Məhkəmə qərarları › İş №e-2-2(113)-1806/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1806/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1806/2021 27.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının, X2 katibliyinin, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "İddiaçı" MMC Cavabdeh qarşı müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 5943,90 (beş min doqquz yüz qırx üç manat doxsan qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 24.10.2019 - cu il tarixli Konsiqnasiya müqaviləsi bağlanmışdır. Bununla da tərəflər arasında sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər yaranmağa başlamışdır. Tərəflər arasında bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Sahibkar” (yəni iddiaçı) müqavilənin predmeti, sifarişlərdə əks ediləcək, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda mühərrik, sənaye, sürtkü yağları və avtomobil ehtiyyat hissələrini “Kommissioner”in (yəni cavabdehin) satış obyektinə yerləşdirir, cavabdeh isə malları iddiaçıdan təhvil alır və malların satışını həyata keçirir.Həmin müqaviləyə edilən 220/19/01 nömrəli 24.10.2019-cu il tarixli Əlavədən görünür ki, İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən Cavabdeh məxsus satış obyektinə ümumilikdə 5943,90 manat dəyərində mal yerləşdirməklə sonuncuya malları təhvil vermiş olur.Müqavilə şərtlərinə əsasən mallar təhvil verildikdən bir müddət sonra iddiaçı malların satışı və qalığı ilə bağlı manitorinq edən zaman cavabdehə təhvil verilmiş malların satıldığını, lakin satışdan əldə edilən malların müqabilində isə iddiaçıya ödəniş edilmədiyi müəyyən edilmişdir. Belə olan halda iddiaçı tərəfindən cavabdehə irad bildirilmiş və qısa müddət ərzində ödənişin həyata keçirilməsi tələb edilmişdir. Cavabdeh vergi ödəyici olmadığı, Elektron Vergi İdarəsində elektron qutusu olmadığı üçün bu barədə cavabdehə elektron qaimə-fakturanın təqdim edilməsi mümkün olmamışdır. Lakin buna baxmayaraq, cavabdehə ödənişin edilməsi ilə bağlı dəfələrlə müraciət edilsə də, heç bir nəticə olmamışdır Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını, 5943,90 (beş min doqquz yüz qırx üç manat doxsan qəpik) manat borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabeh iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, (29.03.2021-ci il tarixində daxil olmuşdur) İddiaçı MMC-dən 3800 manatlıq avtomobil yağları götürdüyünü və 1 il müddətinə tam şəkildə bütün ödənişi etdiyini bildirərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan 24 oktyabr 2019-cu il tarixli, 220/19 saylı müqaviləyə əsasən, “sahibkar” (İddiaçı MMC) müqavilənin razılaşdırılmış çeşiddə və miqdarda mühərrik, sənaye, sürtkü yağları və avtomobil ehtiyyat hissələrini “komissionerin” (Cavabdeh) satış obyektinə yerləşdirir, “komissioner” isə malları “sahibkardan” təhvil alır və malların satışını həyata keçirir. -Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən, “komissioner” mallar satıldıqca satışdan əldə olunan vəsaitləri 10 (on) bank günündən gec olmayaraq, ödəniş etməli, əks təqdirdə qeyd olunan müddətdə ödəniş edilmədikdə “sahibkar” satış obyektində yerləşdirilmiş malları geri götürə bilər, müqavilənin icrasından birtərəfli imtina edə bilər və yaranmış öhdəliyin ödənilməsini tələb edə bilər. -Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, ödəniş “sahibkar” tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və malların təhvil-təslim aktına əsasən “komissioner” tərəfindən köçürmə yolu ilə “sahibkarın” hesablaşma hesabına və ya nəğd qaydada “sahibkara” ödənilir. Tərəflər arasnda imzalanmış 24 oktyabr 2019-cu il tarixli 220/19/01 saylı müqaviləyə əlavəyə əsasən, ümumilikdə 521 ədəd olmaqla, 5.943,9 (beş min doqquz yüz qırx üç manat, doxsan qəpik) manat dəyərində müxtəlif çeşiddə mallar cavabdehin satış obyektində yerləşdirilmişdir. İş materiallarında olan 29.09.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 220/119 nömrəli 24.10.2019 tarixli müqavilə və həmin müqavilənin şərtlərinə əsasən, cavabdehə məxsus satış obyektində yerləşdirilən və təhvil alınan mallara görə yaranmış 5943,90 manat məbləğində borcun iki gün ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdeh tərəfindən iddiaçının təhvil verdiyi mallar üzrə 5943,90 manat məbləğində borc ödənilməmişdir. Bu baxımdan iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 5943,90 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 5973,90 (beş min doqquz yüz yetmiş üç manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı MMC -nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5943,90 (beş min doqquz yüz qırx üç manat, doxsan qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 5973,90 (beş min doqquz yüz yetmiş üç manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar