Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1804/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 35957,30 (otuz beş min doqquz yüz əlli yeddi manat otuz qəpik) manat, borc məbləğinin gecikdirilməsinə görə 3594 (üç min beş yüz doxsan dörd) manat faiz məbləği, ödənilmiş dövlət rüsumu 210,15 (iki yüz on manat on beş qəpik) manat və hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 40261,45 ( qırx min iki yüz altmış bir manat qırx beş qəpik) manat pulun İddiaçı MMC -nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23/2022 saylı müqaviləsinə əsasən Satıcı İddiaçı MMC hazırkı müqavilənin ayrılmaz hissəsi olan Razılaşma protokolunda nəzərdə tutulmuş şərtlərlə Alıcı "xxxx" MMC-nin təlabatına uyğun olaraq (Sifariş əsasında) mal və materialların təmin olunmasını öz üzərinə götürmüşdür. Müqaviləyə uyğun olaraq alıcıya ümumilikdə 48451,30 manat dəyərində müxtəlif növ mal satılmışdır. O, cümlədən xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 298438 nömrəlielektron qaimə əsasında 42214,50 manat dəyərində mal satılmışdır. Lakin alıcı müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və sözügedən elektron qaimə üzrə aldığı məhsulların dəyərinin az bir miqdarını ödəmiş, yerdə qalan 35957,30 manatını ödəməmişdir. Yuxarıda sadalanan elektron qaimə əsasında satılan mallardan hazırda cavabdehin iddiaçıya ödənilməmiş 35957,30 manat borcu yaranmışdır. Bu borcun ödənilməsi üçün cavabdehə edilmiş şifahi və yazılı xəbərdarlıq, o cümlədən e-məhkəmə sistemi ilə göndərilmiş pretenziya nəticəsiz qalmışdır. Buna görə də "xxxx" MMC barədə məhkəməyə müraciət edilmişdir. Əlavə olaraq Cavabdeh öhdəliyini gecikdirdiyi üçün gecikdirilmiş məbləğə illik beş faiz ödəməlidir. Bundan başqa, iddiaçı hüquqlarının məhkəməyə qədər və məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq Vəkil ilə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən vəkilə 500 manat məbləğində pul ödənilmişdir. Vəkil tərəfindən iddiaçıya hüquqi məsləhətlər verilmiş, habelə birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi öhdəliyi qəbul olunmuşdur. İddia təmin edildiyi təqdirdə hüquqi yardımın göstərilməsi ilə əlaqədar qonorar olaraq vəkilə ödənilmiş 500 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23/2022 saylı müqaviləyə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz hissəsi olan Razılaşma Protokolunda nəzərdə tutulmuş şərtlərlə alıcının tələbatına uyğun olaraq (Sifariş əsasında) mal və materialların təmin olunmasını öz üzərinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişdə göstərilən malları hazırki müqavilənin şərtlərinə uyğun olaraq vaxtı vaxtında alıcıya təhvil verməyi və alıcı tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq təmin edilmiş malların haqqının ödənişini qəbul etməyi öhdəsinə götürür.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı hazırkı müqaviləni 1.1-ci maddəsinə uyğun təmin olunmuş malların ödənişini vaxtında edilməsi alıcıdan tələb etmək hüququna malikdir.
11. Müqavilənin 2.3-cü bəndinə əsasən satıcı tərəfindən bu müqaviləyə əsasən ona təhvil verilən malların və avadanlıqların qəbul etməyi, satıcının təmin etdiyi malların haqqını vaxtında ödəməyi və alıcı hazırkı müqavilənin 2.1-ci maddəsində göstərilmiş malların və avadanlıqların müqavilədə göstərilən müddətə təmin olunmasını satıcıdan tələb etmək hüququna malikdir.
12. Müqavilənin 3.1-ci bəndinə əsasən təmin olunmuş malların haqqı qiymətləri təqdim olunmuş qaimə-faktura əsasında aparılır.
13. Müqavilənin 3.2-ci bəndinə əsasən hazırkı müqavilənin 1.1. bəndinə uyğun malların təmin olunmasına görə alıcı satıcının bu müqavilədə göstərilən hesablaşma hesabına və ya nağd şəkilində satıcının kassasına vəsait ödəyir.
14. Müqavilənin 3.3-cü bəndinə əsasən satıcı tərəfindən E-qaimə təqdim olunduqdan sonra 15 (on beş) iş günü ərzində ödənilməlidir.
15. xx.xx.2022-ci il tarixli, 04/22 saylı əlavə razılaşma protokoluna əsasən müqavilə üzrə satılacaq malların qiyməti cəmi 42214,50 manat dəyərində müəyyən edilmişdir.
16. xx.xx.2022-ci il tarixli, A04/22 nömrəli akta əsasən 42214,50 manat dəyərində mallar cavabdehə təhvil verilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
17. İddiaçı tərəfindən müqavilə üzrə satılmış mallara görə xx.xx.2022-ci il tarixli, EBCM298438 saylı, 42214,50 manatlıq məbləğə dair e-qaimə tərtib edilmiş və qarşı tərəf göndərilmişdir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23/2022 saylı müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz hissəsi olan Razılaşma Protokolunda nəzərdə tutulmuş şərtlərlə alıcının tələbatına uyğun olaraq (Sifariş əsasında) mal və materialların təmin olunmasını öz üzərinə götürmüşdür. İddiaçı tərəf öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır.
26. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və malların hazırlanıb təhvil verilməsinə dair akt ilə təsdiq olunduğu üçün 35957,30 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 35957,30 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.
28. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 3594 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.
29. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
30. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
31. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixində mallar təhvil verilsə də, qaimə üzrə bugünə kimi ödənişlər tamamlanmadığı üçün, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 3594 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 210,15 manat dövlət rüsumu və 500 manat vəkil xərci ödənilmişdir.
34. Azərbaycan Respublikası MPM-in:
35. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
37. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
39. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 210,15 manat məbləğində pul vəsaiti və 500 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 23/2022 saylı müqavilə üzrə 35.957,30 manat əsas borc, borcun ödənişinin gecikdirilməsinə görə 3594 manat faiz borcu, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 210,15 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova