Məhkəmə qərarları › İş №e-2-2(113)-1809/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1809/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1809/2024 13.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı (təchizat) müqaviləsi üzrə borcun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı (təchizat) müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1.İddiaçı MMC (təchizatçı) Cavabdeh MMC (alıcı) arasında 01 iyul 2022-ci il tarixdə BOL002/22 saylı təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən təchizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan etibarən qüvvəyə minir və 31 dekabr 2022-ci il tarixinədək qüvvədə qalacaqdır. - 3.1-ci bəndinə əsasən alıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Xüsusi Şərtlərə (Kommersiya Şərtlərinə) uyğun olaraq malın təchizatı müqabilində ödəniş edəcək. - 3.2-ci bəndinə əsasən bütün ödənişlər hesab-faktura əsasında Alıcı tərəfindən Təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçilir. - 4.2.1-ci bəndinə əsasən alıcı təchiz edilmiş və qəbul edilmiş Malın qiymətini Təchizatçıya ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 2.17.11.2022-ci il tarixli üzləşmə aktına əsasən “X1” MMC-nin xx.xx.2022-ci il tarixə "xxxx" MMC-yə 28.163,82 manat borcu vardır. Akt “X1” MMC-nin (mühasib-analitik Nicat Cəfərli) imzası və möhürü ilə təsdiq edilmişdir. 3.e-taxes.gov.az portalından (vergi ödəyicisinin tarixçəsindən) əldə edilən məlumatdan müəyyən edilir ki, “X1” MMC-nin adı xx.xx.2022-ci ildə dəyişdirilərək Cavabdeh MMC olmuşdur. 4.Elektron qaimələr barədə məlumatdan (sistemdən çıxarışdan) görünür ki, "xxxx" MMC tərəfindən ümumilikdə 63.106,05 manat dəyərində malların verilməsinə dair elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-yə göndərilmişdir. 5."xxxx" MMC tərəfindən təqdim edilmiş malların qaytarılması barədə məlumatdan (cədvəldən) görünür ki, Cavabdeh MMC tərəfindən ümumilikdə 8.155,02 manat dəyərində mallar "xxxx" MMC-yə qaytarılmışdır. 6."xxxx" MMC-yə aid hesab kartına əsasən, xx.xx.2022-xx.xx.2024-cü illər ərzində Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin hesabına ümumilikdə 31.140,11 manat ödəniş, o cümlədən xx.xx.2022-ci il tarixdə 3.389,83 manat və 610,17 manat ƏDV ödənişi edilmişdir. 7.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə alqı-satqı (təchizat) müqaviləsi üzrə öhdəliklərini icra etməsi barədə pretenziya məktubu ilə müraciət edilmişdir. 8.Məhkəmə iclasında iş materiallarında olan səsli danışıqların qeyd edildiyi flash-diskə baxış keçirilərkən səs danışıqlarından müəyyən edilmişdir ki, "xxxx" MMC-nin əməkdaşı Cavabdeh MMC-nin əməkdaşın olduğu ehtimal olunan şəxsə borcun təxminən 23.720 manat olduğunu, borcun ödənilməsini tələb etmiş, Cavabdeh MMC-nin ehtimal olunan əməkdaşı borcun qeyd edilən məbləğdə olduğunu inkar etmədiklərini, lakin ödəyə bilməyəcəklərini, borcun qanun çərçivəsində məhkəmə və ya hüquq-mühafizə orqanlarına müraciət etməklə tələb etmək hüquqlarının olduğunu "xxxx" MMC-nin əməkdaşına bildirmişdir. II. MƏHKƏMƏDƏ İCRAAT a) İddia tələbi və iddia tələbinin dəlilləri 9.İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC şirkəti ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli təchizat müqaviləsinə əsasən ödənilməli olan 23.727 manat borcun, əldən çıxmış faydaya görə 5000 manat məbləğində pul vəsaitinin, dövlət rüsumunun əvəzi olaraq 177 manat pul vəsaitinin, ümumilikdə isə 28.904 manat pulun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhərində Cavabdeh MMC şirkətinin direktoru Qanuni nümayəndə təmsilçiliyi ilə İddiaçı MMC-nin baş direktoru Nümayəndə1 arasında BOL002/22 saylı təhcizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin bəndlərinə əsasən göstərilmişdir ki, müqaviləyə əsasən təhcizatçı İddiaçı MMC tərəfindən sifariş əsasında sifariş edən malları alıcı Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin Malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən göstərilmişdir ki, təhcizatçı müqavilə ilə bağlı alıcı tərəfindən kəsilmiş istənilən hesabfakturanı belə hesab-fakturanın təqdim edildiyi gündən etibarən 14 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin müddəti xx.xx.2022-ci il tarixinə qədər qüvvədə qalması razılaşdırılmışdır. Lakin cavabdeh tərəf müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmiş, xəbərdarlıq göndərilsə də, ödəniş icra edilməmişdir. İddiaçı tərəf olaraq onlar cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlamışlar. Telefon danışıqları zamanı Cavabdeh MMC-nin səlahiyyətli nümayəndələri müqavilə üzrə 23.727 manat borcun olduğunu etiraf etsələr də, nağd və ya bank köçürmə yolu ilə hər hansı bir formada ödənişi etmək istəmirlər. Həmçinin cavabdehə bir neçə dəfə xəbərdarlıq məktubu da göndərilmişdir. Cavabdeh tərəf hüquqi şəxs olduğuna görə müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2023-cü ildə rəsmi olaraq pretenziya xəbərdarlığı göndərilmişdir.

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 71-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 389, 425, 427, 430, 439, 442, 443, 445, 446, 448, 449, 739, 740 və 742-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

12. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdehə tərəflərindən ümumi 63106 manat dəyərində olan elektron qaimə göndərilmişdir. Onların bir hissəsi ödənilmiş, 23727 manat isə ödənilməmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

18. AR Mülki Məcəlləsinin: - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 iyul 2022-ci il tarixli BOL002/22 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı cavabdehə ƏDV daxil 63.106,05 manat dəyərində mallar təqdim etdiyini, lakin iddiaçının həmin malların dəyərini tam ödəmədiyini, nəticədə həmin müqavilə üzrə cavabdehin ona 23.727 manat məbləğində borcunun ödənilməmiş qaldığını iddia edir və həmin borcun, eləcə də cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada icra edilməməsi nəticəsində əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulmasını tələb edir.

22. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ƏDV daxil 63.106,05 manat dəyərində malların cavabdehə təhvil verilməsini birbaşa təsdiq edən sənədləri (məsələn, təhvil-təslim aktı) məhkəməyə təqdim etməsə də, sözügedən malların təqdim edilməsi faktı iddiaçı tərəfindən cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış elektron qaimə-fakturalarla, eləcə də cavabdeh tərəfindən həmin qaimə-fakturalar əsasında edilmiş ödənişlərlə öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən göndərilmiş elektron qaiməfakturalar əsasında cavabdeh tərəfindən ödəniş edilməsi tərəflər arasında malların təhvil-təsliminin məhz elektron qaimə-fakturalar göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir.

23. Bundan əlavə İddiaçı MMC cavabdehin borcunun mövcud olmasını təsdiq etmək üçün məhkəməyə üzərinə “X1” MMC-nin (Cavabdeh MMC -nin əvvəlki adı) möhürü vurulmuş üzləşmə aktını da təqdim etmişdir. Məhkəmə “X1” MMC ilə Cavabdeh MMC-nin eyni hüquqi şəxs olmasını nəzərə alaraq həmin üzləşmə aktını da sübut qismində qəbul edir.

24. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, təqdim edilmiş malların müqabilində Cavabdeh MMC cəmi ƏDV daxil 31.140,11 manat məbləğində ödəniş etmiş, ƏDV daxil 8.155,02 manat dəyərində malları isə geri qaytarmışdır.

25. Odur ki, işin yuxarıda göstərilən halları ilə Cavabdeh MMC-nin İddiaçı MMC-yə alqısatqı müqaviləsi üzrə 23.810,92 manat (63.106,05-31.140,11-8.155,02) məbləğində borcunun olması müəyyən olunduğundan cavabdehdən 23.727 manat borcun tutulması hissəsində iddia əsaslıdır.

26. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə hesablanmış 5000 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

27. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.

28. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.

29. Belə olan halda isə maddi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissədə də iddia əsassız olmaqla rədd edilməlidir.

30. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 177 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

31. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 176,16 manat təşkil edir.

32. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

33. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 23.727 manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 130 məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar