Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-178/2020 14.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri Qanuni nümayəndə və Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxx 2019-cu il tarixli, JN-00015 saylı və xx xxx 2019-cu il tarixli, JN-00016 saylı hesab fakturalara əsasən iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş (satılmış) mallar üzrə qalıq olan 15689,26 manat borc məbləğinin, onun üzərindən hesablanmış 20% məbləğində 3137,85 manat əldən çıxmış fayda, 2000 manat məbləğində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin, 100 manat vəkilin göstərdiyi hüquqi yardıma görə haqqın, ümumillikdə 20927,11 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 1 saylı diler müqaviləsinin 1.1-ci bəndinə əsasən distribütor olan İddiaçı MMC tərəflər arasında razılaşdırılmış satış şərtlərinə və müqaviləyə əsasən diler Cavabdeh MMC-yə özünə məxsus olan malları təklif etməyi, cavabdeh isə öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirməyi öz öhdələrinə götürmüşlər. Müqaviləyə əsasən aparılmış alqı-satqı nəticəsində cavabdehə xx xxxx 2019-cu il tarixli, JN-00014 saylı hesab-fakturaya əsasən 18870 manat dəyərində 1500 ədəd “Jinga Simple F140” markalı, xx xxxxx 2019-cu il tarixli, JN-00015 saylı hesab-fakturaya əsasən 15642 manat dəyərində 158 ədəd “Jinga Start” markalı, xx xxx 2019-cu il tarixli, JN-00016 saylı hesab fakturaya əsasən 35150 manat dəyərində 370 ədəd “Jinga Start” markalı mobil telefonlar təhvil verilməklə satılmışdır. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən iddiaçı tərəfindən verilən mallar 100% ödəniş həyata keçirilməklə ödəniş bank köçürməsi yolu ilə milli valyuta ilə ödənilir. Göstərilən hesab- fakturalara əsasən satılmış (təhvil verilmiş) mala görə borc məbləği 18712,84 manat təşkil edir. Lakin, bu günədək həmin məbləğ ödənilməmiş və nəticədə iddiaçıya maddi zərər vurulmuşdur. Həmçinin, müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbindən iddiaçı tərəfdən müqaviləyə onun 3.1-ci bəndinə əsasən cavabdehə göndərilmiş pretenziya məktubunun cavabdeh tərəfindən alındığı tarixdən 1 həftə sonra bir tərəfli qaydada xitam verilmişdir. Bundan əlavə, cavabdeh satılmış mallara görə ödənilməmiş borc üzərindən hesablanmış 20%, yəni 3742,57 manat miqdarında əldən çıxmış faydanı da iddiaçıya ödəməlidir. Həmçinin, cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində hesab edirik ki, iddiaçının işgüzar nüfuzuna 2000 manat dəyərində zərər vurulmuşdur. İddiaçı keyfiyyətli hüquqi yardım almaq məqsədilə vəkilə 100 manat məbləğində hüquqi yardım haqqı ödəmişdir. Zərərin əvəzinin ödənilməsi üçün cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmadığına görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, xx xxxx 2019-cu il tarixli, 1 saylı diler müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx xxxx 2019-cu il tarixli, JN-00014 saylı hesab-fakturaya əsasən 18870 manat dəyərində 1500 ədəd “Jinga Simple F140” markalı, xx xxxxx 2019-cu il tarixli, JN-00015 saylı hesab-fakturaya əsasən 15642 manat dəyərində 158 ədəd “Jinga Start” markalı, xx xxx 2019-cu il tarixli, JN-00016 saylı hesab fakturaya əsasən 35150 manat dəyərində 370 ədəd “Jinga Start” markalı mobil telefonlar satılmışdır. Sonradan təhvil verilmiş “Jinga Simple F140” markalı 1253 ədəd telefon aralarında olan razılaşmaya əsasən geri yqatarılmışdır. Hal – hazırda qeyd olunan hesab - fakturalar əsasında cavabdehin iddiaçıya 15689,26 manat məbləğində borcu yaranmışdır. Borc vaxtında ödənilmədiyinə görə iddiaçıya əldnə çıxmış fayda olaraq 3742,57 manat məbləğində zərər vurulmuşdur. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, xx xxxx 2019-cu il tarixli, 1 saylı diler müqaviləsinə əsasən 2.1.2-ci bəndində qeyd olunmuşdur ki, “malların dilerə müəyyən müddətdə ödəmə şərti ilə nisyə alqı – satqı müqaviləsi əsasında və ya hər hansı digər əsaslarla verilməsi şərtlərini birtərəfli qaydada müəyyən etmək və dəyişmək distribütorun hüququ vardır”. Buna görə də həmin müqavilə qanunvericiliyə ziddir və Cavabdeh MMC-nin hüquqlarını pozur. Müqaviləyə uyğun olaraq xx xxxx 2019-cu il tarixli hesab – fakturaya əsasən 18870 manat dəyərində 1500 ədəd “Jinga Simple F140” markalı mobil telefonları satış üçün Cavabdeh MMC-yə təqdim olunmuş və həmin məbləğ iddiaçıya ödənilmişdir. Sonradan Cavabdeh MMC həmin telefonların reklamının etmiş, bir neçə şirkətə və fiziki şəxslərə satmış və bəzi telefonların İMEİ kodlarının alınması üçün Rabitə Nazirliyinə müraciət olunmuş, 1640 manat məbləğində pul ödənilmişdir. Lakin Rabitə Nazirliyi həmin telefonları geri qaytararaq bildirmişdir ki, keyfiyyətsiz olduğuna görə telefonları qeydiyyatdan keçirmək mümkün deyildir. Bundan sonra Cavabdeh MMC bütün satılmış malları yığaraq 1253 ədəd telefonu geri qaytarmaq məcburiyyətində qalmışdır. Buna baxmayaraq İddiaçı MMC ödənilmiş pulu geri qaytarmaqdan imtina etmiş, malın əvəzinə xx xxxxx 2019-cu il tarixdə yeni hesab faktura ilə 15642 manat dəyərində 158 ədəd, xx xxx 2019-cu il tarixdə 35500 manat dəyərində 370 ədəd “Jinqa Start” markalı telefonları satış üçün Cavabdeh MMC-yə vermişdir. Cavabdeh MMC tərəfindən “Jinqa Start” markalı telefonlara görə 17700 manat məbləğində pul ödənilmişdir. Hal – hazırda Cavabdeh MMC-də 18715 manat dəyərində 197 ədəd telefon var və İddiaçı MMC-yə təklif olunmuşdur ki, telefonlar geri qaytarılaraq pul fərqi və maddi zərərinə əvəzi ödənilsin. Ümumilikdə 3 qaimə – faktura üzrə İddiaçı MMC-dən 70012 manat dəyərində telefon alınmış, 1-ci qaimə – faktura üzrə alınmış 18870 manat dəyərində telefonlardan Cavabdeh MMC 15762,74 manat dəyərində olan telefonları öz müştərilərindən yığaraq geri qaytarmışdır, 2-ci və 3-cü qaimə – faktura üzrə təqdim olunmuş telefonlar üzrə 17700 manat ödəyib, qalan malları geri qaytarmaq istəsələr də, İddiaçı MMC bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - xx xxxx 2019-cu il tarixli, 1 saylı diler müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən distribütor İddiaçı MMC tərəflər arasında razılaşdırılmış satış şərtlərinə və müqaviləyə əsasən diler Cavabdeh MMC-yə özünə məxsus olan malları təklif etməyi, cavabdeh isə öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirməyi öz öhdələrinə götürmüşlər; - İddiaçı MMC tərəfindən tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli arayışın surətindən görünür ki, Cavabdeh MMC tərəfindən ödənilməli məbləğ 18712,84 manat təşkil edir; - hesab fakturaların surətindən görünür ki, xx xxxx 2019-cu il tarixli, JN-00014 saylı hesab-fakturaya əsasən 18870 manat dəyərində 1500 ədəd “Jinga Simple F140” markalı, xx xxxxx 2019-cu il tarixli, JN-00015 saylı hesab-fakturaya əsasən 15642 manat dəyərində 158 ədəd “Jinga Start” markalı, xx xxx 2019-cu il tarixli, JN-00016 saylı hesab fakturaya əsasən 35150 manat dəyərində 370 ədəd “Jinga Start” markalı mobil telefonlar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. - xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktının surətindən görünür ki, xx xxxx 2019-cü il tarixdə ümumi dəyəri 18870 manat olan 1500 ədəd “Jinga Simple F140” markalı telefondan ümumi dəyəri 15762,74 (13850,58+1912,16) manat dəyərində olan 1253 ədəd telefon geri qaytarılmış, xx xxxxx 2019-cu il tarixdə ümumi dəyəri 15642 manat olan 158 ədəd, xx xxx 2019-cu il tarixdə ümumi dəyəri 35150 manat olan 370 ədəd “Jinga Start” markalı mobil telefonlar Cavabdeh” MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən “Jinga Simple F140” markalı telefon üzrə 18869,99 manat, həmin markalı telefonların İMEİ kodlarının qeydiyyatdan keçməsinə görə 1640 manat (82x20), “Jinga Start” markalı mobil telefonlar üzrə 17700 manat olmaqla ümumilikdə 38209,99 manat məbləğində ödəniş olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında alqı – satqı müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, satılmış malların dəyərinin ödənilməməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan normanın məzmununa görə iddianın əsasını təşkil edən xx xxxx 2019-cu il tarixli müqavilədə qeyd olunan şərtlər (əşyanın alıcının mülkiyyətinə verilməsi, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürməsi) öz əksini tapmalı idi. İlk növbədə onu qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış xx xxxx 2019cu il tarixli müqavilə “diler” müqaviləsi, “distributor” olaraq İddiaçı MMC, diler olaraq və Cavabdeh MMC adlandırılmışdır. “Müqavilənin predmeti” adlanan 1-ci bölməsində predmeti aşağıdakı kimi müəyyən olunmuşdur: “1.1. Bu müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaq Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və digər sertifikatlarını distribütor təqdim edəcək, həmçinin, tərəflərin qarşılıqlı razılığı əsasında malın dilerə çatdırılmasını və ya distribütorun anbarından dilerə təhvil verilməsini distribütor həyata keçirəcək. Müqavilə üzrə ödəniş və onun şərtləri tərəflər arasında ayrıca razılaşdırılacaq və müqaviləyə əlavə olunacaq.” Qeyd olunan bəndin məzmunundan görünür ki, təhvil verilən malların dəyərinin ödənilməsi ilə bağlı diler - Cavabdeh MMC tərəfindən hər hansı bir öhdəlik götürülməmişdir. Digər tərəfdən isə alqı – satqı müqaviləsinin əsas zəruri şərti olan “əşyanın alıcını mülkiyyətinə verilməsi” halı da mövcud deyildir. Çünki, müqavilə şərtlərinə əsasən Cavabdeh MMC malların satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. Bundan başqa həmin bəndin sonuncu cümləsində müqavilə üzrə ödəniş və onun şərtlərinin tərəflər arasında ayrıca razılaşdırılacağı və müqaviləyə əlavə olunacağı qeyd olunsa da belə bir razılaşma da mövcud deyildir və tərəflər arasında olan münasibətlər yalnız bu müqavilə üzrə tənzimlənir. Hazırkı mübahisə üzrə iddianın bu əsasla, yəni, iddia ərizəsində qeyd olunduğu kimi “cavabdehə təhvil verilmiş (satılmış) malların dəyərinin ödənilməsi” əsası ilə təmin olunması mümkün deyildir və bu iddia tələbinin rədd olunması iddiaçının müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı zərərin əvəzinin ödənilməsi əsası ilə cavabdehə qarşı iddia irəli sürə bilməsi imkanını istisna etmir. Məhkəmə işin faktiki hallarını qiymətləndirərək hesab edir ki, mübahisə predmeti olan əmlaklar cavabdehin mülkiyyətinə verilmədiyinə, həmçinin, cavabdeh tərəfindən təhvil verilmiş malların dəyərini ödəmək barədə hər hansı öhdəlik götürülmədiyinə iddia rədd edilməlidir və iddia ərizəsi üzrə digər xüsusatların araşdırılmasına zərurət yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-178/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-178/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver