Məhkəmə qərarları › İş №e-2-2(113)-1798/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1798/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1798/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2014-cü il tarixli, 01-LA/14 nömrəli müqavilə üzrə yaranmış 59950 (əlli doqquz min doqquz yüz əlli) manat gecikdirilmiş borc və 46641,10 manat (qırx altı min altı yüz qırx bir manat on qəpik) cərimə borcu, xx.xx.2013-cü il tarixli, 18-LA/13 nömrəli müqavilə üzrə yaranmış 13750 (on üç min yeddi yüz əlli) manat gecikdirilmiş borc və 14410 (on dörd min dörd yüz) manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin cavabeh Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 01-LA/14 nömrəli və xx.xx.2013-cü il tarixli, 18-LA/13 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2014-cü il tarixli, 01-LA/14 nömrəli müqavilə üzrə 59950 (əlli doqquz min doqquz yüz əlli) manat gecikdirilmiş borcu və 46641,10 manat (qırx altı min altı yüz qırx bir manat on qəpik) cərimə borcu və xx.xx.2013-cü il tarixli, 18-LA/13 nömrəli müqavilə üzrə 13750 (on üç min yeddi yüz əlli) manat gecikdirilmiş borcu və 14410 (on dörd min dörd yüz on) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda bildirilmişdir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2, 747.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh MMC arasında "xxxx" ASC-yə məxsus şok dondurma avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə xx.xx.2013-cü il tarixli, 18-LA/13 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən lizinq verən müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən təsnifata və şərtlərə uyğun ümumi dəyəri 98000 manat olan şok dondurma avdanlıqlarının quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə verir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq alan texnoloji avadanlığın dəyərindən 5000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən lizinq verənin lizinq alanın qrafik üzrə ödənişinə nəzarət etmək, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən ödənişi iki dəfədən artıq aparmadıqda müqavilənin 5.2-5.6-cı maddəsində göstərilən hərəkətləri etmək hüququ vardır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən lizinq alanın obyektin dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən respublika daxili daşınma, saxlama, boşaltma və digər xərclərini ödəmək, lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəmək vəzifəsi vardır. Həmin maddəyə əsasən lizinq alan müqavilənin şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq bir dəfə ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə obyekti və onun yerləşdiyi tikilini kommunikasiyalarla birlikdə ona istifadə üçün təhvil verir və müqavilənin 5.2-5.5-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən lizinq alan müqavilənin 3 nömrəli əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödənilməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilənin 5.1-ci maddəsində göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, texnoloji avadanlığı və onun yerləşdiyi tikilini kommunikasıyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən müqavilənin 5.1.1-5.1.5-ci maddələrində göstərilən hallardan biri baş verikdə lizinq verən müqavilənin 5.2-ci maddəsində göstərilənləri həyata keçirir və lizinq alandan obyektin dəyərinin 10%-i məbləğində cərimənin ödənilməsini tələb edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh MMC arasında "xxxx" ASC-yə məxsus 19200 yumurta olan 4 dəst inqubator avdanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə xx.xx.2014-cü il tarixli, 01-LA/14 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən lizinq verən müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən təsnifata və şərtlərə uyğun ümumi dəyəri 218000 manat olan, hər biri 19200 baş olan 4 dəst inqubator avdanlıqlarının quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə verir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq alan texnoloji avadanlığın dəyərindən 20000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən lizinq verənin lizinq alanın qrafik üzrə ödənişinə nəzarət etmək, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən ödənişi iki dəfədən artıq aparmadıqda müqavilənin 5.2-5.6-cı maddəsində göstərilən hərəkətləri etmək hüququ vardır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən lizinq alanın obyektin dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən respublika daxili daşınma, saxlama, boşaltma və digər xərclərini ödəmək, lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəmək vəzifəsi vardır. Həmin maddəyə əsasən lizinq alan müqavilənin şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq bir dəfə ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə obyekti və onun yerləşdiyi tikilini kommunikasiyalarla birlikdə ona istifadə üçün təhvil verir və müqavilənin 5.2-5.5-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən lizinq alan müqavilənin 3 nömrəli əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödənilməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilənin 5.1-ci maddəsində göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, texnoloji avadanlığı və onun yerləşdiyi tikilini kommunikasıyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən müqavilənin 5.1.1-5.1.5-ci maddələrində göstərilən hallardan biri baş verikdə lizinq verən müqavilənin 5.2-ci maddəsində göstərilənləri həyata keçirir və lizinq alandan obyektin dəyərinin 10%-i məbləğində cərimənin ödənilməsini tələb edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 1313/Ü nömrəli əmrin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin xx.xx.2013-cü il tarixli, 20 nömrəli məktubuna əsasən "xxxx" ASC ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 18-LA/13 nömrəli lizinq müqaviləsi üzrə ümumi dəyəri 98000 manat olan texnoloji avadanlıq (şok dondurma avadalığı) lizinqə verilmişdir. Əmrin 2-ci bəndinə əsasən texnoloji avadanlığın dəyərindən 5000 manat ödənildiyi nəzərə alınsın.

10. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 08/Ü nömrəli əmrin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin xx.xx.2012-ci il tarixli, 16 nömrəli məktubuna əsasən "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 01-LA/14 nömrəli lizinq müqaviləsi üzrə ümumi dəyəri 218000 manat olan texnoloji avadanlıq (tutumu 19200 baş olan 4 dəst inqubator avadanlıq) 10 il müddətinə lizinqə verilmişdir. Əmrin 2-ci bəndinə əsasən texnoloji avadanlığın dəyərindən 20000 manat ödənildiyi nəzərə alınsın.

11. İş materiallarına müqavilə üzrə Cavabdeh MMCnun hesabından çıxarış və xx.xx.2014-cü il tarixli, 01-LA/14 nömrəli və xx.xx.2013-cü il tarixli, 18-LA/13 nömrəli lizinq müqavilələri üzrə ödəniş qrafiki, təhvil-təslim aktları, xx.xx.2014-cü il tarixli, 01-LA/14 nömrəli müqaviləyə 1 nömrəli əlavə və müqavilələr üzrə ödənişlərə görə cərimələrin hesablanması qrafiki əlavə olunmuşdur.

12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

13. 2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)- 215/2019 nömrəli qətnaməsinin məzmunundan müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı lizinq müqaviləsi üzrə borcun və cərimənin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh MMC-dən 110750 manat əsas borc, 11075 manat cərimə məbləği tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-443/2022 nömrəli qətnaməsinin məzmunundan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixə olan xx.xx.2013-cü il tarixli, 18-LA/13 saylı müqavilə üzrə 35750 (otuz beş min yeddi yüz əlli) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində dəbbə pulun; xx.xx.2014-cü il tarixli, 01-LA/14 saylı müqavilə üzrə 70800 (yetmiş min səkkiz yüz) manat məbləğində əsas borcun, 4000 (dörd min) manat məbləğində dəbbə pulunun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.

15. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2013-cü il tarixli, 18-LA/13 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 93000 manat, gecikdirilmiş borc 13750 manat, hesablanmış cərimə 14410 manat olmaqla, ümumilikdə 28160 manat təşkil edir. Müqavilə üzrə 5000 manat ödəniş edilmişdir. Həmçinin maliyyə arayışından görünür ki, borc məbləğləri hesablanarkən yuxarıda qeyd olunan qətnamələrdəki məbləğlər hazırkı borc məbləğinə daxil edilməmiş, sonrakı dövrlər üzrə olan borc məbləğlərinin hesabatı aparılmışdır.

16. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2014-cü il tarixli, 01-LA/14 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 198000 manat, gecikdirilmiş borc 59950 manat, hesablanmış cərimə 46641,1 manat olmaqla, ümumilikdə 106591,1 manat təşkil edir. Müqavilə üzrə 20000 manat ödəniş edilmişdir. Həmçinin maliyyə arayışından görünür ki, borc məbləğləri hesablanarkən yuxarıda qeyd olunan qətnamələrdəki məbləğlər hazırkı borc məbləğinə daxil edilməmiş, sonrakı dövrlər üzrə olan borc məbləğlərinin hesabatı aparılmışdır.

17. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqavilələri bağlanmış, lizinq verən tərəfindən lizinq predmetləri cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

20. İddia tələbinin bir hissəsini cavabdehdən maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2014-cü il tarixli, 01-LA/14 nömrəli müqavilə üzrə yaranmış 59950 manat və xx.xx.2013-cü il tarixli, 18-LA/13 nömrəli müqavilə üzrə yaranmış 13750 manat gecikdirilmiş borcun tutulması təşkil edir.

21. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixə hesablanmış xx.xx.2014-cü il tarixli, 01-LA/14 nömrəli müqavilə üzrə hesablanmış 59950 (əlli doqquz min doqquz yüz əlli) manat əsas borc və xx.xx.2013-cü il tarixli, 18-LA/13 nömrəli müqavilə üzrə 13750 (on üç min yeddi yüz əlli) manat əsas borc tutularaq cavabdehə ödənilməlidir.

22. İddia tələbinin digər hissəsini xx.xx.2024-cü il tarixə xx.xx.2014-cü il tarixli, 01- LA/14 nömrəli müqavilə üzrə yaranmış 46641,10 manat cərimə borcu və xx.xx.2013-cü il tarixli, 18-LA/13 nömrəli müqavilə üzrə yaranmış 14410 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

23. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

24. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq xx.xx.2014-cü il tarixli, 01- LA/14 nömrəli müqavilə üzrə 3000 (üç min) manat və xx.xx.2013-cü il tarixli, 18-LA/13 nömrəli müqavilə üzrə 700 (yeddi yüz) manat məbləğində müəyyən edilməlidir.

26. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 500 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir.

27. Məhkəmə hesab edir ki, 500 (beş yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 322,2 manat (üç yüz iyirmi iki manat iyirmi qəpik) məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixə xx.xx.2014-cü il tarixli, 01-LA/14 nömrəli müqavilə üzrə hesablanmış 59950 (əlli doqquz min doqquz yüz əlli) manat əsas borc, 3000 (üç min) manat cərimə, xx.xx.2013-cü il tarixli, 18-LA/13 nömrəli müqavilə üzrə 13750 (on üç min yeddi yüz əlli) manat əsas borc, 700 (yeddi yüz) manat cərimə və 500 (beş yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 77900 (yetmiş yeddi min doqquz yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 322,2 manat (üç yüz iyirmi iki manat iyirmi qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar