş dövlət rüsumu 129,3 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ON- 05/008 saylı alqı-satqı müqaviləsinə görə satıcı bu müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin qüvvədə olduğu müddətdə alıcının istismar etdiyi xüsusi təyinatlı texnikalara tələb olunan ehtiyyat hissələri, filterləri ilə təmin etməyi öz üzərinə götürür.
9. Müqavilənin 1.4-cü bəndinə əsasən alıcı sifariş etdiyi malları almaq və müqavilənin şərtlərinə uyğun olaraq ödəmək öhdəliklərini öz üzərinə götürür.
10. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə 100% ödəniş olunduqdan sonra alıcının ödənişlə bağlı öhdəliyi yerinə yetirilmiş hesab edilir.
11. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı ödənişlə bağlı müqavilədə nəzərdə tutulan müddətdə ödənişi razılaşdırılımış qaydada həyata keçirmədikdə 10 gündən artıq olmayaraq hər gecikdirilən gün müqavilənin ümumi məbləğinin 0,1% məbləğində cərimə ödəyir.
12. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcu ƏDV daxil 6799,93 manat təşkil edir.
13. İddiaçı tərəfindən cavabdehə satılmış mallarla bağlı ümumilikdə 73457,98 manat əsas, 13222,44 manat ƏDV olmaqla elektron qaimələr göndərilmişdir.
14. Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 64214,35 manat məbləğində ödəniş edilmişdir.
15. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına görə 1885 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına görə 5505 manat məbləğində ödəniş edilmişdir.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
29. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 109,07 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.
32. Bundan əlavə, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 1582,77 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
34. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
35. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
36. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
37. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
38. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
39. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
41. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
42. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
43. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
44. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.
45. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
46. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.
47. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:
48. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;
49. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;
50. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.
51. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.
52. Hazırkı halda alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.
53. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz.
54. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.
55. Odur ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq tutulmasını xahiş etdiyi 1582,77 manat məbləğində faizlərin cavabdehdən tutulmalı olan 109,07 manat ilə əhatə edilməmiş hissəsi, yəni 1473,70 (1582,77 manat – 109,07 manat) manat hissəsinin tutulmasını tələb etməkdə haqlıdır.
56. Bu səbəbdən Məhkəmə qeyd edir ki, iddiaçıdan tutulacaq faiz borcunun məbləği 1473,70 manat müəyyən edilməlidir.
57. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən tələbi təmin edilməli, 2187,28 manat əsas borc, 109,07 cərimə borcu və 1473,70 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
58. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabehdən tutularaq iddiaçıya ödənilməlidir.
59. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Prestij Vəkil Bürosunun hesabına 500 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
60. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 29,30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2187,28 manat əsas borc, 109,07 manat dəbbə pulu, 1473,70 manat faiz borcu, 500 manat hüquqi yardıma görə xərc, 100 manat dövlət rüsumu, ümumilikdə 4370,05 (dörd min üç yüz yetmiş manat beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 29,30 (iyirmi doqquz manat otuz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova