Məhkəmə qərarları › İş №e-2-2(113)-1807/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1807/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1807/2021 04.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8807,52 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 1761,50 manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 10599 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında malların alğısatqısına dair 12.07.2018-ci il tarixində 993/18M saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı satıcı, cavabdeh isə alıcı qismində çıxış etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin dəyəri, ƏDV daxil olmaqla, 57 446.71 manat (əlli yeddi min dörd yüz qırx altı manat yetmiş bir qəpik) təşkil etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin 3.2 və 4.1-ci bəndlərinin tələbi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra Alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Lakin, Alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malın dəyərini təşkil edən 57 446.71 manat (əlli yeddi min dörd yüz qırx altı manat yetmiş bir qəpik) (ƏDV daxil olmaqla) məbləğindən cavabdeh tərəfindən 48 239.19 manat (qırx səkkiz min iki yüz otuz doqquz manat on doqquz qəpik) (ƏDV daxil olmaqla) məbləğində ödəniş edilmişdir, 9 207.52 manat (doqquz min iki yüz yeddi min əlli iki qəpik) məbləğində qalıq məbləğ isə bu günkü günə qədər cavabdeh tərəfindən ödənilməyib. Cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında imzalanmış 993/18M saylı, 12.07.2018-ci il tarixli müqavilənin 8.4cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, əsas borc 9 207.52 manat (doqquz min iki yüz yeddimin əlli iki qəpik) təşkil edir, həmin məbləğin 20 (iyirmi) faizi 1 841.50 manat (min səkkiz yüz qırx bir manat əlli qəpik) təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 9 207.52+1 841.50=11 049.02 (on bir min qırx doqquz manat iki qəpik) manat tələb məbləği yaranmışdır. 05 noyabr 2019-cu il tarixində müqavilə üzrə 9 207.52 (doqquz min iki yüz yeddi manat əlli iki qəpik) məbləğində borcun cavabdeh tərəfindən ödənilməsinə dair cavabdehə pretenziya məktubu ünvanlanmışdır və həmin məktubla bildirilmişdir ki, borcun 15 (on beş) iş günü müddətində ödənilməyəcəyi təqdirdə tərəfimizdən məhkəməyə müraciət ediləcəkdir. Halbuki, məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. Sonradan qarşı tərəflə onların istəyinə əsasən danışıqlar aparılmış, onlar borcu ödəyəcəkləri ilə bağlı vədlər vermişlər. İddiaçı humanizm prinsipini əsas götürərək, 1 il 4 ay kimi bir müddət gözləmişdir. Lakin cavabdehin borcu ödəmə niyyətinin olmadığını görüb yenidən qarşı tərəfə 26.01.2021-ci il tarixində pretenziya məktubu ünvanlamışdır. Yeni pretenziya məktubu həm cavabdehin daha öncəki pretenziya məktubunun qəbul edildiyi ünvana, həm də cavabdehin hüquqi ünvanına göndərilmişdir. Hər iki ünvanda da cavabdehin olmadığı müəyyən edilmiş, bu hal poçtalyon tərəfindən aktlaşdırılmışdır. 993/18M saylı, 12.07.2018-ci il tarixli müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin indiyədək alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmişdir və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən 8.807,52 manat məbləğində əsas borc, 1.761,50 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 10.599 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilənlərlə qismən razıdır, belə ki, həqiqətən də iddiaçıya hazırda müqavilə üzrə ödənilməli olan borc 8.807,52 manat təşkil edir, onlar müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmirlər, lakin hazırda maddi durumları birdəfəlik ödəniş etməyə imkan vermir, bundan əlavə iddia ərizəsinin iddiaçıya əlavə olaraq dəbbə pulu ödənilməli olması hissəsi isə əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı ilə cavabdeh arasında bağlanan 12 iyul 2018-ci il tarixli, 993/18M saylı “Alqısatqı” müqaviləsinin 1.1-ci maddəsinə əsasən satıcı alıcıya onun sifarişi əsasında həmin Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra manatla həyata keçirilir. Həmçinin, müqavilənin 8.4-cü bəndində göstərilmişdir ki, malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1 %-i miqdarında (lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərti ilə) cərimə ödəməlidir. -Malların təhvil-qəbulu barədə 27.12.2018-ci il tarixli M-İ1-00059136 nömrəli aktdan məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1.563,26 manat təşkil edən mallar təhvil verilmişdir. Həmin akt tərəflərin imzaları və iddiaçının möhürü ilə təsdiq olunmuşdur. -Malların təhvil-qəbulu barədə 29.01.2019-cu il tarixli M-İ1-00061758 nömrəli aktdan məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 4145,34 manat təşkil edən mallar təhvil verilmişdir. Həmin akt tərəflərin imzaları və iddiaçının möhürü ilə təsdiq olunmuşdur. -15.01.2019-cu il tarixli M-İ1-00060566 nömrəli satış fakturasından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 4.650,95 manat təşkil edən mallar təhvil verilmişdir. Həmin akt tərəflərin imzaları və iddiaçının möhürü ilə təsdiq olunmuşdur. -İddiaçı MMC 05 noyabr 2019-cu il və 26.01.2021-ci il tarixlərində Cavabdeh MMCyə pretenziya qaydasında məktub ünvanlayaraq cavabdehdən müqavilə üzrə onun üzərinə düşən öhdəliklərini icra etməyi və ondan aldığı məhsullara görə ümumilikdə 9,207,52 manat olan borcunu ödəməyi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Məhkəməyə təqdim edilmiş ödəniş qəbzinin surətinə əsasən 21.05.2021-ci il tarixdə 400 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi bunu təsdiq etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 12.07.2018-ci il tarixli alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 8.807,52 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 8.807,52 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış hazırkı müqavilənin 8.4cü maddəsinə əsasən hesablanmış 1.761,50 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 8.807,52 manat (səkkiz min səkkiz yüz yeddi manat əlli iki qəpik) məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 100 (bir yüz) manat dəbbə pulu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 8.907,52 manat (səkkiz min doqquz yüz yeddi manat əlli iki qəpik) pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar