Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1779/2022 31.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Moylud oğlunun, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı “İddiaçı” şirkətinin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “İddiaçı” şirkəti Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin pozulmasına görə Cavabdeh X1 38.215,98 ABŞ dolları məbləğində əsas borc pulun və 400 manat dövlət rüsumunun tutularaq “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” Şirkəti Belçikada qeydiyyatdan keçmiş və dərman vasitələrinin satışı ilə bağlı fəaliyyəti göstərən hüquqi şəxsdir. Bildirirlər ki, iddiaçı “İddiaçı” Şirkəti ilə Cavabdeh QSC arasında dərman vasitələrinin alqı-satqısı ilə əlaqədar xx.xx.2013-cü il tarixli təchizat müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında müxtəlif növ dərman vasitələrinin alqı-satqısı həyata keçirilmişdir. Lakin xx.xx.2016-ci il tarixindən başlayaraq iddia ərizəsində qeyd olunan hesab-fakturalar üzrə cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Nəticə etibarilə, xx.xx.2020-ci il tarixinə cavabdehin “İddiaçı” Şirkəti qarşısında təchiz edilmiş, lakin ödəniş edilməmiş dərman vasitələrinə görə ümumilikdə 38.215,98 ABŞ dolları məbləğində borcu yaranmışdır. Təchiz edilmiş dərman vasitələrinə görə borc məbləği Cavabdeh QSC tərəfindən bu günə qədər ödənilməyib. Məsələnin məhkəmədən kənar həlli üçün tərəflərindən xx.xx.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktublarına isə ümumiyyətlə cavab verilməmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli təchizat müqaviləsinin 8.3-cü bəndinə əsasən satıcı iddianı (pretenziyanı) aldığı gündən 30 (otuz) təqvim günü ərzində iddiaya öz cavabını verməlidir. Satıcı iddianın satıcı tərəfindən alınmasından sonra 30 təqvim günü ərzində iddiaya öz cavabını vermədikdə, iddia satıcı tərəfindən qəbul edilmiş sayılır. Həmçinin, onu da qeyd edirlər ki, cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunan göstərilən cədvələ uyğun olaraq xx.xx.2018-ci il tarixdə 3800 ABŞ dolları və xx.xx.2018-ci il tarixdə 5000 ABŞ dolları məbləğində ödənişlər edilmiş və nəticədə 38.215,98 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Sadalanan bu hallar bir daha sübut edir ki, Cavabdeh QSC öz borcunu etiraf edir və iddiaları tamamilə əsaslıdır. Sadalanan səbəblərdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia ərizəsinin iddia müddəti keçdikdən sonra verilməsinə görə, iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, “İddiaçı” şirkəti Cavabdeh QSC ilə bağlanmış xx.xx.2013-cü il tarixli təchizat müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixindən **********, **********, **********, **********, 66061683, 66221211 və ********** nömrəli hesab-fakturalar üzrə Cavabdeh QSC tərəfindən ödənişlər edilmədiyini iddia edir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi xx.xx.2013-cü il tarixli təchizat müqaviləsinin 11.1-ci bəndində müqavilənin xx.xx.2014-cü il tarixinədək qüvvədə olduğu qeyd olunmuşdur. İddia ərizəsi üzrə tələbin əsası olan hesab-fakturalar üzrə mallar isə Cavabdeh QSC-yə təhvil verilməmişdir. Göründüyü kimi, iddiaçı tərəf iddia ərizəsində qoyduğu idda tələbi üzrə iddia müddətini ötürmüşdür. Eyni zamanda xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçı “İddiaçı” şirkətinin iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, “İddiaçı” şirkəti Cavabdeh QSC ilə bağlanmış xx.xx.2013-cü il tarixli təchizat müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixindən **********, **********, **********, **********, 66061683, 66221211 və ********** nömrəli hesab-fakturalar üzrə Cavabdeh QSC tərəfindən ödənişlər edilmədiyini iddia edir. Məsələ burasındadır ki, “İddiaçı” şirkətinin iddia etdiyi **********, **********, **********, **********, 66061683, 66221211 və ********** nömrəli hesab-fakturalar üzrə mallar Cavabdeh QSC-nə çatdırılmamış və təhvil verilməmişdir. Başqa sözlə, müqavilədən irəli gələrək, ödənişi cavabdehdən tələb edilən hesab-fakturalar üzrə Cavabdeh QSC-nə çatdırılmalı mallar faktiki olaraq, Cavabdeh QSC-nə təhvil verilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli təchizat müqaviləsinin 4.1-ci bəndində də müqavilə üzrə ödənişlərin məhz təchiz edilən mallara görə edilməli olduğu şərti müəyyənləşdirilmişdir. İddiada qeyd olunan Müqavilənin 8.1-ci bəndinin iddiaçı tərəfdən yanlış təfsir edildiyini də diqqətə çatdırmaq istərdi. Belə ki, müqavilənin 8.1-ci bəndi təchiz edilmiş mallardakı qüsurlara görə alıcının satıcıya pretenziya verməsi, habelə Satıcı tərəfindən belə pretenziyaya cavab verilməsi qaydası və şərtlərini müəyyənləşdirir və müqavilənin həmin maddəsi heç bir halda alıcının (Cavabdeh QSC) iddia tələbi üzrə borcu etiraf və ya qəbul etməsi kimi qiymətləndirilə bilməz. İddia tərəfi iddia tələbinin əsası olan hesab-fakturalar üzrə malların cavabdehə çatdırılmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Bu isə sözügedən hesab-fakturalar üzrə malların faktiki olaraq, iddiaçı (müqavilə üzrə satıcı) tərəfindən cavabdehə (müqavilə üzrə alıcı) təhvil verilmədiyini sübuta yetirir. Yuxarıda qeyd olunanlara əsasən, iddianı qanunsuz və əsassız, məhkəmə tərəfindən təmin edilməməli olduğunu hesab edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Moylud oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraza və iddia müddətinin tətbiqinə dair ərizəyə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - “İddiaçı” şirkəti (satıcı) ilə Cavabdeh MMC (sonradan Cavabdeh QSC) (alıcı) arasında 25 dekabr 2013-cü il tarixli, 325J-2013 nömrəli təchizat müqaviləsindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı CİP Baku İncoterms 2010 şərtləri ilə malların təsviri, miqdarı və qiymətini əks etdirən, hazırki müqavilənin spesifikasiyasına (Əlavə 1) uyğun olaraq əczaçılıq məhsullarını satır və alıcı alır. Bu müqaviləyə əsasən malların qismən çatdırılmasına icazə verilir. Mallara mülkiyyət hüququ, malların satıcı tərəfindən birinci daşıyıcıya təhvil verdiyi andan alıcıya keçir. 1.2-ci bəndinə görə alıcı malları yalnız Azərbaycan ərazisində paylayacaqdır. 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə göndərilən mallar üçün ödəniş, spesifikasiyada (Əlavə 1) göstərilən və İnvoysun tarixindən hesablanan müddət ərzində təqdim olunmuş mallar üçün İnvoysun məbləğinin ABŞ dolları ilə satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. 10.1-ci bəndinə əsasən tərəflər bu müqavilənin icrası zamanı yarana biləcək bütün mübahisələri və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Tərəflər danışıqlar yolu ilə razılığa gələ bilmədikdə, bu müqavilənin icrası, ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə əlaqədar yaranan bütün mübahisələr, fikir ayrılıqları və ya iddialar, cavabdehin olduğu yer üzrə kommersiya mübahisələrin həlli üzrə dövlət məhkəməsinə müraciət edilməlidir. 10.2-ci bəndinə əsasən bu müqavilədən irəli gələn bütün qərarlara satıcının ölkəsinin maddi hüququ tətbiq olunur. 11.1-ci bəndinə görə bu müqavilə hər iki tərəfin imzalandığı tarixdən qüvvəyə minir və 31 dekabr 2014-cü il tarixinədək qüvvədədir və ya müqavilənin vaxtından əvvəl xitam verildiyi tarixə qədər və tərəflər arasında pul hesablaşmaları ilə əlaqədar olaraq, alıcı satıcıya təchiz edilmiş bütün mallara görə ödəniş edənə qədər etibarlıdır. Müqavilə satıcının və alıcının imzası və möhürü ilə təsdiq edilmişdir. “İddiaçı” şirkəti (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında bağlanmış 25 dekabr 2013-cü il tarixli, 325J-2013 nömrəli təchizat müqaviləsinə 13 nömrəli əlavədən görünür ki, əlavəyə əsasən müqavilənin 11.1-ci bəndində dəyişikliklər əlavə edilmiş və bu müqavilənin birinci bəndi aşağıdakı kimi oxunmuşdur:
1. 25 dekabr 2013-cü il tarixli, 325J-2013 nömrəli müqavilənin qüvvədə olma müddətinin 31 dekabr 2017-ci il tarixinədək uzadılsın.
2. Əlavə müqavilədə nəzərdə tutulmayan bütün digər hallar müqavilənin şərtləri ilə tənzimlənir.
3. Bu əlavə tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və bu müqavilənin ayrılmaz hissəsi hesab edilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh QSC-yə təqdim edilən xx.xx.2016-cı il tarixli, ********** nömrəli, xx.xx.2016-cı il tarixli, ********** nömrəli, xx.xx.2017-ci il tarixli, ********** nömrəli və xx.xx.2017-ci il tarixli, ********** nömrəli hesab-fakturalardan (invoice) müəyyən edilir ki, həmin hesab-fakturalar əsasında təqdim edilən müxtəlif adda malların ümumi dəyəri 73.437,87 ABŞ dolları təşkil edir. Hesab-fakturalarda göstərilmiş mallar CİP Baku şərti ilə çatdırılmalı və həmin mallara görə qabaqcadan ödəniş edilməlidir. RSA sığorta şirkəti tərəfindən verilmiş sığorta şəhadətnamələrdən görünür ki, **********, **********, ********** və ********** saylı invoyslar üzrə İddiaçı” şirkəti Cavabdeh QSC-yə göndəriləcək mallar sığortalanmışdır. Yol qaimələrindən və hava yolu qaiməsindən görünür ki, xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasında dövrdə yükü göndərən “İddiaçı” şirkəti tərəfindən yükü alan Cavabdeh QSC-yə yüklər göndərilmişdir. “İddiaçı” şirkəti tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh QSC-yə 38.215,98 ABŞ dolları məbləğində borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
Əsaslandırıcı hissə:
Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə MMC kimi qeydiyyata alınmış xarici ölkənin şirkəti olduğundan, eləcə də mübahisə xarici ölkədə bağlanılmış təchizat (alqı-satqı) müqaviləsindən irəli gəldiyindən) məhkəmə tərəfindən ilk növbədə hazırkı AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olubolmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisə “İddiaçı” şirkəti ilə Cavabdeh QSC arasında bağlanılmış 25 dekabr 2013-cü il tarixli, 325J-2013 nömrəli təchizat (alqı-satqı) müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrə cavabdehin olduğu yer üzrə kommersiya mübahisələrin həlli üzrə dövlət məhkəməsinə müraciət edilməli olması barədə razılaşmışlar. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən təsis edilmiş, olduğu yer Azərbaycan Republikası olan Cavabdeh QSC-dir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, əvvəla tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlmişlər. Bundan əlavə MPM-in müvafiq normalarında əsasən də AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər mübahisəli müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrin hansı dövlətin hüququnun əsasında həll edilməli olması ilə bağlı şərt nəzərdə tutmuşlar. Belə ki, müqavilənin şərtlərinə əsasən bu müqavilədən irəli gələn bütün qərarlara satıcının ölkəsinin maddi hüququ tətbiq olunur. Belə olan halda müqaviləyə görə tərəflərin razılığı ilə onların hazırkı müqavilə üzrə bütün hüquq və vəzifələrinə Belçika Krallığının hüququ tətbiq edilməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3-ci maddəsinə əsasən tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Müqavilənin yuxarıda göstərilən şərtlərindən də göründüyü kimi müqavilədən irəli gələn mübahisələrə hansı hüququn tətbiq edilməli olmasını aydın şəkildə ifadə edildiyindən məhkəmə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüşdür. Belə ki, məhkəmə Belçika Krallığının müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədləri məhkəməyə təqdim edilməsini iddiaçı tərəfə təklif etmiş, eyni zamanda Belçika Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edərək, alğı-satqı müqaviləsi haqqında ümumi müddəaları, eləcə də mülki hüquq münasibətlərində öhdəliyinin icra edilməsi vaxtı və yeri, öhdəliklərə xitam verilməsinin əsasları (icra, bağışlanma, müddət və s.), iddia müddəti ilə bağlı müddəaları əhatə edən Belçika Krallığının mülki hüquq qanunvericiliyindən çıxarışların Azərbaycan dilinə tərcümə olunmuş lazımi qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etsə də məhkəmənin sorğusuna cavab məktubu məhkəməyə daxil olmamışdır. İddiaçı tərəfindən məhkəməyə Laurius firmasının Belçika Krallığının iddia müddəti və risklərin ötürülməsi ilə bağlı hüquqi rəyi təqdim edilsə də, həmin rəy hazırkı mübahisəli üzrə tətbiq edilməli olan hüquq normalarını tam əhatə etmir, yalnız Belçika mülki qanunvericiliyinin iddia müddəti ilə bağlı iki müddəasının məzmununu əks etdirir. Bu baxımdan göstərilən rəy müvafiq sahədə Belçika hüquq normalarının məzmununun müəyyən edilməsi və məhkəmə tərəfindən tətbiq edilməsi üçün kifayət etmir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyin maddi hüquq normaları tətbiq edilməlidir. İşin halları ondan ibarətdir ki, iddiaçı “İddiaçı” şirkəti 25 dekabr 2013-cü il tarixli, 325J-2013 nömrəli təchizat müqaviləsi əsasında **********; **********; **********; **********; 60193446 nömrəli hesab-fakturalara əsasən Cavabdeh QSC-yə mallar təqdim etdiyini və həmin mallara görə cavabdehin ona 38.215,98 ABŞ dolları məbləğində borcunun ödənilməmiş qaldığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh QSC isə iddianı qəbul etmir və ödənişi tələb edilən hesab-fakturalar üzrə Cavabdeh QSC-yə çatdırılmalı malların Cavabdeh QSC-yə təhvil verilmədiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir. “İddiaçı” şirkəti tərəfindən mübahisəli hesab-fakturalar üzrə malların Cavabdeh QSC təqdim edilib-edilməməsi işin mübahisəli halını təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hesab-fakturalardan 60193446 nömrəli hesab-faktura ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Digər hesabfakturalara gəldikdə həmin hesab-fakturalar üzrə malların təqdim edilməsi faktını təsdiq etmək üçün iddiaçı tərəfindən xx.xx.2016-xx.xx.2017-ci illəri əhatə edən yol qaimələri məhkəməyə təqdim edilsə də, həmin yol qaimələrinə əsasən cavabdehə göndərilmiş malların dəyərini, eləcə də onların hansı hesab-fakturalar (invoyslar) əsasında təqdim edildiyini müəyyən etmək mümkün deyil. Digər tərəfdən iddiaçı mübahisəli hesab-fakturalar üzrə malların təqdim edilməsini sübut edən hal kimi qeyd edilən hesab-fakturalar üzrə cavabdeh tərəfindən müəyyən ödənişlərin edilməsinə istinad etsə də, həmin ödənişləri əks etdirən maliyyə sənədlərini (ödəniş tapşırığı, qəbz və s.) də məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi tərəflər arasında bağlanmış müqavilədə malların CİP Baku (İnkoterms) şərti ilə təqdim edilməli olması, bu halda isə satıcının malı alıcıya təhvil vermək öhdəliyi daşımaması barədə dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, CİP çatdırılma (carriage and insurance pad to - “daşıma və sığorta ....qədər ödənilmişdir) şərtinə əsasən satıcı alıcının xeyrinə sığortalanmış və ixrac gömrük rejimində buraxılmış malları təyinat məntəqəsinə çatdırmaq üçün daşıyıcıya təhvil verdikdə çatdırılma ilə bağlı öhdəliklərini icra etmiş sayılır. Bu baxımdan məhkəmə cavabdehin dəlilləri ilə razılaşır ki, iddiaçı tərəfindən təqdim edilmiş yol qaimələri malların cavabdehə çatdırılması üçün daşıyıcıya təhvil verilməsi və belə olan halda malların çatdırılması öhdəliyinin iddiaçı tərəfindən icra edilməsini təsdiq edir. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən təqdim edilmiş yol qaimələrinə əsasən daşıyıcıya təhvil verilmiş yüklərin tərkibini və dəyərini müəyyən etmək mümkün olmadığından hazırkı halda həmin yol qaimələrinə əsasən təqdim edilmiş malların dəyəri və belə olan halda cavabdehin iddiaçıya həmin mallara görə borcunun olub-olmaması, eləcə də mövcud olduğu halda həmin borcun məbləği barədə əsaslı nəticəyə gəlmək mümkün deyil. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı mübahisəli hesab-fakturalar üzrə təqdim edilmiş mallara görə cavabdehin iddiaçıya borcun mövcud olması ehtimal edilsə belə, iddiaçı həmin tələb üzrə iddia müddətini buraxmışdır. Belə ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Hazırkı halda iddiaçının ödənilməsini tələb etdiyi xx.xx.2016-xx.xx.2017-ci il tarixli hesab-fakturalarda ödənişin hesab-fakturaların tərtib edildiyi tarixdən əvvəl keçirilməli olması (yəni hesab-fakturalar üzrə qabaqcadan ödəniş edilməli olması) nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin hesab-fakturaların sonuncusu üzrə icra müddəti həmin fakturanın verildiyi tarixdən əvvəlki tarixdə, yəni xx.xx.2017-ci il tarixdə çatmışdır. Odur ki, iddia müddətinin axımı da məhz həmin tarixdən hesablanmalıdır. Belə olan halda isə iddiaçının iddia ərizəsində göstərdiyi kimi cavabdeh tərəfindən müqavilə üzrə sonuncu ödənişin xx.xx.2018-ci il tarixində edildiyini (halbuki bu halı da təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir) nəzərə alsaq belə iddiaçının xx.xx.2022-ci il tarixdə hazırkı iddianı qaldırmaqla müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş üç illik iddia müddətini buraxması açıq-aşkardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “İddiaçı” şirkətinin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva