Məhkəmə qərarları › İş №e-2-2(113)-179/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-179/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-179/2021 05.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun tutulması” tələbinə dair iddiası üzrə iqtisadi mübahisəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh “xxxx” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 15805 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 faiz hesablanmaqla 1580 manat, 30 manat dövlət rüsumu olmaqla, cəmi 17385 manat pulun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı “ MMC-in mülkiyyətində olan, “CHANGAN ALSVİN V3” **-PL-*** dövlət qeydiyyat nişanlı markalı Ban LS5A2AGEXJD008538 minik avtomobili xx.xx.2019- ci il ildə “xxxx” ASC-də sığortalanmış və MC********** saylı kasko sığorta şəhadətnaməsi verilmişdir.(VÖEN **********) Sığortalı avtomobil xx xxxx 2020-ci il tarixdə saat təxminən 00:30 radələrində “CHANCAN CS 75” markalı **-PL-*** dövlət qeydiyyatlı avtonəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən sürücü X5 Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəs.,Vorovski küçəsi istiqamətinə dönmə maneviri edərkən qəfildən qarşısına çıxan nəmalum şəxsi vurmamaq üçün yolun kənarındakı dəmir beton dirəyə çırpılmışdır. Yol nəqliyyatı hadisəsi zamanı X2 idarə etdiyi avtonəqliyyat vasitəsində kiçik azyaşlı qızı olmuşdur. Gülcahan Poladova azyaşlı övladının yol nəqliyyat hadisəsindən qorxduğunu görüb onu yaxınlıqda olan evinə aparmışdır. Qəzalı avtomobili hadisə yerində qalmışdır. Yol nəqliyyat hadisəsi barədə ətrafda olan vətəndaşlardan polisə xəbər verilməsini xahiş etmişdir. X9 sığorta hadisəsi barədə sığorta şirkətinə ən qısa vaxtda məlumat vermişdir. Avtoqəza nəticəsində kasko sığortalı avtomobilə 15805.00 manat ziyan dəymişdir. Sığortalı avtomobilin sığorta şəhadətnaməsi ilə təminat verilən riskdən avtonəqliyyat haddisəsindən baş verməsi, avtomobili idarə edən şəxsin ayıq olması, avtomobilə dəyən zərərlər yuxarıda istinad edilən müvafiq dövlət orqanı tərəfindən qəbul edilən qərarda birmənalı göstərilmişdir. Bundan əlavə, sığortalı olaraq sığorta haqqını “xxxx” ASC-yə ödənilib, sığorta hadisəsi barədə səahiyyətli dövlət orqanına-Dövlət Yol Polisinə məlumat verilmişdir, hadisə yerində sürücü qalmışdır və avtomobili idarə etmək hüquq verən sürücülük vəsiqəsini DYP-nə təqdim etmişdr. Sığorta hadisəsi baş verən zaman hadisə yerinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ- nin əməkdaşı gəlmiş, X11 Haqqında qərar qəbul etmişdir. Tam sığortalı avtomobilin sürücüsü X5 xx.xx.2020 cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilmişdir. Sürücülər ayıq vəziyyətdə olmuş, avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Hadisə nəticəsində sığortalı avtomobilərə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Kasko (tam) Sığortalı avtomobilə dəymiş zərəri “xxxx” ASC-dən tələb etsə də sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəf özü də gec məlumat verdiyini etiraf edir. İzahatları üst üstə düşmür. Əgər Gülcahan xanım səhəri gün İddiaçı MMC-yə məlumat vermişdisə, İddiaçı niyə sığorta şirkətinə aprelin altısı müraciət edirdi. Sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsi baş verəndən sonra sığortalı sığortaçıya məlumat verməlidir. Hazırki halda 4 gün sonra müraciət edilib. Mülki Məcəllənin 923.1, 935.1 və 935.1.5-ci maddələrini və Sığorta fəaliyyəti haqqında qanunu əsas tutaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında şahid qismində X5 ifadə verərək bildirmişdir ki, hadisə 27 martda gecə saat birin yarısı baş vermişdir. Benzin dağılmış, uşaq onun yanında olduğundan özünü itirmişdir. Evi hadisə yerinə yaxın yerləşdiyindən evə getmişdir. Səhəri gün İddiaçı nümayəndəsinə zəng vurmuş Pərvanə xanımla danışmışdır. Həmin gün xxxx ilə əlaqə saxlamış və nümayəndələri evinə gəlmişlər. xxxxya telefonla məlumat vermişəm. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını və şahidin ifadəsini dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanan pretenziyanın surətindən görünür ki, sığortalı avtomobil “Changan Alsvin V3” **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 15805 manat ziyan dəymişdir. Kasko şəhadətnaməsi almış avtomobilə dəymiş ziyanın qısa müddətdə İddiaçı MMC-yə ödənilməsi xahiş edilmişdir. - “xxxx” ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanan AS-20/629 nömrəli xx.xx.2020ci il tarixli məktubun surətindən görünür ki, “xxxx” ASC ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixdə MC190000086 saylı sığorta müqaviləsi bağlanmış və “Changan Alsvin V 7” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta şirkəti tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. İddiaçı MMC məktubla müraciət edərək xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verdiyini bildirməklə, sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilmişdir. Müraciətə baxılmış və araşdırılmışdır. Cəmiyyətə Bakı şəhər BPİ DYPİ tərəfindən təqdim olunan İnzibati xəta haqqında protokolda baş vermiş hadisə zamanı “Changan Alsvin V7” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 hadisədən sonra DYP əməkdaşlarının gəlməsini gözləməyib hadisə yerindən yayındığına görə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tərtib olunduğu göstərilmişdir. Beləliklə hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı hal mövcud olmadığı halda, G.R,Poladova hadisə baş verdikdən sonra hadisə yerindən yayınaraq bu barədə nə sığorta şirkətinə, nə də DYP-yə hadisə yerindən dərhal məlumat verməmişdir. Qeyd edilənlərə əsasən, hadisə ilə bağlı sığorta ödənişinin verilməsindək imtina olunur. - xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Changan Alsvin V7 markalı **-PJ- *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı MMC Servis Mərkəzində texniki baxışdan keçirilmiş və ehtiyat hissələrin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilmişdir. Yekun qiymət 15805 manat müəyyən edilmişdir. - MC********** nömrəli Sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı-“xxxx” ASC, sığortalı-İddiaçı MMC, faydalanan şəxs İddiaçı MMC, sığorta müddəti-1827 gün, sığorta ərazisi-Azərbaycan, nəqliyyat vasitəsi-Changan Alsvin V7 markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, buraxılı ili 2018-ci il olan avtomobil, sığorta ili: xx.xx.2019-xx.xx.2024, sığorta məbləği-23.000 manat, sığorta haqqı 1600,80 manat, şərtsiz azadolma-450 manat hər hadisə üzrə. Sığortalının nümayəndəsi Sığorta şəhadətnaməsinin və “Avtomobil Nəqliyyatı vasitələrinin KASKO Sığorta Qaydaları” almış, onlarla tanış olmuş və bütün şərtlərlə razıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4353 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2018-ci il buraxılışlı, “Changan Alsvin V3” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14947,0 manat müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində sürücü X1 idarə etdiyi “Changan-Alsvin V7” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Vorovski küçəsi istiqamətində dönmə hərəkəti edərkən, yol kənarındakı dəmirbeton dirəyə çırpılmışdır. İddiaçı MMC-nin texniki servisi tərəfindən verilən arayışa əsasən, “Changan-Alsvin” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtombilə dəyən zərər 15805 manat olaraq qiymətləndirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “xxxx” ASC ilə İddiaçı MMC arasında sığorta müqaviləsi bağlanmış və MC********** nömrəli kasko Sığorta şəhadətnaməsi verilmişdir. Buna əsasən, Changan Alsvin V7 markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək sığorta edilmişdir. Şəhadətnamədə şərtisz azadolma məbləği hər hadisə üzrə 450 manat, sığorta məbləği 23.000 manat olaraq göstərilmişdir. Həmin sığorta şəhadətnaməsinə əsasən, İddiaçı MMC “xxxx” ASC-yə müraciət edərək, sığorta ödənişini tələb etmiş, lakin sığorta şirkəti sığorta ödənişi etməkdən imtina etmişdir. İddiaçı MMC bununla razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin vəsatəti ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4353 nömrəli ekspert rəyi ilə dəymiş zərərin məbləği avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14947,0 manat müəyyən edilmişdir. Yəni, avtomobilə ziyan dəyməsi işin mübahisəsiz halıdır. Hazırki mübahisə predmeti sığorta şirkətinin sığorta ödənişindən imtina etməsinin əsaslı olub-olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Məhkəmə qeyd edir ki, sığorta hadisəsi baş verdikdən sonra İddiaçı MMC “xxxx” ASC-yə müraciət etmiş, lakin “xxxx” ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanan AS- 20/629 nömrəli xx.xx.2020-ci il tarixli məktubla sığorta şirkəti ödəniş etməkdən imtina etmişdir. Məktubda həmin avtonəqliyyat vasitəsinin qəzaya uğraması u barədə “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixdə məlumat verildiyi qeyd edilmişdir. Beləliklə hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və ya hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı ham mövcud olmadığı halda hadisə barədə cəmiyyətə dərhal deyil, hadisədən sonra məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Avtomobil Nəqliyyatı vasitələrinin Kasko Sığortası Qaydalarının 12.1-ci bəndinə əsasən, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığortalı hadisənin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 24 saat ərzində sığortaçıya və müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Qeyd edilən qaydalar sığorta şəhadətnaməsi imzalanarkən İddiaçı MMC-nin nümayəndəsinə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə şahid qismində ifadə verən X5 ifadəsində hadisənin xx xxxx 2020-ci il tarixdə baş verdiyini bildirir. Cavabdeh tərəf isə öz imtian məktubunda müraciətin xx.xx.2020-ci il tarixdə edildiyini qeyd etmişdir. İddiaçı tərəf isə hadisədən dərhal sonra sığorta şirkətinə müraciət etməsinə dair hər hansı sübut təqdim etmir. Eyni zamanda hadisə baş verən zaman X5 xəsarət almamış və onun məlumat verməsini mümüknüsüz edən heç bir hal baş verməmişdir. Beləliklə sığortalı Sığortaçı şirkəti hadisə barədə lazımi qaydada və müddətdə məlumatlandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.1-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması sığorta ödənişinin verilməsindən imtina etməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh “xxxx” ASC sığorta ödənişini imtina etməkdə haqlı olmuş və hazırda iddiaçının sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 15805 manat pulun “xxxx” ASC-dən tələb edilməsi əsassızdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq qeyd edir ki, əsas tələb təmin edilmədiyindən cavabdehdən 1580 manat cərimə tələbi əsaslı deyildir və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, İddia tələbi təmin edilmədiyindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul iddiaçının özünə aid edilməlidir. Eyni zamanda ekpertiza xərci olan 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASCyə qarşı “sığorta ödənişinin və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı MMC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar