Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1779/2025 19.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı MMC-nin Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.235,64 (yeddi min iki yüz otuz beş manat altımış dörd qəpik) manat qalıq borc məbləğində (əsas məbləğ kimi 6.131.90 manat, ƏDV məbləği 1.103.74 manat) məbləğində pulun və 93 manat məbləğində dövlət rüsumunun Cavabdeh şirkətidən alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Şirkəti arasında 06 fevral 2023-cü il tariхdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5.2.2-ci bəndinə əsasən, bu müqavilə üzrə malların kеyfiyyətini yoхladıqdan sonra onların dəyərini müqavilə və sifariş ordеrində göstərilən müddətdə və məbləğdə satıcıya ödəmək alıcının Cavabdeh Şirkətinin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə alqı-satqı müqaviləsinin prеdmеti olmuş avadanlıqlar 18 iyul 2023-cü il və 21 iyul 2023-cü il tarixlərində tam şəkildə Cavabdeh Şirkəti nə təhvil vеrilmişdir. Lakin, həmin avadanlıqlara görə cavabdеh Cavabdeh Şirkəti tərəfindən ödənilməli olan 7.235.64 manat İddiaçı MMC-nə ödənilməmişdir. 20 avqust 2024-cü il tarixdə tərəflər tərəfindən imzalanmış qarşılıqlı borcların üzləşdirilməsi barədə tərtib olunmuş 01 saylı aktın məzmunundan görünür ki, Cavabdeh Şirkətinin İddiaçı MMC-nə qalıq borc kimi xx.xx.2024-cü il tarixinə 7.235.64 manat qalıq borc məbləği (əsas məbləğ kimi 6.131.90 manat, ƏDV məbləği 1.103.74 manat) təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında xx.xx.2023-cü il tarixli 09/23 saylı müqavilə bağlanmışdır.
8. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq, alıcı malın dəyərini ödəməyi, satıcı isə alıcıya əlavədə göstərilən malların zəmanətli və tam işlək təhvil verməsini öhdələrinə götürür.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında təsdiq edilən qaiməfakturalar satıcının malları alıcıya təhvil verildiyini təsdiq edən sənəddir.
10. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. Məhkəmə qeyd edir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan, İddiaçı üzərinə düşür.
12. İş materiallarından görünür ki, iddiaçı cavabdehə EBDK seriyalı, 404328 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 9.750,69 manat olan elektron qaimə göndərmişdir.
13. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 01 nömrəli qarşılıqlı borcların üzləşdirilməsi aktından məlum olur ki, tərəflər xx.xx.2024-cü il tarixinə borc qalığının əsas məbləğ üzrə 6.131,90 manat, ƏDV məbləği üzrə 1.103,74 manat məbləğində olması barədə nəticəyə gəlmişlər.
14. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 7.235,64 (6.131,90+1.103,74 ƏDV) manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
15. Cavabdeh tərəf də, iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
16. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 7.235,64 manat borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır.
17. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93 manat məbləğində pulun tələb edilsə də, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 92,40 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
18. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 92,40 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 6.131 (altı min yüz otuz bir) manat 90 (doxsan) qəpik, ƏDV borcu üzrə 1.103 (bir min yüz üç) manat 74 (yetmiş dörd) qəpik olmaqla, ümumilikdə 7.235 (yeddi min iki yüz otuz beş) manat 64 (altmış dörd) qəpik məbləğində pul Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92 (doxsan iki) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov