Məhkəmə qərarları › İş №e-2-2(113)-1799/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1799/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1799/2020 22.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, EBAD seriyalı, 852178 nömrəli, xx.xx.2019-cu il tarixli Elektron qaimədə göstərilən mallara görə 3858,07 manat (üç min səkkiz yüz əlli səkkiz manat sıfır yeddi qəpik), xx xxxxx 2019-cu il tarixli, NS01/02512019 nömrəli Müqaviləyə əsasən hesablanmış 57,87 manat (əlli yeddi manat səksən yeddi qəpik) cərimə, cavabdeh tərəfindən iddiaçının vəsaitindən faydalandığına görə MM-nin 449-cu maddəsinə əsasən hesablanmış 114,94 manat (yüz on dörd manat doxsan dörd qəpik) və30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4060,88 manat (dörd min altmış manat səksən səkkiz qəpik) məbləğində pulun cavabdehdən tutulması barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-1799/2020 nömrəli qərardadı ilə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC VÖEN: **********) ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Alıcı X5 (VÖEN: **********) arasında xx xxxxx 2019-cu il tarixlə NS01/02512019 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq satıcı alkoqollu içkiləri alıcıya satır, alıcı isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə (lakin mallar alındığı vaxtdan 30 (otuz) gündən gec olmayaraq) və müəyyən olunmuş qiymətlərə əsasən Satıcıya tam ödəməyi öz öhdəsinə götürür. Həmin müqaviləyə əsasən cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıya məxsus alkoqollu içkiləri dəyərini razılaşdırılmış müddətdə və qiymətlərə əsasən ödəmək şərti ilə almış, bununla bağlı EBAD seriyalı, 852178 nömrəli, xx.xx.2019-cu il tarixli Elektron qaimə tərtib olunmuş və qaiməyə uyğun olaraq mallar cavabdehə təhvil verilmişdir. Lakin alıcı müqavilənin şərtlərinə əməl etməyərək, xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə təhvil verilən malların dəyərini ödəməmiş və hal-hazırda da ödəmir. Cavabdehin hazırda 3858,07 manat (üç min səkkiz yüz əlli səkkiz manat sıfır yeddi qəpik) ödənilməmiş borcu mövcuddur. Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması ilə bağlı cavabdehə dəfələrlə şifahi şəkildə mövcud borcun ödənilməsi bildirilmiş, həmçinin xx.xx.2020-ci il tarixli, 17 saylı pretenziya məktubu göndərilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Alıcı İddiaçı MMC ilə satıcı X5 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixlə NS01/02512019 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, qeyd olunan müqavilə ilə satıcı müxtəlif adda alkoqollu işkiləri satmağı, alıcı isə qeyd olunan malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - EBAD seriyalı, 852178 nömrəli, xx.xx.2019-cu il tarixli Elektron qaimə fakturadan görünür ki, tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixdə Alkoqollu içkilərin satışına dair NS01/02512019 nömrəli alqı-satqı müqaviləsinə əsasən ümumi dövriyyə 3858,07 manat təşkil etmişdir. Qeyd olunan qaimə hər iki tərəfin nümayəndəsinin imzası ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla X4 müraciət edilərək borcun ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh X5 arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Qeyd olunan müqaviləyə əsasən iddiaçı müxtəlif adda yeyinti məhsullarını satmağı, cavabdeh isə həmin məhsulların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəlikləri yerinə yetirsə də, cavabdeh öhdəliyini yerinə yetirməyərək, təqdim edilmiş malların dəyərini iddiaçıya ödəməmişdir. Məhkəmə araşdırma zamanı müəyyən olunanlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə tələbin 3858,07 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh yuxarıda göstərilən müqaviləyə əsasən öhdəliklərini lazımi qaydada icra etmədiyindən 3858,07 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbində 57,87 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və tələb həmin hissədə də təmin olunmalıdır. Eyni zamanda iddia tələbində iddiaçının vəsaitindən faydalandığına görə cavabdehdən 114.94 manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə özgəsinin pul vəsaitini qanuNSuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İddiaçı tərəfindən cavabdehin iddiaçının vəsaitindən istifadə edərək faydalanmasına dair hər hansı sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə həmin hissədə tələbi əsassız sayaraq hesab edir ki, tələb həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 29 manatı cavabdehə, 1 manatı isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 3858,07 manat (üç min səkkiz yüz əlli səkkiz manat sıfır yeddi qəpik) əsas borc, 57,87 manat (əlli yeddi manat səksən yeddi qəpik) cərimə və 29 (iyirmi doqquz) manat dövlət rüsumu olmaqla, cəmi 3944,94 manat (üç min doqquz yüz qırx dörd manat doxsan dörd qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 3858,07 manat (üç min səkkiz yüz əlli səkkiz manat sıfır yeddi qəpik) əsas borc, 57,87 manat (əlli yeddi manat səksən yeddi qəpik) cərimə və 29 (iyirmi doqquz) manat dövlət rüsumu olmaqla, cəmi 3944,94 manat(üç min doqquz yüz qırx dörd manat doxsan dörd qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar