Məhkəmə qərarları › İş №e-2-2(113)-1789/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1789/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1789/2022 01.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ödənilməmiş 182201,77 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi kimi hesablanmış 11387,61 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 8381,28 manat cərimə məbləğinin, illik 5 % hesablanmış 9110,08 manat məbləğində pulun, 400 manat ilkin mediasiya haqqnın və 101.08 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında UNİT- 97/2021 nömrəli 23 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, “Satıcı” bu müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə “mal” adlandırılacaq sement növünü Alıcıya satır. Alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, malın təhvil verilməsi vaxtı, yeri, ödəniş qaydası və ödənişin Alıcı tərəfindən gecikdirilməsinə görə cərimə tətbiq etmə qaydası aşağıdakı cədvəldə göstərilmişdir: mal alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş günü ərzində alıcıya təhvil verilir. Alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razıladırılmış qaydada satıcının Bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1 %-i miqdarında Alıcıya cərimə tətbiq edə bilər. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, bu müqavilə 23.03.2021-ci il tarixdən qüvvəyə minir və 31.12.2021-ci ilədək qüvvədədir. Müqavilənin bitdiyi tarixə 30 gün qalmış tərəflərdən biri digərinə müqaviləyə xitam verilməsi haqqında xəbərdarlıq göndərilmədiyi təqdirdə müqavilənin müddəti növbəti təqvim illərinin sonuna qədər uzadılmış hesab olunur. Sözügedən alqı-satqı müqaviləsi və №01 və №02 saylı Əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Qeyd edirik ki, Müqavilə iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdeh tərəfindən iddiaçıdan təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Verilən malların dəyərinin bir hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilsə də, 182201,77 manat borc bugünədək iddiaçıya ödənilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 513811,77 manat dəyərində mal təhvil verilmiş, hazırda ödənilməmiş borcun məbləği 182201,77 manat təşkil edir. Həmin borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən onlara daşınmaz əmlak təkilf edilmiş, tərəflərindən DƏDRX-yə verilmiş sorğuya alınmış cavabda cavabdehin adına hər hansı daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə əsasında onlara təhvil verilmiş 513811,77 manat dəyərində olan malların bir qismi, yəni 331610 manat nağdsız qaydada, 23000 manat hissəsi isə nağd qaydada ödənilmişdir. Lakin hazırda həmin qəbzi təqdim edə bilmir. Əlavə olaraq bildirdi ki, onlardan illik 5 faiz və Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla tələb edilən borclar da əsassızdır. Odur ki, iddia tələbinin qismən, tələb edilən əsas borc məbləğindən - 182201,77 manatdan 23000 manatın nağd qaydada ödənilməsini nəzərə alınmaqla təmin edilməsini, qalan hissədə rədd edilməsini xahiş edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 23 mart 2021-ci il tarixli 97/2021 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır. Alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 3.1-ci maddəsinə əsasən alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1 % miqdarında alıcıya cərimə tətbiq edə bilər. Müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 10 təqvim günündən gec olmayaraq satıcıya ödənilməlidir. Sözügedən müqaviləyə 1 nömrəli əlavəyə əsasən tərəflər satılacaq mal və onun qiyməti barədə razılığa gəlmişlər. Sözügedən müqaviləyə 2 nömrəli 02.04.2021-ci il tarixli əlavəyə əsasən tərəflər satılacaq mal və onun qiyməti barədə razılığa gəlmişlər. İddiaçı və cavabdeh tərəfindən verilmiş çıxarışlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 513611,77 manat məbləğində mal təhvil verilmiş, cavabdeh tərəfindən 331610 manat məbləğində ödəniş edilmiş, 182201,77 manat isə qalıq borcu qalmışdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 11.10.2021-ci il tarixli 2021-002854 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 400 manat mediasiyaya dair xərc ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 05.02.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 182201,77 manat məbləğində borcun 3 gün müddətində cavabdehdən ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 05.04.2021-ci il tarixdə 10.000 manat, 08.04.2021-ci il tarixdə 12.000 manat, 12.04.2021ci il tarixdə 10.000 manat, 20.04.2021-ci il tarixdə 20.000 manat, 21.04.2021-ci il tarixdə 10.000 manat, 26.04.2021-ci il tarixdə 10.000 manat və 10500 manat, 28.04.2021-ci il tarixdə 25.000 manat, 29.04.2021-ci il tarixdə 20.000 manat, 05.05.2021-ci il tarixdə 10.000 manat və 15000 manat, 06.05.2021-ci il tarixdə 5000 manat, 08.05.2021-ci il tarixdə 10.000 manat, 16.05.2021-ci il tarixdə 12.000 manat və 20.000 manat, 18.05.2021-ci il tarixdə 20.000 manat, 27.05.2021-ci il tarixdə 15.000 manat, 31.05.2021ci il tarixdə 10.000 manat, 25.06.2021-ci il tarixdə 10.000 manat, 09.07.2021-ci il tarixdə 10.000 manat, 23.11.2021-ci il tarixdə 10.000 manat, 16.12.2021-ci il tarixdə 5000 manat ümumilikdə 279500 manat pul (ƏDV-siz) ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 23 mart 2021-ci il tarixli 97/2021 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 182201,77 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 182201,77 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddiaya etirazında həmin borcdan (182201,77 manat) bir qisminin, yəni 23000 manat pulun da ödənildiyini, ödənişin nağd qaydada edildiyini, lakin bunu təsdiq edən qəbzi hazırda məhkəməyə təqdim edə bilmədiyini bildirir. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, tələb edilən əsas borcdan 23000 manat hissəsinin də ödənilməsini cavabdeh sübut etməlidir. Cavabdeh bu halı təsdiq edən belə bir sənəd, sübut təqdim edə bilmir. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən hesablanmış 8381,28 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 9110,08 manat məbləğində faiz borcu və bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 11387,61 manat faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 9110,08 manat və bank uçot dərəcəsi nəzərə alınmaqla 11387,61 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 11387,61 manat və 9110,08 manat pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 182201,77 manat gecikdirilmiş əsas borc, 8381,28 manat cərimə, ümumilikdə 190583,05 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 102 manat dövlət rüsumu cavabdehə, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 182201,77 (bir yüz səksən iki min iki yüz bir manat yetmiş yeddi qəpik) manat gecikdirilmiş əsas borc, 8381,28 (səkkiz min üç yüz səksən bir manat iyirmi səkkiz qəpik) manat cərimə, ümumilikdə 190583,05 (bir yüz doxsan min beş yüz səksən üç manat beş qəpik) manat və ödənilmiş 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar