Məhkəmə qərarları › İş №e-2-2(113)-1800/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1800/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1800/2023 12.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, təhvil-təslim sənədi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Bestcomp Group” QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13.395.74 manat əsas borc, 7632.30 manat dəbbə pulu, 200 manat mediasiya xərci, 10 manat poçt-kargüzarlıq xərci, 153.08 manat məhkəmə xərci, ümumilikdə isə 21.391.12 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanan BRH 29-29/04-21 nömrəli 29 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 1642.56 dəyərində, BRH 27-18/05-21 nömrəli 28 may 2021-ci il tarixdə bağlanan alqı-satqı müqaviləsi əsasında 5.543.64 manat dəyərində, BRH 02-15/06-21 nömrəli 04 iyun 2021-ci il tarixdə bağlanan alqı-satqı müqaviləsi əsasında 299.01 manat dəyərində, BRH 21- 32/06-21 nömrəli 21 iyun 2021-ci il tarixdə bağlanan alqı-satqı müqaviləsi əsasında 2.057.00 manat dəyərində, BRH 24-05/05-21 nömrəli 09 iyul 2021-ci il tarixdə bağlanan alqı-satqı müqaviləsi əsasında 3.853.53 manat olmaqla ümumilikdə (ƏDV daxil) 13.395.74 manat dəyərində kompyuter avadanlıqları Təhvil-təslim sənədləri əsasında cavabdehin nümayəndəsinə təqdim olunmuşdur. Lakin iddiaçı müqavilə üzrə isə “Satıcı” iddiaçı şirkəti öz öhdəliklərini tam icra etsə də, cavabdeh müqavilə üzrə isə “Alıcı” şirkət olan cavabdeh bu günə kimi (1 ildən yuxarı olan müddətdə) iddiaçıya 13.395.74 manat borcunu ödəməmişdir. Bu məsələ ilə bağlı cavabdehin məsul şəxsləri ilə telefon əlaqəsi, elektron yazışmalar və “X2” vasitəsi ilə (VÖEN üzərindən) borcun bağlanması ilə bağlı xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərdə ünvanlanan məktubları ümumiyyətlə cavabsız qalmışdır. Cavabdehə göndərilən pretenziya məktubu üzrə də borcun könüllü qaydada bağlanması ilə bağlı son xəbərdarlıq müddəti başa çatdığından, hazırkı kommersiya mübahisəsinin ilk olaraq məhkəmədən kənar qaydada “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə və Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə tərəflərindən 200 manat İMS (ilkin mediasiya sessiyası) xərci 10 (on) AZN poçt-kargüzarlıq xərci ödənilməklə iddiaçı tərəfin nümayəndəsi və mediatorun iştirakı ilə baxılmışdır. Belə ki, cavabdeh tərəf mediasiyada nümayəndəsinin iştirakını təmin etmədiyindən tərəflər arasında “Mediasiya qaydasında barışıq sazişi” əldə etmək mümkün olmamış və mediator İ.R.Mehtiyev tərəfindən “X1 X3” xx.xx.2022-ci il tarixli № MŞB/13-00139 nömrəli Arayış tərtib edilərək nümayəndələrinə təqdim edilmişdir. Cavabdeh yaratdığı 13.395.74 manat borc məbləğini 2021-ci ilin iyul ayından 19 ay, yəni 570 gün gecikdirdiyindən, tərəflər arasında bağlanan müqavilələrin 1.2.-ci bəndlərinə əsasən iddiaçıya gündəlik 13.39 manat dəbbə pulu ödəməlidir. Bu məbləğ isə ümumilkidə 7632.30 manat təşkil edir.

3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində borcun ödənilməsini elə təsvir etmişdir ki, guya cavabdeh borcun ödənilməsi ilə bağlı öhdəliyi qəsdən yerinə yetirmir. Lakin bu heç də belə deyildir. Birincisi borcun bir hissəsi alqı-satqı dövriyyəsi üzrə yananmış bonus məbləği ilə əvəzləşdirilməsi təmin olunmalıdır. Belə ki, Hewlett-Packard şirkəti tərəfindən cavabdehə 4000 dollar, hazırkı valyuta məzənnəsinə nisbətdə 6.800 manat bonus hesablanmış və həmin bonus borcun bir qisminin ödənilməsi məqsədi ilə iddiaçıya köçürülmüşdür. Digər tərəfdən alınmış malın dəyəri 13.395,74 manat deyil, 12.072,61 manat təşkil edir. Bonus məbləği nəzərə alınmaqla yerdə qalan 5.272,61 manat borca gəlincə təsisçi tərəfindən MMC-nin fəaliyyəti dayandırıldığından, ödənişin vaxtında yerinə yetirilməsi mümkün olmamışdır. Digər tərəfdən uzun müddət sərfəli iş birliyindən iddiaçı tərəf cavabdehin yardımı ilə yetərli məbləğlərdə gəlirlər əldə etmişdir. Buna görə hesablanılan cüzi bonus faizi yerdə qalan borc məbləğini ötər. Belə halda iddiaçı cavabdehin fəaliyəti ilə baqlı olan gözlənilməz yaranan problemi nəzərə almalıdır. Həmçinin ödənişlə bağlı qəsdən deyil, cavabdeh gözlənilməz problemlərlə üzləşdiyindən, gecikdirmə ilə bağlı dəbbə pulun hesablanması yolverilməzdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan borc elektron qaimələrə əsasən 12.072,61 manat təşkil etsə də, lakin ona şirkətin mühasibatlığı tərəfindən borcun 13.395,74 manat olması barədə məlumat verildiyi üçün iddia əizəsində borcun məbləği kimi 13.395,74 manat göstərilmişdir. Etiraz ərizəsində olanlar isə həqiqəti əks etdirmir, belə ki, hazırkı borc üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, ona borclarda güzəştlər tətbiq edilməmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbinə etiraz edib iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə daha əvvəl də işgüzar münasibətləri olmuş, uzunmüddətli əməkdaşlıqları dövründə iddiaçıya borclar vaxtında ödənilmişdir. Belə ki, məhz onlarla bağlanmış alqı-satqı müqavilələri nəticəsində alqı-satqı müqaviləsinin predmeti olan əşyaları istehsal edən Hewlett-Packard şirkəti tərəfindən cavabdehə 4000 dollar, hazırkı valyuta məzənnəsinə nisbətdə 6.800 manat bonus hesablanmış və həmin bonus borcun bir qisminin ödənilməsi məqsədi ilə iddiaçıya köçürülmüşdür. Lakin hazırda bununla bağlı hər hansı sübut təqdim edə bilmir. Qalan borcu isə yaranmış maddi çətinlikləri üzündən ödəyə bilməmişlər. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 09 iyul 2021-ci il tarixli BRH 24-05/05-21 saylı müqaviləyə əsasən satıcı müqavilədə qeyd olunan ümumi məbləği 3853,53 manat olan malı sifarişçinin ünvanına çatdırılmasını öz öhdəsinə götürür.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı müqavilə imzalanandan sonra 7 gün ərzində malın (xidmətin) qəbul edilməsini və bu müddət ərzində dəyərinin müqavilə qiyməti ilə ödənilməsini öz öhdəsinə götürür. Alıcı ödəmənin hər bir gecikdirilmiş günü üçün vaxtında ödənilməmiş məbləğin 0,1 %-i qədərində cərimə ödəyir.

11. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 29 aprel 2021-ci il tarixli BRH 29-29/04-21 saylı müqaviləyə əsasən satıcı müqavilədə qeyd olunan ümumi məbləği 1642,56 manat olan malı sifarişçinin ünvanına çatdırılmasını öz öhdəsinə götürür.

12. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı müqavilə imzalanandan sonra 7 gün ərzində malın (xidmətin) qəbul edilməsini və bu müddət ərzində dəyərinin müqavilə qiyməti ilə ödənilməsini öz öhdəsinə götürür. Alıcı ödəmənin hər bir gecikdirilmiş günü üçün vaxtında ödənilməmiş məbləğin 0,1 %-i qədərində cərimə ödəyir.

13. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 28 may 2021-ci il tarixli BRH 27-18/05-21 saylı müqaviləyə əsasən satıcı müqavilədə qeyd olunan ümumi məbləği 5543,64 manat olan malı sifarişçinin ünvanına çatdırılmasını öz öhdəsinə götürür.

14. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı müqavilə imzalanandan sonra 7 gün ərzində malın (xidmətin) qəbul edilməsini və bu müddət ərzində dəyərinin müqavilə qiyməti ilə ödənilməsini öz öhdəsinə götürür. Alıcı ödəmənin hər bir gecikdirilmiş günü üçün vaxtında ödənilməmiş məbləğin 0,1 %-i qədərində cərimə ödəyir.

15. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 04 iyun 2021-ci il tarixli BRH 02-15/06-21 saylı müqaviləyə əsasən satıcı müqavilədə qeyd olunan ümumi məbləği 299,01 manat olan malı sifarişçinin ünvanına çatdırılmasını öz öhdəsinə götürür.

16. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı müqavilə imzalanandan sonra 7 gün ərzində malın (xidmətin) qəbul edilməsini və bu müddət ərzində dəyərinin müqavilə qiyməti ilə ödənilməsini öz öhdəsinə götürür. Alıcı ödəmənin hər bir gecikdirilmiş günü üçün vaxtında ödənilməmiş məbləğin 0,1 %-i qədərində cərimə ödəyir.

17. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 21 iyun 2021-ci il tarixli BRH 21-32/06-21 saylı müqaviləyə əsasən satıcı müqavilədə qeyd olunan ümumi məbləği 2057 manat olan malı sifarişçinin ünvanına çatdırılmasını öz öhdəsinə götürür.

18. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı müqavilə imzalanandan sonra 7 gün ərzində malın (xidmətin) qəbul edilməsini və bu müddət ərzində dəyərinin müqavilə qiyməti ilə ödənilməsini öz öhdəsinə götürür. Alıcı ödəmənin hər bir gecikdirilmiş günü üçün vaxtında ödənilməmiş məbləğin 0,1 %-i qədərində cərimə ödəyir.

19. 14.04.2021-ci il tarixli SO-21-04461 nömrəli BC-YA-SO-21-04461 nömrəli, xx.xx.2021-ci il tarixli SO-21-04686 nömrəli BC-YA-SO-21-04686 nömrəli, xx.xx.2021-ci il tarixli SO-21-05220 nömrəli BC-YA-SO-21-05220 nömrəli, xx.xx.2021-ci il tarixli SO-21- 06209 nömrəli BC-YA-SO-21-06209 nömrəli, xx.xx.2021-ci il tarixli SO-21-06407 nömrəli BC-İS-SO-21-06407 nömrəli, xx.xx.2021-ci il tarixli SO-21-06686 nömrəli BC-İL-SO-21- 06686 nömrəli, xx.xx.2021-ci il tarixli SO-21-07526 nömrəli BC-İS-SO-21-07526 nömrəli, xx.xx.2021-ci il tarixli SO-21-06192 nömrəli BC-İL-SO-21-06192 nömrəli, xx.xx.2021-ci il tarixli SO-21-08479 nömrəli BC-İL-SO-21-08479 nömrəli təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən aktlarda qeyd olunan mallar təhvil verilmişdir. Avadanlıqlar yenidir və heç bir qüsuru yoxdur.

20. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş EBBA 328183 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 64,8 manat əsas, 11,66 manat ƏDV borcu, EBBA 599112 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 340 manat əsas, 61,2 manat ƏDV borcu, EBBB 020268 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 1392 manat əsas, 250,56 manat ƏDV borcu, EBBC 233106 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 63,56 manat əsas, 11,44 manat ƏDV borcu, EBBC 575225 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4698 manat əsas, 845,64 manat ƏDV borcu, EBBC 862768 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 253,4 manat əsas, 45,61 manat ƏDV borcu, EBBD 643149 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 1743,22 manat əsas, 313,78 manat ƏDV borcu, EBBE 697564 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 3265,7 manat əsas, 587,83 manat ƏDV borcu, EBBE 837062 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 43,2 manat əsas, 7,78 manat ƏDV borcu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

21. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlayaraq ümumilikdə 12072,61 manat borcun ödənilməsini tələb etmişdir.

22. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 09 iyul 2021-ci il tarixli BRH 24-05/05-21 saylı, 29 aprel 2021-ci il tarixli BRH 29-29/04-21 saylı, 28 may 2021-ci il tarixli BRH 27-18/05-21 saylı, 04 iyun 2021-ci il tarixli BRH 02-15/06-21 saylı, 21 iyun 2021-ci il tarixli BRH 21-32/06-21 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

26. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

29. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

30. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

31. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

32. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

33. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

34. Bununla yanaşı, cavabdeh ona iddiaçı tərəfindən iddia edildiyi kimi 13395,74 manat deyil, 12072,61 manat məbləğində malların təhvil verildiyini bildirmişdir.

35. Belə ki, materiallarda olan iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələrə əsasən ödənilməli olan borcun məbləği 12072,61 manat təşkil edir, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubunda da 12072,61 manat borcun ödənilməsi tələb edilmişdir.

36. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12072,61 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

37. Cavabdeh həmin borcun bir qisminin, yəni 6800 manat hissəsinin artıq ödənildiyini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdehin qanuni təmsilçisi məhkəmə iclasında verdiyi izahatında bununla bağlı hər hansı sübutunun olmadığını bildirmişdir.

38. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 09 iyul 2021-ci il tarixli BRH 24-05/05-21 saylı, 29 aprel 2021-ci il tarixli BRH 29-29/04-21 saylı, 28 may 2021-ci il tarixli BRH 27-18/05-21 saylı, 04 iyun 2021-ci il tarixli BRH 02-15/06-21 saylı, 21 iyun 2021-ci il tarixli BRH 21-32/06-21 saylı müqavilələrin 1.2-ci bəndlərinə əsasən hesablanmış 7632.30 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

40. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

41. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

42. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 600 manat məbləğində müəyyən edilməlidir.

43. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12072,61manat əsas borc, 600 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə, 153,08 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 12072,61 manat əsas borc, 600 manat cərimə borcu və ödənilmiş 200 manat məbləğində dövlət rüsumu, ümumilikdə 12872,61 (on iki min səkkiz yüz yetmiş iki manat altmış bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar