Məhkəmə qərarları › İş №e-2-2(113)-1780/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1780/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1780/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə “X1” MMC (VÖEN **********) arasında imzalanmış xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsinə əsasən 102,28 (yüz iki manat iyirmi səkkiz qəpik) manat borc, xx.xx.2021-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 (min altı yüz) ABŞ dolları, ödənilmiş 60 manat mediasiya rüsumunun və 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “X1” MMC (VÖEN **********) arasında xx.xx.2021-ci il tarixdə məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı (İddiaçı MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcının (“X1” MMC) VÖEN **********) mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə nisyə alqı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. Malların alqı-satqısı haqqında müqavilənin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə birtərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin müqavilənin 6.3-cü bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 % (sıfır tam,onda bir) miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 % (sıfır tam onda iki) miqdarında dəbbə pulu ödənilməlidir. İddiaçı MMC tərəfindən cavabdeh “X1” MMC-yə (VÖEN **********) xx.xx.2021-ci il tarixdə 422457 nömrəli malların təhvil-qəbul aktı əsasında ümumilikdə 102,28 (yüz iki manat iyirmi səkkiz qəpik) manat məbləğində spirtsiz içkilər və xx.xx.2021ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə əsasən sərinləşdirici spirtsiz içkilərin soyudulub satılması üçün müvəqqəti olaraq istifadəyə dəyəri 800 (səkkiz yüz) ABŞ dolları olan 1 (bir) ədəd SDVC markalı soyuducu verilmişdir. İddiaçı MMC ilə cavabdeh “X1” MMC (VÖEN **********) arasında imzalanmış xx.xx.2021-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə uyğun olaraq isə dəyəri 800 (səkkiz yüz) ABŞ dolları olan 1 (bir) ədəd SDVC tipli soyuducu İddiaçı MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə cavabdeh “X1” MMC-yə əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən müqavilənin xitamı haqqında istifadəyəverən tələb irəli sürdükdə, istifadəçi əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir, əmlakın göstərilən müddət ərzində təhvili təmin edilmədikdə, istifadəçi əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, müqavilə istifadəçi müqavilə şərtlərindən hər hansı birini pozarsa, müqaviləyə xitam verilir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən “X1” MMC-dən müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı (həmçinin alqı-satqı müqaviləsi üzrə borcla bağlı) cavabdeh “X1” MMC-yə pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2021-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması və borcun ödənilməsi tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı və borcun ödənilmədiyi təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubunun cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, bugünə qədər cavabdeh “X1” MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İstifadəyə verən qismində "xxxx" MMC ilə istifadəçi qismində Cavabdeh MMC arasında bağlanmış 11 mart 2021-ci il tarixli, 21256 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən istifadəyə verən özünün istehsal və satışını təşkil etdiyi sərinləşdirici spirtsiz içkilərin və çayların istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (istifadəyə verənin mülkiyyətində olan) reklam xarakterli soyuducuları istifadəçiyə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyə verənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyə verən müqavilə şərtlərinə əsasən onun mülkiyyətində olan, 1 ədəd vahidinin qiyməti 800 ABŞ dolları olan 1 (bir) ədəd SDVC tipli soyuducunu əvəzsiz istifadəyə verir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilmir. Müqavilənin 2.7-ci bəndinə əsasən müqaviləyə xitam edildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyə verənə cərimə ödəməlidir. - Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış məhsulların alqı-satqı müqaviləsinə əsasən satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri daxil olmaqla faktura ilə müəyyən olunur. Sifariş onlayn platformalar vasitəsilə verildikdə məhsulların qiymətləri həmin platforma vasitəsilə alıcıya bildirilir. Müqavilənin 3.2-ci bəndə əsasən alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir. - 23 fevral 2022-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, hesab faktura üzrə borcun məbləği 102,28 manat, həmin fakturalar üzrə ödənişlərin cəmi məbləği 0 manat, qalıq borcun məbləği isə 102,28 manatdır. - HBN/5 seriyalı, 422457 nömrəli, xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 102,28 manat məbləğində mallar təhvil verilmişdir. - xx.xx.2021-ci il tarixli təhvil aktından görünür ki, 1 ədəd SDVC tipli soyuducu ******* müştəri kodu (həmin kod müqavilədə qeyd olunmuşdur) üzrə təhvil verilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunda deyilir ki, "xxxx" MMC müqaviləyə birtərəfli qaydada xitam verir, ödənilməmiş 102,28 manat borc məbləğinin ödənilməsini və soyuducunun 3 (gün) ərzində geri qaytarılmasını tələb edilir. xx.xx.2021-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə əsasən sizə əvəzsiz istifadənizə verilmiş 1 (bir) ədəd SDVC markalı, ********* bar kodlu soyuducunu 3 (üç) gün ərzində "xxxx" MMC-yə təhvil verməyinizi və ödənilməmiş 102,28 manat borc məbləğini ödəmənizi xahiş edirik. Əks təqdirdə, soyuducunun əvəzində sizdən 102,28 manat borc və 1600 (min altı yüz) ABŞ dolları məbləğində cərimənin, məhkəmə xərclərinin, dövlət rüsumlarının və digər xərclərin ödənilməsi barədə Cəmiyyətimiz tərəfindən məhkəməyə müraciət olunacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, tərəflər arasında əvəzsiz istifadə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı ona məxsus dəyəri 800 ABŞ dolları olan 1 (bir) ədəd SDVC markalı soyuducunu cavabdehin əvəzsiz istifadəsinə verməyi, cavabdeh isə həmin əşyanı iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuş, soyuducunu iddiaçıya qaytarmamışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh soyuducunu 3 gün ərzində geri qaytarmalı olduğu halda, geri qaytarmamış, ona görə də iddiaçının soyuducunun dəyərinin 2 misli həcmində pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Eləcə də, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu malların təhvil-qəbul aktı ilə öz təsdiqini tapır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin yuxarıda göstərilən müqavilələrə əsasən müqavilələr üzrə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən xx.xx.2021-ci il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 102,28 manat (yüz iki manat iyirmi səkkiz qəpik) manat borc, xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 (min altı yüz) ABŞ dolları məlbəğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Eləcə də, iddiaçı 60 manat mediasiya rüsumu və 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, 110 (yüz on) manat hüquqi yardım xərci (150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqının ödənilməsinə dair sübut təqdim edilməmişdir), 60 (altmış) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2021-ci il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 102,28 manat (yüz iki manat iyirmi səkkiz qəpik) manat borc, xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 (min altı yüz) ABŞ dolları məlbəğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə, 60 (altmış) manat mediasiya və 110 (yüz on) manat hüquqi yardım xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar