Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1800/2020 11.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin qanuni təmsilçisi Shahin Huseyinin iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 15 000 manat məbləğində əsas borcun, 6.900 manat məbləğində hər gecikdirilmiş günə görə cərimənin, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun,cəmi 21 930 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə İddiaçı MMC arasında xx xxxxxx 2019-cu il tarixli, 010 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, iddiaçı dəyəri 15.000 manat məbləğində mal verməyi və cavabdeh isə həmin malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh “xxxx” MMC müqavilənin şərtlərini pozaraq müqavilənin dəyəri olan 15.000 manat məbləğində pul vəsaitini ödəməmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyi icra etməmiş və bu günədək borcunu ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən alıcı müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirdiyi hər bir gün üçün ödənilməyən məbləğin 0.1%-i həcmində cərimə ödəməlidir. Cavabdehin İddiaçı MMC-yə olan faktiki borcu: əsas məbləğ üzrə borcu – ƏDV xaric 15.000 manat, hər gecikdirilmiş günə görə cərimə borcu - 6.900 maant, cəmi borc - 21.900 manat təşkil edir. Bundan əlavə, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 010 saylı müqaviləyə xx.xx.2019-cu il tarixli, 1 saylı razılaşdırma protokolu imzalanmışdır. Həmin protokola əsasən tərəflər müqavilənin dəyəri olan 15.000 manat məbləğin 18%-ni təşkil edən 2.700 manat əlavə dəyər vergisini ödəməyi cavabdeh öz öhdəsinə götürmüşdür. Həmin məbləğ cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə iddiaçının hesabına ödənilmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 010 saylı müqavilə əsasında iddiaçı tərəfindən cavabdeh “xxxx” MMC-yə satılmış “Nasos WİLO İL 65/170-11/2”, “Nasos PEDROLLO BCm 15/50-N”, “Sistem nasos WİLO COE 2MVİ 811/WTATD20”, “Nasos WİLO MVİ 1606/6-1/16/E/50-2/NTECWT-ATD20” və “Genişlənmə çəni 500L” adlı malların üzərinə həbs qoyulması, həmin malların istifadəsi, satılması və bağışlanılması cavabdeh “xxxx” MMC-yə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixli, 010 saylı müqavilə əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmış “Nasos WİLO İL 65/170-11/2”, “Nasos PEDROLLO BCm 15/50-N”, “Sistem nasos WİLO COE 2MVİ 811/WTATD20”, “Nasos WİLO MVİ 1606/6-1/16/E/50- 2/NTECWT-ATD20” və “Genişlənmə çəni 500L” adlı malların özgəninkiləşdirilməsi cavabdehə qadağan olunmuş, qalan hissədə ərizə rədd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Shahin Huseyin verdiyi izahatında iddiaçıya təqdim edilmiş nasoslara görə 15.000 manat məbləğində borcunun olduğunu bildirdi. Mövcud vəziyyət ilə əlaqədar maddi vəziyyətinin ağır olduğunu bildirərək, borcunun ödənilməsi üçün vaxt istədi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx xxxxx 2019-cu il tarixdə 10 saylı məhsulların alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı həmin müqavilədə müəyyən olunmuş şərtlərlə malı alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 3.3-cü bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirdiyi hər bir gün üçün ödənilməyən məbləğin 0,1% -i həcmində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. 4.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixinin həmin müqaviləyə əlavə olunan qaimə-fakturaya və razılaşdırılma protokoluna əsasən müəyyən edilməsi nəzərdə tutulmuşdur. 4.2.-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma 100% əvvəlcədən köçürmə yolu ilə aparılması nəzərdə tutulmuşdur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 010 saylı xx.xx.2019-cu il tarixli müqavilənin razılaşdırma protokoluna əsasən cavabdeh tərəflər arasında bağlanmış müqavilənin dəyəri olan 15.000 manat məbləğin 18%-ni təşkil edən 2.700 manat əlavə dəyər vergisini ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 13 saylı hesab-fakturaya əsasən İddiaçı MMC tərəfindən təqdim edilmiş mallara görə ümumilikdə 15.000 manat məbləğində pul vəsaitinin ödənilməsi Cavabdeh MMC-dən tələb edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 17.700 manat dəyərində malın verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAP seriyalı, 250865 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin borcu əsas məbləğ üzrə 15.000 manat, cərimə üzrə faiz borcu 6.900 manat, cəmi 21.900 manat təşkil edir. İddiaçı MMC müvafiq hüquqlarının müdafiə olunmasına dair xx.xx.2020-ci il tarixdə “xxxx” MMC-yə etibarnamə vermişdir. İddiaçı MMC-nin hüquqlarını müdafiə edən “xxxx” MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, 21.900 manat borc məbləğini pretenziya məktubunun aldıqları gündən 10 iş günü ərzində İddiaçı MMC-yə ödənilməsini xahiş etmiş, eyni zamanda borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – ƏDV xaric 15.000 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, Cavabdeh MMC-dən 15.000 manat məbləğində pul tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 750 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 15.000 (on beş min) manat məbləğində əsas borc, 750 (yeddi yüz əlli) manat məbləğində dəbbə pulu, cəmi 15.750 (on beş min yeddi yüz əlli) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1800/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1800/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver