Məhkəmə qərarları › İş №e-2-2(113)-1778/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1778/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1778/2022 12.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil və Cavabdeh MTK-nın nümayəndəsi Demir Yaşarın iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 23.06.2020-ci il tarixli 19/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 97070,59 manat məbləğində əsas borc və 3017 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, ümumilikdə 100087,59 manat borc, həmçinin hüquqi yardıma görə ödənilmiş 200 manat və 400 manat məbləğində ödənilmiş mediasiya dair xərc tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlumat üçün bildirilir ki, İddiaçı MMC ilə Cavabdeh MTK arasında 23.06.2020-ci il tarixli 19/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya (01 saylı əlavədə göstərilmiş metal çubuq, armatur qiymətləri) satır, alıcı isə həmin malları qəbul edir və haqqını ödəyir. Həmin müqavilənin 2.1-ci bəndlərinə əsasən satıcı müqavilə imzalandıqdan sonra razılaşdırılmış müddətdə malları alıcıya göndərməlidir. Mallarla birlikdə təhvil-təslim sənədləri (elektron-qaimə-faktura) verilməlidir. Müqavilənin 2.2-ci bəndlərinə əsasən alıcı malları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etməlidir. Alınmış malların dəyəri 3.2-ci bəndinə əsasən satıcının bank hesabına ödənilməlidir. Göründüyü kimi, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı - İddiaçı MMC tərəfindən 01 saylı əlavədə göstərilən mallar alıcı - Cavabdeh MTK-ya təhvil verilsə də, sonuncu tərəfindən müqavilə əsasında tərtib edilmiş elektron qaimələr üzrə ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmiş, bununla da müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən tərəfimizdən müqavilə imzalandıqdan sonra razılaşdırılmış müddətdə mallar Cavabdeh MTK-ya göndərilmiş və bununla bağlı Müqavilənin 2.1.2-ci bəndinə uyğun olaraq Cavabdeh MTK-ya 23.06.2020-ci ildə saat 11:52-də, 23.06.2020-ci ildə saat 15:00-da, 23.06.2020-ci ildə saat 16:12-də, 25.06.2020-ci ildə saat 11:40-da, 25.06.2020-ci ildə saat 14:52-də, 03.08.2021-ci ildə saat 16:54-də elektronqaimələr göndərilmiş və həmin elektron qaimələr üzrə ƏDV daxil ödənilməli məbləğ ümumilikdə 132411,59 manat müəyyən edilmişdir. Belə ki, 19/2020 nömrəli 23.06.2020-ci il tarixli müqavilə əsasında tərtib edilmiş Elektron qaimələr üzrə hesablanmış ƏDV daxil 132.411,59 manat məbləğdən nə qədərinin ödənilməsi ilə bağlı da 14.01.2022-ci il tarixində qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və qeyd olunan aktda açıq-aşkar göstərilmişdir ki, hesabat dövründə yaranan borc 132411,59 manatdır, hesabat dövründə ödənilən borc 35341 manatdır, üzləşdirmə aparılan tarixə 01.01.2022-ci ilə borc qalığı ƏDV daxil 97070,59 manatdır. Göründüyü kimi, 01 saylı əlavədə göstərilən malların satıcı tərəfindən alıcıya satılması və alıcınında həmin malların dəyərinin nəqədər ödənilib-ödənilməməsi qarşılıqlı üzləşmə aktında təsbit edilmişdir. Qeyd olunan 14.01.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktı satıcı adlandırılan İddiaçı MMC-nin direktoru R.Ş.Aslanov və “Alıcı” adlandırılan Cavabdeh MTK-nın direktoru Yaşar Demir tərəfindən imzalanmaqla öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, ödənişlərin ödənilməsini tam olaraq həyata keçirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cavabdehə pretenziya məktubu MPM-nin 150.2-ci maddəsinə uyğun olaraq hüquqi şəxsin elektron kabinetinə elektron qaydada göndərilmiş və həmin pretenziya məktubunun Cavabdeh MTK-nın elektron kabinetinə elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilməsi ilə bağlı da məlumat əlaqə nömrələrinə SMS vasitəsilə göndərilmiş, lakin pretenziya qaydasında həll olunma heç bir fayda verməmişdir. Həmçinin də tərəflər arasında yaranmış mübahisənin mediator vasitəsilə həll edilməsi də mümkün olmamışdır. Belə ki, biz mübahisənin mediator vasitəsilə həll edilməsi ilə bağlı təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etsək də Cavabdeh MTK prosesdə iştirak etməmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediator tərəfindən 17.03.2022-ci il tarixli, MŞB/-5-00891 nömrəli arayış təqdim edilməklə tərəfimizdən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Bununla da iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 5.2-ci bəndində də qeyd edilmişdir ki, razılıq əldə etmək mümkün olmadıqda mübahisələr AR-nın qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında işirak edən Cavabdeh MTK-nın nümayəndəsi Demir Yaşar iddianı qismən qəbul edərək əsas borcun gecikdirilməsi ilə bağlı 5%-lə hesablanan vəsaitin ƏDV daxil hesablanması ilə razı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 23 iyun 2020-ci il tarixli 19/2020 nömrəli alqı-satqı müqaviləsi və ona 01 saylı əlavədən görünür ki, satıcı İddiaçı MMC 01 saylı əlavədə göstərilən malları alıcı Cavabdeh MTK-ya satır, satıcı isə bunun müqabilində həmin malları qəbul edərək, haqqını ödəyir. İddaçı İddiaçı MMC-nin 23 iyun 2020-ci il tarixdən 03 avqust 2021-ci il tarixə kimi təqdim etdiyi elektron qaimələrdən görünür ki, İddiaçı MMC ümumi dəyəri ƏDV daxil 132411,59 manat məbləğində olan malları Cavabdeh MTK-ya satmışdır. 14 yanvar 2022-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MTK arasında bağlanmış qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh MTK-nın 01 yanvar 2022-ci il tarixinə İddiaçı MMC-yə 97070,59 manat borcu qalmışdır. 24.02.2022-ci il tarixli **********607607 nömrəli hesabdan çıxarışdan görünür ki, hüquqi xidmətə görə 12 saylı vəkil bürosuna 200 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi alıcı Cavabdeh MTK ilə satıcı İddiaçı MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, satıcı alqı-satqı müqaviləsinə əsasən malları alıcıya versə də, alıcı həmin malların dəyərini ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ƏDV daxil 97070,59 manat məbləğində pul vəsaitinin, həmçinin hüquqi yardım və ilkin mediasiya sessiyası ilə bağlı çəkilən müvafiq olaraq 200 və 400 manat məbləğində xərclərlə bağlı iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% məbləği ƏDV olmadan əsas borca görə hesablanmalıdır, belə ki, ƏDV Cavabdeh MTKnın İddiaçı MMC vasitəsilə ödədiyi vergi borcudur, belə ki, 97070,59 manat məbləğində tələb olunan vəsaitdən 18%-i ƏDV-dir, yəni satıcı tərəfindən faktiki olaraq 82263,21 manat məbləğində mallar alıcıya satılmış, 14807,38 manat isə həmin vəsaitə hesablanan 18%-lə ƏDV olmaqla cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ deyil, bu səbəbdən iddiaçı ƏDV ilə bağlı faiz borcu tələb edə bilməz. Cavabdehin ƏDV olmadan borcu 82263,21 manat olduğuna görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5%-lə hesablamaqla borcu 227 gün üçün 2558,04 manat (82263,21x5%:365*227) təşkil edir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan ƏDV daxil 97070,59 manat məbləğində əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən 5%-lə hesablanmış 2558,04 manat borcu, 400 manat mediasiya xərci və 200 manat hüquqi yardımla bağlı cəmi 100228,63 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan ƏDV daxil 97070,59 manat məbləğində əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən 5%-lə hesablanmış 2558,04 manat borcu, 400 manat mediasiya xərci və 200 manat hüquqi yardımla bağlı cəmi 100228,63 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar