Məhkəmə qərarları › İş №e-2-2(113)-1807/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1807/2020

10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1807/2020 10.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Mətbəəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Mətbəəsi “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2865 manat borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi kimi 30 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11 saylı alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Mətbəəsi elektron qaimə faktura əsasında müxtəlif çeşiddə kağız və karton məhsullarının satılmasını, “xxxx” MMC isə alınmış malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 11 saylı alqı-satqı müqaviləsinə və xx.xx.2019-cu il tarixli EAAW seryalı 912436 nömrəli elektron qaimə əsasında cavabdeh müəssəyə 3765 manat dəyərində kağız məhsulu satmış və həmin məbləğə 677,70 manat ƏDV əlavə olunmaqla cavabdehin ümumi borcu 4442,70 manat təşkil etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə əsas 3765 manat borc məbləğindən 900 manat və 677,70 manat ƏDV məbləği tam ödəsədə, hazırda 2865 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 06 mart 2019-cu il tarixli, 11 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Mətbəəsi elektron qaimə faktura əsasında müxtəlif çeşiddə kağız və karton məhsulları “xxxx” MMC-yə satmağı, sonuncu isə alınan malların dəyərini elektron qaimədə göstərilən qiymətlər əsasında ödəməyi öhdələrinə götürmüşlər. - 09 iyul 2019-cu il tarixli elektron qaimənin surətindən görünür ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Mətbəəsi “xxxx” MMC-yə 3765 manat dəyərində kağız məhsulu satmış və həmin məbləğə 677,70 manat ƏDV əlavə olunmaqla cavabdehin ümumi borcu 4442,70 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Mətbəəsi iddiası təmin edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Mətbəəsinin xeyrinə 2865 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi kimi 30 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar