Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1802/2023 10.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: saziş, borc, mediasiya xərci, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 118.986,00 manat məbləğində əsas borcun və 400 manat məbləğində mediasiya xərci və 8,99 manat dövlət rüsumu olmaqla, cəmi 119394,99 manat məbləğində pulun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “İddiaçı”) ilə fərdi sahibkar Cavabdeh2 (bundan sonra-“Cavabdeh”) arasında 05 mart 2022-ci il tarixində № 001/2022 saylı Saziş (bundan sonra “Saziş”) imzalanmış, cavabdeh tərəfindən iddiaçıya 118.986,00 manat məbləğində qalıq borc etiraf edilmiş, tərəflər borcun qrafik üzrə ödənilməsi barədə razılığa gəlmişlər. Sazişin 5-ci bəndinə əsasən, cavabdeh 2022-ci ilin mart ayından 2022-ci ilin sentyabr ayına qədər hər ay 19831 manat məbləğində ödəniş edəcəyini öhdəsinə götürmüşdür. Lakin bugünədək cavabdeh Saziş üzrə öhdəsinə götürdüyü borcdan heç bir ödəniş etməmişdir. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən də göründüyü kimi, cavabdeh Sazişlə üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin, bu danışıqlar heç bir fayda verməmişdir. Cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Həmçinin, borcun qaytarılması məqsədi ilə yazılmış pretenziya məktubunun xx.xx.2022-ci il tarixində kağız daşıyıcıda, daha sonra isə xx.xx.2022-ci il tarixində Vahid Məhkəmə Portalında elektron informasiya sistemi vasitəsilə cavabdehə göndərilməsinə baxmayaraq, cavabdeh bu günə kimi borc məbləğini iddiaçıya ödəməmiş və borcun ödənilməsinə yönəlmiş hər hansı tədbir görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələbinə əsasən Kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçı Məcəllənin bu normasına əməl edərək, xx.xx.2022-ci il tarixində X4 barədə təklif göndərmiş, lakin qarşı tərəfdən bu təklifə hər hansı cavab gəlməmişdir. xx.xx.2022-ci il tarixində isə Mediasiya üçün müraciət məktubu göndərilmiş və müsbət bir cavab əldə edilməmişdir. Daha sonra Bakı 5 saylı Mediasiya təşkilatına müraciət edilmiş və xx.xx.2022- ci il tarixdəsaat 12:30-a və xx.xx.2022-ci il tarixdə saat 16:00-a X5 təyin olunsa da cavabdehlə aparılmış danışıqlar nəticəsində razılıq əldə olunmamışdır. Ona görə də Mediasiya Şurası Bakı 5 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixində İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış verilmişdir. Tərəflər arasında bağlanmış Sazişin 7-ci bəndinə əsasən ödənişlərin bu Sazişdə qeyd edilən müddətlər ərzində həyata keçirilməməsi, Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal tələbkarın (hazırkı iş üzrə iddiaçı) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında və ya qanunvericilikdə nəzərdə tutulan digər qaydada bu Saziş üzrə ödənişlərin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Sazişin 10-cu bəndinə uyğun olaraq Tərəflər bu Sazişin öhdəliklərinin yerinə yetirilməməsi və ya qeyri-qənaətbəxş yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bununla yanaşı Sazişin 12-ci bəndinə əsasən Tərəflər bu Saziş üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı meydana çıxmış mübahisələrin danışıqlar yolu ilə həll olunması üçün tədbir görürlər. Həmçinin həmin Sazişin 13-cü bəndinə istinadən isə mübahisələr 10 təqvim günü ərzində danışıqlar yolu ilə tənzimlənmədikdə, onun həlli Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq aidiyyəti məhkəmələr tərəfindən və ya mübahisələrin alternativ həlli qaydasında həyata keçirilir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1,425.1, 443.1, 448.1 və 882-ci maddələri göstərilmişdir.
4. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X6 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, cavabdeh saziş bağlanıldıqdan sonra da öhdəliklərinin icrası istiqamətində heç bir addım atmayıb.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 sazişdə qeyd olunmuş borcu qəbul etdiyini, saziş bağlanıldıqdan sonra ümumiyyətlə heç bir ödəniş edə bilmədiyini və iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi.
7. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
A) 05 mart 2022-ci il tarixli, 001/2022 saylı saziş üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2015-ci il tarixli, 150415/11-1- 230 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsinin təmini üçün bağlanmış xx.xx.2022-ci il tarixli sazişdə nəzərdə tutulmuş əsas borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında xx.xx.2022-ci il tarixli sazişin bağlanıb-bağlanmaması və cavabdehin həmin saziş üzrə üzərinə götürdüyü öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
10. İddia ərizəsinə əlavə olunmuş - "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001/2022 saylı sazişə əsasən "xxxx" MMC ilə Cavabdeh2 arasında 15 aprel 2015-ci il tarixli, 150415/11-1-230 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 "xxxx" MMC-yə 95828,78 manat və 23156,37 manat, ümumilikdə 118986 manat ödənilməmiş borcu yaranmışdır. Tərəflər arasında 27 aprel 2021-ci il tarixli FŞ270421 saylı sazişdə nəzərdə tutulmuş qrafik üzrə borclu tərəfindən heç bir ödəniş həyata keçirilməmiş və hazırkı sazişin imzalanması tarixinə Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə 118,986.00 manat məbləğində borc ödənilməmiş olaraq qalmaqdadır, sözügedən borcun Borclu tərəfindən ödənilməsi üçün Tələbkar yeni ödəniş qrafiki müəyyən etmək niyyətində olduğuna görə tərəflər aşağıdakılar barədə razılığıa gəlirlər:
11. 1. Borclu Cavabdeh2 etiraf edir ki, tələbkar "xxxx" MMC-yə 118,986 manat ödənilməmiş borcu var;
12. 2. Borclu 118,986.00 manat borcun hissə-hissə, bu sazişin 5-ci bəndində nəzərdə tutulmuş qrafik üzrə ödənilməsini öhdəsinə götürür;
13. 3. Tələbkar təsdiq edir ki, borclu Cavabdeh2 xx.xx.2022-ci il tarixinə olan borcu 118,986.00 manat təşkil edir və bu məbləğ sazişin 5-ci bəndində qeyd edilən qaydada və müddətlərdə tam ödənildiyi təqdirdə borcluya hazırkı sazişin predmetini təşkil edən öhdəliklər üzrə əlavə tələblər irəli sürülməyəcək;
14. 4. Sazişin imzalandığı gündən "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2021-ci il tarixli FŞ270421 saylı saziş qüvvədən düşmüş hesab olunur;
15. 5. Tərəflər razılaşırlar ki, borclu 118,986.00 manat məbləğində borcu 6 ay müddətinə ödəyəcək; 31 mart 2022-ci ilədək-19831 manat: 30 aprel 2022-ci ilədək-19831 manat: 31 may 2022-ci ilədək-19831 manat: 30 iyun 2022-ci ilədək-19831 manat: 31 iyul 2022-ci ilədək-19831 manat: 31 avqust 2022-ci ilədək-19831 manat:
16. 7. Tələbkar qəbul edir ki, borclu borcun birinci ayda ödənilməli olan hissəsini ikinci ayda olan hissəsi ilə birlikdə 30 aprel 2022-ci il tarixinə qədər ödəyə bilər. Lakin ödənişlərin bu sazişdə qeyd edilən müddətlər ərzində həyata keçirilməməsi, saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal tələbkarın Azərbaycan Respublikasının qaunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında və ya qanunvericilikdə nəzərdə tutulan digər qaydada bu saziş üzrə ödənişlərin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.
17. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir;
18. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
19. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 001/2022 saylı saziş bağlanmış, cavabdeh həmin sazişlə iddiaçıya 118.986,00 manat ödənilməmiş borcunun olmasını etiraf etmiş, lakin bügunə kimi borc öhdəliyi üzrə hər hansı hərəkət edilməmişdir.
20. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 001/2022 saylı sazişdən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 882-ci maddəsi nəzərdən keçirilə bilər.
21. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
22. Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
23. Tərəflər arasında borcun etirafı və ödəniş qaydası haqqında müqavilələrin bağlanması, müqavilədə qeyd edilən borc məbləği işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Göründüyü kimi cavabdeh yaranmış borcun ödənilməməsini məhkəmə iclasında verdiyi izahatda da qəbul etmişdir.
24. Buna görə də məhkəmə hesab edir ki, Saziş üzrə iddianın əsas borcun ödənilməsi tələbi ilə təmin olunması üçün əsaslar mövcuddur.
a. Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
b. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. c. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB-5-03564 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 04 noyabr 2022ci il tarixində saat 16:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh bildiriş vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. d. Məhkəməyə təqdim edilən 17 noyabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən, Bakı şəhəri 5 saylı mediasiya təşkilatına 400 manat məbləğində pul vəsaitinin ödənilməsi bərədə "xxxx" MMC tərəfindən banka tapşırıq verilmişdir. e. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. f. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2). g. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “X4 barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “X4 barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. h. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul cavabdeh X2 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
i. Məhkəmə xərcləri ilə bağlı
24. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, 8,99 manat məbləğində dövlət rüsumu ********** nömrəli qəbzlə Bakı Kommersiya Məhkəməsinə ödənmişdir.
25. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə iddianın təmin edilməsini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8,99 manat pul cavabdehdən iddiaçıya ödənilməlidir.
27. Nəticə:
İİ. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001/2022 saylı sazişə əsasən ödənilməmiş 118.986,00 (yüz on səkkiz min doqquz yüz səksən altı) manat məbləğində əsas borc, ilkin mediasiya sessiyasının keçirilməsinə görə 400 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 8,99 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova