Məhkəmə qərarları › İş №e-2-2(113)-1809/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1809/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1809/2021 01.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi, lizinq obyektinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı “daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “QAZ-A21R22-30” yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, 76070179 mühərik, A21R22K0111942 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh MMC-dən 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 fevral 2021-ci il tarixə 1421.36 manat gecikdirilmiş əsas, 230.56 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 66.77 manat dəbbə pulu, ümumilikdə 1718.69 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC -nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı “daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh MMC-nin sifarişi ilə 2019-cu il buraxılışlı, “QAZ-A21R22-30” yük markalı, **-JZ- *** dövlət qeydiyyat nişanlı, 76070179 mühərik, A21R22K0111942 ban nömrəli, ağ rəngli avtomobil 33.925 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh MMC illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 866.18 manat, ümumilikdə isə 40.813 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 40813 manatın 33.925 manatı əsas məbləğ təşkil edir.Cavabdeh MMC tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 28 yanvar 2021-ci il tarixdə 500 manat məbləğində olmuşdur.Eyni zamanda Cavabdeh MMC-nin 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 fevral 2021-ci il tarixə 1421.36 manat gecikdirilmiş əsas, 230.56 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 66.77 manat dəbbə pulu, ümumilikdə 1718.69 manat borcu yaranmışdır.”Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilərək, İddiaçı MMC ilə bağlanmış 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı “daxili lizinq" müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “QAZ- A21R22-30İ yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, 76070179 mühərik, A21R22K0111942 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh MMC-dən 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 iyun 2021-ci il tarixə 4054.16 manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 33 manat dəbbə pulu, ümumilikdə 4078.49 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə prossesi dövründə Cavabdeh MMC tərəfindən 06.06.2021-ci il tarixdə 2000 manat məbləğində ödəniş edilmişdir, həmçinin lizinq obyekti olan avtomobil şirkətə qaytarılmadığından borcun artırılması zərurəti yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, İddiaçı MMC ilə bağlanmış 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı “Daxili lizinq" müqaviləsi ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “QAZ- A21R22-30” yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, 76070179 mühərik, A21R22K0111942 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh MMC-dən 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı ‘daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 iyun 2021-ci il tarixə 2102.81 manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 88.32 manat dəbbə pulu, ümumilikdə 2191.13 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu ”Azərmaş” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC (“lizinq verən”) ilə Cavabdeh MMC (“lizinq alan”) arasında bağlanmış 29.10.2019-cu il tarixli, MAS-1374 saylı daxili lizinq müqaviləsinə əsasən, müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi alan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdlu lizınq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu lizinq müqaviləsinin əsas məbləğini 33.925 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 9630 manat məbləğində lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətinə illik 17% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. -2.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu butün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv edilməsi xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. -9.1-ci bəndə əsasən lizinq verən lizinq alanı 1 ay əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada xitam verilə bilər: -9.1.4-cü bəndə əsasən lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim gündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə. İş materiallarında olan, 29.10.2019-cu il tarixli, MAS-1374 saylı daxili lizinq müqaviləsinə 29.10.2019-cu il tarixli 1 nömrəli əlavənin 3-cü bəndində qeyd olunur ki, bu 1 nömrəli əlavə üzrə təchiz ediləcək əmlakın ümumi dəyəri 33.925 manat təşkil edir. İş materiallarında olan tərəflər arasındakı yazışmalarda olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubun məzmununda qeyd olunur ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər bir çox şirkətlərin fəaliyyətini dondurmuş, yaxud zəiflətmişdir. “Halal Kəsim" MMC şirkəti də maddi çətinliklərlə üzləşmişdir. Belə ki əhalinin alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi, toy, ad günləri və digər mərasimlərin mart ayının ortalarından bu günə qədər keçirilməməsi, restoranların fasilələrlə və qismən fəaliyyəti, Cavabdeh MMC şirkətini də çətin bir duruma salmış, məhsullarının satış bazarının nəzərə çarpacaq dərəcədə azalmasına gətirmişdir. İşçiləri ixtisar etməmək və fəaliyyətini davam etdirmək üçün banka müraciət edərək kredit almışdır. Lakin üzləşdiyi çətinliklər səbəbindən şirkət kredit üzrə öhdəliklərini də yerinə yetirə bilmir, buna görə də bank tərəfindən şirkətin hesabına qoyulan bütün vəsaitlər kredit borcuna silinir. Hal-hazırda Cavabdeh MMC şirkəti bank ilə borcların rekonstruktizasiyası üzrə danışıqlar aparır və çox yaxın bir zamanda (10 iş günü ərzində) bu məsələ öz həllini tapacaqdır. Bu məsələ həll olunan kimi, İddiaçı MMC-yə **-JZ-*** dövlət nişanlı qazel maşını üçün olan borcu mümkün tez bir zamanda ödəyəcəkdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli, 782 saylı arayışa əsasən borclu Cavabdeh MMC-nin 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı “daxili lizinq” müqaviləsi üzrə 15 fevral 2021-ci il tarixə gecikdirilmiş əsas borc 1421,36 manat, mükafat borcu 230,56 manat, cərimə 66,77 manat olmaqla cəmi 1718,69 manat, 08 iyun 2021-ci il tarixli, 1133 saylı arayışa əsasən borclu Cavabdeh MMC-nin 29 oktyabr 2019-cu il tarixli MAS- 1374 saylı “daxili lizinq” müqaviləsi üzrə 08 iyun 2021-ci il tarixə gecikdirilmiş əsas borc 4054,16 manat, cərimə 24,33 manat olmaqla cəmi 4078,49 manat, 24 aprel 2021-ci il tarixli, 1282 saylı arayışa əsasən borclu Cavabdeh MMC-nin 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı “daxili lizinq” müqaviləsi üzrə 24 iyun 2021-ci il tarixə gecikdirilmiş əsas borc 2102,81 manat, dəbbə pulu 88,32 manat olmaqla cəmi 2191,13 manat olaraq qeyd olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən İddiaçı MMC ilə lizinqalan Cavabdeh MMC arasında daxili lizinq müqaviləsi bağlanmış və 1 ədəd 2019-cu il buraxılışlı, “QAZ-A21R22-30” yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, 76070179 mühərik, A21R22K0111942 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh MMC-yə lizinqə verilmişdir. İddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülkin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı daxili lizinq müqaviləsi üzrə əsas borc və ona hesablanmış cərimə pulunun ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur və cavabdehin iddiaçıya ödənilməmiş cəmi 2.191,13 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh İddiaçı MMC ilə bağlanmış 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı “Daxili lizinq" müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “QAZ-A21R22-30” yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, 76070179 mühərik, A21R22K0111942 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı, Cavabdeh MMC-dən əsas borc 2.102,81 manat, dəbbə pulu 88,32 manat olmaqla, cəmi 2.191,13 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu əvəzi 30 manat cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə ” QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə bağlanmış 29 oktyabr 2019-cu il tarixli MAS-1374 saylı “Daxili lizinq" müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2019-cu il buraxılışlı, “QAZ-A21R22-30” yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, 76070179 mühərik, A21R22K0111942 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh MMC-dən əsas borc 2.102,81 (iki min yüz iki manat, səksən bir qəpik) manat, dəbbə pulu 88,32 (səksən səkkiz manat, otuz iki qəpik) manat olmaqla, cəmi 2.191,13 (iki min yüz doxsan bir manat, on üç qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu əvəzi 30 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. ” Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar